ANA SƏHİFƏ / DÜNYA

Qanlı Liviya savaşı

Bunun nə qədər çəkəcəyi heç kimə məlum deyil.

15145    |   2020-05-22 14:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Liviyada son bir həftədir ki, davam edən döyüşlərdən sonra Liviya Milli Ordusunun başçısı, Xəlifə Həftar ağır məğlubiyyətə uğrayıb. Faiz Saracın rəhbərlik etdiyi Milli Birlik Hökumətinin döyüşçüləri Əl-Batiya bazasını ələ keçiriblər. Paytaxt Tripolidən 140 kilometr cənub-qərbdə yerləşən bu nəhəng hərbi-avisiya bazası 2014-cü ildən Həftarın nəzarətindəydi və ordan daimi olaraq paytaxt Tripoli hava zərbələrinə məruz qalırdı.

Həftara sadiq qüvvələr xeyli sayda hərbi texnika və sursatı bazada buraxaraq tələm-tələsik oranı tərk ediblər. Təbii ki, söhbət xırda-para texnikadan yox, Rusiya istehsalı olan Pançir- С1 özüyeriyən zenit raket-top komplekslərindən, Mİ-35M vertolyotlarından, "Krasuxa” radioelektron döyüş sistemlərindən və s. ibarət bütöv bir hərbi arsenaldan gedir.

Qəddafinin 2011-ci ildə devrilməsindən sonra Liviyada başlayan vətəndaş müharibəsi bu günədək bitmək bilmir. Ölkənin müxtəlif bölgələrində faktiki olaraq beş-altı seperatçı muxtar qurumlar və şəhər-dövlətlər elan olunub. Əsas hərbi siyasi gücsə Liviyanın böyük hissəsini öz təsir təsir dairəsinə alan Liviya Milli Ordusuyla, Tripoli və ətrafını nəzarətdə saxlayan Milli Birlik Hökumətinin əlində cəmlənib.

Beynəlxalq birliyin də Liviyaya münasibəti elə ölkənin daxili vəziyyətinə uyğun olaraq pərən-pərəndir. BMT, AB, Türkiyə Tripoli hökumətini dəstəkləsə də, Rusiya, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və s. Həftarın tərəfindədir. ABŞ nə əcəbsə, hələlik, neytrallıq nümayiş etdirir. Yəqin, dəqiq bilir ki, hansı qüvvə üstün gəlsə sonda ozününkü olacaq.

Bu ilin yanvar ayında Angela Merkelin təşəbbüsüylə Berlində Liviyayla bağlı böyük konfrans keçirildi. Bundan bir həftə əvvəl isə döyüşən tərəflər Rusiya və Türkiyə xarici işlər nazirlərinin iştirakıyla bir araya gəlsələr də, həmin görüş nəticəsiz qurtarmış, Həftar heç bir sənədə imza atmadan Moskvanı tərk etmiş, bununla da, Berlin konfransı ərəfəsi nizamlama prosesini öz təsir dairəsində saxlamaq istəyən Putinin və Ərdoğanın planları pozulmuşdu. Hərbi əməliyyatların yenidən alovlanması və Əl-Batiya bazası ətrafında baş verənlər göstərdi ki, Berlin konfransında ən aparıcı dövlət başçılarının imzasıyla qəbul edilən uzun və təmtəraqlı yekun sənədində göstərilən müddəaların da gerçəkləşməsi ehtimalı üfüqlərdə belə görünmür.

Ərdoğanın Ukrayna səfəri zamanı Ukraynanın ərazi bütövlüyü və Krım tatarlarıyla bağlı verdiyi açıqlamalar, onsuz da, kövrək olan Türkiyə-Rusiya münasibətlərində çat yaratmışdı. Bu çatın gündən-günə böyüdüyü bir şəraitdə Liviyayla bağlı meydana çıxan kəskin fikir ayrılıqları göstərir ki, artıq iki ölkə arasındakı münasibətlər yavaş-yavaş öz ənənəvi tarixi məcrasına qayıtmaqdadır.

Suriyadakı proseslər birbaşa Türkiyənin təhlükəsizlik məsələsi olduğuna görə Ərdoğan orda baş verənlərə görə hətta NATO müttəfiqləriylə belə sonadək dirəşməkdə haqlıydı. Liviya məsələsində ənənəvi müttəfiqlərlə ortaq mövqe, şübhəsiz ki, həmin gərginliyin yumşaldılmasına kömək edəcək. Yeri gəlmişkən, Türkiyə rəhbərinin Faiz Səracı müdafiə etməsi təkcə Milli Birlik Hökumətinin beynəlxalq birlik tərəfindən tanınması amiliylə yox, həm də ideoloji, konkret desək, onun islamçı qüvvələrlə koalisiyada olmasıyla bağlıdır.

Ancaq Rusiyanın Suriyadan heç cür vaz keçmək istəməməsinin, ordakı rejimin müdafiəsi üçün ölüm-dirim savaşına qalxmasının həmin ölkədə yerləşən iki hərbi bazasının mövcudluğu kimi geostrateji, Əsəd sülaləsiylə tarixi-ideoloji bağlılıq kimi özəl səbəbləri olsa da, Putinin ilin-günün bu vaxtında Liviyadan niyə belə ikiəlli yapışdığını heç rus analitiklərinin özləri də izah eləyə bilmirlər.

Son vaxtlar döyüş meydanındakı mövqelərini ard-arda itirməyə başlayan Həftarın ağır Əl-Batiya məğlubiyyətindən sonra Ərdoğanla Putin arasında baş tutan telefon söhbətində atəşkəsin tezliklə dayandırılması və Berlin konfransının müddəalarına uyğun olaraq qarşıduran tərəflərin dialoq masası ətrafında oturmalarının vacibliyi xüsusi olaraq vurğulanıb. Lakin Türkiyə prezidentinin "Vaqner” qrupunun fəaliyyətiylə bağlı söylədiyi iradlar göstərir ki, telefon danışığı heç də tam anlaşma şəraitində keçməyib.

Guya ticarət gəmilərini dəniz quldurlarından müdafiə eləmək məqsədilə yaradılmış və 2013-cü ildə Qonkoqda özəl hərbi şirkət kimi qeydiyyatdan keçmiş bu "Vaqner” qrupunun, əslində, Kremlin cəza dəstəsi olduğu artıq heç kimə sirr deyil. Qrupun Ukrayna və Suriyadakı hərbi münaqişələrdə iştirak etməsi, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən idarə olunması ilə bağlı dünya KİV-lərində kifayət qədər təkzibedilməz sübutlar dərc olunub. Odur ki,rəsmi Anqaranın Suriyadan yaxşı tanıdığı həmin hərbi birləşmənin Liviyada peyda olmasından dərin narahatlıq keçirməsini təbii saymaq lazımdır.

Hazırda rus silahının və hətta özəl şirkətin çətiri altında olsa da belə, rus əsgərinin Liviya münaqişəsində iştirakı Rusiyanın özündə də birmənalı qarşılanmır. Özü də söhbət heç də ekspertlərdən və ictimaiyyətdən yox, ali dövlət qurumlarının rəhbərlərindən gedir. Bəziləri elə hesab edirlər ki, Putinin şaquli tabeçilik, sovet terminologiyasıyla desək, sərt "demokratik mərkəziyyət” prinsipiylə qurduğu idarəçilik sistemi çat verməyə başlayır. Çünki Sergey Şoyqunun rəhbərliyindəki müdafiə nazirliyi, nəyin bahasına olursa olsun, Həftarın tərəfində olsa da, rejimin əvəzedilməz xarici işlər naziri S. Lavrov bu mövqeyə o qədər də isti yanaşmır. Bir tərəfdə Şoyqu marşal (onun bu boyda rütbə sahibi olması da bir ayrı dərddir) Həftarla görüşür, digər tərəfdə Lavrov onun əleyhinə sərt bəyanatlarla çıxış edir. Əsl "tazıya tut, dovşana qaç” demək siyasətidir, bir az da konkret olsaq, Putinin sözdə Lavrovu, əməldə Şoyqunu dəstəkləməsinin nəticəsidir. Çünki indiyə kimi nə Kreml sahibinin öz nazilərinin fərqli mövqeyinə dözəcək qədər zəiflədiyini, nə də həmin nazirlərin müstəqil mövqe sərgiləyəcək qədər güclənib cızıqlarından çıxdıqlarını sübut edəcək başqa informasiyalara sahib deyilik,.

Putinin Liviyadakı proseslərə neytral yanaşdığını, "Vaqner” qrupunun orda olub-olmaması barədə heç nə bilmədiyini dəfələrlə açıq şəkildə bəyan etsə də, onun bu sözləri heç yerdə ciddiyə alınmır, siyasi kuluarlarda, kobud desək, "ağ yalan” kimi qəbul edilir. Odur ki, "şaquli idarəçilik sistemində çat yaranıb” iddiaları boş xülyadan başqa bir şey deyil. Lavrov da onun sözünü deyir, Şoyqu da onun istədiyini edir. Bunun sübutu da elə hökumətə yaxın olan rus mətbuatının özündədir. Təsadüfi deyil ki, son günlər, yəni, Putin münaqişəylə bağlı neytrallığını bəyan edəndən sonra həmin KİV-lərdə "Vaqner” qrupunun cəbhə xəttindən geri çəkilməsi, Həftarın artıq onların muzdunu ödəməməsi, buna paralel olaraqsa rusların Səracla münasibətlər qurması barədə informasiyalar yayılmağa başlayıb.

Rusiyanın Liviyaya yönəlik siyasətinin dalana dirənməsinə səbəb olan amillər, şübhəsiz, bambaşqadır. Məşhur Münhen nitqindən sonra dünyanın başağrısına çevrilməyə başlayan Putin Rusiyasının heç də Sovetlər Birliyi olmadığını və onun innən belə bu cür monstra çevrilmək potensialının çoxdan tükəndiyini, Rusiya təhlükəsinin ən azından dünya nizamını köklü şəkildə dəyişməyə qadir olmadığını Qərbdə çox yaxşı bilirlər. Hətta Həftar qələbə çalsa belə sonda Qərbin adamı olacaq. Ukrayna, Suriya bataqlığında ilişib qalan Rusiyanın Liviyada nəyəsə nail olacağına inanmaq sadəlövhlükdən başqa bir şey deyil. Bunu Qərblə yanaşı, elə Rusiyanın özündə də bilməyən yoxdur. Ancaq buna baxmayaraq bu gün həm Qərb, həm də Kremlin özü Rusiyanın dünya siyasətindəki rolunun şişirtməyə çalışırlar. Qərbə bu öz əzəli və əbədi rəqibini tam zəiflədib sıradan çıxartmaq, Rusiyaya (oxu: Putinə) isə ölkə ictimai fikrini daxili problemlərdən yayındırıb hakimiyyətinin ömrünü uzatmaq üçün lazımdır. Rusiya artıq yalnız SSRİ-dən qalma halal mirası kimi yanaşdığı və özünün peyk dövlətləri saydığı yaxın qonşularına təhlükə törətmək səviyyəsinə qədər zəifləyib.

Yuxarıda qeyd etdiyimiz kimi Avropa Birliyi Liviyadakı vətəndaş müharibəsində birmənalı olaraq Milli Birlik Hökumətini tanıyır. Bu günlərdə birliyin xarici siyasət idarəsinin başçısı Jozep Borrel Faiz Səracla telefon söhbətində bu mövqeyi bir daha konkret ifadə edib və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb. AB Irinin yeni yeni əməliyyatlarından danışıb.

İrini (yunancadan tərcümədə sülh deməkdir-red.) Berlin kinfransından sonra Avropa birliyinin Aralıq dənizi vasitəsilə Liviyaya qanunsuz silah daşınmasının qarşısını almaq üçün başladığı və gələn ilin martın 31-ə kimi davam edəcək kompleks əməliyyatlarının kod adıdır. Məqsəd hava, dəniz qüvvələri və peyklər vasitəsilə münaqişə bölgəsi üçün nəzərdə tutulmuş silah embaqrosunu həyata keçirməkdir. Bundan əlavə İrinin mandatına Səracın nəzarətində olan sahil xidmətinin gücləndirilməsi, silah və muzdlu döyüşçü qaçaqmalçılığı haqqında informasiyalar toplamaq, bu cür halların qarşısını almaq, qanunsuz neft daşımaları haqqında məlumat toplamaq və s. bu qəbildən olan məsələlər daxildir.

***

Liviya böhranının nə qədər davam edəcəyini bilən bir kimsə yoxdur. Dünyanın bütün aparıcı dövlətlərinin, BMT, AB və daha neçə təşkilatın bu böhranı nizamlamaq yolundakı cəhdləri, hələ ki, səmərə vermir. Adətən, belə münaqişələrdən danışarkən "Qərbin və ya hər hansı güclü dövlət(lər)in barmağı” tezisi əsas arqument kimi səsləndirilir. Hərçənd, yuxarıda da gördüyümüz kimi dünya dövlətlərinin əksəriyyəti nizamlam variantında yekdil görünür, konkret şəkildə Milli Birlik Hökumətinin tərəfini saxlayır. Həftara rəğbət bəsləyən rəsmi Kreml də öz mövqeyində qətiyyətli görünmür, hətta tez-tez bu məsələdə ABŞ kimi neytral olduğunu söyləməkdən də çəkinmir. Liviya Milli ordusunu dəstəkləyən Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərsə dünya siyasətində söz sahibi deyillər, ən azından həmin ölkələrin pultu okeanın o tayındadır.

Bəs, proses niyə normal məcrasına düşmür? Bəlkə, Yaxın Şərqi bürüyən bu təlatümlərin, qanlı boğuşmaların səbəblərini bir az da elə Yaxın Şərqin özündə, ordakı əhalinin və onun başbilənlərinin şüur səviyyəsində, mental keyfiyyətlərində axtaraq? Dünya dağılmaz ki?!

M. Məmmədov




İmza:

Ruhanidən etiraf: İran çox ağır günlər yaşayır

Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu

“Twitter” Trampın seçki təşviqatı apardığı səhifəni blokladı

Dünyada “Palmali” şirkətinə məxsus təxminən 20 tanker tərk edilib

Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımıdan danışıb

Beyrut limanının administrasiyası ev dustağı edilib - VİDEO

TBMM sədri: “Doqquz millət vəkilində koronavirus aşkarlanıb”

Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək

Türkiyədə 9 deputat koronavirusa yoluxub

Polşada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Dövlət Departamenti Rusiyanın dezinformasiya sisteminə qarşı

Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135-ə çatıb - VİDEO

SON XƏBƏRLƏR
2020-08-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK