ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?

30004    |   2016-09-02 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qol.az-da «Qarabağ»ın ən sədaqətli və məşhur futbolçularından biri Səttar Əliyevlə bir müsahibəni oxudum. Getdim İmarəti də gördüm, «Qarabağ»ın məşhur bombardiri, yaxın qohumum Şəfəq Hümbətəliyevin oyuna gedərkən çantasını daşımaq üstündə məhlə uşaqlarıyla dalaşdığım günləri də xatırladım, Milli Qəhrəman Allahverdi Bağırovun oyun vaxtı topu itirən futbolçuya «Ay səni çörək tutmasın» sözləri də qulağımda səsləndi... «Qarabağ»ın Lobanovskisi, fanatı, dəlisi Adil Nadirovun yaşlaşmasına baxmayaraq, mərkəzdə dayanıb dispetçer kimi topu necə payladığı günlər gəldi-keçdi göz önümdən.

Rəqib komanda hücuma keçəndə qapıçımız Saşa (Hüseyn Əhmədov, «Neftçi»nin keçmiş oyunçusu) çığırırdı:

- Dömbül Kamil, sən doqquz nömrəni tut.

- İdris, on biri gözlə.

- Qıdan, sən də Əlövsəti tut.

Gözəl müdafiəçi olmasına baxmayaraq, Qaraçı Əlövsət hərdən öz qapımıza top vururdu. Saşa da bağırırdı ki, ə, yekə kişisən, bunu elə vur, tuta bilim də.

Elbrus Abbasovu «Neftçi»yə necə yola saldıq, ilahi. O vaxt heç kosmonavtları elə yola salmırdıq.

İmarət... Bura ona görə İmarət deyirdilər ki, burda Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Mehdiqulu xanın, Əbülfət ağanın, Xan qızı Natəvanın, ümumiyyətlə, Cavanşir nəslinin məzarları vardı. Özü də sandıq məzarları idi, türk sultanlarının məzarları kimi. Sadıq Murtuzayev Ağdamda birinci katib olarkən bütün o məzarlara bir daha əl gəzdirtdi, sərdabələr tikdirdi, Natəvanın büstünü da İmarətdə ucaltdı.

Image result for Səttar Əliyev

Stadion da burdaydı. Hər il bir milyon pul xərcləyib (olsun bir az az) Respublika stadionunun futbol sahəsini təmir edirlər, amma yenə kənd yoluna dönür. İmarətdəki stadionun uzunluğu 120 metr, eni 60 metr idi. Ona görə «Qarabağ» rəqib meydanlarda oynayanda heç vaxt yorulmazdı, 90 metrlik stadionlar onlar üçün oyuncaq kimi bir şeyiydi. Otuz il o stadiona gedib-gəldim ot örtüyü elə idi ki, elə bil heç burda fıutbol oynanılmayıb. Uzananda da Məhərrəm əmi biçərdi. Onda indiki kimi otbiçən maşınlar yox idi. Məhərrəm əmi onu dəryazla elə biçərdi ki, elə bil yüz dərzi işləyib bu otun üstündə.

Çoxlarının bilmədiyini də deyim. İmarətin dörd tərəfi hündürlüyü 30-40 metrə çatan xan çinarlarla əhatə olunmuşdu və bu çinarları da bura Xan qızı Natəvan öz əli ilə əkmişdi. Nə cür külək olur-olsun İmarətdə hiss olunmurdu.

Onu da bilirmisiniz ki, Xan qızı Natəvan rəhmətə gedəndə xalq onu Şuşadan Ağdama (37 km.) çiyinlərində gətirmişdi?!

İmarətdə ər-arvad iki ağır seyidin məzarı da olduğundan və həm də Cavanşirlər nəsli uyuduğu üçün bura müqəddəs sayılırdı.

Qayıdaq futbola. Ağdamın işğalından sonra «Qarabağ» çox ağır günlər yaşadı. Futbolçular maaşa yox, qeyrətə, nama oynayırdılar. Ölkə çempionu da olurdular, Kuboku da alırdılar, Avropa oyunlarına da gedirdilər. Müstəqillikdən sonra Azərbaycan futbolunda ilklərin çoxuna «Qarabağ» imza atdı.

Qalmağa yer-yurdları da yox idi. Bir ara, özü də bir neçə ay «Abşeron» otelində qaldılar. Nə otelə ödəniləcək para vardı, nə də yeməyə veriləcək. Borc borc üstünə yığılırdı. Onda «Abşeron» otelinin direktoru gözəl insan, rəhmətlik Aqil Paşayev komanda «Abşeron»dan çıxanda dedi, Qarabağın xətrinə «Qarabağ»ın bütün borclarını silirəm, öz cibimdən ödəyəcəm.

Sonra «Azərkimya»nın prezidenti Fikrət Sadıqov «Kimyaçı» sanatoriyasını təmənnasız «Qarabağ» futbolçularına verdi və üstündə də bir stadion. «Qarabağ» ev oyunlarını Sumqayıtda keçirməyə başladı. Hər dəfə oyuna avtobusların arxasından sallaşa-sallaşa 12-16-18 yaşlarında Ağdam uşaqları da gəlirdi. Və futbolçular da bütün gücünü ortalığa tökürdülər ki, bu evsiz-eşiksiz, yurd-yuvaları dağılmış, «Qarabağ»dan başqa heç bir sevgiləri olmayan bu uşaqları ağlatmasınlar.

Mən bir az qısa yazdım. Bu günlərdən gəlib-keçib «Qarabağ».

Yeri gəlmişkən, həmin o çətin dönəmlərdə rəhmətlik Afiyəddin Cəlilov da bir avtobus bağışladı. Ona qədər futbolçular oyunlara, məşqlərə marşrut avtobuslarla gedib-gəlirdilər. Rayonlara gedəndə də qəpik-qəpik pul yığıb avtobus tuturdular.

Gələk Səttara. Səttar 20 il bu komandanın qeyrətini çəkib. Aylarla cibində bir manatı olmayıb, amma «Qarabağ»ı atıb varlı komandalara getməyib.

Səttargilin ailəsi Ağcabədidə yaşayırdı. Bir gün Adil Nadirov mənə dedi ki, Səttarın qardaşı farmaçevtdi, bəlkə Ağcabədinin başçısından xahiş edəsən ona şəhərdə bir aptek yeri verə, həm ailəni dolandırar, həm də Səttarı.

Səttarla getdik Ağcabədiyə. Səttar getdi ailəsigilə, mən də qalxdım icra hakimiyyətinə. İcra başçısı da Şamil Həsənov idi, sözü və özü bütöv adam idi. Məsələni açdım. Dedi nəinki ona aptek yeri verərəm, elə aptekin özünü də tikdirərəm. Sonra dedi ki, elə bu gün Ağcabədidə kəndlərarası futbol çempionatı gedir, gedək stadiona. Getdik.

Amma stadion Aydın Alıyev Ağcabədidə birinci katib olanda təmir edilmişdi. Bəlkə 100 kv.m sahəyə də öz əlimlə çim döşəmişdim. Bu stadion da mənə İmarət kimi doğmadı.

Oyun başladı. Və gördüm ki, Səttar komandaların birində oyuna girib. Özü də ayaqyalın oynayır. Şamil müəllim yanındakılardan soruşdu ki, bu niyə ayaqyalındı? Dedilər ki, ayağının ölçüsünə idman ayaqqabısı tapa bilmədik, ona görə ayaqyalın oynayır.

İndi Səttar rəqib komandanın oyunçularını tum kimi çıtlayır. Bir qol, iki qol… Şamil müəllim sevinc içində dönüb tez-tez mənə deyir:

- Görürsən, Ağcabədi necə futbolçular yetişdirib? Aparın da «Qarabağ»a.

Mən də gülürəm. Axırda dedi:

- Nəyə gülürsən, ey?

Dedim:

- Şamil müəllim, qardaşının xahişini elədiyim həmin o ayaqyalın futbolçudu. O «Qarabağ»ın kapitanıdı.

Bir anlıq dilxor oldu, amma sonra dedi:

-Ə, ona nə aptek ey, hər şey qurbandı.

İndi Aydın Bağırov, sən Səttarın ayaqyalın futbol oynadığını heç gördünmü? Amma mən gördüm.

Sonda da bir zarafat, əslində olmuş hadisədi. «Qarabağ» Sumqayıtda «Neftçi»ni qəbul edir. Bir tərəfdə «Qarabağ»ın fanatları, bir tərəfdə «Neftçi»nin. Stadionun ot örtüyü də bizim Respublika stadionunun ot örtüyündən elə də fərqlənmir, yox, ağ oldu, bir azacıq pis idi.

«Neftçi» hücuma keçib, fanatlar alqışlayır, birdən qonaqların biri lap uca səslə qışqırdı:

- Qasımov, ehtiyatlı ol, qabaqda yama var.

İndi Respublika stadionunun ot örtüyündən danışılanda, ya mətbuatda oxuyanda yadıma həmin hadisə düşür.



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK