adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Dekabr 2012 12:01
19898
ƏDƏBİYYAT
A- A+

ÖMRÜN SƏHİFƏLƏRİ

İnsan ömrü ayrı-ayrı mərhələlərdən keçir. Təbii ki, hər ömrün özünəməxsus çalarları, ağlı-qaralı səhifələri olur. O səhifələri ömür yolu da adlandırırlar. Yol isə uzanıb gedən sonsuzluqdur. Kimsə deyə bilər ki, axı yol hansısa bir mənzilə çatır və bitir. İlk baxışdan belə görünsə də, unutmayaq ki, hər bitən yoldan yeni bir yol başlayır, əbədiyyət yolu...
Bu, artıq hamının keçdiyi yol deyil, seçilən yoldur. Elə yolçusu da seçilmişlər olan, sıradan birilərinin getmədiyi, başqalarına örnək göstərilən ömür yolu. O ömür yolu ki, fərdilikdən çıxır, ictimailəşir, diqqət mərkəzinə çevrilir. Hamının qismətinə düşməyən belə ömür yolunun birinə işıq tutmaq, daha doğrusu, bu yolun kənardan necə göründüyünü, öz yolu olanların bu yol haqqında düşüncələrini, səmimi hisslərini sizinlə bölüşmək istəyirik.
Qısa girişdən də gördüyünüz kimi, bu dəfə tanınmış şair, yazıçı və publisist, Əməkdar jurnalist Eldar İsmayılın öz yaradıcılığından söhbət açmayacaq, onun yaradıcılığına Azərbaycan ədəbiyyatında xüsusi yer tutan görkəmli şair və yazıçıların, ədəbiyyatşünasların, qələm dostlarının verdiyi qiyməti, eləcə də qardaş Türkiyə yazarlarının ayırdığı diqqəti incələməyə çalışacağıq.
Əslində həyatının böyük bir hissəsini milli ədəbiyyatımızın inkişafına həsr edən, gerçək tarixi faktlara söykənərək dəyərli nəsr əsərləri yaradan, poeziyamızı bənzərsiz şeirləri və poemaları ilə zənginləşdirən Eldar İsmayılın ədəbi irsinə biganə qalmaq təəccüblü görünərdi. Bu baxımdan onun istər bədii yaradıcılığına, istərsə də şəxsi keyfiyyətlərinə müxtəlif aspektlərdən yanaşan söz adamlarının fikirlərindən, şair dostlarının poetik nümunələrindən ibarət olan kitabın geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağının fərqindəyik.
"Xatırladım şair dostum Eldarı" kitabı Azərbaycanın mərhum xalq şairi, türk dünyasının fenomen şəxsiyyəti Bəxtiyar Vahabzadənin mülahizələri ilə açılır. "Göyçə" qəzetinin ilk nömrəsini oxuyan şair bəstəkar R.Nəsiboğlunun E.İsmayılın "Allah amanatı" şeirinə yazdığı nəğmənin notlarını bilmədiyindən mahnı haqqında bir söz demədiyini, "Amma bu şeir, misralardakı yanğı tüstümü təpəmdən çıxartdı. Bu, adi şeir deyil, ata-baba yurdundan, isti ocağından qovulan zavallı didərginlərin torpaq həsrətinə nisgilli bir ağıdır. Bu ağı göyçəlilərin dərdini, nisgilini quru sözlərlə deyil, od-alova bürünmüş hisslə nə qədər gözəl ifadə etmişdir. Öz el-obasını tərk etmiş didərginin dərdini o yerlərdə "qərib-qərib elim qalıb" ifadəsindən güclü və tutarlı demək mümkün deyil. Fikrin gücünə bax ilahi: torpağın sahibi olan el də qəbir-qəbir qalarmı? Bəli, isti ocağından qovulmuş göyçəlilərin eli o torpaqlarda sahibsiz qalan qəbirləridir. Halal olsun dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə!" -söyləyir.
Təsadüfi deyil ki, türkiyəli alim Mustafa Özbaş da Türkiyədə işıq üzü görən "Allah amanatı"ndan seçmə şeirlər"i yüksək qiymətləndirir: " Türkçenin en güzel konuşulduğu yer olarak biz Azerbaycanı bilmekteyiz. Bu dilin bu kadar orijinal bir şəkelde konuşulduğu bir ülkede orijinal eserler de yer almaktadır. Bunlardan birisi de Eldar İsmayılın "Allah Emaneti" adlı eseridir. İnsanlar arasındakı yerin, onların senin neznindeki yerleri kadardır diyerek şiirlerini kaleme alan Eldar İsmayılın bu kitabında müthiş derecede güzel ve bir o kadar da anlamlı şiirleri mevcutdur. Gelecek nesil bu ve buna benzer eserleri okuyarak geçmişini bilecek ve bu ülkenin bağımsızlığı için verilen mücadileleri unutmayacaktır".
E.İsmayılın "Mən burda qəribəm, yurd orda qərib" adlı kitabında toplanan şeirlərin bir qismini türk oxucularının faydalanması amacıyla osmanlı türkcəsinə uyğunlaşdıran Zehra Yılmaz bu kiçik xidmətinə görə özünü mutlu saymaqla bərabər, onu bu sahədə çalışma yapmağa həvəsləndirən Türk Dili ve Ədəbiyyatı Anabilim Dalı Başkanı Dr. Ali Kafkasiyalıya təşəkkür etməyi də unutmur.
Yeri gəlmişkən qeyd edək ki, təpədən-dırnağa türkçü olan, şeirlərində və poemalarında, tarixi romanlarında, publisistik əsərlərində türk dünyasının üzləşdiyi çətinlikləri önə çəkən Eldar İsmayıl həmişə öz ənənəsinə sadiqdir: "Mən bir şair-yazıçı olaraq Türkiyədə baş verən olaylara öz münasibətimi əvvəllər də bildirmişəm, bu gün də bildirməkdə davam edirəm. Bütün bunlar bir vulkan kimi mənim içimdən püskürüb qalxır."
Şairin türk sevgisi əbədidir, sonsuzdur, çünki bunun tarixi kökləri var. Elə bu əbədi sevgidən ruhlanaraq "Türkün xilaskarı" poemasını ərsəyə gətirmiş, Türkiyənin ən ağır illərində zəkasına, uzaqgörənliyinə, cəsarətinə və sərkərdəlik qabiliyyətinə arxalanaraq xalqını fəlakətdən qurtaran böyük Atatürkün canlı obrazını, bədii portretini yaratmışdır. Mübaliğəsiz demək olar ki, ürəklərdə heykəlləşən türk dünyasının böyük oğluna poetik bir heykəl qoyan Eldar İsmayılın bu uğurunu tarixçi alim, professor Firudin Cəlilov belə dəyərləndirir: "Elini, dövlətini, ölkəsini sevən oxuculara ərməğan olan "Türkün xilaskarı" poeması oxunaqlı bir dildə yazılmış azər dilinin poetik imkanlarından bacarıqla istifadə olunmuşdur. İnanıram ki, gənclərin vətənsevərlik duyğularını oyadacaq bu Atatürk Oğuznaməsi məktəblərdə oxu kitabına çevriləcək və dərsliklərə Atatürk sevgisi ilə yoğrulub, Atatürk öygüsü ilə ərsəyə gələn bu poemadan parçalar salınacaqdır."
Eldar İsmayıl yaradıcılığına yaxından bələd olan məşhur simalardan biri də onunla uzun illər dostluq etmiş, şairin Göyçədəki evində dəfələrlə qonaq qalmış, təkcə şeirləri ilə deyil, həm də duzlu-məzəli söhbətləri ilə oxucuların qəlbinə yol tapmış mərhum xalq şairi Hüseyn Arif idi. "Onun əsərlərində məni düşündürən ümdə cəhət müəllifin həyata, xalqa, torpağa, Vətənə bağlılığıdır. Eldarda torpaq ehtirası, torpaq eşqi güclüdür" deyən Hüseyn Arifin qələm dostuna ithaf etdiyi şeirlər də bulaq suyu kimi dumdurudur, safdır. Görün kiçik bir şeirdə təbiətin təsviri, tarixi şəxsiyyətlərin tərənnümü və şəxsi dostluq münasibətlərinin təqdimatı necə çulğalaşıb:

..."Gözəl dərə" əzəl gündən sirdaşım,
"Dürrü bulaq" bu yerdəki göz yaşım.
Çəmbərəyi bir də gəzib dolaşım,
Dədə-baba bir oylağa gəlmişəm.

...Allahverdi, Məmmədsöyün bir ünvan,
Nəcəf getdi tay-tuşundan nigaran.
Sübhə kimi Ələsgərdən, Alıdan
Söhbət açıb, söz salmağa gəlmişəm.

Xatırladım şair dostum Eldarı,
Bir tarixdi bir insanın ilqarı.
Hüseyn Arif, Ağbulaqlı dostları
Görmək üçün Ağbulağa gəlmişəm.

Qəribədir ki, bir zamanlar Ağbulağa gəldiyini qürurla xatırlayan Hüseyn Arif 1988-ci ildə erməni qəsbkarları tərəfindən qovularaq dədə-baba torpaqlarından didərgin düşən soydaşlarını qınayır, umu-küsüsünü ərki çatan Eldara ünvanlayır:

Aldım sorağını, əzizim Eldar,
Sən o Ağbulağı niyə buraxdın?
Böyüklü-kiçikli, toylu-büsatlı
O isti bucağı niyə buraxdın?

Başı çox bəlalar çəkən, qoynunda Alının, Ələsgərin müqəddəs ruhu uyuyan, Dəniz güneyində Qorqudun nurunu saxlayan Göyçənin işğalını heç kəsə bağışlamaq istəmir:
Şairsən, ürəyin zərifdən-zərif,
Sən burda qəribsən, yurd orda qərib.
Bunu bağışlamaz Hüseyn Arif,
Müqəddəs torpağı niyə buraxdın?

Çox keçmir ki, bulanıq sular durulur (hələ də qaranlıq məqamlar var), bir-birinin ardınca Qarabağ torpaqlarının da işğala məruz qaldığını görən, torpaqları bir şairin gücü ilə yağı tapdağından xilas etməyin mümkünsüzlüyünü anlayan şair "Aman ayrılıq" poemasında ağrı-acısını misralara köçürür:

Candan-başdan çox keçmişik,
Belə keçhakeç olmayıb.
Yurddan-yurda çox köçmüşük,
Belə köçhaköç olmayıb.

Ağrıdan söz düşmüşkən, mütləq vurğulamalıyıq ki, janrından asılı olmayaraq Eldar İsmayılın heç bir əsərini ağrısız, yanğısız təsəvvür etmək mümkün deyil. Elə kitablarından biri də "Ağrı dağı qədər ağrılarım var" adlanır. Ağrının ədəbiyyatda yerini, Eldar İsmayıl yaradıcılığında ağrıya həssaslığın rolunu mərhum akademik Yaşar Qarayev çox sərrast və dəqiq göstərib: "Ağrını azaltmaq, ağrını korşaltmaq tibbdə şəfa əlaməti hesab olunur. Ağrını korşaltmaq poeziyada cinayət əlamətidir. Xocalı üçün, Göyçə üçün ağrını bir qədər də göynətməlidir poeziya. Hətta alimlər sivilizasiyanın inkişafının səviyyəsini ağrıya həssaslığın səviyyəsi ilə müqayisə edirlər. Hətta deyirlər ki, onurğa sütununun uzunluğu 3-4 metr olan dinozavrlar olub. Onları başqa bir heyvan yarıya qədər yeyib, xəbərləri olmayıb. Ağrıya həssaslığı olmayan xalqın da bəzən torpağını yarıya qədər gəlib alırlar, xəbəri olmur. Poeziyanın müqəddəs vəzifələrindən biri də budur ki, ağrıya həssaslığı artırır. Bizim Göyçə ağrımızın həssaslığını artıran ən yaxşı nümunələrin sırasına mən Eldar İsmayılın şeirlərini daxil edirəm."
Günümüzün mühüm hadisələrini operativ surətdə özündə əks etdirməsi Eldar İsmayıl yaradıcılığını səciyyələndirən başlıca xüsusiyyətlərdəndir. Elə bir tarixi gün, ictimai maraq kəsb edən hadisə yoxdur ki, onun yaradıcılıq emalatxanasında cilalanaraq nəsrə, yaxud poetik nümunəyə çevrilməsin. Bəlkə bu səbəbdəndir ki, heç vaxt mövzu qıtlığı çəkməyən Eldar İsmayılın oxucu auditoriyası da kiçik bir çevrə ilə məhdudlaşmır. Qələmini ədəbiyyatın bütün janrlarında sınayan yazıçının vurğunları sırasında müxtəlif fəaliyyət sahələrində çalışan insanların, fərqli peşə sahiblərinin olması anlaşılandır. Artıq ədəbi mühitdə həm də ədəbiyyat bilicisi kimi tanınan Respublikamızın baş epidemioloqu, professor İbadulla Ağayevi tərəddüdsüz Eldar İsmayıl poeziyasının və nəsrinin heyranları cərgəsində birinci onluğa daxil etsək yanılmarıq: "Eldar müəllim, oxuduqca doya bilmirəm bu poeziyadan, bunlar dağlara söykənən durna gözlü Göyçə gölünün zümrüd qaşlı həzin laylasıdır, üfüqə can atan büllur dalğalarıdır, dodaqlardan qopan odlu bir ahıdır, qurşağacan suya girib özünü dərinlərə vurub istədiyi yerdən üzüb çıxan bütöv Azərbaycana, türkçülüyə vurğun olan, Vurğun ilhamlı, Ələsgər sevdalı bir şairin qəlbindən qopub gələn səslərdir və səslərin ahəngindən yoğurulmuş qüdrətli sənət əsəridir."
Jurnalist Həsən Ağacan "içində tufan gəzdirən şair" adlandırdığı Eldar İsmayılı məşum qaranlıqlarda donquldanan bayquşlara, millətin qanına yerikləyən kaftarlara, torpaqda sümüklərimizin ağarmasını istəyən xainlərə qarşı dik durub şərə meydan oxumasına görə alqışlayır. Həmkarı Məhəmməd Nərimanoğlu isə ömrünün 50-ci fəslində onu duyğulandırdığı üçün özünü şairə borclu sayır.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun təbirincə desək "Hər halda Eldar İsmayılın yaradıcılığı sirli söz dünyasını yaşayır. Sonu isə həqiqəti tapana qədər görünmür."
Qarabağ həsrətli, "qana-qan" harayı ilə hayqıran üsyankar şair Ənvər Əhməd daha çox şair ağrılılarının sərhədini cızır: "Gözümüzün önündə Eldar adlı, İsmayıl soyadlı, Göyçə yaralı, Qarabağ, Zəngəzur ağrılı, Bağanis Ayrım yanıqlı, Xocalı dərdli, Dərbənd, Təbriz, Borçalı haraylı böyük bir şair yaşayır. Ağrısı yarasına sarınıb, göz yaşı dərdini yuya bilmir. Baxışı od parçası kimi içini yandırır. Əlləri ulu Tanrının ətəyindən tutmaq üçün Vətən ağrısını ömrünə nərdivan edib."
Eldar İsmayıl yaradıcılığına tədqiqatçı gözü ilə baxan professor İsmayıl Vəliyev "söz sərraflarının ocağında qiymətləndirilməyin hər adama müyəssər olmadığı" fikrini qabardaraq şairdə narahatlıq doğuran məqamlara toxunur: "Göyçə Eldarın yaradıcılığında yalnız təsvir obyekti olmaqla qalmır, o dərdlərimizin, Qarabağımızın, itən torpaqlarımız, tapdalanan haqqımızın, vaxtında birləşə bilməməyimizin, laqeydliyimizin, səriştəsizliyimizin, bizi kəsən baltalara sap olmağımızın, əyalətçiliyimizin, insanların qəlbində yaratdığı yanğıların bütövləşmiş ifadəçisi olur, rəmzləşir. Göyçənin dərk olunması faciələrimizin dərk olunması səviyyəsinə yüksəlir."
Biz bu kitabda Eldar İsmayılın yaradıcılığına dair fikirlərdən nümunələr gətirməklə oxucuların işini asanlaşdırmağa çalışdıq. Düşündük ki, doğru izə düşdüklərinə inanaraq sona qədər gedəcək, şairin ömür səhifələrini bütövlükdə varaqlayacaqlar. Elə bu səbəbdən şairə həsr olunmuş çoxsaylı şeirlərin təhlilini aparmağa lüzum görmədik. Oxuyub qiymət verməyi, nəticə çıxarmağı sizlərin ixtiyarına buraxdıq. Əminik ki, Mütəllim Həsənovun "Ömür yolu" poeması da zövqünüzü oxşayacaq, əlinizdən tutub sizi Eldar İsmayılın iç dünyasına qovuşduracaqdır.
Qətiyyən şübhə etmirik ki, əsərlərini sevə-sevə oxuduğunuz yazıçının haqqında yazılanlar da hər birinizdə xoş duyğular oyadacaq, ruhunuz rahatlıq tapacaqdır.

Arif MƏMMƏDLİ,
şair-publisist