ANA SƏHİFƏ / YAZARLAR

POLİSİ AŞAÜILAMAQ CİNAYƏTKARA DƏSTƏK VERMƏKDİ

Və ya general Karbışev

16768    |   2008-07-09 21:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Polisi! Bu sənsən, mənəm, qardaşımızdı, əmimiz oğludu, dayımızdı, dostumuzdu, eloğlumuzdu və ən nəhayət, millətimizdi. Səndə, məndə və ən nəhayət, bu millətdə olan nöqsanlar, təbii ki, polisdə də var. Azərbaycan Polisinin 90 illiyini qeyd eləsək də, əslində bugünkü müstəqil Azərbaycan dövlətinin polisi 16-17 ildi formalaşmaqdadı. Biz necə formalaşırıqsa, polis də elə formalaşır, biz deyəndə, yəni millət.
   
    Azərbaycan Polisi! Sənin, mənim, bu millətin əmin-amanlığını qorumaq üçün, rahat yaşaması üçün, ölkədə ictimai asayişi mühafizə eləmək üçün gecə-gündüz cinayətkarlığa qarşı mübarizə aparır, özünü güllə qabağına atır ki, o güllə sənə, mənə, balalarımıza dəyməsin. Özünü güllə qabağına atır ki, biz bu ölkədə, bu şəhərdə rahat yaşayaq, rahat gəzə bilək. Özünü güllə qabağına atır ki, dövlət sarsılmasın. Rusiyada olduğu kimi, Azərbaycanda da ölkəni Kriminal Aləm idarə eləməsin.
   
    Elə lap bu il Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin 34 yaşlı polkovnik-leytenantı narkotika qaçaqmalçıları ilə mübarizədə şəhid oldu. Sabunçu rayonu ərazisində, gərək ki, Maştağada iki polis zabiti cinayətkarı həbs etmək istərkən öldürüldülər. Elə lap bu yaxınlarda Suraxanı rayonunda cavan bir polis zabiti cinayətkarlar tərəfindən qətlə yetirildi. Bu faktların sayını artırmaq olar. Onların da ailələri vardı, övladları vardı, onlar da yaşamaq istəyirdilər, balaları ilə oynamaq istəyirdilər. Amma bu dövlətin, bu millətin rahat yaşaması üçün, bizim balalarımızla oynamağımız üçün öz canlarını qurban verdilər. Və hər il neçə-neçə polis əməkdaşı cinayətkarlara qarşı mübarizədə canını beləcə qurban verir. Amma oturaq qəzetləri bir araşdıraq, görək bu qəhrəman polislər haqqında bir məqalə, bir oçerk yazılıbmı? Mətbuatımız onların ailələrinə bir təsəlli veribmi? Onları bu millətə tanıdıbmı?
   
    Qobustan həbsxanasında baş verən məlum olaylarda bir polis əməkdaşı girovları azad eləmək üçün özünü girov qoydu. Özü də idmançı, Qarabağ müharibəsinin qəhrəmanı, gərək ki, iki övladı da vardı. Və cinayətkarlar tərəfindən qətlə yetirildi. Həmin vaxt qəzetlər orda ölən məhbuslar haqqında bəlkə yüzdən çox məqalə yazdılar, yas yerlərindən reportajlar dərc elədilər, ailələrindən palaz-palaz müsahibələr aldılar, amma həmin qəhrəman polis haqqında heç nə yazmadılar. Niyə? Çünki polis idi. Çünki vəzifə borcunu yerinə yetirirdi. Vəzifə borcunu yerinə yetirərkən öldürülmüşdü. Çünki öz həyatını qurban verib neçə girovun həyatını xilas eləmişdi. Ondan yazmaq olmaz. Çünki o, polisdi. Bizim də vəzifəmiz polisi aşağılamaq, polisə olmazın böhtanını atmaq, polisin nüfuzuna zərbə vurmaq və cinayətkarlara meydan açmaqdır. Və fikirləşmirik ki, polisi aşağılayıb cinayətkarlara meydan açmaqla sabah özümüz hansısa bir cinayətin qurbanı ola bilərik və oluruq da.
   
    Suraxanıda cinayətkarlar cinayət-axtarış inspektorunu qətlə yetirəndə mən xaricdəydim. Bu xəbəri eşidəndə çox pis oldum. Hətta bir-iki gün özümə gəlmədim. Dostlar hamısı soruşurdu ki, sənə birdən-birə nə oldu? Dedim, bəs bir polis zabitini güllə ilə vurublar. Soruşdular ki, qohumundu? Dedim , yox. Dedilər, onda niyə belə bərk dilxor olursan? Dedim, mənim də o yaşda oğlum var, polis zabitidi və onun yerində mənim də oğlum ola bilərdi. İkincisi də ki, təzəcə evlənmiş bir polis zabiti öldürülüb, buna necə biganə qalmaq olar? Mənim nəzərimdə polisə atılan hər bir güllə bu dövlətə, bu millətə atılır. Dövlətinə və millətinə güllə atırlarsa bu səni necə yandırmaya bilər?!
   
    Bu yazını niyə yazdım? Bu günlərdə Gəncədə polis bir qadını incidib. Bu nə qədər doğrudur-yalandır, bu başqa məsələ. Həmin qadın da gəlib Bakı Beynəlxalq Mətbuat Mərkəzində böyük bir mətbuat konfransı keçirib.
   
    Yeri gəlmişkən, bu yaxınlarda BMM-də dünyasını dəyişmiş görkəmli bir şair və alimin çox qiymətli bir kitabının təqdimat mərasimi idi. Əvvəlcədən qəzetlərdə elan da verilmişdi. Cəmi 7-8 qəzetin əməkdaşı iştirak edirdi təqdimat mərasimində. Kimə lazımdır ey, qiymətli kitab, hansısa bir şair, alim. Ona görə zal boş idi. Həmin təqdimat mərasimindən əvvəl zalda bir küçə müğənnisinin bir cındır klipinin təqdimat mərasimi idi. Bəlkə 70 qəzetin nümayəndəsi vardı, amma həmin qəzetçilər böyük bir şairin, alimin kitabının təqdimat mərasimində iştirak eləmədilər. Nələrinə lazım!
   
    Bəli, həmin mətbuat konfransında ölkədə çıxan və çıxmayan bütün qəzetlərin nümayəndələri iştirak edib. Sonra da çıxan qəzetlər səhifə-səhifə materiallar dərc elədi, çıxmayanlar da bazar söhbətləri. Eləsinlər, sözüm yox.
   
    Amma heç bir qəzet qarşı tərəfi dinləmədi. Qarşı tərəfdən bir aydınlatma istəmədi. Qadın nə demişdisə, birinin də üstünə beşini qoydular sırıdılar millətə.
   
    Bununla da işim yoxdu. Mən bu qadının "başına gətirilənləri" oxuyanda dəhşətə gəldim. İlahi, bu qadına nə işgəncələr veriblər? Və özü də hamısına dözüb. 20-ci illərin kommunistlərində belə dözüm mümkün deyil. Heç Ştirlitsə də o cür cəza versəydilər bütün dövlət sirlərini açıb tökərdi ortalığa, dözə bilməzdi. Amma bu qadın dözüb. Əvvəl deyir, dırnağımı çıxartdılar, sonra baxıb görür dırnaqları yerindədi, deyir, çıxarmadılar ey, çıxarmaq istədilər. Allah, sən saxla.
   
    Bu məqaləni oxuyanda yadıma general Karbışev düşdü. Biz orta məktəbdə oxuyanda bu general haqqında dərslikdə yazırdılar. Deməli, faşistlər bu generala dünyadakı bütün işgəncələri verirlər, amma ondan söz qopara bilmirlər. Axırda qışın sazağında düşərgənin ortasında soyundurub bir ağaca bağlayırlar, sonra yanğınsöndürən maşınlarla üstünə su vururlar. Və general buz heykələ dönür. Və uzun müddət elə düşərgənin ortasında eləcənə qalır.
   
    Və qadının açıqlamalarını oxuyanda gördüm ki, general Karbışev yalan imiş.
   
    Əziz qələm dostlarım, polis sənsən, mənəm, qardaşımızdı, əmimizdi, bu millətin oğludu. Səni, məni, bu milləti qoruyur. Polisi nüfuzdan salmaqla öz həyatınıza təhlükə yaradırsınız. Polisi küsdürməyin, onun da ürəyi var, onun da qəlbi var. Könlü qırıla bilər, bu çox pis ola bilər. Polis bizi qoruduğu kimi biz də polisi qorumalıyıq. Biz polisi nə qədər sevsək, polis də bizi o qədər sevəcək. Beş, on, on beş, olsun yüz yaramaz polisə görə Azərbaycan Polisinin adını ləkələməyin.
   
    P.S. Amerikada bir yazılmış, bir yazılmamış qanun var. Yazılmış qanun odur ki, polisi öldürənə qeydsiz-şərtsiz ölüm hökmü çıxarılır. Bu, yazılmış qanundu.
   
    Yazılmamış qanun da odur ki, Amerika polisi polisi öldürəni heç vaxt diri tutmur. Bunu da bütün cinayətkarlar bilir. Bilir ki, o artıq canlı hədəfdi. Yalnız MKİ-nin və FTB-nin əlinə düşənlər salamat qalır ki, onların da salamatlığı məhkəməyə qədərdir.
   
    Bu sözümdən kim nə məna istəyir çıxarsın.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK