ANA SƏHİFƏ / YAZARLAR

Şeyxülislama qəfil telefon zəngi...

Roma Papasının təşəbbüsü ilə Allahşükür Paşazadəyə zəng edən italiyalı qəzetçi 40 dəqiqəlik söhbəti bütün Avropaya necə yayd&

17871    |   2012-01-20 08:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mürəkkəb hadisələrlə zəngin tariximizdə 20 Yanvarın öz yeri var. 1990-cı ilin həmin günü Azərbaycan xalqı zülmə, haqsızlığa qarşı çıxmaqla öz iradəsini ortaya qoymağı bacardı. Yüzlərlə şəhid versə də sovet imperiyasının xain basqını qarşısından çəkilmədi. Sonda şər qüvvələrə qalib gələrək yenidən müstəqillik arzusuna qovuşdu. 20 Yanvar günlərində o zamankı hakimiyyət təmsilçilərindən fərqli olaraq, Şeyxülislam Allahşükür Paşazadə xalqla bir sırada idi. Şeyxülislam həzrətləri Bakıya və Azərbaycanın digər şəhərlərinə qoşun yeridilməsi ilə bağlı qərar verən Mixail Qorbaçovu və bu məkrli planın həyata keçirilməsində iştirak edən əlaltılarını pisləyən sərt bəyanatla çıxış etdi. Əlini xalqımızın qanına boyayan cəlladların cəzalandırılmasını istədi. Azərbaycan övladı və dini rəhbər kimi dünya ictimaiyyətini Bakıda baş verən qanlı hadisələri düzgün qiymətləndirməyə çağırdı.
   
   Bütün Qafqazın Şeyxülislamı Allahşükür Paşazadənin bu qətiyyətli mövqeyi o zaman bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Qanlı hadisədən cəmi bir neçə gün sonra Moskvaya gələn İtaliyanın dünyaca məşhur "Reppublika" qəzetinin əməkdaşı Etsio Mauro Roma Papası II İoann Pavelin xüsusi tapşırığına əsasən Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaradır. Şeyxülislam həzrətləri ilə 40 dəqiqə çəkən telefon danışığı əsasında hazırladığı müsahibəni "Reppublika" qəzetində çap etdirən Etsio Mauro ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur.
   
   20 Yanvar hadisələrinin 22-ci ildönümündə həmin yazını oxucularımızın diqqətinə təqdim edirik.
   
   "... Bakıya qoşun yeritmək haqqında qərar səhv, özü də dəhşətli səhv idi. Mən tankların əleyhinəyəm və elə düşünürdüm ki, Qorbaçov da əleyhinədir. Yenidənqurmanın taleyi də bu qədər günahsız insanın ölümünə haqq qazandırmaz"...
   
   "Peyğəmbər əleyhissəlam buyurmuşdur: "Əgər siz bir nəfəri öldürürsünüzsə, demək olar ki, bütün adamları öldürürsünüz". Dünən və bu gün burada bilirsiniz nə qədər adamı torpağa tapşırmışıq?! Bu o deməkdir ki, bütöv bir nəsli dəfn eləmişik. Həm də uşaqlara atəş açmaqla yenidənqurmaya ümidimizi öldürdülər."
   
   Bu sözləri deyən Allahşükür Paşazadə şəhəri qan çanağına çevirmiş döyüşlərdən sonra Kremli pisləyib töhmətləndirir. O, Azadlıq meydanından yenicə qayıtmış, orada tabutlar önündə baş əyərək şəhidlərə rəhmət oxumuş, nəhəng izdiham qarşısında mərhəmətli Allahdan rica etmişdir ki, onların qəbirlərini nurla doldursun.
   
   40 yaşlı Allahşükür Paşazadə artıq ömürlük Şeyxülislamdır. Azərbaycanın və bütün region müsəlmanlarının ruhani idarəsinin sədri, daha dəqiq desək, Zaqafqaziyanın bütün müsəlmanlarının mənəvi atasıdır.
   
   Şeyx "Reppublika" qəzetinə müsahibəsində İslamı müdafiəyə qalxır. Qorbaçovu amansızcasına məzəmmət edir, Qərbi, o cümlədən İtaliyanı həmrəyliyə səsləyir: "Mən müharibə istəmirəm, evimizdə uzun müddətdir ki, uzaq müharibənin izi görünür: atam cəbhədə bir ayağını itirmiş, üç dəfə yaralanmışdır. Və mən tələb edirəm ki, xristian qardaşlarımız həqiqəti bilsinlər. İnanıram ki, Vatikanın da səsini eşidəcəyik. Bütün dünyadan xahiş edirəm ki, bizi başa düşsünlər, bizə tərəfdar çıxsınlar və bizimlə əlaqə saxlasınlar ki, indiki vəziyyətdən xilas olaq".
   
   - Siz İslamın yaşıl bayraqları ilə qara matəm bayraqları altında əvvəlcə nəhəng matəm mərasiminə, sonra isə Şəhidlər parkındakı dəfn mərasiminə başçılıq etmisiniz. Ölülər üçün oxuduğunuz dualarda nədən bəhs edilirdi?
   
   - Mən sağ qalan insanlara üz tutmuşdum. Özü də bu gün hamımızın keçirdiyi ağrı və qəzəb hissi ilə danışırdım. Hakimiyyət orqanlarını ağıla-kamala çağırmağı özümə mənəvi borc bildim. Onları məcbur etmək istədim ki, Ali Sovetin Rəyasət Heyətinin, Ali Sovetin sədri kimi Mixail Qorbaçovun çox böyük səhvə yol verdiyini etiraf etsinlər. Bu gün Azərbaycan xalqını dəhşətli faciədən xilas etmək, daha böyük zərərdən yaxa qurtarmaq üçün yalnız bir yol var. Bu, qoşunları şəhərdən dərhal çıxarmaq yoludur. Bilirəm ki, xalq başqa bir qərarla razılaşmayacaqdır.
   
   - Axı Qorbaçov da öz müraciətində ağıla-kamala çağırmış, Azərbaycan xalqını millətçilik daşını atıb vəziyyətdən çıxmağa və xalqı aldadıb Qırmızı Orduya qarşı ölümə göndərən İslam ekstremistlərini hamılıqla pisləməyə səsləmişdir. Siz buna necə cavab verərdiniz?
   
   - Bütün bu hadisələri İslam ekstremizmi ilə bağlamaq düzgün deyildir. Xalqımız öz şərəfini müdafiə edirdi. Heç bir xalq şərəfinin alçaldılması ilə barışa bilməz. Bu işğal azərbaycanlılar üçün dözülməzdir. Camaatımız qəzəblənmiş, əzab-əziyyət çəkmişdir və bu dəhşətli faciə haqqında həqiqətdən tam xəbərdardır.
   
   - Bəs bu həqiqət nədən ibarətdir?
   
   - İndi SSRİ-də danışılanlar, yəni ordunun "silahlı ekstremistlərə" atəş açmağa məcbur olduğu barədə söz-söhbət yalandır. Məsələn, bu gün bir həkimi və 14 yaşı yenicə tamam olmuş bir oğlanı dəfn etmişik. "Ekstremist" bunlardır? Əsgərlər "Təcili yardım" maşınına güllə atmışlar. Budurmu "Azərbaycan problemi"nin həlli? Mən heç cür inana bilmirəm ki, Moskvanın bildirdiyi kimi, başqa çıxış yolu tapmaq mümkün deyildi.
   
   Qorbaçov təcrübəli siyasətçidir. O, dünyanın demək olar ki, bütün ölkələri ilə ümumi dil tapmışdır. Hətta Reyqan kimi bir adamı ələ ala bilmişdir. Bir görün, indi nələr baş verir! Qorbaçov bir yandan sülh haqqında əcnəbi ölkələrlə müqavilələrə qol çəkir, digər tərəfdən isə öz xalqına qarşı qoşun göndərir.
   
   - Lakin Zaqafqaziyaya qoşun göndərməzdən əvvəl Moskva iki il gözləmişdir: əsgərləri işə qarışmağa, qırğınlar törətməyə məcbur etməmişdir ki?
   
   - Moskva lap əvvəldən birtərəfli mövqe tutmuşdur - erməniləri müdafiə edir, müsəlmanları isə pisləyir. Biz bunu çoxdan hiss etmişik. Təkcə bir misal çəkim, ermənilər sərhəddəki bir Azərbaycan kəndinin bütün sakinlərini qovmuş, haqsız qan tökmüş, kəndi işğal etmişlər. Lakin bu barədə heç kim danışmamış, təqsirkarları heç kim pisləməmiş, günahsızlara heç kim arxa durmamışdır.
   
   - Siz Bakıda ermənilər əleyhinə talanları pisləmisinizmi?
   
   - Mən talan sözünə nifrət edirəm: istər azərbaycanlı talanı olsun, istər erməni, istərsə də rus.
   
   - Ancaq indi Sovet İttifaqında bir növ İslamı ittiham edirlər. Siz İslamı necə müdafiə edəcəksiniz?
   
   - Biz çox gözəl bilirik ki, Moskvadakı bəzi adamlar yaranmış vəziyyət üçün təqsiri İslam dininin boynuna atmaq istəyirlər. Lakin bu ittiham qətiyyən ədalətli deyildir. Mən heç cür inana bilmirəm ki, dinimiz haqqında müəyyən təsəvvürü olan adam İslamı pisləsin. O ki qaldı azərbaycanlılara, indi həmvətənlərim İslama daha çox ümid bəsləyir, daha çox ehtiram göstərir. Ekstremist adlandırılan xalqımızın iki milyon nümayəndəsinin qırğının ertəsi günü misli-bərabəri görünməmiş nəhəng dəfində səbrlə, təmkinlə iştirakı dediklərimizə əyani sübutdur. İslam - həqiqət deməkdir. Həqiqət isə həqiqətlə, düzlüklə müdafiə olunmalıdır.
   
   - Yəqin ki, Qorbaçovun bəyanatı ilə tanışsınız. Həmin bəyanatdan belə çıxır ki, SSRİ-dən ayrılmaq və onun əsasında İslam dövləti yaratmaq uğrunda separatçı hərəkat fəaliyyət göstərir. Bu doğrudurmu?
   
   - Bu istiqamətdə fəaliyyət göstərənlər olsa da, onların sayı çox deyildir. Qorbaçov bunu məndən da yaxşı bilir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan xalqı həqiqətən də parçalanmışdır- xaricdə, İranda bizim qan qardaşlarımız yaşayır. Uzun illər ərzində bir-birimizlə ünsiyyət imkanımız olmamışdır, valideynlər isə öz uşaqlarını görə bilmirlər, ailələr ayrı-ayrılıqda yaşayırlar.
   
   Sovet və İran azərbaycanlılarının kökü eynidir. Bu cür gərginlik təbiidir: adamlar bir-biri ilə sərbəst əlaqə saxlamaq istəyirlər. Söhbət məhz bundan gedir. İslam respublikası haqqında uydurma qoşun yeritmək üçün bəhanədir. Azərbaycan xalqı bunu heç vaxt bağışlamayacaqdır!
   
   - İran və Türkiyədən kömək gəlirmi?
   
   - Bu qardaş ölkələrin köməyinə ehtiyacımız yoxdur. Bizə başqa şey daha çox gərəkdir. Məsələn, artıq neçə gündür ki, televiziyasız qalmışıq. Ölkədə bizim haqqımızda yalan və ədalətsiz sözlər söyləndiyini başqa mənbələrdən öyrənsək də, onlara cavab verməyə imkanımız yoxdur.
   
   - Bu gün Azərbaycan müsəlmanları adından Qorbaçova nə demək istərdiniz?
   
   - Demək istərdim ki, onun Bakıya qoşun yeritmək haqqında qərarı səhv, özü də dəhşətli səhv idi. Mən tankların əleyhinəyəm. Belə düşünürdüm ki, Qorbaçov da əleyhinədir. Yenidənqurmanın taleyi bu qədər günahsız insanın ölümünə haqq qazandırmaz.
   
   - Daşkənddən Ufayadək, Şimali Qafqazdan Zaqafqaziyayadək geniş bir ərazidə yaşayan Sovet İttifaqı müsəlmanlarının indi Moskvaya qarşı qalxmaq təhlükəsi varmı?
   
   - Mən bütün sovet müsəlmanları adından danışa bilmərəm. Həm də söhbət yalnız müsəlmanlardan getmir. İndi qarşıda ümumi xarakterli problemlər durur. Əsas məsələ bundadır ki, təkcə müsəlmanlar yox, bütün xalq öz üzərində faciə ilə müşayiət olunan bir ədalətsizlik hiss edir.
   
   - Bu cür ağır, qanlı böhrandan necə çıxmaq olar?
   
   - Təkcə bir yol var... Əgər hələ ağıl-kamal varsa, əgər hələ vicdan varsa, ordu Bakıdan mümkün qədər tez çıxarılmalıdır. Özü də son əsgərə qədər... Vəziyyət çox ağırdır. Hər bir xalqın öz tarixi, öz etiqadı, öz mənliyi vardır. Bütün bunları əsas götürüb inamla deyə bilərəm ki, Azərbaycan xalqı heç vaxt təslim olmayacaqdır.
   
   - Bütün gününüz dəfndə keçib. Bakıda toqquşmalar zamanı nə qədər adam həlak olmuşdur?
   
   - Adamların necə həlak olduğunu hər gün görürəm. Yaralılar həm xəstəxanalarda, həm də öz evlərində ölürlər. Onlara baxarkən Peyğəmbər əleyhissəlamın sözlərini xatırlayıram: "Adamlarla onların dilində danışın, çünki onlar İnamı müqəddəs dini sözlər vasitəsi ilə dərk edirlər, qüvvə vasitəsi ilə yox".
   
   Bakıda isə zorakılıq ədalətli sözü əvəz edir. Bazar ertəsi yüzdən çox adam dəfn olundu. Dəfn bu gün də davam edir. Sabah da dəfn mərasimi vardır. Eybəcər hala salınmış meyitləri, hətta əlləri, ayaqları dəfn edirik. Bugünkü Bakıda real vəziyyət belədir və dünya xalqları bunu hökmən bilməlidirlər.
   
   İtaliyalı jurnalist Etsio Mauronun bu müsahibəsi "Reppublika" qəzetində işıq üzü gördükdən sonra Avropa ölkələrində böyük əks-səda doğurur. Təsadüfi deyil ki, İngiltərənin "İndepedent", İspaniyanın "Pais" kimi nüfuzlu nəşrləri öz səhifələrində bu yazıya geniş ayırırlar.
   
   O zaman Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi adlanan Qafqaz Müsəlmanları İdarəsi italiyalı jurnalistin hazırladığı yazının mətnini əldə etdikdən sonra onun tərcüməsini hazırlayır və Azərbaycanda fəaliyyət göstərən aparıcı KİV-lərin redaksiyalarına göndərir. Lakin respublikada hökm sürən fövqəladə vəziyyət üzündən müsahibənin Azərbaycanda çapı mümkün olmur.
   
   Yalnız bir il sonra belə bir imkan yaranır. Mərhum jurnalist Hacı Akif Ağayevin redaktorluğu ilə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin nəşri kimi çap olunan və geniş auditoriya qazanan "İslam" qəzeti 1991-ci il 3 yanvar tarixli sayında Şeyxülislam Allahşükür Paşazadənin italiyalı jurnalistə verdiyi müsahibəni doğma dilimizdə oxuculara çatdırır.
   
   Yazının hazırlanmasında göstərdikləri köməyə görə Qafqaz Müsəlmanları İdarəsinin Analitik təhlil və Araşdırmalar şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm.


YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK