ANA SƏHİFƏ / YAZARLAR

Nadir şah ola bilməmək bacarığımız

Yunus Oğuz dramaturq kimi alqışları qəbul etməyə hazırlaşır

46621    |   2014-12-20 01:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır





Tarixi əsərlər müəllifi Yunus Oğuzun "Nadir şah" romanı işıq üzü görən gündən böyük maraqla qarşılandı. Ədəbi tənqid əsər haqqında müsbət fikirlər səsləndirdi, tarixçi alimlər, görkəmli ziyalılar bu mövzuya müraciət etdiyinə görə müəllifin ünvanına xoş sözlər söylədilər.
"Nadir şah" romanını oxuyanlar əsərdə baş verənləri səhnədə də görmək imkanı qazanacaqlar. Akademik Milli Dram Teatrı Yunus Oğuzun tariximizdə özünəməxsus yer tutan Nadir şah haqqında yazdığı əsəri tamaşaçılara təqdim etməyə hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin tamaşaçılarla görüşünə cəmi bir neçə gün qalır. Yeni tamaşanın son məşqləri gedir, yaradıcı kollektivin gərgin çalışmasını hazırlıq prosesini kənardan izləyəndə də aydın görmək olur.

Yazıçı Yunus
Oğuzdan dramaturq
Yunus Oğuza qədər

Gənc rejissorlarla yaradıcılıq əlaqələrini genişləndirən Akademik Milli Dram Teatrı Yunus Oğuzun "Nadir şah" əsərinə quruluş verməyi "Yuğ" Dövlət Teatrının baş rejissoru Gümrah Ömərə etibar edib. İstedadlı rejissorla məşq zamanı yaranan fasilədə söhbətləşmək imkanı qazanırıq.
Gümrah Ömər deyir ki, Yunus Oğuzun "Nadir şah"ı ilə ilk dəfə romanı oxuyarkən tanış olub və müəllifin bu əsəri pyes kimi işləyərək teatra təqdim etməsinə sevinənlərdən biridir: "Tariximizin önəmli şəxsiyyətlərindən biri haqqında yazılan roman bir oxucu kimi çox xoşuma gəlmişdi. Çünki Nadir şahın həyat hekayəti bu əsərdə dolğun, əhatəli və oxunaqlı şəkildə təsvir olunur. Milli xüsusiyyətlərimizi, kimliyimizi, folklorumuzu özündə əks etdirən sanballı yazılı abidələrimiz var. Yunis Oğuzun "Nadir şah" romanını da belə milli sərvətlərimizdən biri sayıram. Bəlli olduğu kimi, elə ədəbi əsərlər var ki, onları zaman, məkan sənəti olan teatra gətirmək çətinlik yaradır, belə demək mümkünsə, ədəbi material adamın əl-qolunu bağlayır. Sevinərəm ki, Yunus Oğuz pyes variantını yazarkən müasir teatr düşüncəsinə uyğun çox maraqlı üsullar düşünüb, yaradıcı heyət də bu dramaturji materialdan səmərəli istifadə etmək niyyətindədir".
Quruluşçu rejissor əsəri dramatik xronika kimi təqdim etmək istəyir: "Müəllifin sərbəst düşüncəsindən qidalanan pyesdə qəhrəmanın həyat hekayəsini, keçmişini və gələcəyini anladan məqamlar var, bütün bunlar mənim üçün çox önəmli idi. Ona görə də "Nadir şah"ı iki hissəli dramatik xronika kimi müəyyənləşdirmişəm".
Gümrah Ömərin fikrincə, Nadir şah təbiət hadisəsi ilə harmoniyada olan bir varlıqdır: "Nadir şah hakimi-mütləqdir, lakin onda mənəvi dəyərlərə böyük sayğı var və o, bu əxlaqi dəyərləri ilə cəmiyyətə, ətrafdakı insanlara örnək olmaq istəyir. Təbii ki, bu cür düşüncə ilə yaşamaq, bu qədər səmimi qalmaq həmişə çətin olub. İnsan da Tanrının yaratdığı təbiətin bir parçası olduğundan baş verən katakilzmlərdə bu səmimiyyət başqa bir keyfiyyətə çevrilməlidir və çevrilir də. Təbiət hadisəsi saydığımız sunami, zəlzələ, ildırım heç vaxt öz işini başqasına görə uyğunlaşdırmır, ehtiyac zərurəti yarandıqda meydana gəlir. Nadir şah da nə qədər ağır olsa belə, oğlunun gözlərinin çıxarılmasına razı olur, lakin həqiqət bildiyi dəyərlərdən imtina etmir, riyakarlığı yaxına belə buraxmır".
Tamaşanın quruluşçu rejissoru deyir ki, yaradıcı heyətin bir neçə məqsədi var: "İstəyirik ki, cəmiyyət teatr dili ilə yenidən Nadir şahla tanış olsun, amma bu, bizim yeganə məqsədimiz deyil. Eyni zamanda, bizim millətdən, belə deyək də, sıralarımızdan çıxaraq cahangir səviyyəsinə yüksələn dahi sərkərdədən söhbət açaq. Belə götürəndə hamımız Nadir şah kimi ola bilərik. Bəs niyə ola bilmirik, bu bacarığımızı məhdudlaşdırırıq? İstəyirik ki, tamaşaçı bu suallar ətrafında düşünsün. Hədəflərimizdən biri də budur".

Müəllifin yeri

Gümrah Ömərlə söhbətimiz bitməyib, quruluşçu rejissor məşqi davam etdirmək üçün yenidən aktyorların yanına qayıdır. "Nadir şah" tamaşasının bəstəkarı, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun məşqi izləməsindən istifadə edib maestronu söhbətə tuturuq: "Məndə tarixi mövzulara böyük maraq var. Bir neçə il öncə "Cavad xan" bədii filminə musiqi yazmaq da mənə nəsib olub. "Nadir şah" tamaşasına gəlincə... Nadir şah Azərbaycan tarixində ən maraqlı və maraqlı olduğu qədər də ziddiyyətli şəxsiyyətlərindən biridir. Orta məktəb illərdə böyük yazıçımız Nəriman Nərimanovun onun haqqında yazdığı əsəri oxumuşdum. Sonralar da Nadir şah barəsində müxtəlif materiallarla tanış olmuşdum və onun həyatı mənə çox maraqlı gəlirdi. Sizə bir sirr açım ki, hələ tələbə ikən Nadir şah haqqında opera yazmağı da xəyalımdan keçirmişdim. Görünür bu mövzuda nə vaxtsa işləmək qismətimdə var imiş. Rejissor Gümrah Ömərin "Nadir şah" tamaşası üzərində birgə çalışmaq təklifinə məmnuniyyətlə razılıq verdim, çünki buna daxilən hazır idim. Düzdür, Yunis Oğuzun bu əsəri Nəriman Nərimanovun pyesindən fərqlənir, amma hər iki əsərdə obrazlar tarixi şəxsiyyətlər olduğundan mənə tanışdırlar.
Məşqdə də izlədiyiniz kimi, artıq musiqini yazıb təhvil vermişəm, lakin buna baxmayaraq tamaşanın hazırlıq prosesində yaxından iştirak edirəm. Əgər musiqi ilə bağlı hansısa dəyişikliyə, əlavələrə ehtiyac yaranarsa quruluşçu rejissorla, yaradıcı heyətlə müzakirə edə bilərik. İnanıram ki, tamaşaçılara maraqlı bir səhnə əsəri təqdim edəcəyik".
Tamaşanın bəstəkarı Sərdar Fərəcov məşqi izləsə də, pyesin müəllifi gözə dəymir. Yunus Oğuz "Nadir şah"ın məşqlərini izləyirmi? Quruluşçu rejissorla söhbətimizi davam edəndə bu suala da cavab aldıq: "Yunus bəy təbii ki, bəzi məşqlərdə bizim yanımızda olur, zamanı olanda işlərin gedişi ilə maraqlanır. Tez-tez fikir mübadiləsi də aparırıq, çünki işin gedişində buna ehtiyac yaranır. Dramaturji material fikir və niyyəti sözlə ifadə edir, səhnədə isə biz bunu görüntüyə, hərəkətə çeviririk. Yunus Oğuz da bu prosesi gözəl anlayır və mətndəki hansısa bir dəyişikliyi anlayışla qarşılayır. Müəllif kimi, onun gözümüz üstə yeri var və premyera günü onu tamaşaçılar arasında görmək bizlərə xoş olacaq".
Yazının bu yerində yeni tamaşanın yaradıcı heyəti ilə tanış olaq. Bəstəkar Sərdar Fərəcovun fikirlərini öyrəndik. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, işıq üzrə rəssamı isə Rafael Həsənovdur. Rəqslərə Lalə Hacıyeva quruluş verib, Əməkdar artist Pərviz Məmmədrzayev isə səhnədə aktyorların plastikasına sorumludur. Tamaşanın ikinci rejissoru, Əməkdar artist Vidadi Həsənovdur.

Bəs Nadir şah?

Bugünkü məşq prosesi yekunlaşmaq üzrədir. Əsərdə Qadın obrazının ifaçısı, istedadlı aktrisa Əminə Babayeva bir azdan səhnəyə çıxacaq. Uzun illər ərzində səhnədə maraqlı rollar oynayan Əminə xanım deyir ki, əsasən gənclərdən ibarət bu kollektivlə birgə çalışmaq maraqlıdır: "Mehdi Məmmədov, Tofiq Kazımov, Ələsgər Şərifov kimi böyük rejissorlarla işləmişəm. Gənc rejissor Gümrah Ömər bu tamaşada Qadın obrazını mənə verib, həcmcə kiçik olsa da, bitkn obrazdır. Məşqləri izləyən sənət yoldaşlarım deyir ki, maraqlı alınır, amma mən hələ tam razı deyiləm. Obrazı tam özümünkü edəndən sonra ifamdan razı qalacam".
"Nadir şah" tamaşasında rol alan aktyorları bir neçə obrazda görmək mümkün olacaq. Əməkdar artistlər Ayşad Məmmədov, Vidadi Həsənov, İlham Hüseynov, Əli Nur, Pərviz Məmmədrzayev, aktyorlardan Hikmət Rəhimov, Oqtay Mehdiyev, Nigar Güləhmədova, Könül Cəfərzadə, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Amid Qasımov, Şamil İbrahimov, Adil Dəmirov tamaşada rol alıblar.
Bəs Nadir şah? Baş qəhrəmanı kim oynayacaq? Quruluşçu rejissor Avşar dövlətinin başçısını iki aktyora - Xalq artisti Ramiz Novruza və Əməkdar artist Məmməd Səfaya etibar edib.
Biz məşq prosesini izləyəndə Ramiz Novruz təcrübəsini gənc həmkarları ilə bölüşürdü, Məmməd Səfa isə danışaq istəmədi. İstedadlı aktyor dedi ki, mən sözmü səhnədə deyəcəyəm.
Quruluşçu rejissor bu iki sənətkardan hansına daha çox üstünlük verəcək? Gümrah Öməri dinləyək: "Ramiz Novruz və Məmməd Səfa kimi insanlarla çalışmaq qürur vericidir. Belə gözəl sənətkarların həm istedadları, həm işə peşəkarcasına yanaşmaları biz gənclərə nümunə ola bilər. Seçimə gəlincə, mən hər ikisini Nadir şah obrazının əsas ifaçısı kimi görürəm. Onların hər biri bu obrazı özünəməxsus oynayır, bu da bir sənətçi kimi tam haqlarıdır. Mənim fikrimcə, tamaşaçılar onların hər ikisini qəbul edəcək".
Yunus Oğuzun yazdığı "Nadir şah"ı Akademik Milli Dram Teatrının səhnəsində görmək üçün cəmi bir neçə gün gözləmək lazımdır. Tamaşanın premyerası dekabrın 24-də olacaq.





YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK