"Gələcək çalışqan olanlarındır”.
Atatürk
"Hal, keçmişin toplamı, gələcəyin toxumudur”.
Alpaslan Türkeş
Azərbaycan dövlətinin 1918-ci ilin 28 Mayıs günündə yaranması prosesinə və bu sürəcdə yaranan olaylara hər bir şəxs öz güzgüsündən baxır. Bu təbii haldır, çünki hər insan Tanrı tərəfindən ayrı-ayrı xarakterlərdə və düşüncələrdə yaradılıb. Mən Azərbaycanın yaranması məsələsinə ulu babalarımızın azadlıq və müstəqilliklə bağlı gənətik mirası pizmasından baxıram.
İsadan (Era) Qabaq 53-cü ildə Şərqi Hun xaqanı Huhanyəh böyük qardaşı Çiçi xan ilə taxt mübarizəsinə girişmiş və məğlub olmuşdu. Ehtirasını cilovlaya bilməyən Huhanyəh məğlubiyyəti qəbul edə bilmir və öz ətrafında olanları toplayıb məşvərət eləyir ki, Çinin hakimiyyətini qəbul etsinlər, çünki onun xaqan olmasına icazə verilməyib. Deməli ona görə əzəli və əbədi düşmən olan Çinin boyunduruğu altında yaşamaq böyük qardaşın hakimiyyəti altında olmaqdan daha yaxşı imiş!!! Ehtirasa bax!!! Yığıncaqda iştirak edən dövlətin qabaqcıl şəxsiyyətləri Huhanyəhə, yəni xaqanlarına qarşı bu sözlərlə cavab veriblər:
"Bu mümkünsüzdür! Hunların adət-ənənələri, cəsarəti və güclü olmağı əsas prinsip kimi qəbul etmişdir. Hər iki prinsip bizim Hun olaraq şəxsiyyət məsələmizdir. Özgəsinə tabe olmaq və ona xidmət etmək isə alçaqlıqdır. Hunlar at üstündə döyüşərək dövlətlərini yaratmış və yüzlərlə xalq arasında özlərini bu cür tanıtmışdır. Ölüncəyə kimi döyüşəcək igidlər xalqımızın içində daim vardır. Çin bugün bizdən güclüdür, ancaq Hunları özünə tabe edib diz çökdürə bilməz. Ulu babalarımızdan aldığımız dövlətçiliyimizi poza bilmərik”.
28 Mayıs 1918-ci il tarixində Azərbaycan cümhuriyyətini yaradan Məmmədəmin Rəsulzadə və silahdaşları ulu babalarımızdan aldıqları öz bayrağı altında azad və müstəqil yaşamaq ideyasını, onların tarixi mirasını həyata keçirdilər. Ancaq çağdaş Huhanyəhlər də çıxdı (Əli Heydar Qarayəv və ona uyanlar kimi) Məclisdə "Bu olmasın o olsun” tamaşasını icra edər kimi çıxışlar etdilər sonra da Moskvaya qırmızı alma yollayıb XI qızılordunu dəvət etdilər, onlar da gəlib soyqırım törədərək Azərbaycanı özünə tabe etdilər. 27 Nisan 1920-ci il tarixində XI Qızılordunun Gəncədə törətdiyi soyqırım üçün Məhməd Altunbayın xatirələrini oxumaq kifayətdir.
Çar dövründə olduğu kimi Bolşeviklər də bu işğal ilə 70 il ərzində Azərbaycanın yer altı və yerüstü sərvətlərini qarət edib apardılar, etdikləri soyğunun əvəzində də yalnızca hər beş-on ildə bir gəlib bostan iriləyən kimi ziyalı və milli şəxsiyyətləri tutub aparıb ya Nargin adasında ya bir həbsxanada güllələdilər və ya Hüseyn Cavid kimi Sibirin buzlu cəhənnəminə yolladılar. Tifaqları dağılmağa başladığı zaman da Azərbaycan öz müstəqilliyini əldə etmək fikrinə düşdüyündə öncə 20 Ocaq (Yanvar) qırğınını törətdilər sonra da Xocalı soyqırımının yaranmasına hər cürə imkanı yaratdılar, nəhayətində də torpaqlarımızın 20 faizi onların köməyi ilə işğal edildi.
Hər bir xalqın içindən xainlər, satqınlar çıxıb və çıxacaq. Türkiyədə başına Yunan fəsini geyinib "Kaş ölkəmizi Yunan ordusu tamamilə işğal etsəydi, biz yunanın boyunduruğa altında yaşasaydıq, ancaq xilafət əlimizdən getməsəydi!” deyən insanlar, əstağfurullah məxluqatlar vardır. Onların varlığı da xain və satqınların daim olduğunu, olacağını sübut edir. Atatürk, İstiqlal Savaşını yeridərkən "Mandaçı” deyilən insana oxşarlar vardı və onlar İngilis hakimiyyətini qəbul etməyin daha yaxşı olacağından müdafiə edirdi. İndi İngilis və ya Amerikan, ya da Rus hakimiyyətini istəyənlər yoxdurmu, əlbətdə vardır, olacaqdır da, lakin bir şey yaddan çıxarılmamalıdır. Gen təbii olaraq öz işini həm müsbət həm də mənfi mənada görür, ancaq təlim-tərbiyə insanın şəxsiyyətinin kamilləşməsində əsas ünsürdür. Atatürk ona görə "Müəllimlər yeni nəsil sizin əsəriniz olacaqdır” deyərək müəllimlərin ölkənin, vətənin və dövlətin taleində nə boyda önəmə malik olduğunu vurğulamışdır.
Bu düşüncədən hərəkət edərək dövlət rəhbərlərimiz və böyüklərimiz mənə görə bir şeyə hədsiz önəmlə yanaşmalıdır. Əgər çağdaş Huhanyəhlərin yetişməsini istəmiriksə müəllim olacaq şəxslərin şagirdlikdən etibarən seçiminə və yetişdirilməsinə xüsusi diqqət yetirməliyik. Unudulmamalıdır ki, xaqanları da, qəhrəmanları da müəllimlər yetişdirir.