BUZQIRANIN DONMASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
77422 | 2014-06-28 04:53
Elə yorulmuşam, heç yerimdən tərpənməyə taqətim də yoxdu. İnanın ki, əl boyda bir uşaq istəsə, əgər, məni çırpıb mitilimi də ata bilər. Təkcə havanın, yolun, iqtisadi durumun yorğunluğu deyil, bu, bütövlükdə cismim, ruhum yorulub. Obrazlı desək, gəmisi dəryada qərq olmuşlar kimiym. Elə bil bütün dünyanın xərcini, borcunu ödəməyə məhkumam. Ona görə də, cismən, ruhən sıxılıb, döyülüb, əzilib bir qoz qabığına yığılmış duruma düşmüşəm - halsız, heysiz və daha çox da ümidsiz bir durumda gözlərimi tavana zilləyib ordan asılmış hörümçəyə baxıram. Allahın bəxtəvəri hörümçək!.. Görəsən sənin də qayğıların var? Sən də yorulmusan, sən də ümidsizsən? Bəlkə asıldığın tavandan üzü aşağı sallanıb gəlib durasan mənlə üz-üzə, problemlərini danışasan, qayğılarını bölüşəsəng Axı mən dərd çəkməyi, qayğı yükünü mənzil başına çatdırmağı o qədər də pis bacaramırma. Deyilənə görə, bacardığım ən yaxşı iş elə budu. Mükəmməl yazı yaza bilməsəm də, mükəmməl dərdi çəkməyi bacarıram. Bu bir Allah vergisidi, deyirlər mənə. Mən də bu vergiyə şükür edirəm. Axı Allah dərdi çəkməyi bacarana verir. Bunu da mən deməmişəm, məndən əvvəl deyiblər. Məntiqə söykənsək, deməli, mən özgələrinin dediklərini, yazdıqlarını təkrar edirəm. Bir növ səhnədə başqasının, yəni dramaturqun yazdığını öz sözü kimi deyən, öz həyat rolu kimi oynayan aktyora da oxşayıram. Eh, nə isə...
Deyəsən özüm barəsində çox uzunçuluq elədim, qatdım aləmi bir-birinə. Yaxşısı budu sən danış, qoy səni eşitsinlər. Tərpənmirsən yerindən, eləcə tavandan asılıb nəyisə gözləyirsən. Bəlkə qurduğun tora düşəcək milçəyin ovundasan? Bəlkə... Bəlkə mənə tor qurusan? Fikrimi, diqqətimi özünə çəkib məni dəli etmək istəyirsən? Hünərin var düş aşağı. Düş, üzbəüz danışaq, necə deyərlər, tet-a-tet.
Hə, nə oldu? Düşmək istəmirsən? Onda mən özüm səni endirərəm aşağı. Yerimdən qalxıb ora-bura göz gəzdirirəm. Gözümə fərli bir şey dəymir. Stolun üstündəki qəzeti götürüb onu ağac parçası kimi yumurulayıram. Hardasa əməlli-başlı selbə uzunluğunda bir şey alınır. Onu tavandan asılan hörmüçəyə yaxınlaşdırıram. Əvvəl üzü yuxarı qalxır, sonra fikrini dəyişib həmin o "ağac qəzetə" yapışıb aşağı enir. Fürsətdən istifadə edib hörmüçəyi yavaşca yazı masamın üzərinə buraxıram. Bəlkə də inanmayacaqsınız, sağa-sola hərəkət edib sonra ayaqlarını özünə yığıb yumurulanıb dayanır. Elə bil ki, məni dinləməyə hazır bir vəziyyət alır...
Bu anda yadıma "Hörümçək adam" filmi düşsə də, amma durumum elədi ki, o filmi başdan-başa xatırlamaq istəmirəm. Amma ürəyimdən həqiqətən bir anlıq da olsa, həmin o hörümçək adamın gücü, qabiliyyəti gəlib keçdi. İstədim mən də hörümçək adam olum və yazı masamın üstündəki o hörümçəklə əməlli-başlı dərdləşim. Amma neyləyim ki, əksər istəklərim kimi, bu da sadəcə istək idi. Və mən gerçəyin soyuq üzünə baxa-baxa masamın üstündəki hörümçəyi tavandan yerə endirdiyimə peşman oldum. Çünki onu işindən-gücündən eləmişdim. Görən indi yumurulanmış bu hörümçək mənim barəmdə nə düşünür? Axı mən onu hördüyü tordan uzaqlaşdırmışdım, əlini işdən soyutmuşdum. Bir də ki, hörümçəyə nə e, istədiyi yeri elə rahatca fəth edir ki, adamın heç ruhu da incimir. Bir də onda baxıb görürsən ki, artıq iş işdən keçib, hörümçək öz torunu qurub...
Mən isə... Mən indi yaxşı mənada paxıllıq etdiyim bu hörümçək qədər bir ixtiyara, bir gücə sahib ola bilmədim. Tikdiyim ev gecəqondu - sənədsiz-sübutsuz, yaşadığım həyatın adı bəlli, özüm isə... Özüm isə indi hörümçəklə üz-üzə oturub hörümçək adam olmaq istəyən bir dəli...
Hə, elə nağıllarımızda, dastanlarımızda dəliliyin də bir naxışı olduğunu öyrənmişdim. Onu da bilirdim ki, Koroğlunun ətrafındakı igidlərə hamı dəli deyir - Koroğlunun dəliləri. Bəs mən kimin dəlisiyəm? Bəlkə hörümçəyin? Bəlkə yerin, göyün, daşın, divarın,otun, ağacın, dənizin, çayın... Bəlkələr yaman uzanır, buna bir nöqtə qoymaq lazımdır.

Bir dəlilik etdim
heç nə demədən
xəbər vermədən
o vaxtlar olduğu kimi
barmağımın arasında
siqaret
közərə-közərə
ilk görüş
yerimizə getdim...
və donub qaldım
bəlkə də
ən sərt
bir təpki aldım-
həyatdan
və adamlardan...
sökülmüşdü hər yer
heç bir nişanə
qalmamışdı
o ünvandan...
ağlımdan gəlib keçdi
elə həmin an
demək
belə də
öldürə bilirlər
bir-birlərini
adamlar...

* * *

Günün istisi bir tərəfdən, havanın boğanağı başqa bir tərəfdən, asfaltın da öz qara qızdırması... Bütün bunların içərisində yol gedirəm və getdiyim yol Bakıdan 350 kilometrlik bir məsafa uzunluğunda olsa da tez-tez maşını kənara çəkib saxlayıram. Mənə elə gəlir ki, getdiyim yol ya uzanır, ya da kimsə məni geri çəkir maşınqarışıq. Çünki məsafə qısalmır, anlaya bilmirəm səbəbini. Maşındakı maqnitofonun düyməsini basıram. Özümü anlaya bilməyəndə, özümlə bacarmayanda ustad sənətkarlara qulaq asmağı, onların səsindən yapışıb özümə qayıtmağa neçə illərdi ki, adət etmişəm. Bu dəfə də köməyimə ölməz sənətkarımız İslam Rzayev çatdı. Dinləyirəm onu. Səsinin yanğısı bir yana, oxuduğu mahnının sözləri, xüsusilə vurğuladığı "dost gedib özümə gələ bilmirəm..." misrası içimdə bir həzin, kövrək auranın yaranmasına səbəb olur. Yavaş-yavaş adam olmağa başlayıram... Kipriklərimin nəmləndiyini hiss edirəm günün günorta çağı. Maşının içində İslama qulaq asa-asa için-için ağlasam da, kipriklərim də islanıb. Özümdən asılı olmadan:
- Dost gedib...
Hə, mən özümə gələ bilmirəm. Çünki ünvanlarına tələsəndə də, olduğum ünvandan çıxıb gedəndə də məni qarşılayan da, yola salan da həmişə dostlarım olub. Bəzən gecənin tən yarısında, bəzən maşını işə salıb hərəkətə başlayanda telefonuma zəng gəlir, mesaj gəlirdi... Həmin o səs "yaxşı yol" deyirdi... həmin o səs "sağ-salamat gedib gələsən" deyirdi... həmin o səs "yolda ehtiyatlı ol" deyirdi. Mən də mənə uğur diləyən o səsin uğur gətirəcəyinə şübhə etmədən bütün məsafələri o qədər rahatlıqla qət edirdim ki, heç ruhum da incimirdi. İndi isə nə o səs var, nə o zəng var, nə o mesaj var... Bütün bunların əvəzinə İran saqqızı kimi uzanıb gedən yol var, bitib tükənmir. Mən bitib-tükənməyən bu yolda təkliyin, tənhalığın, unudulmağın necə böyük dəhşət, əzab olduğunu təkrar-təkrar yaşayıram - əgər bu yaşamaqdısa... Təkrar-təkrar altını üstünə çevirirəm -əgər bu nəyisə dəyişirsə... Yox, heç nə dəyişmir. Dəyişən dinlədiyim musiqidi... İndi də Süleyman Abdullayev oxuyur...

Düşündüm
yatmayacaq
yuxusunu qovacaq
kiprikləri
bir-birinə
çırpılsa da
qovuşmağa
qoymayacaq...
işıq seli sovuracaq,
sovacaq -
pəncərədən,
ya qapıdan
toranlığı -
bu gecənin qaranlığı
gətirəcək dan üzünü,
sübh çağını...
bir az da tez
mən yatmayan,
o yatmayan
bir gecənin
aramızdan qaldırıb biz
üzü üzə,
gözü gözə
bələyərək
sonra isə
baldan şirin
dodağını tərpədərək
uğur olsun
tez qayıt gəl! -
deyəcəkdi...
düşündüm...
eh, nə isə
yuxun şirin
yaxşı ki, sən
elə özün gerçəkliksən
həqiqətsən
yuxu deyilsən!..
* * *

Doğurdan da insan hansı ovqatda olursa, nəyə köklənirsə, onu sözə çevirəndə bir az yüngülləşir. Əsas məqam burda həmin o ifadə olunan iç dünyanın özünə bir söykənəcək tapmasıdı. Necə deyərlər, bir qulaq yoldaşına tuş gəlməsidi. Mən həqiqətən də yaşadığım bu ağırlığın, bu stresin içində nə yazdığımın, necə yazıdığımın fərqində deyiləm. Sadəcə istəyirəm ki, nəsə yazım və bu nəsəni dostlarım, oxucularım oxusunlar, gözdən keçirsinlər. Mən də bunu hiss edib bir iynə ucu boyda özümə doğru qayıdım, ümid ipinin ucunu əlimə keçirim. Və görüm ki, hələ hər şey son deyil, hələ hər şey bitib qurtarmayıb... və hələ tavandan asılan hörümçək var. Artıq o, üzü aşağı öz ipindən tutub sallanır. Yəqin ki, bunun həyat əlaməti olduğunu heç kim danmayacaq...
Heç mən də danmayacam. Çünki mən daha çox gördüklərimin və oxuduqlarımın girovuna çevrilirəm, onlara inanıram. Doğrudur, bütün oxuduqlarım nə müqəddəs deyil, nə də şedevr. Amma hamısının içində hənir var, ürək var. Bu da mənə bəs edir. Yəqin ki, mənim bu yazımın içində də hənirin, ürəyin olduğunu duyacaqsınız. Hətta indi oxuyacağınız şeir də xoşunuza gələcək. Çünki bu şeiri ona, sizə, hamıya yazmışam, ünvanlamışam.

Sevdirdin gül-çiçəyi
Sevdirdin gülüm, mənə!
Nə olar gül sevgindən -
Ver bircə dilim mənə!

Əsməsin, uçunmasın
Ürəyim puçurlasın
Dodağın pıçıldasın -
Ay ömrüm-günüm mənə!

Havalanıb bir anda
Qəmi qəmlə vuranda
Ürəyini hər anda -
Ürəyim bilim mənim!

Hə, xoşunuza gəldiyinə tam əminəm. Yəqin elə bu şeirə görə də mənim əvvəldə yazdığım qarmaqarışıq fikirləri üzürlü sayacaqsınız, məni təkliyimi tənhalığa çevrilməyə qoymayacaqsınız və mən hörümçəklə yox, ürəyimlə danışacağam.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV