adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Fevral 2019 12:20
29911
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanlıların tanıdığı Müsyö Jordan öldü

Məşhur aktyor, Rusiyanın Xalq artisti Sergey Yurski 83 yaşında ölüb.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi açıqlanmır.

Yurskinin vəfatı barədə ilk açıqlamanı aparıcı aktyoru olduğu Mossovet teatrının mətbuat xidməti açıqlayıb.

Xatırladaq ki, Sergey Yurski azərbaycanlı tamaşaçısı üçün "Dərviş Parisi partladır” (1976) filmində Müsyö Jordan obrazını yaratmaqla tanınır.

Sergey Yurski Azərbaycanda bir neçə filmdə rol alıb. O, "Dərviş Parisi partladır” (1976, Müsyö Jordan), "Günlərin bir günü” (1976, epizod), "Şir evdən getdi” (1977, ovçu), "Bir ailəlik bağ evi” (1978, direktor), "Qorxma, mən səninləyəm!”(1981, pristav) filmlərində fərqli rollar oynayıb.

Amma Sergey Yurski Azərbaycan tamaşaçılarının yaddaşında daha çox "Dərviş Parisi partladır” filmindəki Müsyö Jordan rolu ilə qalıb.

Yurski 16 mart 1935-ci il tarixində Leninqrad (indikiSankt-Peterburq) şəhərində anadan olub. Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur.

Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təхminən on dörd yaşında baş qaldırmışdı.

O, valideynlərinin təsiri ilə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Amma buradakı təhsilini yarımçıq qoymalı olub. Çünki tez-tez teatr dərnəklərinə gedən Sergey bu sənətdən ayrı qala bilməyəcəyinə əmin olub. S.Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaхt tapırdı.Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müхtəlif rollar verilirdi.

Nəticədə o, hüquq fakültəsini 3-cü kursdan buraxaraq Ostrovski adına Leninqrad Teatr İnstitutuna daxil olur. 1959-cu ildə isə bu ali məktəbi bitirir.

Elə gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb.
O, 1957-ci ildən 1979-cu ilədək Leninqraddakı Maksim Qorki adına Böyük Dram Teatrının aktyoru olub. Burada çalışdığı zamanlar Yurski bəzi qadağalara məruz qalıb. Belə ki, məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək tapşırılıb.

1961-ci ildə Zinaida Şarko adlı aktrisa ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə evlənib və yenə də həyat yoldaşını aktrisaların arasından seçib.

Yurski 1979-cu ildən Leninqrad şəhərini tərk edərək, Moskvaya köçüb. Moskvanın Mossovet adına Teatrında çıxış etməyə başlayıb. Bütün çətinliklərə və maneələrə baхmayaraq, o, Rusiyanın qabaqcıl teatr və kinoхadimlərindən biri kimi sənət zirvəsinə cəsarətlə addımlayan sənətkarlardan biri olmağı bacarıb.

Sergey Yurskiaktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristi idi. Yurski Mossovet adına Teatrla yanaşı, həm də Çexov adına Moskva Akademik Teatrı və "Müasir pyes məktəbi”ndə çalışırdı.

Sergey Yurskinin ailəsində özündən başqa daha iki sənətkar var. Onun həyat yoldaşı Natalya Tenyakova və qızı Darya Yurskaya aktrisadırlar, hər ikisi tetrda çalışır. Natalya Tenyakova həm də Rusiyanın xalq artistidir.