hacklink Adalet.az | MƏTBUATI ÖZBAŞINA BURAXSAN... Adalet.az | MƏTBUATI ÖZBAŞINA BURAXSAN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏTBUATI ÖZBAŞINA BURAXSAN...

("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)

17070    |   2008-10-04 01:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnqilabdan sonra Rusiyada işıq üzü görən nəşrlər arasında "Ekonomist" jurnalı da yer aldı. Texniki Cəmiyyətin dərgisi ölkə iqtisadiyyatı ilə bağlı məsələlərin şərhinə, təhlilinə, yeniliklərin təbliğinə, qabaqcıl təcrübənin öyrənilməsinə geniş yer ayırmağı qarşıya məqsəd qoymuşdu. Redaksiya öz ətrafına o dövrün tanınmış iqtisadiyyatçılarını, yetkin qələm sahiblərini toplamışdı. 1922-ci ilin yanvarında çapdan çıxan birinci nömrəni jurnalın redaktoru Dolmat Lutoxin Xalq Komissarları Sovetinin işlər müdiri, eyni zamanda görkəmli alim N. Qorbunovun vasitəsi ilə Vladimir İliçə göndərdi. Materiallarla tanış olan İliç çox əsəbiləşir, jurnalı ağqvardiyaçıların tribunası, qeyri-rəsmi mətbu mərkəzi adlandırır. Fəqət, bununla kifayətlənməyib onun fəaliyyəti ilə ciddi məşğul olmağı bilavasitə Feliks Dzerjinskiyə tapşırır. Redaksiya əməkdaşlarını nəzarətə götürüb bir-bir ələkdən keçirməyi, ümumiyyətlə ölkədən didərgin salmağı, sürgünə göndərməyi tövsiyə edir. Starik (Vladimir Ulyanovun partiya ləqəblərindən biri - E.B.) yaxşı bilirdi ki, ölünü özbaşına buraxsan, kəfəni yırtıb çıxar. Mətbuatı da nəzarətsiz qoysan, azad sözə qanad versən, cəmiyyəti bürüyən kəsafət pərdəsini çəkib atar, hakimiyyətin çox vaxt istifadə etdiyi riyakarlıq örpəyini cırıb dağıdar. Odur ki, düşünülmüş şəkildə bütün çap məhsullarına mərhələli nəzarət mexanizmi yaradılmışdı. Leninin bilavasitə tapşırığı ilə Dzerjinskinin rəhbərlik etdiyi idarə fərqli düşünən, yeni quruluşun işıqlı gələcəyinə şəkk gətirən kim olursa-olsun, amma ilk növbədə elm, ədəbiyyat və mədəniyyət xadimlərinin, axırına çıxmaq istəyirdi. Kim bizimlə deyilsə, demək bizə qarşıdır, bizə düşməndir, məntiqi ilə düşünən, daşınan və yaşayan Ulyanov bu məsələdə barışmaz mövqe tutmuşdu. QPU (Baş Siyası İdarə - E.B.) ölkədən çıxarılması məsləhət görülən ziyalıların siyahısına tanınmış sosioloq Pitirim Aleksandroviç Sorokin, "Ekonomist" jurnalının naşiri Dolmat Lutoxin, "Den" qəzetinin əməkdaşlarının adları da əlavə olundu. Bu işlə bilavasitə Dzerjinskinin müavini Unşlixt və 4-cü məxfi şöbə məşğul olurdu. Onlar gənc alım Sorokini çoxdan nəzarətə götürmüş- dülər. O, cavan yaşlarından elmlə bərabər, siyasətə də meyl edirdi. 1917-ci il Fevral inqilabından sonra müvəqqəti hökumətin başçısı Aleksandr Kerenskinin katibi işlədi. Gənc yaşda Petroqrad Universitenin professoru olmaq da hər adamın xörəyi deyildi. Bolşeviklər hakimiyyəti ələ keçirəndə eser partiyasının üzvü kimi, Sorokini Leninə qarşı sui-qəsd cəhdində şübhəli bilərək təqib etməyə başladılar. Pitirim Ural dağlarını arxada qoyub Rusiyanın əlçatmaz ucqarlarında gizlənməklə canını qurtardı. Bir müddət sonra eserlərlə büsbütün əlaqəsini kəsib rəhbər təşkilatlara yeni hakimiyyətə rəğbət ifadə edən şanlı məktublar ünvanladı. Alimin şüurlu addım ataraq siyasi mövqeyini dəyişməsi, yeni hökumətə sədaqətlə xidmət etmək arzusu Kremlin diqqətini çəkdi. Onun bu hərəkətinə münasibət bildirən Lenin "Pitirim Sorokinin dəyərli etirafı" adlı məqaləsi ilə eserlik əsarətindən könüllü qurtulan alimi Rusiyada məşhur etdi. Ölkə başçısının onun barəsində söylədiklərini əfv kimi qəbul edən Pitirim təzədən Petroqrada qayıdaraq universitetdə sosiologiya fakültəsini yaratdı. Dekan vəzifəsində çalışması da rəsmi dairələrdə etiraz doğurmadı. Fəqət, az keçməmiş alimin müstəqil düşüncə tərzi, fərqli tədris üsulu, mətbuatdakı çıxışları narahatlıq yaratmağa başladı. "Ekonomist" jurnalındakı məqaləni oxuyanda Leninin səbr kasası artıq tamamən aşıb-daşdı. İş o yerə çatdı ki, iyulun 16-da Stalinə ünvanladığı məktubunda arzuolunmaz ziyalıların ölkədən xaric edilməsi prosesinin yubadılmasından son dərəcə əndişələndiyini bildirdi. Gileyləndi ki, mənim məzuniyyətimdən öncə başlanan əməliyyat necə olur ki, indiyə kimi başa çatmayıb. Tələb etdi ki, qəti şəkildə eserlərin, menşeviklərin kökü kəsilsin. "Ekonomist" jurnalı və "Den" qəzetinin bütün əməkdaşlarının təkcə işdən deyil, ölkədən qovulmasını təklif etdi. Komissiyanın siyahıları hələ də təqdim etmədiyindən gileyləndı. Onu da nəzərə çatdırır ki, bir neçə yüz belə cənabı rəhm etmədən xaricə göndərmək lazımdır ki, Rusiya uzunmüddətli təmizlənsin. Lenin bu işlərin mümkün qədər tezləşdirilməsini istəyirdi. Xüsusi vurğulayırdı ki, bu qəbildən olan adamları heç bir səbəb göstərilmədən həbs edib ölkədən çıxarın. Stalinin bu məsələyə qarışması ilə proses nəzərəçarpacaq dərəcədə sürətləndi. Alman səfirliyindən rəsmi viza alınaraq çekistlərin nəzarəti altında qovulanlar tezliklə yola salındı. Köçmənlərə özləriylə yalnız şəxsi əşyalarını və məhdud məbləğdə pul götürməyə icazə verilirdi. Onu da deyim ki, Pitirimi məmləkətdən ilim-ilim itirənlər, alimi bitirdik, deyə düşünənlər kökündən yanıldılar. Bir müddət Praqada, sonra Berlində yaşayan Sorokin 1923-cü ildə baş götürüb okeanın o tayına getdi. Yaşı otuzu keçmiş adamın yeni dünyada yenidən yazmaq, oxumaq öyrənməsi o qədər də asan gəlməsin sizə. Amma Pitirim bu çətinliyin öhdəsindən tezliklə gəldi. Onun yaradıcılığı elmi dairələrin diqqətini cəlb etdi. Gərgin əməyi sayəsində Pitirim Aleksandroviç Harvard universitetində də sosiologiya fakültəsini yaradıb uzun illər ona rəhbərlik etdi. Müasir dövrdə sosiologiya elminin ən görkəmli nümayəndələrindən biri kimi şöhrət tapan professorun tələbələri arasında məşhur siyasətçilərin, hüquqşünasların, elm xadimlərinin, o cümlədən Amerika prezidenti Con Kennedinin də adını çəkmək olar. Onun elmi əsərləri müxtəlif dillərə tərcümə edilərək müəllifinə sağlığında dünya şöhrəti qazandırdı. Pitirim bu həyatda Lenindən də, Dzerjinskidən də çox yaşadı. Stalinin öz ölkəsində bir vaxtlar özünün irəli çəkdiyi adamlar tərəfindən rüsvay edilərək nə kökə salındığını uzaqdan da olsa, yaxından izlədi. Görkəmli sosioloq öz istəyi ilə deyil, taleyin hökmü ilə dünyanın bu başından o başına getsə də, başını həmişə dik tutub gəzdi. Boston yaxınlığındakı villasında ailəsi ilə birlikdə maddi korluq çəkmədən həyat sürdü. Şübhəsiz ki, vətən həsrəti çəkirdi. Amma Sovetlərə heç turist kimi də gəlmək ona nəsib olmadı. 1968-ci ildə 81 yaşında dünyasını dəyişdi... Söz düşdü və mən dünya şöhrətli alimin başına gələnlərdən bir qədər ətraflı danışdım. 1922-ci ildə sonu bilinməyən uzaq səfərə Sorokin tək yollanmadı. O, ayıq-sayıq çekistlər tərəfindən yeni quruluşa zidd element kimi müəyyənləşdirilən iki yüz nəfər ziyalı ilə birlikdə vətəndən didərgin salındı. Hər birini qarşıda öz aqibəti, hekayəti, uğurlu, ya uğursuz taleyi gözləsə də, hamısının geridə qalan, qapıları üzlərinə bağlanan bir Vətəni, eləcə də illər boyu ürəklərində şişərək böyüyəcək ümumi bir faciəsi vardı - Vətən həsrəti...
   
   Leninin yenicə nəşrə başlayan bir mətbuat orqanına qarşı belə sərt tədbirlərə əl atmasına səbəb əslində P. Sorokinin sosioloji tədqiqatlarının nəticəsi olan analitik məqaləsindən daha çox, parovoz əməliyyatı ilə bağlı A. Frolovun yazısı idi. Dəmir yollarındakı ehtiyat xətlərdə yüzlərlə parovozun istifadəsiz dayandığı halda min ədəd yenisinin istehsalı barədə İsveçrə şirkəti ilə bağlanan müqaviləni düşünülməmiş addım, uğursuz iqtisadi saziş adlandıran müəllif dolayısı ilə bolşevik hökumətinin fəaliyyətindəki bir çox gizli məqamlara toxunmuşdu. Söhbət milyonlarla qızıl rublun şübhəli təyinatından gedirdi. Sözlərinə aydınlıq gətirmək üçün müəllif bəzi misallar da gətirirdi. O yazırdı ki, inqilaba qədər Putilov zavodu ildə 225 vaqon istehsal edərdi. Məgər bu sifarişi elə putilovçulara vermək olmazdı? Axı, onlar bu işi daha ucuz qiymətə, daha az müddətə həyata keçirə bilərdilər. Görünür ki, iqtisadi prosesləri diqqətlə izləyən Frolovun ürəyi yaman dolmuşdu. O qeyd edirdi ki, bəzən müəyyən məhsulların, cihazların xaricdən alış qiyməti ilə Xalq Komissarları Sovetində rəsmi təsdiq olunan rəqəmlər arasında əcaib fərq vardır. Bir manometrə hökumət 76 rubl ayırsa da, onu 7 rubla almışlar. Yaxud, injektor üçün hökumətdən 500 rubl istənilib, amma hər birinə üçün xaricə ödənilən məbləğ cəmi 110 rubl olub. Bu qəbildən başqa misallar da gətirən müəllif xarici ticarətlə məşğul olan səlahiyyət sahiblərinin şübhəli sövdələşmələrini və cəzasız qalan cinayət tərkibli məsuliyyətsiz hərəkətlərini oxucuların diqqətinə çatdırırdı. Ölkə başçısı həmin materialı oxuyandan sonra çıldırmışdı. Amma atəş püskürən qəzəbinin hədəfi işbaz məmurlar deyil, problemi ictimaiyyətə çatdıranlar oldu. Normal məntiqə uymayan bu hərəkətin bəlkə bizə məchul qalan başqa səbəbləri vardı. Dolmat Lotuxinə nə deyim, vallah. Saqqalı ağarmış (əslində, o, heç saqqalının ağaran gününü görməyəcəkdi. 1922-ci ildə onun cəmi 32 yaşı vardı - E.B.) sevincək düşüb ilk nömrəni Nikolay Qorbunovun vasitəsi ilə proletariatın rəhbərinə göndərməsəydi, bəlkə onun özünün də, "Ekonomist"in də aqibəti başqa cür olacaqdı. İbrətamiz olduğu üçün mən Nikolay Petroviç Qorbunovun sonrakı taleyindən də qısa danışmaq istərdim.
   
   Qırxıncı illərdən başlayaraq bu ad sovet mətbuatında tamamən unuduldu. Lakin iyirmi-otuzuncu illərdə rəsmi sənədlərdə Leninin, Rıkovun imzasının yanında o da öz mübarək qolunu qoyardı. Qorbunov 1917-ci ilin noyabr ayından Xalq Komissarları Sovetinin işlər idarəsinin müdiri, eyni zamanda sədrin, yəni Vladimir İliçin şəxsi katibi idi. Onunla hamı hesablaşırdı. Sovet elminin inkişafında, SSRİ Elmlər Akademiyasının təşkilində, yeni elm sahələrinin, elmi-tədqiqat institutlarının yaradılmasında da danılmaz xidmətləri var idi. Romantik təbiətli cəsur adam alman həmkarları ilə birlikdə vaxtilə Pamir dağlarının zirvələrinə yürüş etmişdi. Fəqət, məmurluq fəaliyyətinə aid digər faktlar da var. Məsələn, 1923-cü il noyabrın 2-də Xalq Komissarları Sovetinin İşlər idarəsinin müdiri tam məxfi qriflə hazırlanan sənədi dinməz-söyləməz imzalayaraq OQPU-ya göndərmişdi. Qərarda kənd təsərrüfatı sahəsində, balıqçılıqda və meşə təsərrüfatında dustaqların əməyindən istifadəni genişləndirmək nəzərdə tutulurdu. Solovetski həbs düşərgələrinin yaradılmasını sürətləndirmək və səmərəliliyini artırmaq məqsədilə onları vergidən də azad etdilər. Həmin sənədə Solovetski monastrının bütün əmlakının müsadirə edilməsi, eləcə də fəaliyyətinin dayandırılması barədə ayrıca maddə salınmışdı. Ardı-arası kəsilməyən təmizləmə əməliyyatlarından onun da xəbəri vardı. Nazirliklərdən siyasi cəhətdən sakat adamların siyahılarını barədə məlumatlar çox vaxt bilavasitə onun adına göndərilirdi, oradan da müvafiq dərkənarla Dzerjinskinin təşkilatına yollayırdılar. Beləliklə, vətən xainlərinin hesabına həbs düşərgələri bir yandan dolub, o biri yandan boşalırdı. Çörək tapılmayan ölkədə hər kəsə qurşun yedirtməyə imkan vardı. 1938-ci ilin fevral ayında Qorbunovun özünü də casusluqda müqəssir bilərək həbs etdilər. Hadisədən iki ildən artıq müddət ötsə də ərinin taleyindən hələ də bixəbər qalan M.Smolyaninova 1939-cu ilin mayında Stalinə bir məktub yazır. Deyir ki, həyat yoldaşım Nikolay Petroviç yazışma hüququ olmadan 10 il müddətinə həbs düşərgəsinə göndərilib. Xülasə, Stalini onun necə təmiz işçi olduğuna, vəzifə borcuna yüksək məsuliyyətlə yanaşdığına, partiyaya, Leninə və şəxsən "millətlər atası"na sədaqətlə, vicdanla xidmət etdiyinə inandırmağa çalışır. Ümidini kəsməyən vəfalı xanım nə biləydi ki, 46 yaşlı ailə başçısı artıq çoxdan həyatda yox idi. 1938-ci il sentyabrın 7-də NKVD-nin "Kommunarka" adlanan poliqonunda onu güllələmişdilər. Bir vaxtlar bura məşhur çekistlərdən olan Yaqodanın bağ evi kimi tanınardı.
   
   
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK