ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Statusman” - Rəşad Məcid yazır

17345    |   2020-04-13 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Status-esselər və sms-esselərdən ibarət "Qələmsiz yazılanlar” kitabını çap etdirəcəyimlə bağlı anons verəndən sonra Sumqayıtdakı dostlar mənə yazmışdılar ki, bizdə bir dəfə belə təşəbbüs olub, Sumqayıtda yaşayan həkim Hümbət Quliyev "Statusman” adlı kitab nəşr etdirib. Düzü, o vaxt elə də diqqətə almamışdım. Feysbuk dostluğumda olmadığına görə, onun statusları ilə də tanış deyildim.

Fevralın 29-da Əli Kərim adına Sumqayıt Poeziya evində "Qələmsiz yazılanlar” kitabımın təqdimatı keçirildi. Tədbirin sonunda bir nəfər yaxınlaşıb "Sumqayıtın dostları” klubu adından hədiyyə olaraq Hümbət Quliyevin "Statusman” kitabını mənə təqdim elədi.

Karantin günlərində imkan tapıb həmin kitabı oxudum.. Açığı, məndə xeyli xoş təəssürat yarandı və bu kitabla daha öncədən tanış olmadığıma təəssüfləndim. Hümbət Quliyevlə "Statusman” kitabı vasitəsilə qiyabi tanışlığım məni sevindirdi.

Hümbət Quliyev 1972-ci ildə anadan olub. Bakıda və Rusiyada tibbi təhsil alıb. Moskva və Leninqradda hərbi tibbi müəssisələrdə çalışıb. Beş il Almaniyada hərbi həkim işləyib. Berlin biznes məktəbini bitirib. Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb və hazırda Sumqayıtda yaşayır, özəl bir şirkətin təsisçisi və rəhbəridir.

Kitabdan oxuduğuma görə, Hümbət Quliyev 2016-cı ildən Feysbukdadır. Feysbuk və onun mahiyyəti ilə bağlı çox fikirlərimiz üst-üstə düşür. Məsələn, müəllif deyir:
"Feysbuk sözün yun kimi çırpıldığı məkandır.
Feysbuk ancaq kiçik təpələrin yarandığı məkandır. Uca dağlar yalnız gerçək həyatda yaranır.
Feysbukda hər fikrin öz alıcısı var.
Feysbuk bir günlük qəhrəmanlıq məkanıdır.
Dostlar, Feysbukda status yazmağın çox asan yolu var: ya qeyri-adi şeylər haqqında adi yazırsınız, ya da adi şeylər haqqında qeyri-adi”.

Misal çəkdiyim bu statuslarda, xüsusən sonuncusunda Feysbuk şəbəkəsindəki cəlbediciliyin, Feysbukun təsirinin, burda necə yazmağın yolu bir cümləylə aydın izah edilib.

Hümbət Quliyevin zəngin həyat təcrübəsi var. Bir çox xarici ölkələrdə işləyib, müxtəlif xalqların arasında yaşayıb və xalqlar arasındakı psixoloji fərqləri görmək, hiss etmək baxımından böyük təcrübə qazanıb. Kitabda bir çox məsələlər barədə orijinal fikirləri yer alıb - burada aforizm kimi bir cümləlik statuslar da var, böyük hekayələr də, hansısa məsələlərə münasibət də. Müəllifin yaşadığı şəhər, onun tarixi, atributları, Sumqayıtdakı heykəllər, şəhərin simvolu- göyərçin heykəli, "Sumqayıt” sözünün izahı və əfsanə barədə, əfsanənin təbliği və qəhrəman Sumun kiçik heykəlciklərinin yaradılması ilə bağlı fikirlərini, həmşəhərlilərinin həyat tərzi, şəhərə münasibəti haqda düşüncələrini maraqla oxudum. Hiss olunur ki, o, Sumqayıtı dərin məhəbbətlə sevir və şəhərə çox bağlıdır.



Onun həkim kimi müxtəlif xəstliklərlə bağlı statusları da maraqlı və insanlara praktik kömək baxımından çox faydalıdır. Məsələn, müəllif adicə qızılgülün hansı xəstəliklərə dərman olmağı, insan həyatındakı rolu barədə çox maraqla söz açır. Yazır ki, qızılgülün ləçəkləri neqativi götürür: elə onun neqativi götürmək xüsusiyyətinə görə də yas yerlərində gülab paylayırlar.

Kitabda qalstuk taxmağın göz xəstəliklərinə səbəb olması, gözü zəiflətməsi, yaxud da mənim eşitdiyim, amma görmədiyim, Sumqayıtda məşhur olan "ikiqat dolma” haqda geniş və maraqlı statuslar da var. Müəllif söz açdığı bütün hadisələrə həm həkim, həm də bir yazıçı kimi fərqli rakuslardan yanaşır və bəzən toxunduğu mətləbə bir az yumor qarışıq anlamlar da verir. Məsələn, qədim vərdişlərimizdən olan, anaların uşaqlarını belinə şəlləməsi haqda danışırkən, müəllif məsələni həkim kimi tibbi cəhətdən əsaslandırır və bunun körpələrə faydasından da söz açır. Bir başqa statusunda isə meyvələrin ardıcıl yetişməsini mənalandırır və gətirdiyi arqumentlərlə oxucunu inandırmağı bacarır. Göz həkimi kimi qara eynəyin orqanizmə fəsadlarına diqqət çəkir, onun insanların ünsiyyətinə vurduğu ziyanlardan bəhs edir.
Müəllifin hazırcavablığın, iti yumorun insan psixologiyasında rolu , insan münasibətlərinə təsiri barədə də maraqlı mülahizələri var. Təsadüfi deyil ki, elə onun özü də bəzi statuslarında proseslərə iti yumorla yanaşır, çatışmayan cəhətlərimizə, qüsurlarımıza, klassiklərimiz kimi, yüngül sarkazmla münasibət bildirir.

Kitabda diqqətimi çəkən məqamlardan biri də qadın və sevgi barədə bir çox fərqli və maraqlı fikirlər oldu. Bu fikirlərdə qadına qarşı böyük sevgi hissi ifadə olunmaqla bərabər, eyni zamanda, hərdən yüngül sancmalar da duyulurdu.
Hümbət Quliyev bir çox statuslarında, həkim və insan kimi, millətimizin bədbin, neqativ ovqatı ilə bağlı olduqca maraqlı və tutarlı arqumentlər gətirir və öz fikirləri ilə insanları pozitiv istiqamətə yönləndirir.
Kitabda insan psixologiyası, cəmiyyətimiz barədə düşüncələr, müəllifin xaricdə başına gələn hadisələr və bu hadisələrin Azərbaycan həyatı ilə müqayisəsi kimi məsələlərə də yer ayrılıb.
Şübhəsiz, bu qiyabi tanışlıqdan sonra Hümbət Quliyevi Feysbukda axtarıb tapacam, dostluq göndərəcəm və onu sosial şəbəkədə izləməyi dostlarıma da tövsiyə edəcəm. Bu kitab həqiqətən də mənə çox maraqlı bir insanı tanıtdı. Mən tərəddüdsüz, ona yazıçı deyə bilərəm. Hümbət Quliyevin yazıçılıq məharəti kitabda toplanmış yazılarqa bir çox məqamlarla özünü büruzə verir. Onun yazdıqları ilə tanışlıq mənim Feysbuk statuslarının yeni bir janr olmasına inamımı daha da artırdı. Doğrudan da, bu kitab və kitaba olan reaksiyalar göstərir ki, bütün bunlar yeni dövrün, yeni situasiyanın diqtəsi və tələbidir.
Sonda Hümbət Quliyevin "Statusman” kitabından maraqla oxuduğum statuslardan bəzilərini sizlərin diqqətinə çatdırıram:
"Kişi evdə hərdən yumruğunu masanın üzərinə vurub deməlidir: "Bu evdə mən nə desəm, o da olmalıdır!” Amma bunu evdə heç kim olmayanda desə, daha yaxşıdır, niyə risk etməlidir ki?”
"Pəhriz saxlamaq bahalı bir işdir. Hər adamın gücü çatmaz”.
"Feysbukda çoxları ilə dostluğumuzun uzun müddətli olmasının səbəbi bir-birimizi yaxşı tanımamağımızdır”.
"Özünün hər əməlinə bəraət qazandıran insan kamilləşməz”.
"Kişini qadınla müqayisə etmək mümkün deyil. Bunu məndən təkidlə soruşsaydılar, cavab verərdim ki, kişi kalkulyatordursa, qadın kompüterdir. Amma virus dolu kompyuter :)”.
"Feysbukda hamıya məsləhət vermək asandır, bir insana məsləhət vermək çətindir”.
"Uşağını sünnət edərək, onun müsəlman olmasını araqla qeyd edən həmvətənlərim”.
"Qarşı tərəfin sevgisindən süi-istifadə etmək böyük günah sayılmalıdır. Çünki sevgi Allaha məxsusdur”.
"Feysbukda bədbin fikirlər nikbin fikirlərdən dəfələrlə çox layk toplayır. Ağlaşmanı sevən xalqıq”.
"Yaşamaq üçün nə qədər çox bəhanə tapsan, bir o qədər yaxşıdır”.
"Cəhənnəmə xəstə də getsən olar, onsuz da yandıracaqlar. Cənnətə isə mütləq sağlam düşməliyik”.
"Xoşbəxt olmağın bircə yolu var: ətrafındakıları xoşbəxt edirsən, onların xoşbəxtliyi içərisində özün də xoşbəxt olursan”.




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK