ANA SƏHİFƏ / YAZARLAR

Baş qəhrəman Azərbaycandır

Tanınmış jurnalist Fazil Rəhmanzadə: "Vəziyyət elə bir həddə çatıb ki, efirdə..."

31420    |   2015-07-04 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Uzun illər idi ki, oxucularımı bu kitaba hazırlayırdım"

"Tükənməz yaradıcılıq potensialına, böyük istedadına, publisistik dilinin bənzərsizliyinə, zəhməti və çalışqanlığı sayəsində sənətin fövqündə yer tutmağına əla bələd olduğuma görə görkəmli publisist Fazil Rəhmanzadənin yeni kitabının da nəşrini səbirsizliklə gözləyirdim. 

...Fazil Rəhmanzadə doğrudan da hərtərəfli və ensiklopedik biliyə malik müqtədir qələm sahibidir. "Bu isimdə bir can..." deyilənlərə əyani sübutdur. 

...Bu müdrik qələm sahibi tükənməz dərin intellektinin gücü ilə öz "portretini" hər kitabında olduğu kimi son yaradıcılıq nümunəsində də aydın göstərir. Müəllif oxucuya bildirir ki, bu intibah, sivil inkişaf- ümumbəşəri ideallar yolunda xalqımızın misilsiz tarixi, ruhi-mədəni qələbələrinin nəticəsidir. 

... İki kitabdan ibarət əsər yüz illik zaman çərçivəsində Azərbaycan barədə ensiklopedik bilik aşılayır..."

Bu fikirləri sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə yeni çapdan çıxan "Bu isimdə bir can..." kitabına yazdığı "Qibtə doğuran Fazil" adlı "Ön söz"də qeyd edib. 

"Bu isimdə bir can..." kitabının müəllifi öz isə deyir ki, iki hissəli əsərin qəhrəmanı Azərbaycanımızdır. 
Kitabın müəllifini tanıtmaq məqamı yetişdi. İşin asan tərəfi də elə budur. Fazil Rəhmanzadə geniş təqdimata ehtiyacı olmayan qələm sahiblərindən biridir. Bir zamanlar SSRİ Jurnalistlər İttifaqı İdarə Heyətinin üzvü olan, "Qızıl qələm", "Humay", Həsən bəy Zərdabi adına mükafatlar laureatı, əməkdar mədəniyyət işçisi Fazil Rəhmanzadənin yaradıcılıq yolu, peşəkarlığı gənclərimizə nümunə ola bilər. Fazil Rəhmanzadə bu gün jurnalistikaya könül verən yeni nəslin qibtə edə biləcəyi bir enerji ilə çalışmaqdadır. Bu günlərdə "Bu isimdə bir can..." kitabını oxuculara təqdim edib. 

- Fazil müəllim, özünüz də qeyd etdiyiniz kimi, yeni kitabınızın qəhrəmanı Azərbaycandır. İlk baxışdan bir qədər iddialı səslənmir ki?

- Hər bir yaradıcı insanda iddia olmalıdır, lakin bu iddianın arxasında istedad, bacarıq və zəhmət dayanmalıdır. Əks halda, hay-küydən başqa ortaya heç nə çıxmayacaq. Məni tanıyanlar yaxşı bilir ki, həmişə özümə inanmışam. Gücüm çatmayan işi heç zaman üzərimə götürməmişəm, başladığım işi isə həmişə yüksək səviyyədə tamamlamağa çalışmışam. Kənardan bəlkə də dediklərim eqoizm kimi görünə bilər, lakin bu, eqoizm yox, yaradıcı insanın özünə inamıdır. 

Yeni kitabıma gəlincə, Azərbaycanımız, onun XX əsrdəki intibahının müxtəlif məqamları haqqında yazmaq və bu yazıları iki kitaba sığışdırmaq asan məsələ deyildi. Bu missiyanın çətinliyini və məsuliyyətini yaxşı dərk edirdim, çünki uzun illər idi ki, araşdırma aparırdım. Belə demək mümkünsə, əvvəlki kitablarımda "Bu isimdə bir can..."a doğru yol gəlirdim. Bundan əvvəl yazdığım kitablarda hissə-hissə bu mövzuya toxunmaqla həm özümü, həm də oxucuları hazırlayırdım. 

Azərbaycanımız iki dəfə- XII və XX əsrdə intibah dövrü yaşayıb. Mən bu kitabda 1900-2000-ci illəri əhatə edən hadisələri işıqlandırmağa çalışmışam. Həmin dövrün ayrı-ayrı məqamları sənədli, bədii əsərlərdə çox əks olunub. Amma bütöv bir halda bu məsələləri kitab halına salan olmayıb. Bu kitabımda Azərbaycanın XX yüzildəki intibahı ilə bağlı tarixi-nəzəri, bədii-sənədli, publisistik qeydlər toplanıb. Çalışmışam ki, "Bu isimdə bir can..." kitabından həm adi oxucular, həm də alim və mütəxəssislər faydalana bilsinlər. 

Tarixdən məlum olduğu kimi, Azərbaycanımız zaman-zaman müxtəlif imperiyaların nəzarətində olub, hücumlara, soyqırımlara, təxribat və repressiyalara məruz qalıb. Lakin bütün bu çətinliklərə və basqılara baxmayaraq Şərqdə ilk peşəkar teatr, dramaturgiya, mətbuat-qəzet və satirik jurnal, opera, balet, məhz Azərbaycanda yaranıb. İlk Demokratik Cümhuriyyəti, parlamenti məhz biz qurmuşuq. Bütün bunlar Azərbaycan xalqının istedadından, gücündən və potensialından xəbər verir. Bu cür böyük işləri yalnız zəngin mədəniyyəti, tükənməz istedadı olan xalq yarada bilərdi. 

- Görkəmli publisist kimi tanınan Fazil Rəhmanzadəni oxucular bu kitab sayəsində bir tarixçi kimi də görmək imkanı qazanacaqlar...

- Mətbuatda çalışdığım uzun illər ərzində incəsənətin müxtəlif sahələrini əhatə edən yazılar yazmışam, 30-a yaxın kitab müəllifiyəm. Ötən əsrin 80-ci illərindən başlayaraq məndə tariximizin tədqiqinə, araşdırılmasına maraq yarandı. Həm sovet məkanında, həm də xarici ölkələrdə nadir arxiv materialları ilə tanış olmaq imkanı qazandım və bundan istifadə edib Qarabağın, Naxçıvanın, indi Ermənistan adlanan ərazinin tarixi ilə bağlı dəyərli sənədlərlə tanış oldum. Bayaq qeyd etdiyim kimi, əvvəlki kitablarımda az da olsa bu məsələlərə yer vermişəm. "Bu isimdə bir can..." kitabında isə tariximizlə bağlı illər uzunu araşdırdıqlarımı, öyrəndiklərimi daha geniş və ətraflı işıqlandırmağa çalışdım. 

- Yeni kitabınızın daha bir özəlliyi diqqət çəkir. Kitabın Redaksiya Şurası var, tanınmış bir çox isimlər bu siyahıda yer alıb...

- Dəyərli oxucularım bu kitabımda elmi yükü olan materiallarla tanış olacaqlar. Kitab üzərində çalışanda akademiklər Rafael Hüseynovla, Urxan Ələkbərovla, professorlar Nizami Cəfərov və Məryəm Əlizadə ilə, ağsaqqal deputatımız Fəttah Heydərovla, tanınmış diplomat Hüseynağa Sadıqovla, musiqimizi dünyada tanıdan bəstəkar Arif Məlikovla, general Cəbrayıl Usubovla, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə tez-tez məsləhətləşirdim, dəqiqləşdirmələr aparırdım. Yaşımın elə vaxtıdır ki, səhv etmək mənə yaraşmaz. Sabah niyə kimsə desin ki, Fazil müəllim filan faktı düzgün yazmayıb. 

- Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsindəyik. "Bu isimdə bir can..." kitabını da bu əlamətdar hadisəyə ithaf etmisiniz...

- Kitabım çapdan çıxandan bir neçə gün sonra ölkə başçısı İlham Əliyev Milli mətbuatımızın 140 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzaladı. Prezident mətbuatımızın inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial problemlərinin həlli üçün çox mühüm addımlar atır. Görülən bütün bu işlər ölkə rəhbərinin mətbuata, bu sahədə çalışan insanlara olan hörmətinin və etimadının təzahürüdür. 

Sevinirəm ki, ömrümün 50-dən çoxunu jurnalistikaya sərf etmişəm. Nəsir İmanquliyev kimi nadir bir insanın baş redaktor olduğu "Bakı" qəzetində çalışmışam. Uzun illəri əhatə edən həmin dövrdə Nəsir müəllimdən özümə qarşı daim diqqət və qayğı görmüşəm. Bu gün də ehtiramla anılan ustaddan çox şeylər öyrənmişəm. 

Sevinirəm ki, Milli mətbuatımızın 140 illik yubileyinə kiçik də olsa töhfə vermək mənə də nəsib oldu və "Bu isimdə bir can..." kitabı peşə bayramımız ərəfəsində işıq üzü gördü. 

- "Bu isimdə bir can..." iki kitabı əhatə edəcək. Bəs ikinci kitabı nə zaman oxuya biləcəyik?

- İkinci kitab Azərbaycanın XX əsrdəki intibahının 1950-2000-ci illər dövrünü əhatə edəcək. Kitab redaktə mərhələsindədir, yəqin ki, yaxın günlərdə nəşriyyata təqdim edə biləcəyəm. Müəllif kimi çox istərdim ki, hər iki kitabı oxucular, xüsusi ilə gənclərimiz diqqətlə oxusunlar. Sabahımız olan bu insanlar Azərbaycanın tarixini, zəngin mədəniyyətini öyrənsinlər. Bilsinlər ki, xalqımız dünya musiqisinə, incəsənətinə Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Arif Məlikov, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Tahir Salahov kimi simalar bəxş edib. Lütfi Zadə, Yusif Məmmədəliyev, Kərim Kərimov, Sabit Orucov, Fərman Salmanov bu xalqın övladlarıdır. 

Təəssüf ki, əksər telekanallarımız, qəzetlərimiz belə insanları gənclərə tanıtmaq istəmir. Elə ona görə vəziyyət o yerə gəlib çatıb ki, Səməd Səmədov, Ədalət Şükürov, Manaf Ağayev, Rəqsanə, "Davay, do sividaniya" meyxanasının müəllifləri bu gün efirin, mətbuatın qəhrəmanlarına çevriliblər. Gələcəyə belə qəhrəmanlarla gediriksə görən bizi qarşıda hansı fəlakətlər gözləyir? 

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK