HARINLIQ...

FAİQ QİSMƏTOĞLU
29954 | 2011-02-12 05:13

   
   Bir çoxları deyirlər ki, insan halal yol tutsa, alın təri ilə zəhmət çəkib pul qazansa, o, Allaha daha yaxın olar. Allaha daha yaxın olmaq üçün əlbəttə, halal yol tutmaq çox doğru yoldur. Ancaq bunun da müəyyən çətinlikləri var. Gərək insan öz namusunu və şərəfini qorumaq üçün bu çətinliklərə dözə bilsin, ağır anlarda sınmasın və eləcə də günlərin birində övladlarına ağır yük qoyub getməsin.
   
   Halallıqla qazanılan on manat haramlıqla qazanılan yüz manatdan qat-qat bərəkətli olur. Əgər birini zəlil eləyib, incidib və dərisinə saman təpib əlində-ovcunda nə varsa hamısını qapıb alırsansa və bu pullarla özünə saraylar, imarətlər tikdirirsənsə, bahalı maşın əldə edirsənsə, elə düşünmək olmaz ki, bu əməllərinlə istəyinə çata bilirsən. Düzdür, bu yolla yığılan pulla insan özünə çox yaxşı və firavan bir həyat qurur. Elə zənn edir ki, pulu var, özünə saray tikib, bahalı maşınlarda gəzir hər şey çox əladır. Amma bir də görürsən ki, bu var-dövlət və pul bəzən insanın başına bəlalar gətirir.
   
   Başı var-dövlətə, pul qazanmağa qarışan və haram yolla çox şeyi əldə edən həmin adam uşaqlarının nazı ilə də çox oynayır. Daha doğrusu, uşaqları elə bir mühitdə tərbiyə edir ki, övladlar yaşa dolduqca çox şeyə nail olur. Yəni o uşaqlar üçün pul, var-dövlət və bahalı maşınlar adi bir şeyə çevrilir. Bir qədər də yaşa dolandan və gəncləşəndən sonra bu uşaqlar daha da harınlaşırlar. Başqa sözlə demiş olsaq, onlar üçün artıq həyat o qədər də mənalı olmur. Təbii ki, hər şeyi görən və var-dövlət içində üzən bu uşaqlar indi başqa bir həyat tərzi yaşamaq istəyirlər. Bu da ondan irəlir gəlir ki, onlar hər cür əyləncələrdən və istirahətlərdən doyub pis vərdişə - narkotikaya meyl edirlər.
   
   Bax, onda da milyonların yaratdığı faciə və göz yaşları yavaş-yavaş özünü göstərməyə başlayır. Axı o milyonlar və zəngin həyat tərzi heç də halallıqla əldə edilməyib. Bu milyonlar bayaq dediyimiz kimi, kimlərinsə haqqının tapdanması, kimlərinsə əlindən, ovcundan halal yolla qazandıqları pulun alınması nəticəsində yığılıb. Yəni qazanca haramlıq qatılıb. Haramlıq olan yerdə isə heç vaxt rahatlıq, sakitlik və dinclik ola bilməz.
   
   Müəyyən məqamlarda bu zəngin ailələrdə fikir ayrılığı ortaya çıxır. Bax, onda həngamə yenidən böyüyüb dağ boyda olur. Aydındır ki, hər şey haram yolla qazanılan var-dövlətin üstündə bitir. Belə ki, yenə həmin zəngin ailədə var-dövlətin bölünməsi uğrunda "müharibə" başlayır. Bu müharibə isə günlər, həftələr, aylar ötdükcə daha da şiddətlənir. O dərəcəyə gəlib çatır ki, qan su yerinə axır. Elə ailələr olub ki, var-dövləti bölüşə bilmədiyinə görə, bir-birini qətlə yetirib qanına qəltan edib. Əgər valideynlərin ölümündən sonra var-dövlət üstündə övladlar bir-birinə düşmən kəsiləcəksə və hətta ata mülkündən daha çox pay götürmək üçün bir-birini qanına qəltan etməkdən belə çəkinməyəcəklərsə, o var-dövlət kimə lazımdır? Gərək bunu əvvəlcədən fikirləşmək lazım idi ki, axırda da bu cür hadisələr və faciələr baş verməyəydi.
   
   Yəni insanlar tamahlarına hakim kəsilsələr, bir qədər nəfislərini azalda bilsələr, halala haram qatmasalar, sonradan da göz yaşları və faciələr baş alıb getməz. Sadəcə olaraq, hər şeyin kökündə bir vacib amil durmalıdır: halallıq. Ancaq nə etmək olar ki, bizim məmləkətdə çoxları var-dövlətləri, bahalı imarətləri və qiymətli maşınları haram yolla əldə ediblər. Onlar heç bunun fərqinə də varmırlar. Əksinə, bu məmləkətdə çox şey əldə edəndən sonra xarici ölkələrdə də villalara, daşınmaz əmlaklara və ticarət şəbəkələrinə nail olmağa çalışıblar. Daha doğrusu, buna nail olublar. Onsuz da hər şeyin axırı olduğu kimi haram yolla qazanılan pulların da sonu olur. O mənada ki, kimlərinsə haqqı və əməyi tapdanmaqla yığılan milyonlar günlərin birində həmin adamların əlindən çıxır, ya da başqalarına qismət olur.
   
   Bakı milyoneri Zeynalabdin Tağıyev zəngin olmaqla yanaşı, maarifçi, ziyalı və halal adam olub. Bunu onu tanıyan adamlar deyib. Milyonların sahibi olan o insan millətinin, xalqının çətin günündə, ağır məqamında həmişə irəli durub. Millətin maariflənməsi və təhsili üçün əlindən gələni əsirgəməyib. Buna görə də o, istedadlı və savadlı gəncələri Avropada, eləcə də Rusiyada öz şəxsi pulu ilə oxumağa göndərib. Sözümüzün canı heç də o demək deyil ki, bu varlı adam pulunu, var-dövlətini el-obasından əsirgəməyib. Sözümüzün canı odur ki, Zeynalabdin Tağıyev kimi bir varlı kişinin qızı Sara xanım 70-ci illərdə qalmağa yer tapmırdı. Onun əlində həmişə bir çanta var idi. Həmin çantada da atası haqqında lazımi sənədlər olurdu. Sara xanımın yeganə məqsədi ondan ibarət idi ki, Sovet hökuməti dövründə Zeynalabdin Tağıyevin adını təmizə çıxarsın və onun maarifçi bir insan olduğunu sübut etsin. Onsuz da tarix hər şeyin qiymətini çox dəqiq verir. Tarix Zeynalabdin Tağıyevin də qiymətini verib. Sadəcə olaraq bu qədər millətinə yaxşılıq edən, əl tutan insanın qızı ömrünün son anlarında evsiz-eşiksiz qalmışdı. Görəsən, millətinə bir gün ağlamayan və var-dövlətləri başlarından aşan, xalqının yolunda bir manat pul xərcləməyən indiki milyonerlərin taleyi necə olacaq? Zeynalabdin Tağıyev millətinə o qədər yaxşılıq edə-edə qızı Sara xanım ömrünün son anlarını çox çətin və acınacaqlı keçirib. Görünür, hər bir insanın balaca da olsa günahı var. Bizcə, Zeynalabdin Tağıyev kimi kişilər elə də günah sahibi olmayıblar. Çünki ən azından onlar qazanclarının müəyyən hissəsini elmə, təhsilə, səhiyyəyə və insanların maariflənməsinə xərcləyiblər. Bəs onda nə üçün bu gün ölkəmizdə olan açıq və gizli milyonerlər qazandıqları puldan bu millətə və bu xalqa nəsə xərcləmək istəmirlər? Belə çıxır ki, onları yalnız və yalnız özlərinin taleyi, övladlarının həyatı və bir də nəvələrinin gələcəyi düşündürür.
   
   Pullu adam var ki, övladları üçün deyil, nəvəsi üçün də həm Bakıda, həm də Avropanın başqa ölkələrində villalar alıb. Ancaq burda acından ölən xalqının nümayəndəsinə bir manat pul belə xərcləmək istəmir. Ürəyi istəsə də onların əlləri gəlmir ki, bu pulu millətin maariflənməsi və təhsili yolunda xərcləsin. Elə ona görə də haramlıqla yığılan pul günlərin bir günündə ya onların əlindən çıxır, ya da başqalarına qismət olur.
   
   Heç kim heç kimin var-dövlətini və pulunu hesablamalı deyil. Amma heç kimin də bu xalqın əlindən qazandıqları qəpik-quruşu almaq hüququ yoxdur. Ən azından ona görə ki, hərənin bir qismət və ruzi payı var. Əgər bu ruzi payı Allah-Təala tərəfindən kiməsə göndərilirsə və bir başqası da onu həmin adamın əlindən alırsa, vallah o pulu heç vaxt yeyə bilməyəcək. O pul nə vaxtsa balıq sümüyünə dönüb onun boğazına batacaq, ya da halala haram qatan adam onu qusmalı olacaq.

TƏQVİM / ARXİV