SON DƏQİQƏ:

ŞAM İŞIĞINDAKI YAZI

  60350   |  
Şriftin ölçüsü  
Bütün baş verənlər nədənsə qaynaqlanır, nəyəsə söykənir, nəyinsə üzərində durur. Bu təbii bir qanundu. Yəni, əgər bulud dolmasa, yağış yağmadığı kimi, torpaq olmasa onun üzərində toxum da cücərə bilməz. Düzdür, bəzən deyirlər ki, daş üzərində də ot bitir. Amma bunu deyənlər unudurlar ki, daş da torpağın üzərindədir, o da torpaqdan nəm çəkir. Və deməli bütün olanlar və olmuşlar bax bu səbəblərin canlı əksidi, ifadəsidi...
Mən özümü anlayıb oxuduğum kitablardan baş çıxarmağa çalışdığım gündən bu ana qədər sadə bir formada ifadə etsəm, kifayət qədər üzlər də görmüşəm, badələr də içmişəm. Həmin gördüyüm üzlərin, eşitdiyim sözlərin səbəblisi də olub, səbəbsizi də. Mən də baş sınıdırıb səbəbi və yaxud da səbəbsizliyi axtara-axtara bir də baxıb görmüşəm ki, yaş 55-i adlayıb ötüb. Necə deyərlər, yarım əsrin 50-ni çoxdan fələyin əlinə tapşırmışam. Fərqinə varmamışam ki, bu illərin dəyirmanında üyünən ömür payı kiməsə, nəyəsə bir damla su qədər yararlı olub, yoxsa yox?! Əgər kimsə bu illəri mənasız saysa buna həqiqətən üzüləcəyim labüddü... Axı mən az-çox ruh adamı, söz adamıyam...
Bəli, neçə gündü ki, iç dünyamda bir qalmaqal yaşanır. Özüm özümlə, özüm ətrafımla, özüm hətta nə vaxtsa gördüyüm yuxularımla əməlli-başlı üz-üzə gəlmişəm. Kənardan müşayiət edən olsa, bu qarşılaşmanın yumruq davasına çevriləcəyinə şübhə edə bilməz. Çünki durum eyniylə belədir...
Hə, deməli məni özümlə, ətrafımla, yuxularımla üz-üzə qoyan səbəb bəlli, amma bu bəlli olanın hər kəs tərəfindən qəbul edilməyən gerçəklikdir. Elə bir gerçəklik ki, onu görməmək mümkün deyil.
Lakin hərənin öz bazış bucağı, hərənin öz yanaşma tərzi olduğundan mənim gördüyümü ya kimlərsə görmür, ya da görmək istəmir. Bu da sonda həmin o qarşıdurmaya gətirib çıxarır, onu qaçılmaz edir...
Deməli, mən dərk edib anladığım gerçəkliyin içərisində olum-ölümlə yanaşı bir həyat eşqi də, lap elə bir həyatın özü də var. O həyat hər kəsə verilir. Özü də onu bəxş edən böyük Tanrıdı. Onun izni olmadan o həyata sahib olmaq və yaxud o həyatı tərk etmək mümkün deyil. Lakin hisslər, duyğular adama güc gələndə şəxsən mənə elə gəlir ki, bu həyat mənim imtahan verdiyim yer, sınaqdan keçdiyim ünvan, dərdlərimin dəyirmanında üyündüyüm məkandı. Ona görə də sadə şəkildə desəm, uşaq kimi cırnıyıram, inciyirəm, küsürəm, hətta əlimi başıma, dizimə çırpıram. Sanki bununla bu həyatın mənim üçün nə olduğunu, necə olduğunu özümdən qovmaq, uzaqlaşdırmaq istəyirəm. Təəsüf ki, mümkün olmur. Səbəbi də bəllidir. Bunu əvvəldə xatırlatmışdım. Bildirmişdim ki, həyatı verən də, alanda böyük Yaradandı. Mən də bir bəndə olaraq onun iradəsinə tabeyəm. Onun alına yazdığı taleyi yaşamalı, yükü sona qədər çəkməliyəm...
Mən bu düşüncələrimə min dəfə haqq qazandırmışam, min dəfə də onları yazılı vərəq kimi cırıb atmışam, küləklərə sovurmuşam. Lakin heç nə dəyişməyib. Bu dəyişməmənin səbəbini elə indiki durumumda, indiki döyüş meydanında anlayıram. Onu da sən anladırsan - öz varlığınla, öz hərəkətlərinlə, öz pıçıltılarınla...

Mən
bir bəndə olaraq
Allahın yaratdığı
hamını
çox istədim...
hamıdan da
çox səni...
hamıdan çox
istədiyim -
bir mələk olaraq
hamıdan da
daha çox
torpağa
istətdi məni! -
həmişəlik onun
olmağım üçün...

***
İllər öncə yaddaşıma bir naxış düşmüşdü. Elə bir naxış ki, əvvəl onu silməyə gücüm çatmadı, sonra da ona elə öyrəşdim ki, əlim gah qalxmadı, ürəyim gəlmədi onu silməyə. Beləcə, o naxış mənim təkcə yaddaşımın yox, həm də ömürlüyümün naxışına çevrildi...
Bəzən deyirlər ki, filankəsin naxışı gətirib... filankəs naxışlı adamdı... filankəsin naxışı var və sairə. Bilmirəm, bu deyim mənə də aiddi yoxsa yox, ancaq ona tam əminəm ki, Allah məni sözlə, qələmlə naxışlayıb. Məhz o sözün, o qələmin gücünə söykənib böyük Səməd Vurğun demişkən, az-az uydurub ürəyimin yükünü yüngülləşdirirəm. Bu yüngülləşmə təbii ki, ömrü uzatmır. Bu sadəcə ömrü bir az mənalı edir, onun rənglərini, çalarlarını dəyişir. Bax, mənim dəqiqləşdirdiym bu gerçəklik son illərdə daha çox əlimdən tutur. Bu bəlkə də yaşla da bağlıdır. Axı yavaş-yavaş çəliyə öyrəşmək lazımdır - əl ağacını deyirəm. Bu əl ağacı nə qədər yerə bərk söykənsə, dirəş göstərsə, onda büdrəyiş də az olar... Deyəsən bir az filosofluq etdim, üzrlü sayın. Lakin yenə həmin fikirdə qalıram ki, qələm və söz ondan yararlanan hər kəs üçün bir xilas vasitəsi, bir yaşam vasitəsi, bir güvənc vasitəsidi...
Hə, mən həyatımın yaddaşıma vurduğu həmin o naxışın işığında illər öncə düşündüklərimin bəhrəsini dərə-dərə sözümü şaxələndirir, sözümün ləkini genişləndirirəm. Əvvəl eni-boyu bir qarış olan o ləklər indi mənim üçün bir tarlaya, bir çəmənzara, bir ormana çevrilib. Təbii ki, mənim öz nəzərlərim, mənim öz yanaşmam söz dünyamda rahatlığımı təmin etdiyi kimi, qayğılarımı da bol edib.
Və dərdlərin sınaq ünvanı kimi mən bu ərazidə, yəni söz dünyamda heç kimdən çəkinmədən, heç kimdən gizlənmədən ağ vərəqlərlə kor-kobud qələmlə öz divarımı hörürəm - söz divarıdı bu! O divardan boylananda ilk öncə gözüm səni axtarır, könlüm səni səsləyir və nə yaxşı ki, gözümə də, könlümə də hamıdan doğma, hamıdan əziz olan sən görünürsən. Amma...
Mən
bu günə qədər
nə yaşadımsa
hər anı üçün
sənə borcluyam...
Sən
bu günə qədər
nə yaşadınsa
hər anı üçün
Tanrıya minnətdarsan...
Mən
həyatımın
hər anını,
mənasını,
hətta canımı -
səndə tapdım...
Sən
həyatının
hər anını,
canını

bu həyatın mənasını -
Tanrıda!..
Deməli,
mən səni sevəndə
həyatın,
hər anın,
canım olanda -
Tanrını da sevmişəm!...
Amma sən
Tanrıdan özgə
kimsəni sevməmisən -
bunu indi bilmişəm...

***
Bilgisayara düşüncələrimi diktə etdikcə arabir əlimdəki vərəqlərə diqqət yetirirəm. Çünki söylədiklərimin hamısı o vərəqlərə şam işığında köçmüşdü. Və mən də onu əziz bir yadigar kimi öncə büküb dəftərimin arasında saxladım, sonra pencəyimin qoltuq cibinə qoyub bir neçə gün özümlə gəzdirdim. Dəfələrlə açıb baxdım. Nəyin yerində olub-olmadığını bilmək istədim. Ancaq qərar verə bilmədim. Ona görə də sizə təqdim etdim. Düşündüm ki, ən yaxşı hakim elə sizlərsiniz. Çünki siz sözə vaxt ayırıb diqqət yetirəndə onu da, müsahibini də şərəfləndirirsiniz. Allah şərəfinizi və ömrünüzü davamlı, tükənməz etsin. Nə isə...
Hə, yazımın əvvəlində xatırlatdığım kimi əsası, səbəbi, bünövrəsi olmayan heç nə yoxdu. Hər şey bir dayaq nöqtəsinə söykənib. Bütün dayaqların ən möhkəmi torpaqdı. Mən də Allahın qəlbinə səpdiyi sözləri, duyğuları, fikirləri üstündə dayandığım torpağa söykənib, dayaqlanıb vərəqlərə köçürürəm. Necə alınır, necə oxunur, onu mənə demək çətindi. Çünki ağacın bütün meyvələri eyni boy biçimdə, eyni görkəmdə olmadığı kimi, bütün yazılar da eyni ürəkdən qidalanıb eyni ürəkdə çiçəkləsə də, kağız üzərinə köçəndə bir-birini təkrarlamır. Hərəsinin öz gözəlliyi, öz qüsurları olur...
Bax indi yazdığım yazının gözəlliyini mən özüm üçün çoxdan kəşf etmişəm. Amma qüsurlarını siz görüb biləcəksiniz, siz xatırladacaqsınız. Ən azı ona görə ki, bugünə qədər kiminsə öz ayranına turş dediyni eşitməmişəm. Olub kimsə ayranına turşməzə deyib, amma turş deməyib. Deməli, mən də Allahın lütfü ilə sahib olduğum söz və iç dünyamın əzəli və əbədi sakini olan sənə nə qədər cəhd etsəm də, heç türşməzə də deyə bilmirəm. Çünki sən varsan və hər şeysən!
Təəsüf ki, bu yanaşma birtərəflidi. Mən varam, amma hər şey deyiləm. Bunun da səbəbləri bəllidi. Ən başlıca səbəb sənin xəyal, mənim gerçək olmağımdı. Bax, bu gerçəkliyin içərisində ən çox güvəndiym də sınaq yeri olduğum kədərlərdi. Mən o kədərlərlə daha güclüyəm, daha dözümlüyəm. Çünki Tanrı dərdi dərd çəkənə verir, özü də sevə-sevə dərdi çəkənə!!!

Kədərdən ödül aldım,
Xeyirli olsun, canım...
Bu ödülün ayağı -
Sehirli olsun, canım...

Gün payını əridib
İl payını kiridib...
Səni kədər yeridib -
Mehrli olsun, canım...

Sevinci aldım satın
Oldu qolum, qanadım!
Hər günüm, hər saatım -
Şeirli olsun, canım!

Özümün özümə təsəlli üçün yazıb təkrar-təkrar ürəyimdə pıçıldadığım bu misralar həyatımın görünən tərəfidi. Amma neyləyim ki, onu ancaq görmək istəyənlər görə bilir! Bilmirəm, heç soruşmuram da, sən də görmək istəyirsənmi?...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK