ANA SƏHİFƏ / YAZARLAR

Vasif Babayev - 70 ildən 8 an

21904    |   2010-09-18 01:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda televiziyanı beş barmağı kimi bilən beş adamdan biri- Vasif Babayevin 70 yaşı tamam oldu. Şəxsən mənim üçün Vasif müəllim təkcə işinin peşəkarı kimi yox, həm də uzun illərdən bəri ünsiyyətdə olduğum insan kimi də çox doğmadı. Afət xanımın həyat yoldaşı, Hüsniyyənin, Aslanın atası Vasif müəllimin dostlarının yanında da xüsusi çəkisi var.
   
   Uzun illərdi onu elə belə görürəm- şux, İçərişəhərlilərə məxsus koloritini saxlayan, televiziyanın qeyrətini çəkən, həyatında, yaradıcılığında mühüm rol oynayan insanlara vəfalı. Televiziya, kino ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak etməyə vaxt tapır. Kürsüdə danışmaqla arası yoxdu. Amma dost-tanış çevrəsində danışmaqdan yorulmur. Arxiv yığmaq səliqəsinə söz yoxdu. Təkcə özü haqqında yox, qardaşı mərhum kinorejissor Arif Babayev, hətta mərhum dostu Elşad Quliyev barəsində yazılan bütün məqalələri səliqə ilə qoruyur. Qızı Hüsniyyə xanımın bir vaxtlar Rusiya mətbuatında çap olunan yazılarının həmin arxivdə xüsusi yeri var.
   
   Bioqrafiyasını yaxşı bildiyimdən Vasif müəllimin 70 yaşı tamam olmasına şübhəm yoxdu. Amma... 13-cü mərtəbədəki mənzilində- ölkə başçısının bağışladığı evdə cavanlara məxsus şuxluğla gəzən, qonağına qulluq göstərməkdən yorulmayan, arada gözdən yayınıb mənzildə təmir işləri aparan ustalara göstərişlər verən Vasif Babayevə baxanda 70 rəqəmi mənə şübhəli gəlir. Deyir ki, 70 rəqəminə çox bənd olma, özümü 50 yaşındakı kimi hiss edirəm.
   
   Lakin faktdan kim qaçıb ki, biz də qaçaq...
   
   Vasif Babayev 1940-cı il sentyabrın 16-da Bakıda- qədim İçərişəhərdə Hacıağa kişinin ailəsində doğulub. O zamankı İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən taleyini Az.TV ilə bağlayıb. Rejissor köməkçisi, rejissor assisenti olub. Televiziyanın baş rejissoru, bədii rəhbəri vəzifələrində çalışıb. Az.TV-də öyrəndikləri başqa kanalların quruculuğunda da köməyinə gəlib. "MİR" Dövlətlərarası Teleradio Şirkətinin direktoru. "SARA" müstəqil teleradio şirkətinin icraçı direktoru, Moskvada fəaliyyət göstərən "İNTER-AZ" Teleradio Şirkətinin vitse-prezidenti olub.
   
   "Dalğa", "Həftə", "7 gün", "24 saat", "Mavi işıq" kimi onlarca televiziya layihələrinin uğur qazanmasında Vasif müəllimin danılmaz əməyi var. 80-ci illərin əvvəllərində tanınmış telejurnalist Nadejda İsmayılova ilə birlikdə daha bir ilkə imza atıb. Dövlət təhlükəsizlik orqanlarının arxivlərində araşdırmalar aparandan sonra Mikayıl Müşfiq, Salman Mümtaz, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb haqqında silsilə verilişlər hazırlayıb.
   
   Müəllifi və rejissoru olduğu sənədli filmlər bir çox festivallarda nümayiş olunub, mükafatlar alıb. "Xuraman" sənədli filmi Azərbaycan kino tarixində ilk dəfə beynəlxalq festivalın "Qran-pri"sinə layiq görülüb.
   
   Vasif Babayev xalq artisti fəxri adına layiq görülən ilk milli televiziya rejissorumuzdu. Prezident təqaüdçüsü, "Akademik Yusif Məmmədəliyev" medalının, "Humay" mükafatının laureatı, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademikidi.
   
   Birinci an - Mirmövsüm Ağanın evinə gizli ziyarət
   
   "İmkanlı ailədə doğulmuşam. Atam Hacıağa kişi müharibədən sonrakı illərdə bazarlar idarəsinin müdiri işləyib. Əmim Əliağa Babayev uzun illər müxtəlif məsul vəzifələrdə çalışıb, valideynlərimin dediyinə görə bir müddət Mərkəzi Komitənin katiblərindən biri olub. Uşaq vaxtı gözlərimdə problem yarandığından valideynlərim məni Bakının ən adlı-sanlı həkimlərinin yanına aparsalar da dərdimə əlac tapılmayıb. Nəhayət belə qərara gəliblər ki, Mirmövsüm Ağanın evinə gedib bu fenomenal insandan şəfa diləsinlər. Amma o zamanlar Ağanın İçərişəhərdəki evini ziyarət etmək o qədər də asan deyildi. Çünki xüsusi xidmət orqanlarının işçiləri həmin mənzili nəzarət altında saxlayırdılar. Bu üzdən anam Səriyyə xanım məni Ağanın yanına gecə aparmağı qərara alır. Həmin səhnə indiyə qədər yadımdadı. Balaca uşaq idim, anam gecə məni qucağında Mirmövsüm Ağanın yanına gətirdi. Çox gec olduğundan Ağa yatmışdı. Mən onun əllərini öpdüm, qucaqladım. Bir neçə aydan sonra gözlərimdəki problem aradan qalxdı".
   
   İkinci an - Mircəfər Bağırovla toqquşma
   
   Elə bir dövrdə yaşayıb ki, Mircəfər Bağırovun bir sözünü iki edən olmayıb. Azərbaycana rəhbərlik edən Bağırovla toqquşanı ən yaxşı halda Sibir gözləyirdi. Vasif Babayev Mircəfər Bağırovla sözün həqiqi mənasında toqquşur və...
   
   "9 yaşım vardı. Dərsdən çıxıb bulvara qaçmışdım. Başım o qədər qarışdı ki, bir də gördüm xeyli vaxt keçib. Evdə əməlli-başlı danlanacağımı bilirdim, ona görə də var gücümlə qaçıb özümü məhləmizə çatdırmaq istəyirdim. Bu vaxt filarmoniya tərəfdən gələn bir kişi ilə toqquşdum. Çantamdakı mürəkkəb qabı zərbədən sındığından mənim üst-başım bir yana, toqquşduğum kişinin makintoşu mürəkkəb ləkəsindən tanınmaz hala düşdü. Qaçıb aradan çıxmaq istəyəndə arxadan gələn iki nəfər cüssəli adam məni tutub həmin kişinin yanına qaytardılar. Toqquşduğum kişi adımı, atamın adını soruşdu. Əmimin adını da öyrənəndən sonra dedi ki, qaç get evinizə. Evə gələndə yazı masasının üstündə eynəkli adamın şəkilini göstərib həmin adamla toqquşduğumu dedim. Qardaşım Arif məni lağa qoydu, dedi ki, bu Cəfər Cabbarlının şəklidi, o, neçə illər bundan əvvəl rəhmətə gedib, sən onunla necə toqquşa bilərsən? Sən demə, qonşularımızdan biri həmin səhnəni uzaqdan görüb. Gəlib anama dedi ki, Vasif Mircəfər Bağırova hücum edib. Birinci katib Mircəfər Bağırovun adı eşidilən kimi evimizdə aləm qarışdı. Əvvəlcə atam, sonra Əliağa əmim təcili işdən gəldilər. Baş verənləri məndən ətraflı soruşub təcili harasa getdilər. Bu hadisədən 20-25 il sonra Əliağa əmim dedi ki, həmin günlər həm atam, həm də əmim həbs olunacaqlarından çəkinərək başqa yerdə gecələməli olublar. Təxminən iki ay belə yaşayıblar. Amma bir dəfə Mircəfər Bağırov yaxın dostu olduğu Əliağa əmimə həmin hadisəni danışıb, deyib ki, qardaşın oğlu ilə tanış olmuşam, əcəb uşaqdı. Bu söhbətdən sonra atamgil rahat nəfəs alıblar".
   
   Üçüncü an - Arif Babayev və ya ondan yaxşı qardaş yox idi
   
   Vasif müəllim milli kino və televiziyamızda özünəməxsus iz qoyan, görkəmli rejissor Arif Babayevin qardaşıdı. Televiziyaya da onu qardaşı Arif gətirib: "Arif başqa aləm idi. "Gün keçdi", "Uşaqlığın son gecəsi", "Arxadan vurulan zərbə", "İnsan məskən salır", "Bizi bağışlayın", "Alma almaya bənzər", "Birisigün gecə yarısı", "Zirvə" kimi filmlərlə kinoya damğasını vurdu. Milli kinomuzda romantizmin əsasını qoydu. "Uşaqlığın son gecəsi"indəki Davud dillər əzbəridi. Çoxları bilmir ki, Arif həmin obrazda qardaşımız Akifi təsvir edib. Kadrdakı motosikl, göyərçinlər yadındadı? Həmin motosikl, göyərçinlər də qardaşımız Akifin idi.
   
   Arif filmlərinin əksəriyyətində Bakının, İçərişəhərin ovqatını göstərməyə çalışırdı. Çox istərdim ki, doğulduğu küçəyə onun adını versinlər və yaxud xatirə lövhəsi vursunlar. Arif İçərişəhəri filmlərində yaşatdığı kimi, İçərişəhər də onun xatirəsini yaşatsın. Ölkənin bir qrup tanınmış ziyalısı bununla bağlı rəsmi qurumlara müraciət ediblər. İnanıram ki, Arifin adı əbədiləşdiriləcək".
   
   Dördüncü an - Vaqif Mustafazadəyə görə 15 sutka
   
   "Dünya şöhrətli musiqiçi Vaqif Mustafazadə ilə uşaqlıq dostu olmuşuq. Ona görə bir dəfə tutulmuşam da. 62-ci il idi, Vaqif anası ilə Kislovodskiyə dincəlməyə gedirdi. Mənə dedi ki, əgər gələ bilsən, Bakıdan istirahətə gedənlərin toplaşdığı bir bağ var, orda səni gözləyirəm. Bir neçə gün sonra məhlədə durmuşdum. Dostumuz Eldar Hidayətzadə gəldi ki, bəs atamla Tiflisə gedirəm, gəl vağzala qədər məni ötür. Sonra sürücümüz səni evə qaytarar. Eldarın atası vəzifədə işləyirdi. Mən də ona qoşulub getdim dəmiryol vağzalına. Qatar yola düşənə kimi bir az yeyib-içdik. Bir də ayılıb gördüm ki, Tiflisdəyəm. Ev paltarında, üstümdə də heç bir sənəd yox. Nə isə bir neçə gün Tiflisi gəzdik, sonra Eldar məni apardı Kislovodskiyə. Ora çatan kimi getdik Vaqif Mustafazadə deyən bağa. Gördük Vaqif bakılıların toplaşdığı həmin bağdadı. Cavan uşaqlarıq da, gedib yeyib-içdik. Axırda da burnumdan gətirdilər, milisə düşdük. Vaqifin anası Zivər xanım gəlib onu apardı, üstümdən heç bir sənəd çıxmadığına görə mənə 15 sutka verdilər".
   
   Beşinci an- Yenə həbs. Bu dəfə 20 Yanvar hadisələrinə görə
   
   1990-cı ildə baş verən 20 Yanvar hadisələri bu vətənpərvər ziyalının da həyatında dərin izlər buraxıb. Vasif Babayev Bakıda törədilən vəhşiliklərin ardıdan sovet ordusunun əsgərləri tərəfindən həbs olunaraq əvvəlcə Krasnodara, sonra isə Ulyanovska aparılıb. Bir aydan çox həbsxanada yatıb. Həmin günləri Vasif müəllim belə xatırlayır: "20 Yanvar hadisələri zamanı həyatımın ən ağır günlərini yaşamışam. Faciənin səhərisi teleşirkətin sədr müavini Fuad Tarverdiyevlə Az.TV-nin həyətində general-leytenant Ovçinnikovla söhbət edirdik. Bu zaman xalq şairi Bəxtiyar Vahabzadə həyəcanlı halda bizə yaxınlaşdı. Üzünü rus generalına tutub "Okuppantı"-dedi və Ovçinnikov tərəfə tüpürdü. Generalın mühafizəçiləri dərhal silahlarını hazır vəziyyətə gətirdilər. Vəziyyətin gərginləşdiyini görən Fuad generala dedi ki, Bəxtiyar Vahabzadə xalq şairi, deputatdı. Mən də əsgərləri sakitləşdirdim. Yalnız bundan sonra gərginlik aradan qalxdı.
   
   Bir gün əvvəl Az.TV-nin enerji bloku partladılsa da, fədakar əməkdaşlarımız öz işlərini görür, çəkilişlər aparır, sovet ordusunun törətdiyi vəhşilikləri lentə almaqla tarix üçün qiymətli kadrlar saxlayırdılar. Bizi hər an həbs təhlükəsi gözlədiyini bilirdik. Nəhayət yanvarın 26-dan 27-nə keçən gecə evimə gələn silahlı əsgərlər məni həbs etdilər. Digər həbs olunanlarla birgə Nasosnı qəsəbəsinə gətirildim. Əllərimizi qandallayıb əvvəlcə təyyarə ilə Krasnodara apardılar. Üç gün ac-susuz saxlandıqdan sonra vaqon-zindanlara doldurub Ulyanovska göndərdilər. Yolda nəzarətçilər bizimlə kobud davranır, döyür, təhqir edirdilər. Bir ay Ulyanovsk həbsxanasında saxlıandıq".
   
   Altıncı an - Heydər Əliyev onu niyə qardaşıgilə dəvət etdi?
   
   Vasif Babayev deyir ki, görkəmli dövlət xadimi Heydər Əliyev onun həyatında mühüm rol oynayan insanlardandı: "Ümummilli lider Heydər Əliyevlə müxtəlif dövrlərdə çoxlu görüşlərim olub. Həm sovetlər zamanı Azərbaycana rəhbərlik edərkən, həm də müstəqillik qazandıqdan sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdarkən bu nadir şəxsiyyətlə təmaslarım olub. Nadir şəxsiyyət, televiziyanın təsir gücünü bilən insan idi. 1993-cü ildə Novruz bayramı ərəfəsində Fransadan Naxçıvana humanitar yardım aparan "Miraj" təyyarəsi Bakıdan Muxtar Respublikaya uçmalı idi. Məxfi orqanlarda çalışan dostlarım bu barədə mənə məlumat vermişdilər. Onlar xahiş etdi ki, Az.TV-nin əməkdaşları Nadejda İsmayılova ilə Namiq Şirəlibəyovu həmin təyyarə ilə Naxçıvana gedib Ali Məclisin sədri Heydər Əliyevdən müsahibə hazırlamağa göndərim. Hər iki əməkdaşımızın təyyarə ilə Naxçıvana getməsinə nail oldum. Naxçıvandan qayıdandan sonra onların gətirdikləri müsahibəni efirə vermək problemi yarandı. Çünki 1987-ci ildən Heydər Əliyevi efirdə göstərmək qadağan olunmuşdu. Heç kim bu qadağanı pozmağa cəsarət etmirdi. Rəhbərlik etdiyim "Həftə" proqramında Heydər Əliyevin müsahibəsini çətinliklə də olsa efirə verdim. Bir neçə ay sonra- mayın 10-da Heydər Əliyevin doğum günü ilə bağlı sujeti də yalnız "Həftə"də nümayiş etdirməyə nail oldum. Həmin il iyunun 15-də Naxçıvandan Bakıya gələn Heydər Əliyevi hava limanında qarşılayanlardan biri də mən idim. Heydər Əliyevi hava limanından şəhərə gətirən avtomobili müşayiət edirdim. Maşın Heydər Əliyevin qardaşı Cəlal Əliyev yaşayan binanın qarşısında dayandı. Heydər Əliyev maşından düşən kimi məni gördü və öz yanına dəvət etdi. Bir neçə ay əvvəl Naxçıvanda hazırlanmış müsahibəni efirə verdiyimə görə təşəkürünü bildirdi. Birlikdə liftlə yuxarı qalxdıq. Qardaşıgildə xeyli söhbət etdik, bəzi kadrlar çəkdik. Çox diqqətli adam idi, işlərimlə, problemlərimlə maraqlandı. Səhəri gün xalqa müracət etmək üçün Az.TV-yə gələndə də dəhlizdə onu qarşıladım. Bilirdim ki, efirə çıxmazdan əvvəl yaxşı hazırlaşır, səliqə-səhmanına ciddi fikir verir. Öncədən onun üçün güzgü, daraq hazırlamışdıq. Hazırlaşıb efirə çıxdı. Çəkiliş başa çatan kimi diktor Tamilla Ələkbərova şəkil çəkdirməyə icazə verməsini Heydər Əliyevdən xahiş etdi. Birgə çəkdirdiyimiz şəkil həmin tarixi görüşüdən qiymətsiz bir xatirədi.
   
   Heydər Əliyevlə görüşlərim barədə irihəcmli yazı hazırlayıram. İnşallah bu yaxınlarda həmin yazını oxuculara təqdim edəcəyəm".
   
   Yeddinci an - Televiziyanı beş barmağı kimi bilən və telekanallardan narazı adam
   
   Azərbaycan televiziyasının tarixində iz qoymağı bacaran Vasif Babayev bu gün öz sevimli peşəsindən kənarda qalmağı həyatın ədalətsizliklərindən sayır: "Neyləmək olar, həyatın belə amansızlıqları var. Televiziyanın incəliklərini bilən peşəkarlaradan indi heç kim öyrənmək istəmir. Ona görə də telekanallarımızın vəziyyəti bu kökdədi. Şəxsən mən telekanallarımızdan narazıyam. Çünki efirdə intellektual səviyyə çatmır. Bu elə bir sahədi ki, peşəkarlıq və yaradıcılıq prinsipi olmasa heç nə edə bilməzsən. 1992-ci ildə Elə vaxtlarım olub ki, Az.TV-nin bədii rəhbəri vəzifəsindən və kollegiya üzvülüyündən istefa vermişəm. Çünki yaradıcılıq prinsiplərimi məndən yuxarı vəzifəyə təyin olunanlar qeyri-peşəkarlara güzəştə getməmişəm.
   
   Bu gün də çalışmaq üçün özümdə güc hiss edirəm. Beynim motor kimi işləyir. Sən yaxşı bilirsən ki, SSRİ-də uzun illər kosmik uçuşlara rəhbərlik edən dövlət komissiyanın sədri həmyerlimiz general Kərim Kərimovu ilk dəfə tamaşaçılara mən tanıtdırmışam. Onun haqqında çəkdiyim filmin ikinci hissəsini başlamaq istəyirəm. Birinci hissədə istədiyim hər şeyi deyə bilmədim. Çünki o zaman hər şeyi demək mümkün deyildi. Qismət olsa, bu dəfə görkəmli həmyerlimiz Kərim Kərimov barəsində çox şeylər biləcəksiz".
   
   Səkkizinci an - İçərişəhər
   
   Vasif Babayev uşaqlıq xatirələrini yaşadan İşərişəhəri tez-tez gəzir, ötən günləri xatırlayır: "Buradakı küçələr, evlər, ağaclar, Qala divarları mənim üçün əzizdi. İçərişəhərə sevgimi dillə demək mümün deyil. Əsl sevgini kim dillə deyə bilib ki...
   
   Bu gün İçərişəhər, ümumiyyətlə Bakı dəyişir, abadlaşır. Düzdü, tramvaysız, troleybussuz Bakı adama bir az qəribə gəlir. Amma yenə deyirəm, şəhərin inkişafı üçün çox işlər görülür. Ölkə başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva təkcə bu məsələyə yox, elə mədəniyyətimizin, incəsənətimizn inkişafına, təbliğinə diqqət ayırırlar. Bu işləri qiymətləndirməmək insafsızlıq olar".
   
   70 yaşını qeyd edən Vasif müəllimi təbrik etməyə söz də çoxdu, bəhanə də. Amma yubilyar özü deyir ki, hələ tələsmə, qoy işğaldan azad olan Qarabağdan sənədli film çəkim, sonra nə qədər istəyirsən təriflə.
   
   Nə deyirəm ki, onda təbrik və xoş sözləri bir neçə aylıq təxirə salıram.


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK