ANA SƏHİFƏ / RUBRİKA

"Bu yuxu Allahın yuxusudur" - YUXU QAPISI

64530    |   2017-06-16 13:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar Çinarə Ömraydır. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Mən hərdən elə düşünürəm ki, bu dünya da yuxudur. Hər şeyin belə olması mümkün deyil. Bir gün nə vaxtsa bu adamlar oyanmalıdır. Bəlkə də bu Allahın yuxusudur. Bizlər də onun yuxu qəhramanlarıyıq. Axı möcüzələr çox vaxt yuxularda baş verir. Bir də qışqırırsan səsin heç kimə heç hara çatmır, yolda qırılıb tökülür yerə. Axı bu yuxunun əlamətidir eyni zamanda da biz bunu yaşayırıq. Çox yəqin ki, biz kiminsə yuxusuyuq. Eyni zamanda maraqlı olan odur ki, yuxu içində özümüz də yuxu görə bilirik.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Plan qurmuram amma onun təsiri ilə gün boyu xoşbəxt ola bilirəm. Məsələn hansısa gözəl bir yuxu gün boyu məni öz ovqatında saxlaya bilər. Uşaq vaxtı daha çox serial yuxular görürdüm bu möhtəşəm idi. Məsələn bu gün gördüyüm yuxunun ardını sabah yatanda görürdüm. Günüm solğun, monoton olduğu üçün həvəslə axşamı gözləyirdim ki, yuxumun ardını görüm. Amma günorta nə qədər yatsam da görmürdüm. Qəribə bir şey idi bu. İndi elə şeylər olmur. Bəlkə də onda uşaq idim beynimi bu tip şeylərdən başqa məşğul edən nəsə yox idi. İndi beynimizdə əlli min problem dövr edir. Heç günorta yediyimizi axşam unuduruq, qalmışdı dünən axşam gördüyümüz yuxunu...

-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Mənim üçün ən doğma olan babamla nənəmdi. Onları çox az görürəm yuxuda. Daha çox problemim olanda, kimsə məni incidəndə yuxuda başımı nənəmin dizinə qoyub uzandığımı görürəm. Bütün ruhum dincəlir onda. Oyananda daha gümrah, daha mübariz oyanıram. Amma yuxuda görüb sonra doğmalaşdığım adamlar da olub.

-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Yox. Kitablara filan üz tutmuram. İnanmıram onlara. Məncə hərənin yuxusunun öz həyatına uyğun yozumları var. Bunun üçün gərək hərənin özünə məxsus kitabı ola. Yozum filan axtarmıram sadəcə özümü buraxıram o yuxunun ağuşuna. Hara apara apara...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanıram. Balaca olanda yuxu haqqda belə düşünürdüm ki, bir qatar var adı yuxu qatarıdır. Gecə hamı yatandan sonra gəlir ruhlarımızı mindirir o qatara və gedir yuxular aləminə. Yolda hərənin ruhuna uyğun olan bir yerdə düşürdür. Sabaha yaxın yenidən gəlib düşürdüyü kimi yığır və ev ev hərənin ruhunu düşürdüb özünə qaytarır. Kimisi oyananda yuxusunu xatrlamaz. Bunu da onla əlaqələndirirdim ki, ruh bilir ki, bədəni onu və görüb danışdıqlarını anlamayacaq, ona görə də gedib gördüklərindən ona heç nə danışmaz.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Aha, bəzən gördüyüm nəyisə eynisi ilə həyatda qarşılaşıram. Film kimi. Sanki bu səhnəni nöqtəsinə qədər görmüşəm. Ya da gördüyüm yuxuya uyğun günümün necə olacağını özüm təyin edə bilirəm. Və ya tam əksinə o yuxu üzərində qururam günümü.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Bu gün yenə görüşdük. Üzündəki ilıq, rahatverici təbəssüm adamın ruhunu sarır. Yenə o danışır, yenə mən baxırdım. Günlərlə onun bu halına baxmaqdan doymaram. O çox yaxşıdı. Çoxun çoxu.
Oturduğumuz yerdən üzü yuxarıda işlənməyən dəmir yol xətləri vadı. Ondan yapışıb relslərin üstü ilə addımlayıram. Oranın qəribə bir səssizliyi var. Sanki sükutun qulağı səsdədirki indi qatar gəlib onu darıxmağın əlindən alıb aparacaq. Dəmir relslərin üstündə oturub boylanırdı, əsgər yolu gözləyən qız kimi üzü stansiyaya sükut. Arada boz bir qarğa gəlib qondu sağ tərəfdəki ağacın yorğun budağına. Sonra da sanki sükuta acıq verib "gəlmiyəcək, gözlədiyin gəlmiyəcək" deyirmiş kimi qağıldamağa başladı bir neçə dəfə. Payız maraqlı fəsildi. Mən onu payıza oxşadıram. O da payız kimi kədərli, payız kimi çılğın, bəzən də biruzə verməyə çalışmasa da payız kimi solğun olur. Elə bil özü özündən üşüyür amma hiss elətdirmir. Dəmir yolunda gəzmək elə qəşəngdiki. Adam ordakı sakitliyi qucaqlamaq istəyir.
Elə adamlar varki onlarla susmaq da gözəldi. Sizi bilmirəm mən də belə olur. Ən çox danışmaq istədiyim adamın yanında danışmağa söz tapmıram. Sadəcə susub bütün varlığımla ona kilidlənirəm.
Nədənsə o da susmuşdu... Sonra dayandıq. Mənə bərk bərk sarıldı. Elə bil dünya mənə sarılmışdı. Bütün acısı, kədəri, düşüncələri, sevinci ilə mənə sarılmışdı dünya. Qəribəsi bilirsən nədi? O mənim saçlarıma toxunurdu mən onun əlini içimdə hiss edirdim. Saçlarda da hiss var?? Saçlarım həyəcandan titrəyirdi... Leonard Corenin səsi gəldi hardansa baxdım çox yaxından gəlir. Gözlərimi açdım ki, telefonun budilnikidir. Deməli artıq səhər saat yeddi tamamdır.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Məndə əksinədir. Həyatım ağ-qaradır, yuxularım rəngarəng. (gülür)



-Yuxudakı hadisələrin məzmunu və gedişi birlikdə mühüm məlumat mənbəyi ola bilərmi?

- Əlbəttə ola bilər. Kiçik bir şey danışım. Bir gün əmim xaricə getmək istəyirdi. Bir daha qayıtmayacaqdı. Təbii nənəm bunu istəmirdi. Sonra əmimin bileti ilə xarici pasportu yoxa çıxdı. Bütün evi axtardıq tapmadıq. İki günə uçmalı idi. Əmim az qaldı havalana. Bütün pulunu bilet, viza işlərinə xərcləmişdi. İndi onca zamanıyla bərabər, olan qalan pulun da itirmişdi. Mən yuxuda gördüm ki, nənəm onu götürüb filan yerə gizlədib. (Onda məni nənəmgil saxlayırdı ) Sabah oyandım hamı səhər süfrəsində idi. Dedim: "Əmi nənəm sənin biletinlə pasportunu filan yerdə gizlədib". Nənəmin tikəsi boğazında qaldı. Əmim gedib həmən yerdən tapıb çıxartdı. Çox sevinmişdi. Amma nənəm nəyi var çırpmışdı məni. Düşünürdüm ki, mən yatanda ruhum axtarıb tapıb sonra kameraya çəkib mənə də görsədib. Amma nənəmi inandıra bilməmişdim ki, yuxuda görmüşəm. Dedi məni güdürmüşsən sən. (gülür)



-Yunan filosofu Heraklit yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Qağamızla razıyam (gülür)


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Mənə görə niyyəti, vicdanı təmiz olan adamların yuxularına söykənib bir ömür rahat yaşamaq olar. Həqiqətə çatmaq üçün azı yuxudan oyanmaq lazımdı. Biz hələ ki, yuxudayıq...



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK