adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YOLUMUZ HAYANADIR?

FƏRİDƏ RƏHİMLİ
24716 | 2018-09-08 00:26
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" satirik hekayəsini oxuyanda, yaxud onun əsasında çəkilmiş "Qəm pəncərəsi" filmini seyr edəndə heç ağlamısınızmı? Mən hönkür-hönkür ağlamışam. Elə ağlamışam ki, məni o halda görən mütləq başsağlığı verərdi. Bəli, ölən də vardı - millətimin dəyişəcəyinə olan ümidlərim ölmüşdü. O an düşüncəmdəki, görkəmimdəki çarəsizlik ağladırdı məni. 100 il keçməsinə baxmayaraq heç bir şeyin dəyişmədiyi, dəyişənin isə yalnız zərərimizə olduğunu görmək nə qədər ağırdı... O vaxt uşaqlarını "uşqola" verməmək üçün ot tayasının altında gizlədirdilər, indi isə pul verib imtahan kəsirlərindən qurtararaq savadsızlar ordusu yaradırlar. Yəni, sonda hər ikisi savadsızlığa cəhdin nümunəsidir.
Eşşəyin xiffətindən ölüm yatağına düşən Əhmədin: "Cəlil, mənim hayıfımı Xudayardan çıx!" deyərək ümidini ona bağlaması və filmin sonunda Cəlil Məmmədquluzadənin "Hayıfını çıxdım!" söyləməsi də məni ağlatdı. Çıxa bilmədin, böyük insan, təəssüf ki, hələ də Xudayarlar da at oynadır, Məmmədhəsən əmilər də fağır görkəmiylə onların insafa gələcəyini gözləyir, Zeynəblər indi ərəblərin qucağındadı, Kefli İskəndərlərsə xarici ölkələrə üz tutublar...
Xislətimizdə bir göstərmə bəlası, "desinlər" xəstəliyi hökm sürməkdədir. Ev alan içində rahat yaşamaqdan çox, onun "düşmən bağrı çatladan" olması üçün daha gözəgəlimlisini istəyir, maşın alan onun ayaqlarını yerdən götürsün, mənzil başına rahat çatdırsın deyə yox, "inomarka" maşınla başqalarına hava atsın deyə, uşaqlarının arzusuna əhəmiyyət vermədən "desinlər filan universitetdə oxuyur" deyə öz istədikləri məktəbə qoyması və sair. Onsuz da gənclər istədiyini seçə bilmir, çünki Avropadan tələm-tələsik, bizə uyğun oldu-olmadı, qaydalar götürmək də Avropasayağı olduğumuzu sübut etmək üçündü və məzun illərlə qəlbində yaşatdığı ixtisası deyil, əlahəzrət testin istəyi ilə qismətinə düşəni qəbul etməyə məcburdu. Və bunun nəticəsində də sevgiylə deyil, məvburiyyətlə oxumağa məhkumdular. Və sevmədikləri ixtisasın əzablı sonunu da yaşamalı olurlar. Və "səhv düşən yerimiz"də özümüz də doğru ola bilmirik, düşdüyümüz yerə görə hərəkət etmək qaçılmaz olur.
Səhiyyəmiz biabırçı gündədir. Hər gün yazılsa da, deyilsə də, yanlış əməliyyatlar (hətta sağ ayağı qoyub, yanlışlıqla sol ayağı kəsmək qədər...), həkim səhlənkarlığından olan ölümlərə elə alışmışıq ki, etirazların, şikayətlərin də bir əhəmiyyəti olmadığına artıq əmin olduğumuzdan bu biabırçılığa təslim olmuş vəziyyətdəyik. Doqquz ay həkim nəzarətində olan və həkimin bu müddətdə ananın da, uşağın da tamamilə sağlam olduğunu bildirməsinə rəğmən uşağın doğuş zamanı həkim Nailə Əzizovanın səhlənkarlığı üzündən ölməsi, qızımın güclə həyata qaytarılması haqda Səhiyyə Nazirliyinə yazdığım şikayət məktubuma gəlmiş absurd cavab da səhiyyəmizdən ümidimizi üzməmizə bir bildirişdi. Cavabda göstərilir ki, ölüm həkim səhlənkarlığından deyil. Hardan bildi bunu nazirlik, yoxlamamı apardı, uşağı otopsimi etdilər? Doqquz ay bütün tibbi apparatlardan keçirilərək hər şey qaydasındadır,- deyən həkim uşaq doğulduqdan sonra ölüm səbəbini uşaqda olan ürək çatışmazlığından olduğunu göstərirsə və bu absurd cavabı qəbul edərək millət vəkilinin yolladığı məktuba başdan edəcək cavab göndərilirsə, nə bu ölkədəki səhiyyədən, nə də onun nazirliyindən bir mədəd olmadığını sübut etmiş oldu bu məktub, ümumiyyətlə səhiyyənin varlığının şübhə altında olduğunu. Yalnız görüntü üçün səhiyyəmiz var deyirik və bunu istənilən xəstədən soruşub, sözümə haqq verə bilərsiniz. Bunu nə nazir, nə də imkanlılar bilməz, çünki onlar xaricdə müalicə olunurlar. Camaatın qanını, canını, malını, pulunu soran "həkimlər"in səhiyyə nazirini günahsızlıqlarına necə inandırmaları da şübhəlidir...
Az-az yaltaqlıqdan uzaq ziyalılarımızdan olan Rəşid Mahmudovun dediyi kimi: "Arzu edirəm ki, Azərbaycan Tibb Universitetində imtahanda tələbədən pul alıb qiymət yazan müəllimlər həmin tələbənin əlində ölsünlər".
Və hörmətli müəllimin sözünə əlavə edirəm ki, başqasına yaşatdıqlarını özləri də yaşasınlar inşaallah.
Gözəl insan Xudu Məmmədov da yaxşı oxuyan, əziyyətlə qiymət alan tələbələrə deyirdi ki, oxumayanlara da bir şey öyrədin, gələcəkdə onların əlinin altında işləyəcəksiniz...
Nə gündəyik, nə qədər davam edəcək danabaşlığımız? Hələ nə qədər "Qəm pəncərəsi"ndən baxacağıq?
Yolumuz hayanadır?..

TƏQVİM / ARXİV