adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

555

İRADƏ TUNCAY
62134 | 2008-05-31 18:50

İlk dəfə bura gələndə keçirdiyim hissləri heç unuda bilmirəm. Təyyarədən enər-enməz az qalırdım yol boyu gördüyüm hər yeri gözlərimdən silib atam. Bir-birinin eyni olan müasir binalar mənim xəyalımda yaratdığım şəhər deyildi axı. Qış vaxtı idi. Axşam tez düşmüşdü, şəhərin işıqları alışıb-yanırdı. Yorğun-arğın mehmanxanaya çatanda yatmaqdan başqa bir arzum qalmamışdı. Bura gələnə qədər düşünürdüm ki, bu şəhərin hər küçəsini, hər məhəlləsini tanıyıram. Mən bu şəhər haqqında o qədər oxumuşdum ki. Mən bu şəhəri o qədər sevmişdim ki. İndi isə reklam lövhələrinin parıltısı görmək istədiklərimin işığını məhv edir. Gözlərini yum, qızım, gün doğmadan nələr doğar... Səhər hava işıqlaşar-işıqlaşmaz pəncərəyə yaxınlaşıram. Aman Allahım, budur nağıllarımın şəhəri. Gördüyüm mənzərəni gözlərimə doldurmaq istəyirəm. Boğazda ağır-ağır ləngər vuran gəmilər, sisin içindən yavaş-yavaş aydınlanan minarələr, möhtəşəm asma körpü, uzaqdan boylanan Qalata qülləsi. Gülhanə parkı hansı tərəfdədi görəsən? Salam, nağıl şəhər, xəyal şəhər - deyib bağırmaq gəlir içimdən. Amma nə şəhər bunun farkında, nə də insanlar... Yeddi təpəli şəhrimdə... Mən bu şəhər haqqında hər şeyi bilirəm, amma bunun da farkında olan birisi yox ki...
   
   
   
    ***
   
    Aralıq dənizindən Qara dənizə yol açan Bosfor boğazı dünyanı Avropaya və Asiyaya bölür. "Bosfor" sözü qədim yunan dilində "inək cığırı, yolu" mənasını verir. İlahə Geranın qısqanclıqdan inəyə döndərdiyi İo bu sularda boğulub. Boğazın adı da burdan gəlir. Eramızdan əvvəl VII əsrdə yunan kolonistlərinin təməlini qoyduğu bu şəhərin ilkin adı Vizant olub. Bəzi əsfanələrdə Vizantı Arqonavtlardan biri kimi, bəzilərində isə kolonistlərin sərkərdəsi kimi təqdim edirlər. Əfsanələr çox söz deyirlər, amma nə dəxli var, əsas odur ki, bu şəhər olub. Tarixçilər Vizantın doğuluş tarixini eramızdan əvvəl 660-cı il kimi göstərirlər. Yaranandan bu günə kimi şəhər mühüm ticari və hərbi yolların qovşağındadır. Elə buna görə də hər zaman azacıq güclənən hər bir dövlət, ölkə bu şəhəri ələ keçirmək arzusu ilə yaşayıb. İran hökmdarı I Daranın da, Afina və Spartanın da, Makedoniyalı İsgəndərin də qoşunlarını görüb bu yerlər. Gah qüdrətli bir dövlət olub, gah da dağıntılar, xarabalar içində qalıb.
   
    Antik yunan dövlətlərinin tənəzzülü və Roma İmperiyasının güclənməsi şəhərə yeni məzmun verib. Bütün tarix boyu bütün salnamələrdə Vizantı mahir siyasi oyun oynamaqda ittiham edirlər. Bu şəhər hər zaman güclünün tərəfinə əyilib və bununla da özünü qurtara bilib. Yalnız bir dəfə Romada vətəndaş müharibəsinin gedişində tarixi səhv edirlər, bu da onların müqəddəratını həll edir. Eramızın 196-cı ilində Septimi Severin qoşunları şəhəri mühasirəyə alır və zəbt olunan şəhərdə daşı daş üstə qoymurlar. Vizant Böyük Konstantinin zamanına qədər əldən-ələ keçir. Xristianlığı dövlət dili elan etmiş bu imperator tarixdə həm də dünya incisi bir şəhərin tikilməsi ilə də qalıb. 324-cü ildə həmin şəhərin təməli qoyulub. İmperator bu şəhəri imperiyanın yeni paytaxtı etmək fikrində olduğundan hər tərəfdən məşhur memarları, bənnaları, heykəltəraşları, rəssamları məcburən bura köçürür. Məmurlara da icbari qaydada burda ev tikdirmək əmri verilir. Romadan köçmək istəməyən əsilzadələri zorla köçürürlər. Əfsanəyə görə, Konstantinin əmri ilə bütün məşhur Roma aristokratları üçün yeni şəhərdə onların Romadakı evlərinin eynisi tikilir. Hər halda şəhər görünməmiş templərlə inkişaf edir. 330-cu ilin 11 mayında yeni şəhəri imperiyanın yeni paytaxtı elan edirlər və şəhəri də "Yeni Roma" adlandırırlar. Ancaq bu ad yaşam hüququ qazanmır və şəhər tarixə Konstantinopol kimi daxil olur. İmperator qədim yunan və Misir abidələrini yeni şəhərə gətirib onu bəzəyir. (indiyə qədər İstanbulun mərkəzi meydanında gördüyümüz bir-birinə sarılmış üç ilanlı tunc sütun da onun əmri ilə gətirilib. Başqa bir çox abidələri sonralar 1204-cü ildə səlibçilər Avropa şəhərlərinə satdılar.)
   
    Tarixin bütün dönəmlərində möhtəşəm olmaq mümkün deyil. Roma İmperiyasının süqutu şəhərin tarixində silinməz izlər qoydu. Ölümündən əvvəl imperiyanı oğulları arasında bölən I Feodosi Qərbi Roma İmperiyasını oğlu Qonoriyə, Şərqi Roma İmperiyasını isə oğlu Arkadiyə bağışlayır. Romadan fərqli olaraq Konstantinopolun bəxti gətirir. Yeni dövləti "Romeylərin çarlığı" adlandırırlar. Və bu dövlət 10 əsr yaşaya bilir. Latın Qərbi bu ölkəyə Romaniya deyir, türklər isə Rum deyirlər. Bizans dövləti anlayışı isə tarixçilər tərəfindən bu dövlətin süqutundan sonra termin kimi işlədilməyə başlayır.
   
   
   
    ***
   
    Romey çarlığı böyük ərazisi olan qüdrətli bir dövlət idi. Romadan idarəetmə, mədəniyyət ənənələrini əxz etsə də, VII əsrdən sonra Latın dövlətinin yunanlaşması başlayır və yunan dili nəinki kilsənin, hətta dövlətin də dilinə çevrilməyə başlayır.
   
    Hər zaman intriqalarla qaynaşan imperator sarayı siyasi həyatın mərkəzi idi. İmperator (Vasilevs) qeyri-məhdud hakimiyyətə malik idi. Və bu ilahi hakimiyyət sayılırdı. Bizansda imperatriçaların da xüsusi mövqeyi vardı və onlar ölkənin siyasi həyatında önəmli rol oynayırdılar. Birinci xanımın personasının mühümlüyü həm də onunla göstərilirdi ki, onun tacqoyma mərasimi nigah mərasimindən əvvəl keçirilirdi. Bu da onu simvolizə edirdi ki, imperatriça hakimiyyəti ərindən yox, ilahi qüvvələrdən alır. Vasilevslər hər hansı bir zümrədən olan qadınla evlənə bilərdilər. Onlar bu məsələdə əsl-nəcabət axtarmırdılar. Belə bir fikir vardı ki, hər bir gözəl qadın bu titula layiqdir. Ona görə də Bizansın intriqalar və dramatik hadisələrlə dolu tarixində kurtizankaların da dəfələrlə imperatriça tacını daşıdığı vaxtlar olub.
   
    Tarixi bütünlüklə danışmaq mümkün deyil. Ancaq 555 rəqəmindən öncə baş vermiş bəzi önəmli hadisələri və şəxsiyyətləri xatırlamaq olar.
   
    I Yustinian tarixin maraqlı fiqurlarından biridir. Onun hakimiyyət dövrü həm böyük quruculuq işləri, həm də böyük qarışıqlıqlarla müşayiət olunub. Bu gün İstanbulda gördüyümüz bir çox möhtəşəm abidələr onun zamanında tikilib. ("Ayasofya", "Yerəbatan sərnic" və s.). "Yustinian kodeksi" adlanan qanun toplusu da dövlətin, hakimiyyətin qüdrətlənməsinə, ölkənin çiçəklənməsinə rəvac vermişdi.
   
    Bizans taxtında müxtəlif sülalələrdən olan imperatorlar çarlıq eləmişdi. İsavrlar, Angellər, Komninlər, Paleoloqlar, Dukalar... Bu hakimlərin içində güclü dövlət adamları, ağıllı siyasətçilər də vardı, əhatəsinin əlində oyuncaq olanlar da. Və zaman-zaman ölkənin çiçəklənməsi də, tənəzzülə uğrayıb xaraba qalması da onların adı ilə bağlıdır.
   
    Öncə İslamın yaranması, xilafətin güclənməsi ilə, sonra da qüdrətli türk dövlətlərinin formalaşması ilə Bizansın qara günləri başladı. İndiki dillə desək, nə qədər balanslaşdırılmış siyasət yürütsə də, vaxt-vaxt şəhərin qala divarları top səslərindən diksinməli olurdu. Bəzən şəhəri zəlzələlər, yanğınlar da titrədirdi. Amma 1204-cü ilin aprelində baş vermiş dəhşət təkcə şəhəri yox, bütün tarixi titrətmişdi...
   
   
   
    ***
   
    Orta əsrlər Avropası bizim bu gün görməyə alışdığımız Avropa deyildi. Torpağı olmayan, ac-lüt minlərlə kəndli şərq dünyasının zənginliyini talamaq həsrəti ilə yalançı dini şüarlar altında bu torpaqlara yürüş edirdi. Birinci, İkinci, Üçüncü səlib yürüşlərindən qurtula bilmiş Bizans 1204-cü ildə ölkə daxilində də baş verən siyasi intriqaların yardımı ilə səlibçilərə təslim oldu. Hətta qeyri-obyektiv Qərb mənbələri də etiraf edir ki, səlibçilərin vurduğu ziyanı Bizans bütün tarixi boyu yaşamamışdı. Şəhərə od vuruldu, yanğın nə qədər mədəniyyət abidələrini məhv etdi. Evlərdən, saraylardan, kilsələrdən qarət olunmuş qızıl-gümüş əşyalar əridilib satıldı. Böyük, nəhəng heykəlləri, abidələri gəmilərə yükləyib ölkədən çıxardılar. Qiymətli kitablar, papiruslar görməmiş avropalılar üçün ocaq yandırmaq vasitəsi oldu. O dövrün salnaməçisi Nikita Honyat yazır ki, "Müqəddəs Sofiya məbədini qarət eləmək üçün ulaqları kilsənin içinə salan səlibçilər rəqqasə qadınları kilsənin mehrabında oynadırdılar". Bunu özləri yazır ha.
   
    Səlibçilər Bizansı, xüsusilə də Konstantinopolu elə viran elədilər ki, şəhər 200 il özünə gələ bilmədi. 60 il şəhəri öz hakimiyyətində saxlayan Latın İmperiyası dağılanda demək olar ki, şəhər də tamamilə dağılmışdı. Ancaq bu vaxtlar ölkənin şərqində yeni bir güc baş qaldırmaqda idi. 555 rəqəminin yozumuna yaxınlaşırıq.
   
   
   
    ***
   
    Anadolunun fəthi heç şübhəsiz tarixin önəmli hadisələrindəndi. Osmanlı sultanları şəhər-şəhər, vilayət-vilayət fəth elədikləri torpaqları ərazilərinə qatmaqla dünyada sayılacaq qüdrət halına gəlirdilər. Hələ İldırım Bəyazidin zamanında Konstantinopol mühasirəyə alınmış, şəhərin fəthi ərəfəsində Əmir Teymurun hücumu və Ankara savaşı bu olayı gerçəkləşdirməyə imkan verməmişdi. Bəyazid Bosforun Anadolu yaxasında yeni bir qala tikmişdi - Anadolu hisarı. 1452-ci ildə Sultan II Məhmət qarşı tərəfdə Rumeli hisarını tikir və şəhərin blokadasının təməlini qoyur. 1453-cü ilin yanvarında sultan öz yaxınlarına bildirir ki, Osmanlı imperiyasının təhlükəsizliyi o vaxt təmin olunacaq ki, Konstantinopol türklərin əlinə keçəcək. Mənbələrdə ordunun miqyası müxtəlif sayda göstərilir. Ortaq rəqəm götürsək, hər halda 150 mindən az olmayıb. Mart ayında sudan, qurudan hücuma keçən ordu ilk günlərdən böyük müqavimətlə qarşılaşır. (Qəribədir ki, o zaman Bizansın sonuncu imperatorunun da adı Konstantin idi. Taleyin ironiyası ilə may ayında paytaxt elan olunmuş Konstantinopol min il sonra yenə may ayında yenə Konstantinin zamanında süqut edir). Güclü qala divarlarını arasıkəsilməz top atəşinə tuturlar. İçəri keçmək üçün lağım atırlar və ən maraqlısı şəhərin bir tərəfindən o biri tərəfinə suya salmaq üçün gəmiləri quru yolla sürüşdürərək keçirirlər. Şəhər təslim olur, şəhər fəth olunur. Düz 555 il əvvəl may ayının 29-da. Qərb mənbələrinin yazdıqlarına inanmayın, türklər şəhəri nə dağıdıblar, nə qarət eləyiblər. Zatən, özlərinin olduqlarına inandıqları bir yeri niyə viran qoysunlar ki? 555 ildi II Sultan Məhmətə Fateh deyirlər. 555 ildi bu şəhərin adı İstanbuldu. Düz 555 ildi bu şəhərdə bütün irqlərə, bütün dinlərə, bütün millətlərə hörmətlə yanaşırlar. Düz 555 ildi bu şəhər dünyanın ən kosmopolit şəhəridi...
   
   
   
    ***
   
    Mən bu şəhəri sevirəm. Bu şəhər 555 ildi bizimdi. Hər gəlişimdə Gülhanənin ta o biri ucunda oturub Boğazda ləngər vuran gəmilərə, göylərə millənmiş minarələrə tamaşa edirəm. Bir qərib Orxan Vəlinin şerlərini xatırlayıram. Amma nə şəhər bunun farkında, nə də Gülhanə...

TƏQVİM / ARXİV