ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS:Səyavuş Sərxanlını tanımayan jurnalist

26455    |   2017-12-21 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir Səyavuş Sərxanlı vardı. Əslində yenə var, ruhən aramızdadı. Şeirləri ilə, publisistikası ilə, xatirələri ilə. Tanrı ondan heç nə əsirgəməmişdi. Boy-buxun, qızqaytaran gözləri, hətta Alen Delonun həsəd apara biləcəyi bir kişi gözəlliyi, kişi yaraşığı. Səmimiyyəti, zarafatcıllığı öz yerində. Ömründə xəyanətin nə olduğunu heç vaxt bilmədi. Özü yaxın dostu tərəfindən xəyanətə uğradı, amma özü heç kimə xəyanət etmədi. Sədaqətli dost idi.

Qeyri-adi publisistikası vardı. Heç kimə bənzəməyən. 70-80-ci illərdə qələmləri heç kəsə bənzəməyən Nüsrət Kəsəmənli idi, Tofiq Abdin idi, Seyran Səxavət idi, İsi Məlikzadə idi, Möhübəddin Səməd idi, Şahmar Əkbərzadə idi və təbii ki, Səyavuş Sərxanlı idi. Və biz gənc qələm sahibləri onlardan öyrənərdik. Onlarla görüşüb çay içməyi də özümüzə şərəf bilərdik. Həmin çay süfrələrində də söhbət təbii ki, ədəbiyyatdan, incəsənətdən gedərdi və bu söhbətlər də bizə elə yazıları kimi maraqlı idi və elə bu söhbətlərdən də nəsə öyrənirdik. Və bir də bunların bir xasiyyəti vardı gənclərə çox diqqətli idilər. O vaxt gənclər üçün mətbuatda çap olunmaq kosmonavt olub Aya uçmaq kimi bir şey idi. Və bu adlarını sadaladıqlarım gənclərin Aya uçmağından ötəri hətta baş redaktorları ilə dava da edirdilər. Bu gün Azərbaycanda imzası tanınan çox məşhurlara dayaq durmuşdular. Və elə içi mən qarışıq.

İntizarla gözləyirdik ki, «Ulduz» jurnalı nə vaxt çıxacaq, Səyavuş Sərxanlının yeni bir yazısını oxuyacağıq. «Qobustan» jurnalının köşklərdə altdan satılan vaxtları idi, «Ulduz»un da 80-100 min tirajla çıxan vaxtı. İkicə gün geciksən tapa bilməzdin. Səyavuş Sərxanlının «Ulduz»da bir rubrikası da vardı: «Ölüm sevinməsin qoy». Bu rubrika altında yazdığı yazılarda Səyavuş adamın ciyərini çəkib çıxarırdı. Amma bilmirəm Səyavuş haqq dünyasına qovuşanda onun haqqında da belə bir yazı yazdılarmı? Səyavuşun həmin yazıları bir ailəyə yox, bir nəsilə təsəlli idi. Bu rubrika altında əsasən həyatdan vaxtsız getmiş istedadlı, qeyri-adi adamlar haqqında yazardı. Özü də həyatdan vaxtsız getdi, özü də çox istedadlı və qeyri-adi bir şəxs idi. Əzrayıla çox meydan oxudu deyin, sonda Əzrayıl ondan öz intiqamını aldı.

Bu yazını niyə yazdım? Jurnalistikamıza, ədəbiyyatımıza çox istedadlı gənclər gəlir. Adam sevinir. Amma baxırsan bu gənclərdə çox çatışmayan şeylər də var. Bunlar müasir dünya ədəbiyyatını oxuyurlar – Markesdən başlayıb Murakamidə qurtarırlar, Kafkadan başlayıb Nitsşedə. Çox gözəl.

Bəxtiyar Vahabzadənin «Yağışdan sonra» adlı bir pyesi var. Ata fəxrlə deyir ki, mənim qızım «Nyu-York tayms»ı oxuyur. Önündəki adam da qayıdır ki, «Azərbaycan gəncləri»ni də oxuya bilirmi? Yəni söhbət burda «Azərbaycan gəncləri» qəzetindən getmir, yəni şair onu demək istəyir ki, barı, Azərbaycan dilində bilirmi?

Dünya ədəbiyyatını bilmək çox gözəldi. Amma öz ədəbiyyatını, klassiklərini oxumamaq, bilməmək çox pisdi.

Qəzetimizdə iki istedadlı gənc çalışır: Sübhan Mahmudov və Oğuz Ayvaz. Zəhmətkeş uşaqlardı. Oğuz Ayvazla söhbətimi çatdırım. Bir gənc kimi şairliyinə söz ola bilməz, yaşıdlarının içində öndə gedənlərdəndi. Jurnalist kimi də qələmi pis deyil.

- Oğuz, Mirzə Cəlili oxumusan?

- Poçt qutusun.

- Bəs, felyetonların?

- Xeyr.

- Haqverdiyevi oxumusan?

- Xeyr.

- Üzeyir bəyi oxumusan?

- Xeyr.

- Bəs, Sabiri necə?

- Bir az.

- Publisist olmaq istəyirsən də?

- Bəli.

- Səyavuş Sərxanlını tanıyırsan?

- Xeyr, o kimdi?

- Görkəmli publisistdi, görkəmli şairdi.

- İlk dəfə eşidirəm.

- Oğul, Mirzə Cəlili oxumamısan, Haqverdiyevi, Üzeyir bəyi, Əli bəyi oxumamısan. Səyavuş Sərxanlını tanımırsan, Tofiq Abdini tanımırsan, səndən əjdaha publisist çıxacaq!

Deyəsən, son zamanlar oxumağa başlayıb.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK