nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Azadlıq küləyi - Mehman CAVADOĞLU yazır Adalet.az | Azadlıq küləyi - Mehman CAVADOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Azadlıq küləyi - Mehman CAVADOĞLU yazır

69526    |   2020-02-05 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq bir neçə gündür ki, ABŞ Dövlət katibi Maykl Pompeonun bir sıra Şərqi Avropa və postsovet ölkələrinə rəsmi səfəri davam edir. Yanvar ayının əvvəllərinə planlaşdırılmış, ancaq İraqdakı növbəti gərginlik ucbatından ertələnmiş bu səfərin detallarını incələyərkən məlum olur ki, superdövlətin son illər Rusiya, Çin, İran və Avropa Birliyi ilə getdikcə gərginləşən münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. İstər Vişeqrad qrupuna aid üç Şərqi Avropa ölkəsindəki, istərsə də postsovet məkanındakı ölkələrdə keçirilən görüşlərin əsas leytmotivi məhz bundan ibarətdir.

Təbii ki, onun səfər portfelində xarici siyasətlərində xeyli fərqli çalarlar olan bu ölkələrin hər birinə yönəlik fərqli müddəalar var. Macarstan və Slovakiyanın AB ilə, Ukrayna və Belarusun Rusiya ilə münasibətlərindəki gərginlikdən faydalanmaq, Polşanı İrana və Çinə yönəlik ənənəvi xoş davranışdan çəkindirmək, Çində uyqurlara və etnik qazaxlara qarşı səngimək bilməyən repressiyalara görə Qazaxıstanda millətçilik ovqatını körükləmək, Özbəkistandakı son siyasi gəlişmələrdən yararlanmaq və s.

Bu kombinasiyada əsl sürpriz isə Belarus respublikasıdır. Məlumdur ki, SSRİ rəsmi olaraq 1991-ci ilin dekabrında üç slavvyan respublikasının, bizdə dəbdə olan ifadəylə desək, bir millət üç dövlətin başçılarının imzaladığı sazişlə dağılmışdı. Həmin tarixi hadisədən üç il sonra hakimiyyətə gəlmiş Aleksandr Lukaşenko bu faktla barışmamış, parçalnmanın qəti əleyhdarı olmuş, onu tarixi xəyanət adlandırmışdı. Ötən əsrin 90-cı illərinin axırlarına doğru, yəni Yeltsinin artıq xəstə olduğu, əvvəlki iradəsi və səriştəsini, bunlarla birlikdə idarəçilik vərdişlərini yavaş-yavaş itirməyə başladığı, özünə varıs axtarışları səbəbindən gündə bir baş nazir dəyişdiyi dönəmlərdə isə Belarusla Rusiyanın yenidən vahid dövlətdə birləşməsinin alovlu tərəfdarı olmuşdu. Həmin vaxtlarda o, Belarusdan daha çox Rusiyada görünür, Dövlət Dumasından tutmuş müxtəlif siyasi mərkəzlərdəki, televiziya və mətbuatdakı ardıcıl çıxışlarıyla birlik ideyasını təbliğ edirdi. Bu demarşlar Yeltsinin axtardığı varis tapılana və hakimiyyət ona ötürülənə kimi davam etmişdi.

Bundan sonra onun birləşmək yanğısı da yavaş-yavaş öləzidi və nəhayət, birdəfəlik sönüb getdi. Çünki bu çıxışlar nə qədər "eyni xalq”, "qardaş millət” ritorikasına bürünsə də məqsəd yaranmış boşluqdan istifadə edib Rusiyanın prezidenti olmaqdan başqa bir şey deyildi. Artıq uzun illərdir ki, o nəinki bu ideyanı dilinə gətirmir, hətta hər fürsətdə Belarusun heç vaxt Rusiya ilə birləşməyəcəyini bəyan eləməkdən yorulmur.

Şəxsi maraqlar bir yana, bu gün belə birlik üçün heç 90-cı illərdə mövcud olan siyasi zəmindən də əsər-əlamət yoxdur. Çünki vahid etnos, ortaq dil, oxşar mentalitet və s. bu kimi məhrəm istilahlar nə qədər cəlbedici olsa da, həyati maraqlarla toqquşanda insanlar ikinciyə üstünlük verirlər.

Rus tarixçisi M. T. Kaçenovski Belarus sözünün mənasını Ağ Rusiya (Belaya Rossiya) deyə izah edir və burdakı "ağ” kəlməsinin "azad” mənasını verdiyini bildirir. Çünki Batının ordusu bu diyardan yan keçib və onları əsarət altına alamayıb. Doğrudur, Kaçenovski rus tarixşünaslığında skeptik məktəbin banisi olduğu üçün onun bu izahını mütləq həqiqət kimi qəbul eləməyin nə qədər doğru olduğunu söyləmək çətindir. Ancaq bir az aşağıda görəcəyik ki, bu sözlərdə müəyyən həqiqət payının olduğunu inkar eləmək mümkün deyil.

Hələliksə M. Pompeonun Belarusa gətirən səbəblərin üstünə qayıdaq. Bu səfər həm də onunla əlamətdardır ki, 2007-ci ildə rəsmi Vaşinqton tərəfindən Belarusun bəzi müəssisələrinə qoyulan sanksiyalardan sonra bu səviyyədə ABŞ rəsmisinin Minskə ilk səfəridir. İndiyə kimi davam edən həmin sanksiyalardan sonra iki ölkə arasında ciddi qarşıdurma yaranmış, səfirliklər ləğv edilmiş, bir-birlərində diplomatik təmsilçiliyi müvəqqəti işlər vəkili səviyyəsinə endirilmişdi. Elə Dövlət katibinin də Minski rəsmilərinə verdiyi ilk müjdə yaxın günlərdə səfirliklərin yenidən bərpasıyla bağlı oldu.

Amma bütün bunlar nəticədir, Pompeonu bu darmacalda Belarusa səfər gəlməyə vadar edən əsas səbəb, heç şübhəsiz, son vaxtlar neftlə bağlı Putinlə Lukaşenko arasında yaranan gərginliklə bağlıdır. Ekspertlərin haqlı qənaətinə görə Lukşenko üçün iqtisadi baxımdan maraqlı olan bu səfərdə Amerikanın başlıca niyyəti siyasi dividentlər götürmək, Rusiyanı özünün ən yaxın və sadiq müttəfiqindən mümkün qədər uzaqlaşdırmaqdır. Ukrayna ilə münasibətlərin tam olaraq korlandığı bir vaxtda Belarusun Rusiya üçün necə vacib tərəfdaş, onun qərb sərhədlərində yeganə forpost olduğunu Vaşinqtonda çox yaxşı anlayır və başa düşürlər ki, hazırkı durumda Belarusla siyasi münasibətləri qaydaya qoymaq yalnız onun iqtisadi maraqlarına qucaq açmaqla mümkündür. Dövlət katibi də məhz bunu nəzərə alaraq ölkəsinin dünyanın ən böyük neft istehsalçısı olduğunu, ABŞ-ın bu problemi cözməyə və Belarusun neft ehtiyacını yüz faiz ödəməyə hazır olduğunu bildirib.

Trampın vacib bir özəlliyi ondadır ki, o öz sələflərindən fərqli olaraq əməkdaşlıq eləmək istədiyi ölkələrdə demokratiyanın hansı vəziyyətdə olmasıyla maraqlanmadığını açıq şəkildə söyləməkdən çəkinmir. ABŞ siyasətindəki bu tendensiya Lukaşenkonun o qədər ləzzət eləyib ki, bir çox həmkarları kimi nəinki özünün diktator olduğunu danmağa cəhd göstərməyib, hətta zarafata salaraq onu fəxrlə Pompeoya etiraf etməkdən də çəkinməyib: "Diktatorların üstünlüyü odur ki, istirahət günləri xalq istirahət edəndə onlar iş başında olur” .

Rusiyanın son vaxtlar Belarusa yönəlik sərt siyasəti, xüsusilə enerjidaşıyıcılarıyla bağlı danışıqların dalana dirənməsininin arxasında daha çox siyasi, həm də çox ciddi siyasi səbəblərin dayandığı heç kimə sirr deyil. Bəzi müşahidəçilərin yekdil qənaətinə görə Belarus strateji partnyor kimi artıq Rusiyanı qane eləmir. Odur ki, 90-cı illərdə Lukaşenkonun oynadığı oyunu indi əks cəbhədə Putin oynamağa başlayıb, amma bir fərqlə ki, Lukaşenko birləşmək ideyasını təbliğ edirdisə, Rusiya prezidenti, sadəcə olaraq, Belarusu Rusiyaya qatmaq niyyətindədir. Onun fikrincə bu cür iqtisadi təzyiqlər belarusları asanlıqla öz böyük qardaşılarının ağuşuna itələyəcək. Hərçənd, proseslərə daha çox patriotizm ovqatıyla yanaşan Kreml yetkililərindən fərqli olaraq praqmatik amerikalılar başqa cür düşünürlər və indiki məqamda diktator Lukaşenkoyla təmaslar həm də dolayısıyla Belarus xalqına "arxanızdayıq” kimi lazımi mesajlar ötürmək vasitəsidir. Çünki bugünkü Belarus cəmiyyətinin sovetlərdən təzə-təzə qopan toplumdan xeyli fərqləndiyini, sərt diktatura rejiminə rəğmən Qərblə, yəni azad dünyayla yaxın qonşuluq amilinin onların davranış streotiplərində və həyata baxışlarında kəskin dəyişikliklər yaratdığını Vaşinqtonda yaxşı anlayırlar. Açığı, Moskvanı da daha çox qorxudan məhz bu məqamdır – növbəti bir sovet respublikasını Qərbə uduzmaq məqamı.

Lukaşenko ölkədəki siyasi prosesləri tam olaraq cilovlayıb əlinə yığsa da, cəmiyyəti total nəzarət altında saxlamağa müvəffəq olsa da, mitinqlərin, demək olar ki, kökünü kəssə də, belarusların azadlıq istəyini tam boğa bilməyib. Bu gün Belarus cəmiyyəti sürətlə Avropaya inteqrasiya olunur. Rəsmi statistikaya görə ölkə əhalisinin yarısı Şengen vizasına sahibdir. Təkcə 1918-ci ildə yaşlı əhalinin 2 faizi AB ölkələrində oturum haqqı alıb, ondan da bir qədər çoxu müntəzəm olaraq Avropaya gedib-gəlməyə imkan verən "polyak kartı”na malikdir. Təbii ki, Rusiyanın tərkibinə daxil olanda bütün bu imkanlar əldən çıxacaq.

Bundan əlavə, artıq 30 illik müstəqillik dövründə ölkədə xeyli imtiyazlı təbəqə, müxtəlif imtiyazlara malik məmurlar ordusu yetişib ki, onları Rusiya kimi nəhəng bir bataqlıqda yox olmaq təhlükəsi gözləyir. Odur ki, birləşmək ideyasına ən çox elə bu zümrənin müqavimət göstərəcəyi də istisna edilmir.

Mühacirlərin, xüsusilə fərqli mental dəyərlərin daşıyıcıları olan mühacirlərin ölkəyə axınından doğan təşviş, Belarus gənclərinin dünyanın hər küncündəki qaynar nöqtələrə burnunu soxan rus ordusunun sıralarında xidmət etmək istəməməsi və onlarla digər səbəblər sadalamaq olar ki, bu gün belarusların yenidən Rusiyanın boyunduruğu altına girmək təhlükəsinə qarşı elliklə müqavimət göstərəcəklərinə şübhə yeri qalmasın. Yeganə variant onları konfederasiya formuluyla şirnikləndirmək ola bilərdi ki, bu riskə də Kremlin özü getməz. Çünki bu gün ölkədə belə bir fürsəti gözləyən onlarla federasiya subyekti mövcuddur.

Göründüyü kimi, bəzən diktatura rejimində də azad təfəkkürə malik toplumlar yetişə bilir. Bundan ötrü , heç olmasa, coğrafi baxımdan azad dünyaya yaxın olmaq lazımdır ki, küləyi səni tutsun.




İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK