hacklink Adalet.az | "Sənətlə biznes arasında seçim etməli oldum" Adalet.az | "Sənətlə biznes arasında seçim etməli oldum" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Sənətlə biznes arasında seçim etməli oldum"

9400    |   2018-02-10 00:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Polşada yaşayan azərbaycanlı Cəlal Əliyev: "Qan görən kimi başa düşdüm ki..."

"Yaşa dolduqca Bakı məni özünə
daha çox çəkir"

Müsahibim Cəlal Əliyevin cibində Polşa vətəndaşlığını təsdiqləyən sənəd, onu Varşavaya geri aparacaq təyyarəyə bileti, ürəyində isə doğulduğu Bakıya sonsuz məhəbbət var.
Əvvəlcə həkim, sonra teatr rejissoru olmaq istəyib, hətta o zamanki İncəsənət İnstitutunda bu sahə üzrə ali təhsil də alıb. Tanınmış və titullu pedaqoqların tələbəsi olub, bir müddət Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
Amma indi xarici ölkə vətəndaşıdı, Varşavada sahibkarlıqla məşğul olur. Bakının mərkəzindəki mənzilində oturub söhbətləşir, keçdiyi ömür yoluna birgə nəzər salırıq. Əsl azərbaycanlılara məxsus qonaqpərvərlik göstərir, şirin Bakı ləhcəsi ilə maraqlı əhvalatlar danışır, arada pianonun arxasına keçərək mahnılarımızı ifa edir.

- Daha yaxından tanımaq istəyənlərə özünüzü necə təqdim edərdiniz?
- 1964-cü ildə Bakıda doğulmuşam. Əvvəlcə 19 saylı orta məktəbdə oxumuşam, sonra ailəmiz Bakının mərkəzinə köçdü və mən təhsilimi 190 saylı məktəbdə bitirməli oldum.
- 190 saylı məktəbin məzunları arasında məşhur insanlar çoxdur, bəs siz hansı sahədə tanınmaq istəyirdiniz?
- Yuxarı siniflərdə oxuyanda Tibb İnstitutuna hazırlaşırdım, gələcəyin həkimi kimi xəyallar qururdum. Ona görə də məktəbi bitirən kimi qısa bir müddətdə Təcili Yardım Stansiyasında çalışmağa başladım. Amma o qədər qan gördüm ki... fikrimi dəyişdim, dedim məndən həkim olmaz. Hərbi xidmətdən qayıdandan sonra İncəsənət İnstitutunun rejissorluq fakültəsinə sənəd verdim və elə birinci cəhddən qəbul olundum.
- Həkim olmaq istəmədiniz, səbəbini bildik. Bəs niyə məhz rejissorluq fakültəsi?
- Bizim dövrün uşaqları, gəncləri mədəniyyətlə, incəsənətin müxtəlif növləri ilə yaxından maraqlanırdı. Mən də ədəbiyyatı yaxşı bilirdim, teatr, kino aləmi barədə məlumat toplayırdım. Nəzərə alın ki, 19 saylı məktəbdə ədəbiyyat müəllimim görkəmli şairimiz Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım müəllimə olub. Gülxanım müəllimə bizdə dünya və Azərbaycan ədəbiyyatına, mədəniyyətinə dərin maraq oyadıb.
- Bildiyim qədəri ilə institutda sizin kursa "Əliyevlər kursu" deyirmişlər...
- Həmin il rejissorluğa 3 nəfər qəbul olunmuşduq - Şamil, Əlyar və mən. Üçümüzün də soyadı Əliyev olduğundan kursumuzu belə adlandırırdılar. II kursda sıramıza bir nəfər də qoşuldu-bu gün Xalq artisti kimi yaxşı tanınan Azər Zeynalov. Kurs rəhbərimizlə bağlı da maraqlı vəziyyət yarandı, Azərpaşa Nemətovun kursuna qəbul olunduq, sonrakı illərdə bizə Əşrəf Quliyev, Hüseyn Sultanov və Ağakişi Kazımov dərs dedilər, sonuncu kursa yenə Azərpaşa müəllim rəhbərlik etdi.
Diplom işimi Mingəçevir Dövlət Dram Teatrında Abdulla Şaiqin "Bir saatlıq xəlifə" tamaşası oldu. Təyinatımı isə Qaraçuxur Mədəniyyət evinə verdilər, mən də bir müddət işlədikdən sonra ordan ayrıldım, çünki gördüm ki, heç cür özümü bu işdə realizə edə bilmirəm. İşsiz günlərimin birində müəllimim, Xalq artisti Ağakişi Kazımovla təsadüfən görüşdüm, baş rejissoru olduğu Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmağa dəvət etdi. Bir gün sonra onunla teatrda görüşdük və elə həmin gün əmrim verildi. Həmin vaxt Ağakişi müəllim Əkrəm Əylislinin "Yazığam, sevmə məni" əsərini hazırlayırdı. Mən tamaşanın həm ikinci rejissoru oldum, həm də kütləvi səhnələrdə iştirak etdim.
- Həmin tamaşaya baxmışam, Xalq artisti Firəngiz Şərifovanın oyunu indiyə kimi yadımdadı, səhv etmirəmsə mərhum Firəngiz xanım həmin tamaşadakı Ağabəyim obrazına görə mükafat da almışdı...
- Çox maraqlı tamaşa alınmışdı, teatrın repertuarında möhkəmlənə bildi. Amma təəssüf ki, bu mənim teatrda sonuncu işim oldu.
- Niyə?
- Səbəblər çox idi. İndi onları sadalamaq istəmirəm.
- Yenə də olsun...
- Etibar, sənin yaşın 90-cı illərin əvvəllərini xatırlamağa imkan verir, necə mürəkkəb bir dövrdən keçdiyimiz yəqin yadındadı. Vəziyyət elə idi ki, insanlar teatr barədə düşünəcək durumda deyildilər. Zalda 20 tamaşaçı görəndə teatrımızın işçiləri az qala bir-birilərini təbrik edirdi. Teatr işçilərinə verilən maaş adi gündəlik tələbatımızı belə ödəmirdi. Artıq ailə qurmuşdum, iki övladım var idi, gördüm ki, belə vəziyyətdə yaşamaq çətin olacaq, ona görə başqa yollar axtarmağa başladım, əntiq əşyaların satışı ilə məşğul oldum. Sərhədlər açılmışdı, sovet dövründən fərqli olaraq xaricə çıxışımız asanlaşmışdı, mən də alış-veriş məqsədi ilə tez-tez Polşaya gedirdim. Bu da teatrımızın direktoru ilə aramızda narazılıq yaratdı. Rəhmətlik Kamal Əzizov nizam-intizama çox ciddi önəm verən adam idi, mənə dedi, ya sənət, ya biznes. Mən də ikincini seçdim, çünki özümü incəsənətə qurban vermək istəmədim. "İncəsənət qurban tələb edir" şüarını heç vaxt bəyənməmişəm. 1996-cı ildən birdəfəlik Polşaya köçməyi qərara aldım.
- Bəs niyə məhz Polşanı seçdiniz? Mən biləni ora biznes qurmaq istəyən azərbaycanlılar üçün o qədər də populyar və cəlbedici deyil...
- Polşanı mən seçmədim, belə demək mümkünsə, Polşa məni seçdi. Oradakı dostlarım, biznes mühitində tanıdığım insanlar Varşavaya köçməyimi istədilər. Rəsmi oturum iznini isə 2004-cü ildə aldım. Buna qədər isə artıq iş-gücümü yoluna qoya bilmişdim. Varşavada xalça mağazam, mənzilim var idi.
- İndi artıq Polşa vətəndaşısınız...
- İki ölkənin vətəndaşıyam. 2012-ci ildə Azərbaycan vətəndaşlığını saxlamaqla Polşa vətəndaşlığına qəbul olunmuşam. Əslində məsələ daha öncə rəsmiləşə bilərdi, bunun üçün Azərbaycan vətəndaşlığından imtina etməli idim. Mən isə bunu istəmirdim və Polşa prezidenti Lex Kaçinskiyə yazdığım müraciətlərdə bu məsələni xüsusi vurğulamışdım. Kaçinski 2010-cu ildə Rusiyada baş verən məlum təyyarə qəzasında həyatını itirdi və müraciətim baxılmamış qaldı. Yeni prezident seçilən Branislav Komorovskinin administrasiyasında çalışan dostlarımdan biri mənə dedi ki, indiki dövlət başçısı belə məsələlərə liberal yanaşır, bu dəfə məktub yazsan problem həll ediləcək. Mən də Azərbaycan vətəndaşlığını saxlamaqla Polşa vətəndaşlığına qəbul olunmağımla bağlı Komorovskiyə müraciət etdim və çox qısa bir müddətdən sonra müsbət cavab aldım.
- Bu gün sahibkarlıqla məşğul olan Cəlal Əliyevin işləri necə gedir, vergi müfəttişləri ilə dil tapa bilirsinizmi?
- Polşa sərt vergi siyasəti yeridən Avropa dövlətlərindəndir. Bu ölkədə vergi belə demək mümkünsə, vətəndaşın vicdan məsələsi sayılır. Bütün polşalılar kimi mən də vergimi vaxtında ödəyirəm və başqa qeyri-qanuni yollar axtarmağa ehtiyac qalmır.
- Dolanışığınızdan razısınızmı?
- Varşavada yaşadığım illərdə çox böyük pullar qazanmasam da, normal yaşayıram və heç bir narazılığım yoxdu.
- Doğma Bakıya budəfəki gəlişinizdə bir neçə tamaşaya baxmaya zamanınız olub, teatrlarımızın vəziyyəti necədir?
- Təkcə teatr sənəti deyil, ümumilikdə mədəniyyət aləmində bir durğunluq var. Amma bu, dünənin, bu günün problemi deyil və ya konkret kimisə günahlandırmaq doğru olmaz. Söhbətimizin əvvəlində 90-cı illərdəki vəziyyət barədə danışdıq, həmin dövrün yaratdığı fəsadların nəticələrini hələ də hiss etməkdəyik.
Baxdığım tamaşalara gəlincə Akademik Milli Dram Teatrının səhnəsində Azərpaşa müəllimin quruluş verdiyi "Ölülər"ə, gənc rejissor Mikayıl Mikayılovun hazırladığı "Müfəttiş"ə baxdım. Musiqili Teatrda İradə Gözəlovanın "Mənim günahım"a verdiyi quruluş xoşuma gəldi. Teatrın təmirdən sonrakı görünüşünə heyran qaldım. Bir zamanlar çalışdığım Gənc Tamaşaçılar Teatrında hazırlanan "Müharibə" tamaşası barədə çox eşitmişəm, təəssüf ki, budəfəki gəlişimdə baxa bilmədim. Qalsın inşallah gələn dəfəyə.
- Növbəti dəfə Bakıya nə vaxt gəlməyi planlaşdırırsınız?
- Novruz bayramı ərəfəsində gəlməyi düşünürəm. Sözün açığı, yaxın illərdə birdəfəlik Azərbaycana qayıtmaq istəyirəm. Yaşa dolduqca Bakı məni özünə daha çox çəkir, nəvələrim üçün darıxıram.
- Vətənin torpağı, suyu, havası, doğma insanları öz yerində, bəs iş-güc, dolanışıq məsələsini necə həll edəcəksiniz?
- Biznesdəki səriştəm, qurduğum əlaqələr hesabına özümə Bakıda müəyyən iş-güc qura bilərəm. Yaşayaq görək nə olur.



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-11-20
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK