adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

35 ARXADA QALDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
62375 | 2015-01-17 09:28
Bu yazını yazmaq mənim üçün çox asandı. Çünki bu yazı daha çox özümə aid olacaq. Amma burda bir məqam var: o da yazını başlamaq məqamı. Mən nə qədər fikirləşsəm də, yazını hardan, necə başlayacağımı qərarlaşdıra bilmirəm. Ona görə ki, barəsində yazacağım insan mənim həyatımın az qala 90 faizinin şahidi, iştirakçısı, bəlkə də hardasa elə özüdü...

Soyadımız eynidi... Hərəmiz Ərgünəş dağının bir üzündə doğulmuşuq... Onun doğulduğu kənd tanınmış Azərbaycan ziyalıları ilə məşhurdu. Mənim doğulduğum kənd daha çox erməni-müsəlman qarşıdurmasıyla, Cəfər Cabbarlının "1905-ci ildə" əsəriylə. Amma hər iki kəndin yaddaşında kifayət qədər önəmli hadisələr, insanlar olub və bu gün də var. Çünki Füzuli rayonu özünün bərəkətli torpaqlarıyla, sayılıb-seçilən işıqlı aydınlarıyla ölkə tarixində həmişə fərqlənir, seçilir, diqqəti çəkir. Bax, bu mənada onun da doğulduğu ailə təhsilin, ziyalılığın nümunəsi sayılır. Mən ilk dəfə onunla üzbəüz gələndə ilk kəlməsindən, ilk davranışından hiss etdim ki, açıq ürəkli, kökü-köməci bəlli, səxavəti, insanlığı hər şeydən öndə olan bir Allah bəndəsi çıxıb qarşıma. Bax, həmin o Allah bəndəsi ilə ilk görüşüm 1980-ci ilə təsadüf edir. Deməli, düz 35 il bundan öncə mən universitet tələbəsi olduğum illərdə, o vaxtlar əməkdaşlıq etdiyim "Təşviqatçı" jurnalının tapşırığı ilə Füzuliyə ezamiyyətə getmişdim. Məhz onda, o zamankı rayon rəhbərliyinin məsləhəti ilə rayonun fəal təşviqatçıları ilə görüşəsi oldum. Necə deyərlər, öncə iş, sonra təbii ki, gələn qonağa açılan sürfə. Həmin o süfrənin ətrafında dörd nəfər əyləşmişdi. Onlardan biri mərhum Kərim Məlikaslanov idi, digəri Camal Ocaqverdiyev, üçüncüsü barəsində yazmağa başladığım Dilavər Əliyev!

Bəli, biz Füzulidə, məşhur "Çənlibel" restoranında Köndələn gölünün Quruçayın sularını ləpələndirən havasında az qala gecə yarıya qədər əyləşib söhbət etdik, Allahın nemətlərindən daddıq... mövzular bir-birinə calandı... gecənin necə uzanıb getdiyini, vaxtın necə əridiyini hiss etmədik. Məhz həmin gün bizim 35 illik dostluğumuzun bünövrəsi qoyuldu. Elə bir dostluğun ki, nə dəyişən quruluş, nə ötən illər, nə müharibə, nə qaçqınlıq, nə düçar olduğumuz problemlər onun tükünü də tərpətmədi, onun üzünə toz da qondurmadı. Və...

Hə, yaxşı yadımdadı, məzuniyyətə getmişdim doğulduğum yerlərə. İndiki kimi mobil əlaqələr olmasa da, axtarıb tapdıq bir-birimizi. Bu dəfə üçümüz əyləşdik - Camal, Dilvar və mən. Yenə həmin söhbətlər, yenə həmin deyib-gülmələr və bir də... məclisin yarısında qəflətən səslənən təklif:

- Bəlkə süfrəmizi Bakıda açaq? Onsuz da hələ axşamdandı, qarşıda uzun bir gecə var...
Üçümüz də ayağa qalxdıq. Onun qırmızı rəngli "05"-nə əyləşdik, birbaşa Bakıya. Amma Bakıya qədər də birnəfəsə gəlmədik. Yol boyu İmişlidə, Sabirabadda, Şirvanda yarım saatlıq da olsa əyləndik, sübhə yaxın paytaxta çatıb gözümüzün acısını aldıq.. və yenə üzü geri qayıtdıq. Çünki onlar saat 10-da işdə olmalıydılar...

Bu, sadəcə xatirə deyil. Bu, əslində bizim bir-birimiz üçün nə qədər əziz, nə qədər diqqətli və son dərəcə həssas olduğumuzdan xəbər verirdi. Düşünərsiniz ki, o süfrədə içki olub və yəqin ki, həmin səslənən fikir də içkidən qaynaqlanıb. Xeyr, bu cür məqamlar bizim həyatımızda kifayət qədər baş verib və biz sadəcə, həmişə bir-birimizin istəyini dəstəkləmişik, bir-birimizin içindən keçənlərin gerçəkləşməsinə çalışmışıq. Bu məsələdə Dilavər xüsusilə fərqlənibdi. Onun yanında ən kiçik bir istəyini belə dilə gətirmək dərhal onun reaksiyasına səbəb olurdu. Sanki o istək yerinə yetməsə, hər şey alt-üst olacaqdı. Odur ki, Dilavərin yanında olanda, onun telefonuna zəng çalanda sözləri seçməyə, fikri min dəfə ələyib sonra dilə gətirməyə çalışmışam. Tam səmimiyyətimlə deyim ki, bu insan elə bil ki, dost yolunda əziyyət çəkmək üçün, dosta qayğı göstərmək üçün doğulubdu. Və onun istər vəzifə icraçısı olduğu illərdə, istər təqaüddə olduğu indiki məqamlarda belə bu adam dost sözünü çox az-az dilə gətirir və dilinə gələn dost sözü də onun üçün bütövlük, səmimiyyət və gerçəklik deməkdir. Mən dəfələrlə müşahidə etmişəm ki, ən yaxın adamının, necə deyərlər, beldən, qandan olan qohumunun sözünü, istəyini dostunun sözündən, istəyindən önə çəkməyib. Əksinə, özünəməxsus təbəssümü ilə deyib ki:

- Qağa, onlar gözləyə bilər. Dostu həmişə qazanmaq mümkün deyil. Birinci, dostun yükünə çiyin vermək lazımdı. Çünki o sənə güvənib. Sonra qohum-əqrabanın istəklərinə baxarıq...
Həyatım boyu özümü ən çox aid etdiyim dostlarımın içərisində Dilavər və Vahid Əlifoğlu birincilərin birincisi olub. Mən onların özlərini də bir-birlərinə yaxınlaşdırmışdım, mehribanlaşdırmışdım. Ona görə də Bakıdan çıxıb üzü Füzuliyə gedəndə, əgər Qayıdış qəsəbəsində ləngiyirdimsə, Dilavər səbəbini soruşmurdu. Bircə kəlmə deyirdi:

- Yəqin ki, şairlə oturmusan.

Təbii ki, mən də gülümsəyirdim. Və bu təbəssüm də ona söylədiyi sözün gerçəkliyini bildirirdi və yaxud da gecəyarısı Dilavərin qapısını döyüb qonağı olub üzü Bakıya qayıdanda Vahid Əlifoğlu o ərköyün, o köntöy və son dərəcə təbii ərkiylə:

- Yəqin gecəni Dilavərgildə qalmısan - deyə işarə vururdu...

Doğurdan da başqalarını deyə bilmərəm, mən şəxsən içimdə olan adamların, dostlarımın yanında, çevrəsində olanda özümü çox rahat və güclü hesab etmişəm. Bilmirəm, bu Allahın mənə lütfüdü, Allahın mənə bəxşeyişidi, hədiyyəsidi. Amma hər nədisə, əlim dost əlində olanda, telefonuma dost zəngi gələndə ürəyim də, ruhum da çox rahat olur. Çünki bu dostlar mənə, mənim ailəmə hər şey ediblər və etməkdədilər də. Hətta dünyasını dəyişən dostlarımın ailəsi, övladları yenə də o səmimiyyətlə mənim qapımı döyür. Və mən də eyni istəklə onların çağırışına səs verməyə tələsirəm. Bu, təkcə bir insanlıq missiyası deyil, bu həm də insanın öz iç dünyasının rahatlığı üçün görməsi vacib olan bir qaydadı, bir hərəkətdi...

Hə, 35 ildi ki, Dilavərlə dostuq... 35 ildi ki, biz bir-birimizi sınamadan, bir-birimizi bərkə-boşa çəkmədən Allahın verdiyi ömür payımızı qoşa yaşayıb, addımlayırıq. Onun bu ömür yolunda kifayət qədər maraqlı, uğurlu anları, günləri olub. Mənə elə gəlir ki, bu gün də o, övladlarının, nəvələrinin əhatəsində həmin o sevinci, o şirinlikləri könül rahatlığı ilə yaşayır. Təbii ki, insanın yaşının elə dövrləri olur ki, o bir anlıq dayanıb dincəlir və sonra çevrilib arxaya baxır. Bu mənada xalq yazıçısı İlyas Əfəndiyevin "Geriyə baxma qoca" əsərində həyatın müxtəlif anları öz əksini tapır. Bax, o müxtəlif anların içərsində mən bir şeyi, daha doğrusu, bir məqamı bu yazını diktə edəndə özüm üçün fəhm etdim. Axı Dilavər də həmin kənddəndi. Doğrudu, o, təqaüddə olsa da, hələ geriyə baxacaq qocanın yaşında deyil. Sadəcə, mən Saracıq kəndinin adını qabartmaq üçün bu priyomdan istifadə etdim və...

İndiki kimi yadımdadı. 1993-cü ilin yazında ürəyim ilk dəfə sözümə baxmadı. Yatağa düşdüm. Onda Beyləqanda uşaq bağçasında məskunlaşmışdım. Mürgüləyirdim. Səsə gözlərimi açdım. Oğlum söylədi ki, Dilavər əmi gəlib, özü ilə birlikdə həkim də gətirib. Rəhmətlik Barat həkim gəlmişdi. Füzulidə, bölgədə ümumiyyətlə hamı onun xətrini çox istəiyrdi. Yüksək əxlaqlı və mükəmməld kordioloq idi. O məni müayinə etdi, yazılmış dərmanlara baxdı və həkimin xəttini görən kim gülümsəyib dedi:

- Rafiq həkim baxıb sənə?

- Bəli.

- Artıq hər şey arxada qalıb, qorxulu bir şey yoxdu. İnfarktın yüngül formasıdı. Dava-dərmanları qəbul et və ürəyini gözlə - dedi.

Həkim sözlərini bitirməmiş Dilavər gülə-gülə:

- Deməli, indi durub süfrədə əyləşə bilər də - dedi.

Həkim başı ilə onun istəyini təsdiqlədi. Sürfə açıldı. Dilavərin qızı Vəsilə də onunla birgə gəlmişdi. O da evdə əl-ayaq işlərinə kömək etdi. Açığını deyim ki, Dilavər yoldakı restoranlardan əməlli-başlı yemək tədarükü də götürmüşdü. Biz hamımız süfrə arxasında cəm olduq. Badəni qaldıran Dilavər:

- Həkim, qağam bir "xoş gəldin!" deyə bilərmi?

Həkim:

- Əlbəttə, 100-150 olar.

Bəli, onun bu gəlişi, onun özü ilə gətirdiyi əhval-ruhiyyə təkcə mənim yox, həm də "evimizin" içindəki sönük, bir az da ümidsizliyə bənzəyən havanı vurub dağıtdı, hər şeyə əvvəli axarına döndü. Və özü də Dilavər bu cür hərəkətlərini təkcə onda etmədi. Mən 2003-cü ildə ağır avtomobil qəzasına düşəndə də Horadizdən Bakıya özünü ilk çatdıran o oldu. Səmimiyyətiylə, istiqanlılığıyla, bir də heç kimə büruzə vermədən, heç kimə hiss etdirmədən göstərdiyi maddi və mənəvi diqqətlə o, ailəmin də, mənim də bütövlükdə ətrafımın o qədər məhəbbətini, hörmətini qazanmışdı ki, bunu sözlə ifadə etmək mümkün deyil. Xüsusilə göstərdiyi diqqəti heç vaxt hiss etdirmədiyinə görə biz ona həmişə minnətdar olmuşuq...

Yeri gəlmişkən, bir məqamı da xatırladım. Bir gün Dilavər telefonuma zəng çaldı:

- Qağa, deyirəm axşam yığışaq bir yerə.

- Baş üstə. Amma hamımızın bir yerə yığışmağının yəqin ki, bir səbəbi var.

- Hə, uşaqlar mənim altmış yaşımı qeyd etmək istəyir...

Əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətimlə etiraf edirəm ki, ailəmiz qaçqın düşəndən sonra biz ilk dəfə idi ki, beşimiz də birlikdə ( iki qızım, oğlum və xanımım) evdən çıxıb məclisə gedirdik. Və ilk dəfə onda mən çox dəyərli Aqil Abbasın özünə və mənə bəyənib aldığı kostyumu geyindim. O vaxta qədər nədənsə kostyum geyinməyə o qədər meyl göstərmirdim. İndii də ailə üzvlərim o məclisi şirin bir xatirə kimi tez-tez dilə gətirir. Məclisdə yalnız Dilavərin və bizim ailəmiz toplaşmışdı. Özü də açıq şəkildə bildirmişdi ki, qohum-əqraba, qardaş-bacı ad günümü xatırlasa, buyurub evimə gəlsin. Biz iki qardaş özümüz üçün ad günü keçiririk...

Daha bir məqam: Beyləqandakı uşaq bağçasından ailəmi Bakıya köçürdüm. Motodromda özülsüz bir gecəqondu otağı tikmişdim. Həmin otağa yığışandan təqribən 10-15 gün sonra Bakıya gələn Dilavər maşını bizim həyətə sürdü. Düşüb xeyir-dua verdi, bir stəkan çay içdi. Sonra özünəməxsus ərklə:

- Qağa, gedək bu yurd-yuvanı yuyaq!

Evdən durub çıxanda əliylə çiynimə toxundu. Çevrilib ona baxdım. Qoltuq cibindən çıxardığı bükülünü mənə uzadıb:

- Bunu bacıma ver, (bizim evin xanımını nəzərdə tuturdu - Ə.M.) qoy təzə evin kəm-kəsirinə xərcləsin 

- dedi.

İndii etiraf edim ki, hər dəfə o məqamı xatırlayanda kövrəlirəm. Çünki ən doğma adamlarım, hətta ən əziz qan qozumlarım belə mənə bu münasi bəti göstərməmişdilər. Dilavər isə... o, tamam fərqlidi...
Bəli, içimdə, bütün həyatımda olan Dilavərlə bağlı yazmaq istədiyim o qədər məqamlar, o qədər hadisələr var ki, bir-birinə muncuq kimi düzülüb gedir. Hətta Dilavər ürəyindən ağır əməliyyat olanda belə, İranda müalicəyə gedəndə belə mənə, mənim ailəmə diqqətini azaltmadı. Sanki o, mənim üçün dünyaya xüsusi bir missiya ilə gəlmiş böyük dost, əziz qardaşdı! Allah ömür versin!


TƏQVİM / ARXİV