ANA SƏHİFƏ / YAZARLAR

Əsl Xoşbəxt haqqında film

Yeni ekran əsərində 80-dən çox aktyor rol alıb

37046    |   2015-01-17 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Görkəmli geoloq-alim, akademik, Azərbaycan neft sənayesinin canlı əfsanələrindən sayılan Xoşbəxt Yusifzadənin bu günlərdə 85 yaşı tamam oldu. Doğum gününü Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılayan Xoşbəxt müəllim çoxsaylı orden və medallarının, titullarının sırasına "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu da əlavə etdi.
Yubilyara ən qiymətli hədiyyələrdən birini də kinematoqrafçılar bağışladı. Xoşbəxt Yusifzadənin 85 illiyinə həsr olunan "Fədakar" adlı iki hissəli bədii-sənədli film tamaşaçılara təqdim olundu. Dövlət Neft Şirkətinin sifarişi ilə "SOCAR-MEDİA" İctimai Birliyində istehsal edilən bu yeni ekran əsəri Xoşbəxt Yusifzadənin "Ömrümün illəri və izləri" kitabındakı həyat hekayələri əsasında lentə alınıb.
"Fədakar"ın ssenari müəllifi Eldar İskəndərzadə, quruluşçu rejissor Vasif Məmmədzadə, quruluşçu operatoru isə Rafiq Quliyevdir. Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov filmin baş məsləhətçisidir. Premyerası "Nizami" Kino Mərkəzində keçirilən "Fədakar" artıq ölkənin bir neçə telekanalı vasitəsilə də yayımlanıb və geniş tamaşaçı marağına səbəb olub.
Bir neçə nüfuzlu beynəlxalq kinofestivalın mükafatçısı, gənc və istedadlı kinorejissor Vasif Məmmədzadə yaradıcı heyətin bu ekran əsəri üzərindəki işindən danışır. Özünün dediyi kimi, hələ çəkilişlərə başlamazdan əvvəl filmin qəhrəmanı qarşısında ciddi imtahan verməli olub.

- Vasif bəy, hər bir film tamaşaçı qarşısında bir imtahandır. Bildiyim qədəri ilə sən hələ "Fədakar"ın çəkilişləri başlamazdan öncə də çətin sınaqdan keçməli olmusan...
- Tək mən yox, elə filmin bütün yaradıcı heyəti işin lap əvvəlindən Xoşbəxt müəllimin qarşısında ciddi imtahan verdik. "SOCAR-MEDİA"-nın sifarişi ilə Eldar İskəndərzadənin yazdığı ssenari əsasında filmin çəkilməsi milli kinomuzda sözünü demiş bir neçə tanınmış rejissora təklif olunsa da, yubilyar razılıq verməyib. Daha doğrusu, onların gələcək filmlə bağlı fikirləri Xoşbəxt Yusifzadəni qane etməyib. Bundan sonra ssenari müəllifi Eldar İskəndərzadənin təklifi ilə mən bu işə cəlb olundum. Tanınmış və istedadlı ssenarist Eldar İskəndərzadə ilə 15 ildən çoxdur ki, sıx yaradıcılıq əlaqələrimiz var, birgə 40-a yaxın irili-xırdalı film ərsəyə gətirmişik. Hər ikimizdə əminlik var idi ki, bu dəfə də uğurlu bir iş ortaya qoya bilərik.
- Qalırdı baş qəhrəmanı razı salmaq...
- Ən çətini razı salmaq yox, Xoşbəxt müəllimi inandırmaq idi. Yaxından tanıyanlar bilir ki, akademik Xoşbəxt Yusifzadə görkəmli geoloq, neft sənayesinin mahir bilicisi olmaqla yanaşı ədəbiyyatı, musiqini, kinonu, teatrı da gözəl duyur. Onunla incəsənət barədə saatlarla söhbət etmək, müzakirə aparmaq olar. Xoşbəxt müəllimlə 5-6 dəfə görüşdük, çəkiləcək filmlə bağlı düşüncələrimizi bölüşdük. O, istəyirdi ki, yaşadığı ömür, keçdiyi mürəkkəb çətinliklərlə dolu həyat bu ekran əsərində təbii şəkildə və dolğun təsvir olunsun. Mən də bir quruluşçu rejissor kimi ssenarini mənimsədikdən sonra fikirlərimi dedim. Nəhayət ki, gərgin keçən müzakirələrin sonunda Xoşbəxt müəllimi inandıra bildim.
Filmin qəhrəmanı Pirşağıda doğulub, orada boya-başa çatıb, mən də Pirşağıda böyümüşəm, Xoşbəxt müəllimin təhsil aldığı orta məktəbdə oxumuşam, yəni Abşeron mühiti mənə çox doğmadır. Bir-birimizi yaxşı anlamaqda yəqin ki, bu ruhi bağlılığın da köməyi az olmadı.
- Söhbətimizin bu yerində "Fədakar"ın üzərində əməyi olan fədakar insanlar-yaradıcı heyət haqqında danışmaq maraqlı olar...
- Həqiqətən də filmin çəkilməsi üçün bir araya gələn böyük bir heyətin bütün üzvləri böyük əmək sərf etdi, fədakarlıq göstərdi. Filmin çəkilişlərini Pirşağıda, Buzovnada, "Neft Daşları"nda, Xoşbəxt müəllimin ali təhsil aldığı indiki Neft Akademiyasında, paytaxtın digər məkanlarında, ümumilikdə götürəndə 52 məkanda apardıq. Xoşbəxt müəllimin 60 yaşına kimi olan dövrünü 5 aktyor canlandırır, sonrakı illəri əhatə edən hadisələrdə isə Xoşbəxt Yusifzadə özü iştirak edir. Belə bir mürəkkəb və iki hissəli bədii-sənədli ekran əsərini ərsəyə gətirmək üçün cəmi 8 ay zamanımız var idi, çünki yanvarda-qəhrəmanımızın 85 illik yubileyi ərəfəsində filmi təhvil verməli idik. Yaradıcı heyətin fədakarlığını göstərən bir çox məsələləri qeyd etmək olar, amma mən birini demək istəyirəm. Tamaşaçıların gördüyü kimi, bizim film balıqçıların dəniz qırağında söhbəti ilə başlayır, onlar Bağı kişinin ailəsində oğlan uşağının dünyaya gəldiyini deyirlər. Xoşbəxt müəllim yanvarda doğulub, biz isə balıqçılarla olan həmin epizodu avqustda çəkirdik. Aktyorlar paltoda, qulaqlı papaqda, qış ayaqqabılarında idilər, amma cəmi 5-10 metr aralına camaat Pirşağı çimərliyində əməlli-başlı dincəlirdi.
Üzləşdiyimiz çətinliklərdən biri də ssenariyə uyğun olaraq ötən əsrin 30-cu, 40-cı, 50-ci illərdəki mühiti göstərməklə bağlı idi. Bu gün sürətlə inkişaf edən paytaxtımızda belə məkanları tapmaq demək olar ki, mümkünsüzdür. Üstəlik, o dövrün geyimlərini, əlbəsələrini əldə etmək çətindir. Amma bu problemlərin də öhdəsindən gəlməyə çalışdıq. Ümumiyyətlə Dövlət Neft Şirkəti filmin ərsəyə gəlməsi üçün bütün lazım olan şəraiti yaratdı. Fürsətdən istifadə edib yaradıcı kollektivimiz adından ARDNŞ-in rəhbərliyinə minnətdarlığımı bildirirəm.
- Filmdə baş qəhrəman da daxil, bütün rollar real obrazlardır. Ona görə də aktyor seçimi xüsusi diqqət tələb edirdi...
- Həmin insanların zahiri oxşarlarını tapmaq üçün də xeyli əziyyət çəkdik, Gürcüstandan xüsusi qrim ustası dəvət etdik. Çəkilişin bütün mərhələlərində olduğu kimi, aktyorlarla iş prosesində də Xoşbəxt müəllim yaxından iştirak edir, onlara oynadıqları obrazın xarakteri, özünəməxsus xüsusiyyətləri barədə danışırdı. Bizim filmdə 80-dən çox aktyor rol alıb. Tamaşaçılar "Fədakar"da Xalq artistləri Rasim Balayevi, Səidə Quliyevanı, İlham Əsgərovu, Əməkdar artistlərdən Fərhad İsrafilovu, Şamil Süleymanovu, Azad Şükürovu, Əliqulu Səmədovu, Əlican Əzizovu, Namis Şirməmmədovu, Mirzə Ağabəylini, aktyorlardan Hikmət Rəhimovu, Xanlar Həşimzadəni, Şahmar Qəriblini, Məhərrəm Musayevi, Əjdər Zeynalovu, Günəş Mehdiyevanı, Könül Şahbazovanı, Rauf Hüseynovu və başqalarını görə biləcəklər.
Filmdə çoxlu məktəbli uşaqlar da çəkilib, onlarla çalışmaq çox maraqlı idi. Çəkiliş başlayana qədər onlarla xeyli söhbət edirdim, "Motor!" komandası verəndən sonra elə təbii oynayırdılar ki, bəzən özüm də təəccüblənirdim. Bu filmin baxımlı alınmasında Xoşbəxt müəllimin ömür-gün yoldaşı Fəridə xanımın də zəhməti çox oldu. Fəridə xanımın çəkildiyi epizodlar maraqlı alındı, çünki kamera qarşısında təbii danışırdı.
Film hazır olandan sonra onu ilk dəfə Xoşbəxt müəllimə göstərəndə sanki yenidən bu böyük insanın qarşısında imtahan verirdim. Bilirdim ki, əgər o, bəyənsə tamaşaçılar qəbul edəcək. Şükür Allah ki, Xoşbəxt müəllimin bu imtahanından da üzüağ çıxdım.
Biz ömürlüyü ölkəmizin, xalqımızın yaşadığı müəyyən dövrün tarixi salnaməsi olan, tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maralı hekayət sayıla bilən Xoşbəxt Yusifzadə barəsində film ərsəyə gəyirmək istəyirdik. İlkin reaksiyalardan belə məlum olur ki, bütün yaradıcı heyət istəyinə nail olub. İndi "Fədakar"ın rus dilinə tərcümə olunması üzərində iş gedir. Azərbaycanın Xoşbəxt Yusifzadə kimi görkəmli övladlarını tanıtmağı bacarmalıyıq, gənclərimizə məhz belə insanları nümunə göstərməliyik. Qoy onlar inansın ki, həyatda çəkilən zəhmət heç vaxt nəticəsiz qalmır.



YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK