SON DƏQİQƏ:

ÇAŞIB TİKANA GÜL DEDİM

  52237   |  
Şriftin ölçüsü  

Səhəri qəribə bir ovqatla açdım. Bakını qarsıyan odun ardınca isti bir külək gəlmişdi. Külək əməlli-başlı səs-küy salırdı. Ona görə də bir gün öncədən taybatay qoyub getdiyim pəncərəni, daha doğrusu pəncərəmin önündəki güllərimi düşünüb işə dan yeri söküləndə özümü çatdırdım. Bir növ güllərin harayına tələsdim. Şükürlər olsun ki, bu dəli külək güllərimin "xətrinə" dəyə bilməmişdi. Buna sevindim. Elə bu sevinc hissləri ilə də kövrələndə dinlədiyim musiqiləri aramağa başladım. Bilgisayarın köməyi ilə səsinin vurğunu olduğum mərhum Rübabə Muradovanı axtarıb tapdım. Az qala iş saatı başlayana qədər dinlədim Rübabəni... O oxudu, mən kövrəldim. Onun xatirələri, əslində isə mənim xatirələrim onun nəfəsində, onun səsində məni Qarabağa apardı. Hətta Rübabə xanımın Qarabağa səfərini də yadıma saldım. Onun Xankəndi Mədəniyyət Evindəki ifası qulaqlarımda səsləndi...

Hə, Rübabə oxudu, mən Qarabağı gəzdim. Onun havasını, suyunu, ilin elə bu fəslini, bu gününü yaddaşımdan kağıza köçürməyə çalışdım, amma bacarmadım. Çünki Qarabağın bu günü, bu fəsli kağıza köçürmək üçün deyil, yaşamaq üçündü. Təəssüf ki, mən onu indi yaşaya bilmirəm. Və hətta Rübabə xanımın böyük Şəhriyarın sözlərini özünəməxsus şəkildə mənə hopdurmasına baxmayaraq, mən də bu gücsüzlüyümə görə daxilən sızıldadım, ağrıdım. Köməyimə Rübabənin dilində səslənən Şəhriyarın misrası çatdı:

Çaşıb tikana gül dedim...

Hə, çoxlarımız çaşırıq. Çoxlarımız güllə tikanı qarışıq salırıq. Çoxlarımız gülü tikanın ayağına aparırıq. Çoxlarımız tikanı güldən öndə görürük. Çünki tikan sanca bilir, ağrıda bilər. Görünür, biz bu səbəbdən də ağrıdan, sancıdan ehtiyatlanıb onu daha öncə görür, daha öncə qiymətləndiririk. Amma gülün solacağı, gülün ətri bizi ikinci səhifə kimi, ikinci qat kimi öz əhatə dairəsində saxlayır və bəzən də biz gülün solmuşuna, ətrini, qoxusunu itirmişə qovuşuruq. Bu bir təsəllidi. Amma həyat təkcə təsəllilərdən ibarət deyil axı. Kimliyindən, hansı mərtəbədə, hansı əqidədə olmasından asılı olmayaraq Allahın yaratdığı bəndə kimi gülü də, tikanı da görmək, qiymətləndirmək hər kəsin, elə mənim də, sənin də borcundur. Axı, borclarımızı nə qədər tez anlasaq, tez ödəsək bir o qədər anlayışlı və bir o qədər də elə xoşbəxt ola bilərik.

Söhbət təkcə var-dövlət, vəzifə xoşbəxtliyindən getmir. Söhbət iç rahatlığından, həyat eşqindən, ətrafı anlamaqdan, ətrafa açıq olmaqdan gedir. Qapalı olduqca hər şey ağrıya çevrilir, hər şey ağır yük kimi adamın çiyinlərindən üzüaşağı basır. Sıxır adamı torpağa, sıxır adamı məzara tərəf. Bu mənim həyat fəlsəfəmdir, qəbul etməyə də bilərsiniz. Çünki baxışlar insanların sayı qədər müxtəlifdir. Elə o müxtəlifliyi də görüb qiymətləndirmək, ona sayğı ilə yanaşmağın özü də bir xoşbəxtlik amilidir. Kaş hər kəsin ürəyində ondan bircə damla olsun...

Hə, mən səhərin bu küləkli çağında bütün bunları düşünə-düşünə kövrək misraların kağıza necə köçdüyünü də duydum, yaşadım. Və həmin misralarda elə Rübabənin səsinin yanğısı da az iş görmədi:

Hələ sınayırsan, imtahanların

Bitib-tükənmir ki, ay ömrüm-günüm...

Qəsdən eylədiyin imtinaların -

Əritdi çox bahar, yay ömrüm-günüm...


Dörd yanım boşluqdur sanki bir anlıq,

Çəkilmir qarşımdan hələ qaranlıq.

Nə ola düşünüb, susub bir anlıq -

Məni ürəyində say, ömrüm-günüm.


Közərir içimdə bir qoca xiffət,

Göstərir dərd mənə hər cürə sifət...

Düşün, sənin üçün kimdi Əbülfət -

Sonra el-obaya yay, ömrüm-günüm!

***

Hə, mən günün necə rahatlıqla aya çevrildiyini son vaxtlar daha çox hiss edirəm. Zaman bir göz qırpımında ötür. İçərisində olduğumuz 2015-ci il artıq səkkizinci ayını da başa vurmaq üzrədir. Fəsillərin dili ilə desək, qış, yaz, yay artıq başa çatıb. İlin də, ömrün də payızı bir addımlıqdadı. Adam inana bilmir ki, bu ilin səkkiz ayını artıq xərcləyib, əridib küləyə, yelə verib...

Şəxsən mən bu səkkiz ayın həyatımda nə ilə, necə qaldığını nə qədər düşünsəm də xatırlaya bilmirəm. Ən çox dava-dərman, ən çox əsəb və bir də yayın istisində qovrulmaq. Özgə heç nə yadıma düşmür. Sizləri deyə bilmərəm, hələ ki, 2015-in səkkiz ayını sevinc işartısı olan nəyisə təqvimin bir günündə, bir anında işarələməmişəm. Bu həqiqətən təəssüf edilən durumdu. Bəlkə də faciədi. Zarafat deyil, Allah insana ömür payı verir, o ömür payı da elə-beləcə yolda, işdə-gücdə sabun köpüyü kimi əriyib, buxarlanıb çıxıb gedib. Amma adamlar var ki, təkcə səkkiz ayda yox, bəzən səkkiz gündə, hətta səkkiz dəqiqədə dünyanı titrədən qəribəliklərə, ixtiralara imza atırlar. Özləri də tanınır, özləri də tarixləşir, gördükləri işlər də. Bax, bu mənada həm həsəd aparıram, həm də havayı əritdiyim zaman kəsiyini o adamlara bağışlaya bilmədiyim üçün daxilən çox sızıldayıram, çox narahat oluram. Hətta özüm-özümə əsəbiləşirəm də...

Doğrudur, ömrü verən Allahdı. Ömürdən kiməsə pay vermək mümkün deyil, ən yaxşı halda, hansısa bir əzanı, bir orqanı hansısa bir xəstəyə, bir ehtiyacı olana bağışlayıb onu yaşatmaq olar. Amma bu yaşatmaq da yenə Allahın iradəsindədi. Axı, bütün əzalar, bütün insanlarda olsa da bir bədənin əzasını başqa bir bədən bəzən qəbul etmir. Yumşaq desək, onlar bir-biriləri ilə anlaşmırlar. Bunun həm elmi, həm tibbi, həm də digər səbəbləri var. Mən bunları bir kənara qoyuram, amma indiki məqamda bir etiraf dilimin ucundadı, onu mütləq deməliyəm. Belə ki, sözə, qələmə, sənə ürəyimi bağışlamışam. Bilmirəm, hansınız daha çox götürmüsünüz, bu az-çox məsələsini özünüz öz aranızda, bir də zamanla müqayisədə həll edərsiniz. Mən isə elə bu yerdə sizə bir də üz tuturam:

Qəmi bu kirkirədə

Üyüt, bacardığın tək.

Sıx dişini, yum gözünü -

Üyüt, bac aldığın tək!


Əlindən tut həsrətin,

Fərqinə var hər səsin.

Sən bu ömrün, qismətin

Böyüt, bacardığın tək.


İllərin hər qatında

Qoşalaşdı adın da!

Qal o qızın yanında -

Cavan qocaldığın tək.

***

İnsan hər yerdə daha çox rahatlığa, öz dünyasına çəkilməyə üstünlük verir. Təbii ki, söhbət normaldan gedir. Və normal insanın da rahatlığı əslində öz istədiyini, öz bacardığını etmək, öz işi ilə məşğul olmaqdır. Bax, onda yaranan harmoniya onu yorulmaqdan, bezməkdən, hətta əsəbdən də qoruyur. Çünki o öz işini görür, öz ürəyinin istəyini yerinə yetirir və nəhayət, gördüyü iş ona stimul verir, zövq verir. Bax, belə olanda təbii ki, işin keyfiyyəti də, yaşamın özü də maraqlı və mənalı alınır. Təəssüf ki, bəzən o hikmətli sözlərdə deyildiyi kimi, "atın qarşısına ət, itin qarşısına ot qoyurlar". İndi bunun hansı faydanı verəcəyini yəqin ki, özünüz düşünə bilərsiniz. Bu da bir həyat həqiqətidi və biz bundan sığortalanmamışıq...

Bu günlərdə bir kitab vərəqləyirdim və kitabı vərəqlədikcə də öz-özümə düşünürdüm ki, qınasaq da, qınamasaq da Sovet dönəminin müəyyən üsulları, qanunları hərdən adamı özünə çəkir. Çünki kitab çap etdirmək, hansısa bir yazını ortaya qoymaq indi o qədər asanlaşıb, o qədər sadələşib ki, hətta mənasını da itirib. Adi bir hala çevrilib. O qədər ucuzlaşıb ki, heç kim bu məsələyə nəinki ciddi, heç gözucu da baxmır. Ona görə də inkubator kimi eyni ölçülü, eyni yüklü və eyni "mənanı" aşılayan kitablar qalaqlanır üst-üstə. O kitabları müəlliflərdən qəbul etməmək də olmur. Axı üz ətdəndi, ortada milli mentalitet var, yəni xətir-hörmət, salam-əleyküm...

Düşünə bilərsiniz ki, yazının əvvəlki hissələrinin bu kitab nöqtəsinə, yəni dediyim sözlərə nə dəxli var? Amma tam səmimiyyətlə söyləyirəm ki, bu məmləkətdə, bizə, sizə dəxli olmayan heç nə yoxdu. Çünki bu məmləkətdə hamı bir-biriylə göz-gözə, üz-üzə, nəfəs-nəfəsə, lap kobud desəm, bir-birinin ovcunda, qoynundadı. Ona görə də nəyinsə "mənə dəxli yoxdu" demək yumşaq halda yaxanı kənara çəkməkdi. Amma çək görüm, necə çəkirsən. Üstəlik də bu internet yazışmaları, feyslər-filanlar indi ədəbiyyatın az qala tribunasına çevrilib. Hamı orada "yazıçı olub, şair olub". Gül-bülbül qarışıb bir-birinə...

Bəli, günümüzün gerçək durumu bundan ibarətdir. O gerçəkliyin içərisində hər gün eşitməkdən doymadığım səslər var. Elə Rübabənin səsi kimi.

Amma illərlə eşitməsən nə adı, nə səsi yadıma düşməyəcək şou "ulduzları" gözümüzü yağır etsə də mən onların olub-olmadığının hələ ki fərqində deyiləm. Çünki onlar oxuduqlarını, ifalarını yaşamırlar və nə oxuduqlarının heç fərqində də deyillər. Onlar daha çox sponsorları və bir də "ulduz" olmaları üçün oxuyurlar. Axı bu iki məqam onların təminatıdı?!

Hə, gəlin bir anlıq öz içimizə boylanaq, vicdanla, məsuliyyətlə özümüzə Allahın ən halal bəndəsi kimi qiymət verək. İçimizlə çölümüz, yəni özümüzlə-özümüz nə qədər bir-birimizi tamamlayırıq? Bax bunu düşünək, bunu öyrənək. Elə həmin yerdəcə mənim sənə yazdığım misralara da qiymət verək:

Sən

gül deyilsən

sən gülün ləçəyisən...

Sən gül olsan

bundan da göyçək

olarsan...

Çox şükür ki,

sən

gülün ləçəyisən.

Gül olsan

çətin ki, məni

gül aşiqi sayarsan...

sən

gül ləçəyisən.

Ona görə də

şer dəftərimin

vərəqləri arasında

xatirə tək

qalırsan...

Sən gecələr

o dəftərlə birlikdə

ürəyimin üstündə

yatıb yuxunu alırsan.



Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30
2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK