01 Iyul 2025 11:44
172
HADİSƏ

"Qabırğalardan birini tapa bilmədik" - Səfərovların ekspertiza rəyi

"İyunun 30-da həmyerlilərimizin meyitləri təyyarə ilə ölkəmizə gətirildi. Sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə daxil oldu, xüsusi komissiya tərəfindən meyitlər müayinə edildi".

Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Baş direktor bildirib ki, meyitlərin müayinəsi gecəyarısı başa çatıb, səhər saatlarında onların meyitləri yaşadıqları Ağcabədi rayonuna aparılıb.

Ə.Həsənov qeyd edib ki, meyitləri müayinə etməmişdən öncə onların ölüm haqqında tibbi şəhadətnamələrini göndəriblər: "Bu tibbi şəhadətnamələr məhkəmə tibbi eskperləri tərəfindən verilib. Meyitin müayinəsi əsasında onlar ölüm haqqında tibbi şəhadətnaməni yazıblar. Bir dəfə məhkəmə ekspertizasında müayinə edilmiş meyitin ikinci dəfə müayinəsi çox çətindir. “Çünki meyit müayinə olunub, bütün orqanları kəsilib və təhlil edilib. Biz şübhələnirdik ki, zədələnmiş orqanlar kəsilib götürüləcək. Soruşanda isə, deyiləcək ki, müayinə üçün götürmüşük".

"Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarladıq. Onun döş qəfəsi deformasiyaya uğrayıb, assimetrikdir. Üst və alt dodaqlarının selikli qişasında qançırlar aşkarlanıb. Meyitin kəllə qapağı açıldıqda sərt və yumşaq qişada qansızmalar aşkar olunub. Eyni zamanda, yeddi-səkkiz qabırğanın yerdəyişən sınıqları aşkar edilib. Bu sınıqlar ağciyəri zədələyib. Səfərov Ziyəddinin ölüm haqqında tibbi şəhadətnaməsi də bizə təqdim edilib. Bildirilib ki, ölüm xəstəlikdən baş verib. Ona kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub. Biz meyiti müayinə edərkən hər iki gözün qişasında qansızmalar, sağ gözün alt və üst qəzasında qansızmalar, sol çiyinüstü nahiyədə qançırlı sınıqlar, döş qəfəsinin bayır yan səthində zolaq şəklində sıyrıqlar, baldır və topuq nahiyələrinin qançırları və sınıqları aşkar olundu. Bunlar ölümə səbəb olan diaqnozlar deyil. Daxili müayinələr zamanı isə aşkar etdik ki, başın dəri örtüyünün səthində qansızmalar, döş qəfəsinin küt travması-sıxılması müşahidə edilib. Qabırğasının biri isə yox idi. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb", - deyə Baş direktor söyləyib.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.