ANA SƏHİFƏ / YAZARLAR

Nətərsən?

Nicat Novruzoğlu

9945    |   2017-10-25 17:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu söz əsasən Qarabağda işlənir. Qarabağın leksikonuna daxildir. Daha dəqiqi "necəsən" sualının Qarabağ variantıdır. Biz qarabağlılar salamlaşanda "nətərsən"- deyib qarşı tərəfin kefini-əhvalını soruşuruq. Telefonun o başından "nətərsən" sualı gələndə də artıq bilirsən ki, bu qarabağlıdı.

"Nətərsən" sözü yazılışda nətəhərsən yazılır. Amma deyiləndə nətərsən deyirik.

Bu gün bir dostum olmasa da yoldaşdan yaxın bir tanışım mənə zəng vurmuşdu. Telefonu açan kimi soruşdu: "Nətərsən qaqa?"

Mən ona artıq nətərsənə illərdi verdiyim cavabı verdim, - yaxşıyam. Adət etdiyim bir cavabdır. Bəzən telefonun o başındakı "nətərsən" yox, "neynirsən" deyənə də adətkarlığımdan çaşıb yenə də yaxşı olduğumu deyirəm. Bəlkə də bizim ən çox eşitdiyimiz söz, sual elə nətərsəndi.

Zəng vuranla söhbətimiz uzun çəkdi. Bu söhbətdə nətərsənlər çox oldu. Üzünü nə vaxtdı görmədiyi insanlardan söhbət düşdükcə soruşurdu ki, nətərdi.

Danışıb qurtardıq və mən bir anlıq bu nətəhərlərin içərisində boğula-boğula fikrə getdim - mən nətərəm?..

Bu səhər bütün səhərlərim kimi yuxudan durdum. Suyumuz gəlmirdi...

Masaya əyləşdim. Səhər-səhər televizorda səhər yeməyindən danışırdılar. Şou biznesin səhər yeməyinə bal, qaymaq, zeytun və hətta ikra da daxildir. Bunu şou biznesin nümayəndəsi ekranda söyləyirdi. Bu onun səhər masasının təqdimatı idi. Mənim isə masamda pendir var idi, yağ yox...

Maşınımı "xodlayan" kimi gözüm ilk olaraq benzinin sayğacına baxır. Hələki qırmızı yanmır...

Gedirəm dostların yanına, günümü keçirməyə. İşsizlikdi. Son vaxtlar çox müzakirə olunan maşında danışan sürücüyə cəza söz-söhbətlərinin yaratdığı 40 manatlıq cərimə qorxusundan heç içimdə də özüm-özümlə danışmıram...

Xəbərlərə baxıram. Diqqətimi biri çəkir. Dövlət qulluğu sahəsində 8 minə yaxın boş yer var. Mən də dövlət qulluğunun kiçik müşaviriyəm. 3 ildir ki, iş tapa bilmirəm. Niyə? Ona görə ki...

Keçirəm sosial şəbəkələrə. Oğlu şəhid olmuş atanın bükülmüş, büzüşmüş şəkili...

Telefonuma zəng gəlir. Tanımadığım şəhər nömrəsidi. Bəlkə vakant kadr kimi mənə o 8 min boş iş yerindən birini verəcəklər. Zəngi açıram. Bankın kredit şöbəsindən imiş zəng...

Qayıdıram evə. Yolüstü girirəm böyük marketlərimizdən birinə. Ərzaq arabasını götürüb içəri keçmək istəyirəm. Amma arabaya baxıb arabadan utanıram. O irilikdə arabaya necə bir çörək, bir makaron, bir də övladlarım üçün iki "kinder" qoyum?..

Artıq evimə çatıram. Benzin sayğacının qırmızısı gözümü deşir.

Qapımızda iki qəbz. İşıq 22 manat, qaz 36 manat. Bəs suyun niyə qəbzi gəlməyib. Noolsun ki, suyumuz səhər gəlmirdi?..

Yenidən televizor. "Maşın şou" gedir. Səs topla və çıxar rəqibini...

Kanalı dəyişirəm. İqtisadi inkişafın statistik göstəriciləri...

Eyvana çıxıram. Ay yoxdu. Göyün üzü tutulub...

...Hansısa dostum və ya yoldaşım bu yazını oxuyub yenə zəng vuracaq. Və gülə-gülə soruşacaq - nətərsən? Mən yenə də deyəcəm - yaxşıyam. Bütün yalanlarım yalan olmasın deyə yenə də alladacam onu.

Bir belə yalan danışmamışdım mən. Təkrar-təkrar verilən bir suala hər dəfə də yalan cavab verməkmi olar? Yalanım üçün qınamayın məni. Çünki özüm də bilmirəm ki, mən nətərəm. Bilmədiyim üçün, bəlkə də bilib içimdə boğduğum üçün yaxşıyam deyib həmişə alladacam Sizi.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK