hacklink Adalet.az | Allahın yaddaşından heç nəyi silmək olmaz! - Şəhidlər Xiyabanından REPORTAJ Adalet.az | Allahın yaddaşından heç nəyi silmək olmaz! - Şəhidlər Xiyabanından REPORTAJ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Allahın yaddaşından heç nəyi silmək olmaz! - Şəhidlər Xiyabanından REPORTAJ

16622    |   2019-11-01 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- Bessantina Vera Lvovna…

Burdadır!

- Abbasov Sabir Rzaqulu oğlu…

Burdadır!

- Babayeva Sürəyya…

Burdadır!

- Semyonov Vladimir Aleksandroviç…

Burdadır!

- Əliyev Hidayət Məcid oğlu…

Burdadır!

-

Bura bir az yorğun gəlmişdim, amma üçrəngli bayrağımızı görən kimi bütün yorğunluğum keçdi. O bayraq ki, artıq 100 ildir hər şeyə rəğmən yorulmadan, məğrurluqla səmalarda dalğalanır. Çiyinlərimi düzəldib sinəmi qabağa verdim və fəxarətlə addımlamağa başladım.


**

Xiyabanın girişində qarşıma çıxan ilk məzarlar İlham ilə Fərizənin qəbrləri oldu. Hərəsinin üstündə qoşa qərənfil. Buradakı yeganə cüt şəkil də onların baş daşlarındadır.


Onlar Allahın elə yaratdığı iki zər idi ki, yüz il də atılsalar həmişə qoşa düşəcəkdilər.

İham və Fərizə mənim üçün həmişə Leyli və Məcnun, Fərhad və Şirin, Əsli və Kərəmdən daha böyük, daha gözəl görünüb.

Şəhərin səs-küyü bura nüfuz edə bilmir. Bura sükut içindədir, hüzurludur. Məncə, Bakının ən gözəl məkanı elə buradır, çünki burada bu məmləkətin ən gözəl adamları uyuyur.

Məzarlardakı adları bir-bir oxuyuram. Düzdür, onları əzbərimdə saxlaya bilməyəcəm, amma heç olmasa adlarını bir dəfə də olsa səsli şəkildə oxumağı özümə borc bilirəm.

- Tahirov Vaqif Sabir oğlu!

- Cavadov Abbas Şəmsi oğlu!

- Musayev Vaqif Dursun oğlu!

-


Şəhidlərimizin qara mərmər üzərindəki şəkillərinə baxıram. İlahi, necə işıqlı, necə mərd simalardır. Hamısının üzündə nur var, gizli bir təbəssüm var, hamısının gözlərindən ümid oxunur. Onlar bizə inanır!

Burada insan öz ayaq səslərini daha aydın eşidir. "Əbədi məşəl” abidəsinə tərəf addımlayarkən bu məmləkətin də əbədiliyinə inamım artır.

"20 yanvar” şəhidlərindən sonra xiyabanda dəfn olunmuş Qarabağ şəhidlərinin məzarlarının qarşısına keçirəm. Mən Qarabağı görməmişəm, orada olmamışam, amma bu şəhid məzarlarının hamısı o torpaqların bizim olmasına dair ən böyük sənəddir.

Məzarların arasında biri daha çox diqqətimi çəkir və məni kövrəldir. Xocalıda qətl edilmiş 5 yaşlı qızın məzarı. Baş daşına da elə bu cür yazılıb, ad yoxdur, çünki o, hamımızın qızıdır.


Gözümün qabağına Çingiz Mustafayevin kadrları gəlir. Bəlkə də bu Xocalı faciəsini çəkərkən əsgərimizin qucağına alıb Çingizə "Bunu çək, bunu çək” dediyi həmin o qızdır. Çingizin "Üzünü, üzünü qaldır” hayqırtısı qulağımda sədalanır...

Qəzəb hissi yavaş-yavaş beynimi zəbt etməyə başlayır və mən digər məzarları gəzməyə davam edirəm.

Amma Şəhidlər Xiyabanında başa düşmədiyim bir şey də oldu. "Daşaltı əməliyyatı” şəhidlərinin yerləşdiyi məzarların düz önündə dekorativ kollar elə əkilmişdi ki, onların məzarlarını düz-əməlli ziyarət edə bilmədim. Məncə, bu kolları buradan yığışdırmaq lazımdır.



- Əliyev Camal İlyas oğlu…

Burdadır!

- Məmmədov Sərvan Məmməd oğlu…

Burdadır!

-

Azərbaycanın şəhid olan ilk qadın jurnalisti Salatın Əsgərovanın da məzarı önündə ayaq saxlayıram. Biz həmişə qadınlarımızı sevmişik və onlarla fəxr etmişik. Nə yaxşı ki Allah bizi belə qadınlarla mükafatlandırıb.


Daha sonra əslən yəhudi olan şəhidimiz Albert Aqarunovun məzarını görürəm. Albert, həmin o məşhur videodakı çıxışındakı kimi təbəssümlə mənə baxır.

İstəyirəm elə həmin o tankın içində oturan Albertə verilən sualı mən də təkrarlayım.

- Hələ nə qədər vuruşacağıq?

- MÜHARİBƏNİN AXIRINA KİMİ! – qara mərmərdən boylanan Albertin şəkli təbəssümlə cavab verir.


Bəli, biz bu torpaqlar uğrunda müharibənin sonuna kimi vuruşacağıq. Heç kim bizim o torpaqları uduzacağımızı, o torpaqlar uğrunda mübarizəni dayandıracağımızı düşünməsin!

O torpaqlar bizimdir. Bunu nəinki ermənilər, o torpağın səmasında uçan quşlar da bilir, orada bitən ağaclar da bilir, hər daş parçası bilir. 

Allahın yaddaşından heç nəyi silmək olmaz!



Ulucay Akif




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK