ANA SƏHİFƏ / YAZARLAR

Bu rəsmdə nələr yoxdur...

Aqşin Babayevin “O biri dünyanın astanasında” romanının tanıtımı

25009    |   2016-11-12 18:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə gün öncə Azərbaycan radiosunun 90, televiziyasının isə 60 illik yubileyini qeyd etdik. Tanınmış yazıçı-dramaturq, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Aqşin Babayevin hər iki yubileyə birbaşa aidiyyəti var. Aqşin müəllim ömrünün 32 ilini dövlət televiziyasının və radiosunun inkişafına həsr edib, 15 il AZTV-nin sədr müavini olub.

Radio və televiziyamızın bayramı qeyd olunan bu günlərdə Aqşin Babayevlə bağlı yazı hazırlamağımızın başqa bir səbəbi də var. Əməkdar jurnalist, "Həsən bəy Zərdabi”, "Yusif Məmmədəliyev” mükafatları laureatı, 30-dan çox kitabın müəllifi kimi tanınan, əsərləri Amerikada, Almaniyada nəşr olunan, pyesləri Türkiyədə, Rusiyada, Gürcüstanda dəfələrlə səhnəyə qoyulan Aqşin Babayev yenidən oxucuları ilə görüşə gəlib. Bu dəfə "O biri dünyanın astanasında” adlı avtobioqrafik romanla.

"Maziyi dile getiren yegane vasite resmdir”

Əməkdar incəsənət xadimi, tanınmış dramaturq Əli Əmirli həmkarının kitabına "Ön söz əvəzi” yazıb: ""Mazi” osmanlı türkcəsində "keçmiş” deməkdir. Aqşin Babayevin "O biri dünyanın astanasında” avtobioqrafik romanı da böyük və keşməkeşli, həm də maraqlı bir insan ömrünün ustalıqla çəkilmiş rəsmidir. Həm də bu rəsmin müəllifi fotoqraf deyil, Aqşin Babayevin özüdür.

Bu rəsmdə nələr yoxdur: möhtəşəm ictimai-siyasi hadisələr, bu hadisələrin mərkəzində dayanan tanıdığımız böyük şəxsiyyətlər, dərin konfliktlər, şəxsi intriqalar və bütün bunlarla yanaşı, xoşbəxtlik sorağında olan konkret bir insanın adi istəkləri-yar sevgisi, övlad və valideyn məhəbbəti, bitib-tükənməyən arzular, uğurlar və uğursuzluqlar, heç bir halda sönməyən həyat eşqi, vətəndaş məsuliyyəti və ən əsası isə bir-birindən fərqli, bir-birindən maraqlı real insan taleləri. Bütün bunlar bir yazıçının həyat cizgiləridir. Bax bu cizgilərdən Aqşin Babayevin bütöv portreti tədricən yaranır və kitabın səhifələrindən boy göstərir. Elə buradaca deyim ki, bu portret mənim kifayət qədər yaxşı tanıdığım Aqşin Babayevin özüdür...

... Romanda dünyanın hər üzünü görmüş bir kişinin həyat və dünya, din və iman, xeyir və şər, məhəbbət və sədaqət, vətən və xalq haqqında müdrik fikirləri düşündürür, təsirləndirir.

Müəllif gənclik illərini, Türkiyə ilə bağlı xatirələrini, qürbətdə vətən həsrəti çəkmiş mühacirlərimizin talelərini səmimi duyğularla, uydurma olmayan personajlarına dərin məhəbbətlə qələmə alır. Bu məqamlarda Aqşin Babayevin istedadlı nasir qələmi həmin illəri, hadisələri, bir vaxt yaşanmış kövrək duyğuları sadəcə yada salmır, onları yenidən yaşayır və oxucusuna da yaşadır.

Romanda görkəmli bir şəxsiyyətin heç də sadə olmayan həyat yolunun səmimi təsviri bir daha göstərir ki, xoşbəxtlik adama az şey öyrədir, enişli-yoxuşlu həyat, yeri dolmayan itkilər, gərgin mübarizə, dərin psixoloji sarsıntılar isə insan hisslərinə min cür çalar verir, rəng qatır, onun həyata münasibətini fərqli məqamlarla zənginləşdirir. Və günlərin bir günündə bütün bu hisslər, duyğular, yaşanmış hadisələr, təzadlı məqamlar hansı bir yaradıcılıq formasındasa aşkara çıxır: "O biri dünyanın astanasında” sənədli romanı kimi...”

Mən başladım saymağa, 1936...

Aqşin Babayev uzun, mürəkkəb və şərəfli bir ömür yolu keçib. 1936-cı ildə Bakıda doğulub. 1937-ci ildə bütün ölkə boyu Stalin repressiyaları başlayıb. Bu bəla onların evindən-ocağından da yan keçməyib, bir yaşı olanda atası həbs olunub. 6 aydan sonra gənc rəssamı "Bu qədər bəsindir”-deyib azadlığa buraxıblar. 1941-ci ildə Böyük Vətən savaşı başlayıb, 5 yaşlı Aqşinin atası könüllü cəbhəyə gedib, Stalinqrad uğurunda döyüşlərdə aldığı yara ilə geri dönüb. Aqşin Babayev müharibə illərini, aclığı, çörək növbələrini uşaqlıq yaddaşına yazıb.

Təhsil illəri də çətin dövrə düşüb. Ali məktəbin sonuncu kursunda oxuya-oxuya işləməyə başlayıb, ilk iş yeri də "Avtomobil nəqliyyatçısı” qəzetinin redaksiyası olub. Sonra dostlarının, xeyirxah insanların köməyi ilə radioda işə düzəlib. Ömrünün 32 ilini bu kollektivdə keçirib, sıravi əməkdaşdan AZ.TV-nin sədr müavini vəzifəsinə kimi yüksələ bilib.

Aqşin Babayev 1991-ci ildən 2006-cı ilə kimi fəaliyyətini Milli Məclisdə davam etdirib. Parlamentimizin ilk Mətbuat katibi olmaq məhz onun bəxtinə düşüb. Müstəqilliyimizin ilk illərində baş verən ictimai-siyasi prosesləri yaxından izləmək imkanım qazanıb. Qanunverici orqanda çalışarkən II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

Son illər fəaliyyətini Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirir, "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiridir.

"İldırım tək ağacları vurur...”

"O biri dünyanın astanasında” avtobioqrafik romanında Aqşin Babayev arxada qalan illər ərzində gördüyü, birbaşa iştirakçısı olduğu hadisələrin bəzilərini qələmə alıb. 1936-cı ildən bu yana rastlaşdığı, xatırladıqlarını yazmaq üçün isə Aqşin müəllimə bir kitab bəs etməz...

Aqşin Babayev görkəmli ictimai-siyasi xadimlərlə, dövlət adamları ilə görüşüb. Nəhəng sənətkarlarla, dünyanın məşhur yazıçı və şairləri ilə təmasda olub, dostluq edib. Onlar barədə düşüncə və xatirələri bir romana sığışdırmaq asan məsələ deyil. Aqşin müəllimin yeni əsərində böyük Nazim Hikmətlə bağlı məqamları həyəcansız oxumaq mümkün deyil. Kitabla tanış olan hər bir oxucu yəqin ki, bu hissləri keçirəcək.


"İndi o biri dünyanın astanasındayam. İnanın, elə bil ki, hər şey dünəndi. Məktəbə getdim, sonra ali təhsil aldım, ailə həyatı qurdum, oğul-uşaq sahibi oldum, nəvə gördüm, müxtəlif vəzifələrdə işlədim, kitablar nəşr etdirdim... Ömür çox qısadır... Hər şeyin əvvəli və sonu var. Sona yaxınlaşan həyatımda təkcə bir şeydən razıyam ki, heç kəsə pislik etməmişəm. Heç kəsin çörəyinə bais olmamışam. əlimdən gəldiyi qədər yaxşılıq etmişəm... Amma istədiklərimin, arzularımın çoxuna çata bilməmişəm. Nə eybi. Təsəllim odur ki, gözəl ailəm, sədaqətli ömür dostum, qayğıkeş balalarım, gözəl nəvələrim var.

İldırım tək ağacları vurur. Mən tək deyiləm! Allahım var! Məni hər bəladan hifz edən Uca Allahım!”

Aqşin müəllim, Uca Allah bundan sonrakı illərdə də yardımçınız olsun. Ayrılmağa yox, yazıb-yaratmağa tələsin. Həmişə olduğu kimi sizi yenə Müzəyyən xanımla qol-qola, gülərüzlə, şık geyimlə qarşımızda görək!

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK