adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Deyilən sözlərin içində sözlə deyilməyən SÖZ var: "O SÖZ"

RZA RZAYEV
90674 | 2011-02-07 16:24
Sözün, fikrin kim tərəfindən deyilməsi çox əhəmiyyətlidir.Sözü deyən insanın şəxsiyyəti həmin sözün gücünü, təsirini daha da artırır.Çünki deyilən sözün arxasında şəxsiyyət, əməl, hərəkət durmayanda söz, fikir təsir qüvvəsini itirir.
   
   Bir şəxs, insan bu gün haqqında yazanda, danışanda yanlız bugünkü məqsədlər, vəzifələr və problemlər haqqında yazmır, danışmır. Həm də öz daxilində öncədən yaranmış, yaşanmış təcrübələri, müşahidələri, bilikləri, baxışları xaricləşdirir, mənalandırır.Həm də özü haqqında danışır, yazır.Özünü ifadə edir.Kimliyini başqaları qarşısında müəyyənləşdirir.
   
   İstənilən məqalənin, fikrin, cümlənin, sözün alt qatı var. Bu qatda müəllifin xarakteri, ruhu, həyat tərzi var. Məqalədə hansısa söz, cümlə, abzas ayrılıqda başa düşülməyə bilər, lakin məqalə, kitab bütöv oxunduqda tam məna, ruh aydın olur. Başa düşülməyənlərə, dərk edilməyənlərə həmin ruh aydınlıq gətirir, işıq salır. Həmin ruh, işıq yazılan sözlərdə deyil, deyilən, yazılan sözlərin içindədir, alt qatındadır, sözlə deyilə bilmir. Deyilən sözlərin cəmidir. Axırıncı cümlədən, sözdən, nöqtədən sonra gəlir "O SÖZ". Deyilən sözlər "O SÖZ"ün qabığıdır. Qabığın içindədir "O SÖZ".
   
   Həyatda elə insanlar var ki, onlar danışmayanda, münasibət bildirməyəndə, hərəkət etməyəndə, yazmayanda həyat, inkişaf dayanır, süstlük yaranır. Elə bil cəmiyyət həmin insanları gözləyir. Onlar nə isə deyəcəklər, edəcəklər. İnsanlar səhv etmək istəmirlər, onların "SÖZ"ünə ehtiyac duyurlar, onları gözləyirlər.
   
   Bilikli, savadlı insanla, özünü bilikli, savadlı sayan, göstərən insan arasındakı fərq ondadır ki, bilikli və savadlı insan biliklərinin həqiqi və düzgün olduğunu əsaslandırmaq üçün kifayət qədər dəlilə, əsaslara malikdir.Savadsız və biliksiz insan belə dəlillərə, əsaslara malik deyil.
   
   Bilik əldə etmək çox vaxt,zaman alır.Mükəmməl bilik əldə etmək üçün insan olmazın əziyyətlərə qatlaşır.Hər şeyi dərk edən insan üçün yaşamaq çətinləşir.O, öncədən çox şeyi görür, dərk edir.İnsanlara mənfi təsir edəcək proseslərin qarşısını ala bilməyəndə əzab çəkir.Necə ki, deyirlər : Biliyini artıran şəxs qəmini, dərdini də artırır.Hər şeyi dərk etmək, dərk edib yaşamaq çox çətindir.Şəxsiyyətlərsə bunu könüllü seçirlər.
   
   Prosesləri,hadisələri,şərh və təhlil edən insanlar, bir də yozan insanlar var.Hadisələri və prosesləri yozan insanlar yuxu yozanlara bənzəyirlər.Necə ki, biri yuxu görür, gəlir yuxu yozanın yanına ki, onun yuxusunu yozsun.Yuxu yozan da öz dünyagörüşünə, biliyinə, yuxu görənin halına, şəxsi marağına, yuxu görənə olan şəxsi münasibətinə görə yuxunu yozur.Yəni yuxu yozmağın ümumi müəyyən olunmuş qayda-qanunu yoxdur,heç nəyə əsaslanmır.Yuxu yozan necə istəyirsə, yuxunu eləcə də yozur.Lakin şərhin, təhlilin isə qayda-qanunu, əsasları var.Şərh və təhlil edən insan elmə, təcrübəyə, sübutlara əsaslanır.
   
   Cəmiyyətimiz elə dövr yaşayır ki, bir çox insanlar o şeylərdən danışırlar ki, onların özündə o yoxdur.Vətənpərvərlikdən, insanpərvərlikdən, sədaqətdən, dostluqdan və s.Bəzi insanlar bu dəyərlərdən çətir kimi istifadə edirlər.
   
   İnsan özündə olmayan şeyi başqalarına necə verə bilər? İnsan vermədiyi şeyi başqasından necə istəyə bilər? İnsanlara vermədiyin şeyi istəyəndə, insan özünün etmədiyini başqasından tələb edəndə, insanla cəmiyyət arasında ziddiyyət yaranır. Bax çoxlarının faciəsi bu oldu.
   
   Hansı cəmiyyətdə rasional əməl irrosional hərəkətləri, prosesləri qabaqlayır, o cəmiyyət sabitdir, dinamikdir, harmonikdir. Rasional əməl irrasional hadisələri qabaqlayır, yönləndirir, istiqamətləndirir, qarşısını vaxtında alır.
   
   Baş verməyənlər hələ yaşanmamış proseslər, hadisələrdir.Buna görə də cəmiyyəti yaşanmamış proseslərə, baş verməyən hadisələrə hazırlamaq lazımdır.Cəmiyyətdə sabitlik pozulmasın.
   
   Təcrübə bizə göstərir ki gedilən yolla getməliyik, yoxsa başqa yol tapmalıyıq. Gedilən yol ən doğrusudur, ya daha doğrusu var ? Bizim üçün ən yaxşısı gedilmiş yollardır, yoxsa yeni yaradılandır ? Bizdən öncə gedilən yolu gedən dövlətlərlə, cəmiyyətlərlə biz eyni imkanlara, resurslara malikik, ya yox ? İnkişaf müəyyən olunmuş, mövcud sərhəddlərə qədərdir, yoxsa sərhədləri aşmaq lazımdır ? Düşünən insan, yaradıcı insan bu dilemmanın arasında qalır, düşünür.
   
   Təcrübə bu gün bizə nəyin necə olduğunu göstərir, nəyin daha dəqiq necə olmağını göstərmir.Ona görə də tək təcrübələrdən nümunə götürmək olmaz.Özümüz də nümunələr yaratmalıyıq.Bizim mentalitetimiz, potensialımız, təfəkkürümüz, təxəyyülümüz buna imkan verir.
   
   XXI əsr sintez əsridir.Mədəniyyətlərin, dəyərlərin, dinlərin sintezi.Düşünənlərin, düşüncələrin sintezidir.Hansı cəmiyyət, dövlət, millət sintezdən sonrakı mərhələni görürsə, sintezdən sonrakı tezisə hazırlaşırsa, sintezdən sonrakı tezisi bilirsə, irəli sürəcəksə, o da qalib olacaq.
   
   Biz ideal dünyada yox, real dünyada yaşayırıq.Biz düşüncələrimizi, hərəkətlərimizi real dünyaya uyğunlaşdırmalıyıq.Aparılan təcrübələr, tədqiqatlar, yaranan yeni elimlər hələ də dünyanın sirrini aça bilməyib.Dünya hələ də tam dərk edilməyib.Siyasi, iqtisadi, mədəni proseslər hələ də harmonik deyil, ideal deyil.İdeal dünyanı qurmaq üçün real dünyanı yaşatmaq lazımdır.
   
   Ümumi dəyərlər və normalar fərdin əməllərini məhdudlaşdırır və kordinasiya edir.Əsas şəxsi ola bilməz, əsas ümumi əhəmiyyətə malik olmalıdır.Biz dünyaya milli-mənəvi dəyərlərin mövqeyindən baxırıq.Milli-mənəvi dəyərlərin işığında mühüm olanı mühüm olmayandan fərqləndiririk.
   
   Milli-mənəvi dəyərlər,ənənələr cəmiyyətin müqavimət sistemidir.Ənənələr cəmiyyətdə "mühafizəçi" rolunu oynayırlar.Cəmiyyəti yad dəyərlərdən qoruyurlar.Cəmiyyətə daxil olmaq üçün həmin "mühafizəçi"ni yox etmək,aradan qaldırmaq lazımdır. Biz cəmiyyətimizin mənəviyyatının müqavimət sistemini ("mühafizəçi"ni) gücləndirməliyik.Sonra başqa dəyərlərin cəmiyyətimizə ixrac olunmasının qorxusu olmayacaq.
   
   XXI əsrdə insanlar, dövlətlər, dünyagörüşlər, dəyərlər, dinlər, təriqətlər dəyişir.Artıq XXI əsrdə bəzi inkişaf etmiş dövlətlər başqa dövlətləri ordu gücü ilə işğal etmirlər.Onlar həmin ölkələrə mühacirlər ordusu (QHT,təriqətlər,fondlar) göndərirlər.Mühacirlər yaşadıqları ölkədə öz dəyərlərini, adət-ənənələrini yaymağa başlayırlar.Maddi-mənəvi dəyərlərini təbliğ edirlər.Vaxt keçdikcə yaşadıqları ölkədə iqtisadi, siyasi qüvvəyə çevrilirlər.Cəmiyyətdə gedən proseslərə təsir etmək imkanı qazanırlar.
   
   Dinlər arası mübarizəyə, təriqətlər arası mübarizəyə ayrılan pullar, maliyyə dinsizliyə, mənəviyyatsızlığa, əxlaqsızlığa qarşı mübarizəyə ayrılmalıdır. Dinin təbliği başqa dinləri aşağılamamalı,həmin dinin daşıyıcılarını alçaltmamalı, başqa dinləri inkar etməməlidir.
   
   Televiziya həm də bizim simamızdır.( R.M) Bəlkə dünya bizim əsl üzümüzü görmədiyi üçün bizim problemlərə belə biganədir.Dünyaya əsl üzümüzü, sifətimizi göstərməyin vaxtıdır.İkili standartlı dünyada bizim bir sifətimiz, üzümüz var.Mahiyyətimizdən, mənəviyyatımızdan doğan əsl simamızı, bir üzümüzü dünyaya göstərək.Hər kəs özü müəyyənləşdirir, millətlər də ,xalqlar da ona necə münasibət göstərmək lazımdır.
   
   Mühacir dəyərlərin başqa ölkəyə daxil olmasının kütləvi bir yolu da televiziyadır.Bu gün demək olar ki, mühacir dəyərlər, görüşlər, geyimlər, düşüncələr bizim öz əlimizlə ölkəmizdə təbliğ olunur.Televiziyada göstərilən xarici filmlər, seriallar hamısı senzuradan keçməlidir.Hər xarici filmi, serialı televiziyada göstərmək olmaz.Film, serial artıq başqa bir ölkənin dəyərinin, mesajının başqa cəmiyyətə birbaşa ötürülməsidir.İnsanların şüuruna birbaşa yeridilməsidir.(bu mövzuda: "Bu gün kino Azərbaycanca danışmalıdır" məqaləmizdə daha ətraflı yazmışdıq."Ədalət" qəzeti)
   
   Bu gün televiziyalar cəmiyyətin hansısa hissəsinin, təbəqəsinin səviyyəsinə, zövqünə uyğun verilişlər hazırlamamalı,həmin hissənin səviyyəsinə düşməməli,zövqünə uyğunlaşmamalıdır.Cəmiyyətimizin ümumi məqsədləri nəzərə alınmalıdır.Cəmiyyətimizin həmin hissəsinin,təbəqəsinin səviyyəsini qaldıran verilişlər hazırlanmalıdır.Bu gün televiziyaların yaratdığı problemlər,cəmiyyətimizin mahiyyətindən doğan problemlər deyil.Televiziyalar tərəfindən cəmiyyətimizdə yaradılan süni problemlərdir.Bu gün televiziyada danışılan açıq-saçıq sözlər,açıq-saçıq geyimlər sabah cəmiyyətimizdə öz əksini tapır.Ümumi insan psixalogiyasına aid olan mənfiliklərdən bizim cəmiyyətimiz də xali deyil.Televiziyada gördüklərimiz mənfiliklər cəmiyyətimizdə də var.Lakin bu mənfilikləri təbliğ etmək yox, mənfiliklərə, pisliklərə qarşı mübarizə aparmaq televiziyanın funksiyasıdır.
   
   Hadisə ona xas olan konteksin işığında məna kəsb edir.Yeni konteksdə hadisə başqa məna alır.İnsanların şəxsi, siyasi maraqları, milli mənsubiyyəti dünyagörüşü və biliyinin səviyyəsi baş verən hadisəni düzgün, olduğu kimi dərk etməyə, çatdırmağa imkan vermir.Çox vaxt baş verən hadisə təhrif olunur.Buna da çox vaxt milli dövlət maraqları, qurup maraqları mane olur.Buna görədə milli televiziyalarımız, cəmiyyətimiz dünyada baş verən prosesləri,hadisələri,xəbərləri başqa informasiya kanallarından yox, öz nümayəndələri tərəfindən almalıdırlar.Xəbər ötürən şəxs mütləq onu dəyişir və yaxud dəyişə bilər.Xəbər rakursdur, konteksdir.Televiziyalarımız bizə dünyada baş verən hadisələri olduğu kimi görməkdə,çatdırmaqda kömək etməlidir.
   
   Cəmiyyətimiz transformasiya olunduqdan sonra xarakter-insan da azalmağa başlayıb. Ədəbiyyatda, kinoda xarakter-insanı (obraz) yaradılmır. Bu gün sənətdə, ədəbiyyatda xarakter-insanına (yazıçıya, şairə, rejissora, aktyora) az rast gəlmək olar. Çoxluğun hər şeyə hə dediyi zamanda, vaxtda yox demək çətindir. Amma hər dəfədə haqqı-ədalət çoxluq tərəfdə olmur. Xarakter-insanı tutduğu yola inamı olandır, tutduğu yolun sonunu görəndir, əzmi, iradəsi olandır. Çoxluq ona qarşı durandan sonra onun tərəfinə keçəndir.
   
   İnsanın tutduğu yola inamı olmayanda, işin sonunu əvvəlcədən görməyəndə tərəddüd edir. İnsan tərəddüd edəndə isə qorxağa çevrilir.Yazıçının da, şairin də, rejissorun da qəhrəmanları , obrazları belədir. Tutduğu yola inamı olanlar və tərəddüd edənlər. Çoxluğa qarşı duran, sonradan çoxluğun onun tərəfinə keçən qəhrəman!
   
   Xarakter-insanı çox vaxt inkar edilir, etiraf olunmur, təsdiq edilmir. Axı başqasını təsdiq etmək özünü inkara gətirib çıxarır (kiçiklərin, istedadsızların düşüncəsi). Buna görə də sənətdə , ədəbiyyatda, kinoda ziddiyətlər, haqsızlıqlar çox olur. Yazarlar bir-birlərini inkar edirlər, bəyənmirlər (sovet kəşfiyyatının yaratdığı ənənə bu gündə davam edir ). Vəzifə tutanlar (baş redaktorlar və s.) başqalarının əsərlərini (daha güclüsünü) çap etmirlər. Bir-birlərinə böhtan atırlar. (Böhtan olmayan şeydir.)
   
   Bu istedadlı insanın taleyidir. Tanrı verdiyi istedadın əvəzini belə alır. Kimisi dözür, ödəyir, kimisi də taleyindən qaçır. Taledən qaçanlar artıq istedadlı yaza bilmirlər. Sıradan biridirlər.
   
   Güclü sənət əsəri yazıldığı, çəkildiyi zamanın, dövrün fövqündə durur. Yazıldığı, çəkildiyi zamanda, dövrdə dərk edilmir. Gələcəkdə qiymətini alır, dərk edilir. Belə də olmalıdır. Axı əsl sənət əsəri gələcəyin obrazını yaratmalıdır. Çoxluq onu yazıldığı dövrdə başa düşə bilməz.
   
   İndiki dövrdə əli qələm tutan yazır. (Ramiz Mehdiyev - red) Qələmin istehsalı müddəti az, maddi dəyəri az, Çinində istehsalı ola. Bu gün yazılan əsərlərin, şeirlərin, çəkilən filmlərin çoxu da Çin istehsalına bənzəyir. Kserokopiya (həyatın sürətçıxartması), poddelka (donqili), keyfiyətsiz və s.
   
   Beləliklə, yazarlar çoxluğu yaranır. Pisi, yaxşını seçmək çətinləşir. Nə qədər kitab oxumalısan ki, yaxşını seçə biləsən.
   
   İstedadlı insanlar da arxa planda qalır. Axı istedadlı insanlar həm də abırlı insanlardır. Nəinki onlar deyilənlərə cavab vermir, danışan adamların əvəzinə utanırlar, eşitdikləri sözlərdən abır edirlər, əzab çəkirlər.
   
   Əsl yazıçı üçün nəsr yazmaq, əsl şair üçün şeir yazmaq, əsl aktyor üçün rol oynamaq, əsl rejissor üçün film çəkmək uçaqdan qorxan adam kimi məcburən (yaradıcı insanın nəfsinin təlabatı. Necə ki, şəhvət, xəsislik, bədxərclik insanın nəfsinin təlabatından yaranır.) hər gün uçaqda 15-20 saat uçmaqdır. Tanrı qarşısında qorxa-qorxa, əsə-əsə, titrəyə-titrəyə durmaqdır, dua etməkdir. Yaxşı sənət əsəri belə çətin prosesdən sonra yarana bilər. Tanrı qarşısında nəyi yazmaq olar, necə danışmaq olar, necə hərəkət etmək olar...
   
   Bu həyatın ən qəribəsi odur ki, insan əsl qiymətini özü-özünə verə bilmir. Necə ki, Tanrı qiymətləndirir etdiyin əməllərə görə səni, cənnət cəhənnəmlə... Necə ki, "5"-ə layiq olduğun halda, müəllim sənə imtahanda "3" yazır və s.(Tanrı ədalətidə yoxdu axı insanda).
   
   Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yönləndirdiyi siyasətin əsas məqsədlərindən biri də fərdlərimizin içərisində gizli qalan potensialı,istedadı üzə çıxarmaq və fərdlərin özlərini tam ifadə etməsi üçün hər cür şəraitin yaradılmasıdır.Bu sahədə böyük işlər görülüb və nəticələri də göz önündədir.
   
   
   
   (Ardı var)
   
   
   
   "Gənc Azərbaycan" Gənclərin Siyasi və Hüquqi Mədəniyyətinin İnkişafına Yardım İctimai Birliyinin Sədri:
   
   Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin Məsləhətçisi:

TƏQVİM / ARXİV