ANA SƏHİFƏ / YAZARLAR

UTANIM YERİNƏ, AY TÜRKİYƏ!

(İran kosmosa canlı göndərdi)

16897    |   2010-02-05 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Evdə 8 uşaq olmuşuq. Amma çox qəribədi ki, atam yalnız mənimlə ilgilənib. Hərçənd ki, böyüyəndə gördüm ki, atam o biri övladlarını məndən çox istəyir. Yəni balaca qardaşımın iki maşını olanda, mənim özüm Bakıda piyada gəzirdim, avtobuslarda gəzirdim. Hətta bir dəfə üzümə üz salıb atama dedim ki, o maşınların birini mənə ver, vermədi. Və mənə ilk maşını Məmməd Araz aldı.
   
   Atam uşaqlıqdan həmişə mənimlə fəxr edərdi. Əvvəla, "5"lə oxuyardım, dərslərimi yaxşı bilərdim və sair və ilaxır. Və orta məktəbi bitirənədək atam o 7 uşaqdan heç birindən necə oxumaqlarını və ya niyə zəif oxuduqlarını sormadı. Həmişə məndən soruşardı, qiymətlərimi də, dərslərimi də. Və bilmirəm niyə? Və atam ömründə bir dəfə mənə sillə vurdu, nədi-nədi attestat alanda gördü ki, rus dilindən "4" almışam. Bu, atamın məni orta məktəbi qurtarmaq münasibətilə təbriki idi. Bunu niyə yazıram? Mən orta məktəbə gedəndə artıq nəinki kiril əlifbasını, həm latın, həm də ərəb əlifbasını bilirdim. Bunu mənə atam öyrətmişdi.
   
   Atam fars dilini çox gözəl bilirdi. Nizamini orijinaldan oxuyurdu. Və həmişə evimizdəki radiolardan biri İran dalğasının üstündə olardı. Nə vaxt açardım fars dilində danışardılar. Və mənə də fars dilini öyrətməyə çalışırdı. Və mən də çox vaxt atam evdə olmayanda radionu açardım İran musiqisinə qulaq asardım, İran verilişlərini dinləyərdim. Açırdın radionu: "İnco Tehran, sədaye İran. Bərnameyi..." Məndə farslara qarşı məhəbbət yaranmışdı. İran radio kanalları bizim evlərimizə girə bildiyi halda Türkiyənin radio kanalları girə bilmirdi, vururdular, çox çətinliklə eşidirdim: "Burası İstanbul. Sayın dinləyicilər..."
   
   Nədənsə Sovet hökuməti İrana qulaq asmağa bizə icazə versə də, Türkiyəyə qulaq asmağa icazə vermirdi.
   
   Və mən atamın xoşuna gəlmək üçün onun evə gəldiyi saatlarda dərhal radionu açardım. Kişi evə gələndə görürdü ki, İran radiosuna qulaq asıram.
   
   Bir gün atam dedi ki, oğlum, İrana az qulaq as. İndiki kimi yadımdadı, uşaq idim. Dedim, ata, bəs biz azəriyik, azərilər fars deyil? Dedi ki, oğul, biz azəri deyil, türkük. Soruşdum, bəs onda niyə həmişə İrana qulaq asırsan? Dedi, oğlum, mən fars dilini unutmamaq üçün məcburam buna qulaq asmağa. Çünki Ağcabədidə və ya Ağdamda mən kiminlə fars dilində danışım ki, dil yadımdan çıxmasın.
   
   Və atam mənə Fars rejiminin İrandakı azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan, Səttar xan hərəkatından, Xiyabani hərəkatından, Cənubi Azərbaycanda yaranmış Demokratik Respublikadan, Söhrab Tahirdən, Məhəmməd Biriyadan o qədər şeylər anlatdı ki... Və bu gün də Söhrab Tahir mənim gözümdə Nazim Hikmət qədər yüksəlmiş bir şairdi. Məhəmməd Biriya mənim gözümdə Məhəmməd Hadi taleyi yaşamış bir şairdi.
   
   Pişəvəri haqqında danışdı. Dedi ki, oğlum, Pişəvəri avtomobil qəzasına düşmədi, öldürüldü. Öldürülmə nədənlərindən danışdı. Bir dəfə danışmadı, dəfələrlə danışdı.
   
   Və atam bizə həmişə çox qəribə nağıllar danışardı. Mən ağlım kəsənədək elə bilirdim ki, bunlar nağıldı. Ağlım kəsəndən sonra gördüm ki, bunlar nağıl deyil, tarixdi. Atam bizə söylədiyi nağıllarda Boz Qurddan danışardı, Çingiz xandan danışardı, Arqun şahdan danışardı, Baburdan, Teymurləngdən danışardı, Fateh Məhəmməddən, Sultan Süleymandan, Sultan Səlimdən, Nadir şahdan, Qacardan danışardı.
   
   Və sonra mən böyüdüm, özüm də adam oldum, özümün də övladları oldu və mən də övladlarıma mənasız "Məlikməmməd" nağılı, "Ağ atlı oğlan" nağılı danışmadım, atamın danışdıqlarını danışdım. Və uşaqlarım da həmişə deyirdi ki, indi də deyir, biz Qurddan doğulduq, biz Çingiz xanın torunlarıyıq, İstanbul bizim paytaxtımızdı, Bakı ürəyimizdi, Ağdam, Şuşa da göz bəbəyimizdi.
   
   Uşaqlar Məmməd Arazın torunu olduqlarını anlayandan sonra ürək sözünün yerini dəyişib dedilər ki, Naxçıvan bizim ürəyimizdi. Bilmirəm bunu babalarının xoşuna gəlmək üçün deyirdilər, yoxsa elə belə də düşünürdülər. Artıq yekə kişidilər, mən onlara dərs verə bilmərəm. Naxçıvan da bizim ürəyimizdi, Gəncə də, Qazax da, Lənkəran da və sair və ilaxır.
   
   Niyə belə bir ön söz yazdım? Atam məni ağlımın ilk kəsimində bir türk kimi böyütdü, mənə Ziya Göyalpın kim olduğunu anlatdı, Atatürkü anlatdı, Türkeşi anlatdı, Nazim Hikməti anlatdı, Mehmet Akif Ərsoyu anlatdı, Yunis Əmrəni anlatdı, Rəşad Nuri Güntəkini oxutdu, Yaşar Kamalı oxutdu, Əziz Nesini oxutdu və sair və ilaxır.
   
   Və mən görmədiyim Türkiyəni heç vaxt görə bilməyəcəyim Tanrı qədər sevdim. Türkiyə adı gələndə dodağım beş yerdən parçalandı. Çətinliklə olsa da "Burası İstanbul. Burası Ankara..." dinləməyə başladım. Və bu gün də Nazim Hikməti Səməd Vurğunun şeirləri qədər bilirəm, Nəsiminin, Füzulinin şeirləri qədər bilirəm. Mirzə Cəlil, Sabir kimi bilirəm.
   
   Hərdən Rəşad Məcidlə səfərə çıxırıq. 4-5 saat avtomobildə gedirik. Və bu 4-5 saatda Nazim Hikmətdən, Mehmet Akifdən, Yunis Əmrədən, Fazil Hüsnü Dağlarcadan və sair və ilaxırdan şeirlər oxuyarıq və yarışarıq. Adətən mən uduzuram, bəlkə Rəşad Məcid məndən cavandı, ona görə. Bəlkə də Rəşad Məcid məndən çox onları sevir, ona görə! Fərq etməz!
   
   24 saatın təxminən 5-6 saatını Türk televizyonlarındakı xəbərləri və ya mübahisəli proqramları izləyirəm. Artıq evdə mənə Türk televizyonlarındakı xəbərləri izləməyi yasaq ediblər. Bu xəbərlərdə Tükiyəni aşağılayan, Türkiyəni nüfuzdan salan, Türkiyəni gözümüzdən salan o qədər informasiyalar verilir ki, Türkiyəyə nifrət eləməyə başlayırsan. Başlayırsan yox, başlamışıq. Ölkənin bütün problemləri qalıb kənarda, elə sorunlardan konuşurlar ki, elə sorunları gündəmə gətirirlər ki, Türkiyəni o qədər aşağılayırlar ki, dəhşətə gəlirsən.
   
   Ermənistan 1 milyard para xərcləsə də Türkiyəni dünyanın gözündən Türkiyənin "Habertürk", "CNNtürk", "Show", "ATV" "Star" telekanalları kimi (bunlar Türkiyənin ən çox izlənən telekanallarıdı) gözdən sala bilməz.
   
   Düz üç gündür Türkiyənin bütün telekanalları Böyük Millət Məclisində baş verən bir davanı gündəmdən çıxartmır. Və XXI əsrin 10-cu ilində yenə Türkiyədə türban davası gedir. Ayıb! Ayıb! Ayıb!
   
   Tanrının 500 kilometrə vura biləcək bir fuzesini (raketini) yarada bilməyən bir Türkiyədə baş örtüyü davası aparılan zaman, türban davası aparılan zaman, türbanlı İran uzaya (bizim yazıları Türkiyədə oxuduqlarına görə də müəyyən terminləri qardaşlarımızın anlayacağı dildə yazmağa məcburuq) bir peyk göndərdi və içində də canlı vardı.
   
   Bizim sevmədiyimiz və söydüyümüz İran uçaqlarını da özü yapır, sualtı qayıqlarını da, esminoslarını da, avianosiçlərini də özü yapır. Türkiyə isə bunu ya patent kimi hazırlayır (necə İranın adını bilmədiyim bir avtomobilini, deyəsən "Samand"ı gətirib Bakıda yığırlar, guya biz avtomobil yapırıq), ya da xaricdən alır.
   
   Bəli, Türkiyə parlamentində türban üstə dava düşəndə türbanlı İran uzaya peyk göndərdi, içində də canlı.
   
   
   
   Görkəmli şairimiz Şahmar Əkbərzadə necə yazır:
   
   
   
   Utanım yerinə, ay utanmayan!
   
   
   
   Utanım yerinə, ay Türkiyə!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK