hacklink Adalet.az | BİZİM CƏMİL MÜƏLLİM Adalet.az | BİZİM CƏMİL MÜƏLLİM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİZİM CƏMİL MÜƏLLİM

19368    |   2007-12-08 02:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Altmışıncı illərin əvvəllərində Şüvəlanda yazıçıların yaradıcılıq evi açılmışdı. Burada həqiqətən səmimi ev - ailə ortamı hökm sürürdü. Elə buna görə bağı olan yazıçılar da ailə üzvləri ilə birlikdə yayın bir ayını qələm dostlarıyla Şüvəlanda keçirərdilər. Boş yerlər olanda bəstəkarlar, aktyorlar da bu ocağın qonağı olardı. Biz də "yenə o bağ olaydı" arzusuyla dərs ilinin bitməsini, havaların qızmasını səbrsizliklə gözlərdik. Böyük ərazidə yerləşən o bağ dənizdən xeyli aralı olsa da, həyətində böyük hovuz vardı. Hamıya bəs edirdi. Bilmirəm, biz balaca idik, yoxsa arzularımız böyük idi, amma o günlərin sevinci indiyədək qəlbimi işıqlandırır. O ruzili evin mehriban "sakinləri" indi də xatirimdədir: Ənvər Əlibəyli, İsrafil Nəzərov, Nəbi Xəzri, Əliağa Kürçaylı, Balaş Azəroğlu, Mədinə Gülgün, Əlfi Qasımov, Yusif Səmədoğlu, Qabil, Şəfiqə Axundova, İsmayıl Əfəndiyev... Biz uşaqlar üçün onlarla görüşmək, salamlaşmaq özü də ibrətamiz idi. Böyüklərin söhbətinə qulaq asmağa, onların nərd, bilyard, dama, şahmat oynamalarını izləməyə necə həvəs göstərərdik. Hərəsindən bir qiymətli söz eşidir, mərifət dərsi alırdıq. Yadımda qalıb ki, Mədinə Gülgün nərddə hamını udardı. Bilyard masasında Əliağa Kürçaylı fərqlənərdi. Yusif Səmədoğlu dama oyununda kimsəyə aman verməzdi. Bir ciddi rəqibi vardı, o da mən idim. Atam dedi ki, ay Yusif, təəccüblənmə, Etibar neçə vaxtdır pionerlər evində dərnəyə gedir, dama üzrə idman dərəcəsi var, yarışlarda iştirak edir.
   
   Bazar günləri həyətin aşağı hissəsindəki qocaman qaraağacın kölgəsində ümumi süfrə açılardı. Bizə odun qalamaq üçün taxta, quru ağac budaqları, meynə qırıqları yığmağı tapşırardılar. Qadınlar süfrə açar, qab-qacaq düzərdilər. Əti kişilər doğrayıb basdırma edərdi, sonra da şişə çəkib manqalda bişirərdi. Hər bazar azı iki qoyun kəsilərdi. "Biz də muradımızca fələkdən kam alardıq". Kabab üstə şerlər oxunar, sağlıqlar deyilərdi. İndi düşünürəm ki, qaraağac altında əsl ədəbi-bədii məclislər keçirilərmiş. O vaxt nəinki video kamera, hec doğru-dürüst fotoaparat da hamıda yox idi. Mənim "FED" markalı fotoaparatım vardı. Hərdən onunla şəkil çəkərdim. Amma o günlərin fotolentinə sığmayan əziz xatirə yaddaşımda indi də yaşayır. Və mən hörmətli Cəmil Əlibəyovun Yazıçılar İttifaqının Natəvan klubunda keçiriləcək 80 illik yubileyinə gedərkən bunları təsadüfən xatırlamadım. Çünki Cəmil müəllimlə ilk tanışlığımız da 1963-cü ildə Şüvəlanda yazıçıların yaradıcılıq evində olmuşdu.
   
   Havalar aşırı dərəcədə isti keçdiyindən imkanı olan Abşeron bağlarına daşınmışdı. Necə olsa dənizin sərinliyi, havanın təmizliyi qızmar günəşin hərarətini insana bir qədər unutdururdu. Hər səhər atalarımız işə gedərdi, analarımızın başı söhbətə qarışardı. Həftənin bir günü isə bütün qadınlar yığışıb ümumi yeməkxanada özləri ev xörəyi bişirərdi. Mədinə xalanın (Mədinə Gülgün) Təbriz üsuluyla bişirdiyi badımcan dolmasını hamı bəh-bəhlə yeyərdi. Həmin gün süfrə arxasında böyüklü-kiçikli "doydum" deyən olmazdı.
   
   Yaradıcılıq evinə təzə mikroavtobus almışdılar. Onun təyinatı gündə iki dəfə səhər-axşam, istirahət edənləri dənizə aparıb gətirmək idi. Amma qadınlar sürücü İsmayılı dilə tutardılar ki, kişilər işdə, uşaqlar hovuzda, dənizi neyləyirik? Sən bizi dükan-bazara apar. Lazım olan şeylərdən evimizə, özümüzə alaq. Axı, o illər qıtlıq bürümüşdü aləmi. Adi gündəlik tələbat mallarına insanlar həsrət idi. İsmayıl da xanımların xətrinə dəyməzdi. Hətta bir neçə dəfə Pirallahıya da səfər etmişdilər. Şəhərdən xeyli uzaq olduğundan oranın dükanlarında satılan malların çeşidi nisbətən bol olardı. Biz də bağın içində özümüz üçün sərbəst oynayardıq, hovuzda üzərdik. Heç darıxmazdıq. Tüfəngimiz olmasa da, topumuz vardı. Fikrinizə başqa şey gəlməsin. Mən voleybol, futbol topunu nəzərdə tuturam. Həyətin lap aşağı hissəsində təsərrüfat işləri üçün ayrılan sahə ilk gündən hasara alınmışdı. Kiçik taxta qapısı cəftəylə bağlanardı. Müdiriyyətdən bizə bərk-bərk tapşırmışdılar ki, ehtiyatlı olun, o tərəfə keçməyin, ilan-əqrəb olar, sizi sancar.
   
   Bir gün yenə analarımız təzə "Latviya"ya doluşub bələdçi İsmayılla Abşeronun "qarışıq mallar" mağazalarına ekskursiya edəndə, biz, yəni bir dəstə oğlan uşağı, arxa həyətə keçib vəziyyətlə yerində tanış olmaq qərarına gəldik. İlanlar qarşımıza çıxmadı. Amma gördük ki, hasarın dibində köhnə "QAZ-51" markalı yük maşını dayanıb. Sonradan öyrəndik ki, nə vaxtsa işlək olan bu maşın köhnəlib əldən düşsə də, istismar müddəti tam bitmədi-yindən idarənin balansından silinməyib. Odur ki, qoyublar əldəyməz, güngörməz yerə. Əvvəllər İsmayıl kişi hərdən o maşında ehtiyatla nəsə aparıb gətirərmiş. Amma təzə mikroavtobusu alandan yük maşınının yükündən canı biryolluq qurtarmışdı. "QAZ-51" neçə vaxtdı hasarın dibində lal-dinməz qalmışdi. Şahin də (Ənvər Əlibəylinin oğlu, ən yaxın uşaqlıq və gənclik dostum-E.B.), mən də o dövrün bütün yeniyetmələri kimi, maşın sürməyə həvəsliydik. Bir yekə mıx tapıb yaxşıca döyəclədik. Bu oldu bizim açarımız. Qapını açıb sevincək içəri doluşduq. Sükanı yerində fırlada-fırlada balaca uçaqlar kimi xəyalən haralara getmədik?! Amma, maşını işə sala bilmədik. Yatmış təkərlərinə köməkləşib hava vurduq. Bir qədər sonra hamının hövsələsi qaçdı. Hava çox isti idi. Kabinə od tutub yanırdı. Dostlarımız bizdən ayrılıb getdilər, Şahinlə mən tək qaldıq. Niyyətimiz maşını işə salıb həyətdə sürmək idi. Əslində sürüləsi yer də yox idi. Sadəcə, 10-15 metr arxaya-qabağa gedə bilərdik. Çox əlləşdik və nəhayət istəyimiz alındı. Yerindən atıla-atıla "QAZ-51" hərəkətə gəldi. Hər halda nəfsimizi öldürdük. Amma maşını əvvəlki yerində saxlaya bilmədik. Əyləc nasaz olduğundan gedib qonşu hasara dəydik. Bizə bir şey olmadı. Maşının qabaq buferi bir az əzildi. Faranın şüşəsi sınıb qumluğa töküldü. Yaxşı ki, hasar uçmadı. zümüzə bununla toxtaxlıq verdik. Əhvalımız tamam pozuldu. Nə edəcəyimizi bilmirdik. Pərişan vəziyyətdə qayıtdıq geri. Yolda fikirləşdik ki, onsuz da tez-gec bundan xəbər tutan olacaq. zümüz müdiriyyətə məlumat versək, daha yaxşıdı. Amma bəd xəbər tez yayılar, quş qanadlı "xeyirxah"lar bizi qabaqlamışdı. Nigaran valideynlərimizin təlaş içində üzü bizə tərəf gəldiyini gördük. Sözümüz ağzımızda qaldı, yamanca düşdülər üstümüzə. O məqamda tərslikdən yer də aralanmadı ki, xəcalətdən girək içinə. Başımızı aşağı salıb bu qızmar səma altında məzəmmət yağmurunun dayanmasını gözləyirdik. Bu məqamda uzaqdan bir səs gəldi qulağımıza və səs sahibinin bizə tərəf getdikcə yaxınlaşdığını hiss etdik:
   
   - Dayanın görək, nə düşmüsüz uşaqların üstunə? Cavandılar, oğlan üşağıdırlar. Bir balaca dəcəllik ediblər, dünya dağılmayıb ki. Mən özüm bu işlə məşğul olaram.
   
   Bu sözləri deyən Cəmil müəllim idi. O, bizi narahat analarımızın üzüm talvarı altındakı danlağından qurtardı. Gedək,-dedi,- maşını mənə göstərin, görüm nə olub. Yol boyu öyüd-nəsihət eşitdik ondan. Bir sözlə, könlümüzü qırmadan dərsimizi verdi.
   
   Tezliklə hamı sakitləşdi, Cəmil müəllim hər işi yoluna qoydu. O vaxtdan təmkinli, qayğıkeş Cəmil Əlibəyov Şahinin də, mənim də əmisi oldu. İllər ötüb, mən özüm babayam. Amma indi də ona "Cəmil əmi", - deyə müraciət edirəm.
   
   Cəmil Əlibəyov da həmin günləri unutmayıb. Xatirələrindən birində yazır ki: "Etibar mənə "əmi" deməyə başlayanda (şəkillərimiz durur) mən hələ əməlli-başlı "əmi" həddinə çatmamışdım. Etibara "komandir" deyəndə onun da bığ yeri tərləməmişdi. Ona görə yüksək zabit adı vermişdim ki, Şüvəlanda yazıçılar evindəki ərköyün, nadinc yazıçı uşaqlarını ram edə bilmişdi ağıllı hərəkətləri ilə! " (Cəmil Əlibəyov. 21 noyabr, 2000-ci il.)
   
   
   
   İLK VƏSİQƏM
   
   
   
   132 saylı məktəbin onuncu sinfində oxuyurdum. Cəmil əmi də "Azərbaycan gəncləri" qəzetinin redaktoruydu. O dövrdə qəzetin tirajı bir milyona yaxın idi. Qəzetin redaksiyası məktəbin qonşuluğunda yerləşirdi. Bir gün Cəmil əmi məni yanına çağırıb dedi ki, boş vaxtlarında redaksiyaya gəl, bizimlə əməkdaşlıq elə. Yazmağı öyrən. Onun təlimatı üzrə mənə bir vəsiqə də verildi. zü imza-lamışdı. Bu hadisə 1968-ci ildə olub. Sonralar mən müxtəlif rəsmi vəzifələrdə çalışmışam. Amma harda işləmişəmsə həmin vəsiqə hər zaman mənim masamın üzərində olub. İndi də belədir.
   
   
   
   XEYİRXAH SƏBƏBKAR
   
   
   
   1970-ci ildə Cəmil Əlibəyov Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin sədr müavini idi. Bilavasitə radioya rəhbərlik edirdi. Mən də ikinci kurs tələbəsiydim. Ara-sıra mətbuatda imzam görünərdi. Yenə Cəmil əmi məni yanına çağırıb soruşdu ki, radioyla əməkdaşlıq etmək istərsən? Həvəsin var, bacararsan? Dedim, siz məsləhət bilirsizsə, çalışıb etimadınızı doğruldaram. O zaman "Gənclər" redaksiyasına Fəridə Aslanbəyova rəhbərlik edərdi. Həmin dövrü mən həmişə böyük minnətdarlıqla yada salıram. İlk verilışlərimin hazırlanmasında Fəridə xanımın, Arif Şəfizadənin, Natiq Səfərovun, Rəşid Şərəfəddinovun zəhməti az olmayıb. Mənim yay tətilim də redaksiyada keçərdi. Portatif reportyor maqnitofonum götürüb haralardan veriliş hazırlamadım ki? Baykal-Amur magistralına da getdim, qəhrəman həmyerlimiz Fərman Salmanovdan Tayqa meşələrində müsahibə aldım. Ulkandan "Sibir cəsurları sevir" adlı silsilə verilişlərim "Gənclik" redaksiyasının təqdimatında efirdə səsləndi. Mən tələbəlik illərində Cəmil Əlibəyovun sayəsində Teleradio Komitəsində ştatdankənar müxbir kimi böyük məktəb keçdim. Cəmil müəllim əksər verilişlərə özü qulaq asardı, qeydlərini "letuçka" adlanan yığıncaqlarda deyərdi. Hər nöqsanı üzə vurmazdı, amma ən kiçik uğuru qiymətləndirərdi, gəncləri həvəsləndirərdi. Efir məsuliyyəti hissini o, bizə aşıladı. Efiri o, bizə sevdirdi. Bütün bunların nəticəsində mənim əmək və yaradıcılıq fəaliyyətim həmişəlik teleradio ilə bağlandı. Və bu sevdanın sehrindən çətin ki, nə zamansa qurtulam.
   
   
   
   YEL QAYADAN
   
   NƏ APARAR?
   
   
   
   Sonrakı illərdə Cəmil müəllim müxtəlif məsul vəzifələrdə çalışdı. Xoşbəxtlikdən öz yaradıcılığına az da olsa vaxt ayıra bildi. Kitabları oxuculara məlumdur. Amma onun canlı əsərləri də var. Nə qədər istedadlı insana o, vaxtilə qol-qanad verib, öz yaradıcılıq imkanlarını üzə çıxarmağa şərait yaradıb. Yubiley tədbirində Natəvan klubunda çıxış edənlər bu haqda da ətraflı danışdılar. Akademik Bəkir Nəbiyev 1954-cü ili xatırladı. Cəmil müəllimin xeyirxahlığı sayəsində işə düzəldiyindən danışdı. Belə məqamları unudanlar da çoxdur, amma yadda saxlayanların minnətdarlığı Cəmil müəllimə yetər. O, ömrü boyu nə yaxşılıq edibsə, təmənnasız edib. Xeyirxahlıq həmişə nəcib insanların boyuna biçilər. Üzündəki nurun mənbəyi ürəyindəki xoş niyyətində, saf əməlindədir. Kim deyər ki, onun 80 yaşı var? Bəs, bu uzun ömürlüyün sirri nədədir? Dağa-daşa düşməyin. Səbəb Cəmil müəllimin firavan həyat şəraitində deyil, aydın həyat fəlsəfəsi, dəyışməz xarakterindədir. Mürəkkəb problemlərin dünyanı hörümçək toru tək bürüdüyü zamanda Xəzər sahilindəki küləkli şəhərimizdə sakit, şərəfli, namuslu insan ömrü yaşayır, bizim Cəmil müəllim. İstər xəzri olsun, istər gilavar, doğrudan da yel qayadan heç nə aparmır.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK