30 Iyun 2025 16:31
96
ƏDƏBİYYAT

Könül adamı...

Tapdıq Əlibəyli- 64

Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır, onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir. Şair, publisist Tapdıq Əlibəylini deyirəm. Haqqında o qədər deyilib, o qədər yazılıb ki, deyiləsi bir söz qalmayıb. Heç bilmirəm nədən və haradan başlayım. Sosial şəbəkədəki səhifəsini araşdırdıqca onun nə qədər alicənab, dostcanlı, genişürəkli adam olduğunun şahidi oluram. Bütün bayramlarda, o cümlədən dostların ad günlərində insanları müntəzəm təbrik etməyə tələsir. Sanki bunu özünə bir borc bilir. Səyahət etməyi xoşlayır. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada qonaq olmasın...

Yaradıcılığı barədə danışsam uzun çəkər. Yaxşısı budur ki, az da olsa, onun şəxsi keyfiyyətlərindən sizə söhbət açım. 1 iyul 1961-ci ildə anadan olub. Orta təhsilini tərifnamə atestatı ilə bitirərək, Bakı Dövlət Universitetində filologiya ixtisasına yiyələnib...

 Yaxşı yadımdadır, el ağsaqqalı Mir Baxas ağa haqqında film hazırlayanda yolum onun dünyaya gəldiyi Bürzünbül kəndinə düşmüşdü. Kənd əhalisinin necə mehriban, qayğıkeş olduqlarına heyran qalmışdım. Uşaqdan böyüyə hər kəs can yandırır, filmin uğurlu alınmasında bizə kömək edirdi. Yeri gəlmişkən, uzun illər prokurorluq orqanlarında çalışan, şeirlərinə bir sıra məşhur mahnılar bəstələnən, şair Sabir Abdinov da həmin kənddəndir. Bax, haqqında danışdığım Tapdıq Əlibəyli də bu kənddə, Abış kişinin ailəsində dünyaya gəlib. “Tapdıq” sözünün müxtəlif cür yozumları var, onlardan biri də- gözlənilmədən aşkar olunan, qəfildən əldə edilən- deməkdir...

Jurnalist, yazıçı Akif Cabbarlı onun barəsində deyir:- “Tapdıq Əlibəyli imzası mənə çoxdan tanış idi. Şeirlərindəki vətənpərvərlik hissləri, yurdsevərlik duyğuları bu adamın bütövlüyündən, milli ruhundan, mərdliyindən soraq verirdi. Və bir gün görüşməli olduq. Türk Ağsaqqalları İctimai Birliyinin təsis yığıncağında bir araya gəldik. İlk baxışdan bu adamın Vətənə, dövlətə nə qədər böyük məhəbbət bəslədiyini, Azərbaycanı, Azərbaycan əsgərini bağrına basmağı özünün şərəf işi, vicdan borcu hesab etdiyini duymaq o qədər də çətin deyildi. Tədbirin sonunda xeyli söhbətləşdik, sonra digər dostlarımızla birgə çay süfrəsi ətrafında fikir mübadiləsi də etdik, düşüncələrimizi bölüşdük. Ayrılanda mənə “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir toplusunu bağışladı. Və təvazökarlıq duyğuları ilə: “...vərəqləyin, xoşunuza gəlsə, fikrinizi bildirərsiniz”, dedi. Bu istiqanlı adam bəziləri kimi mütləq bir yazı amacında olduğunu demədi və onun bu təbiiliyi də ürəyimcə oldu.”

Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir. Yanılmıramsa, indiyədək iyirmi beşə yaxın kitabı işıq üzü görüb...

Ümumiyyətlə, Tapdıq Əlibəylinin ədəbi yaradıcılığı “Qızıl qələm” döş nişanı- media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülüb. Prezident təqaüdçüsüdür...

O, sözün əsl mənasında könül adamıdır, səmimidir, qeyri təbiilik ruhuna yaddır. Əzəmətli görünüşü isə vücuduna bir başqa yaraşıq verir. Necə deyərlər, köhnə kişilərə xas olan görkəmi, lopa bığları onu daha da zabitəli göstərir. Azərbaycançılıq ənənələrinə həmişə sadiqdir, bu dəyərlərə böyük qiymət verir…

Bəli, ağsaqqallığı, müdrikliyi ilə qəlblərdə yuva quran Tapdıq Əlibəylinin iyulun 1-də 64 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu