Qazilərin etirazına baxıram. Yolu bağlayıblar. Onlara dəstək olmaq üçün xeyli adam da gəlib. Polislər də var. Birinin üzü qan içində, o biri kantuziyalıdı, başına döyür, qışqırır, o biri nəsil-kök qoymayıb söyür. Oradakı qazilərin həqiqi olub-olmadığını qoyuram bir qırağa. Bir realçı "jurnalist" danışır ki, bunu şil-küt ediblər, gözünün də biri bir azca əzilib. Danışır və kadr dəyişir. Bayaq dil-dil ötən bizim bu jurnalist özünü yıxıb yerə, ağzı üstə uzanıb, arabir yalandan ağzını tərpədir, gözünü əsdirir. Diqqətimdən yayınmadı, qazilər də, elə adamlar da bu "jurnalist”ə kömək etmirlər. Hamı haqqını tələb etməyin, dərdini dilə gətirməyin hayındadı. Deyəsən, o "jurnalist”in artistlik etdiyinin fərqində idilər. Həqiqətən, bu artistlik kimə lazımdır? Hə? Əyninə geyindiyi köynəyin üstündə də İlqar Məmmədovun şəkli var. Deyəsən, bizim bu "jurnalist” İlqar Məmmədovu reklam üçün sərilmişdi yerə.
Sözümün canı var. Burdan müxalifətçilərə və onların jurnalistlərinə səslənirəm. Bu cür etirazlara bir insan kimi də, jurnalist kimi də gəlmək azadlığınız var. Amma xahiş edirəm, gəlin, çəkin, suallarınızı verin, gedin. Daha belə artistliklər edib camaatın etirazının ciddiliyini itirməyin. Ki, sizə görə onların üstündən xətt çəkməsinlər.