adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
28 Noyabr 2021 15:18
1182
ƏDƏBİYYAT
A- A+

Əjdər Ol "Türk Dünyasına Üstün Xidmət" mükafatına layiq görüldü

Tanınmış Azərbaycan şairi və nasiri Əjdər Ol bu günlərdə Türk dünyası üçün önəmli mükafatlardan biri ilə təltif edildi. Uzun illər ümumtürk ədəbiyyatına, mədəniyyətinə, ədəbi-mədəni əlaqələrimizin inkişafına yorulmadan töhfələr verən, Türk dünyası yazarlarının ədəbi təmaslarını genişləndirən Əjdər Olun bu səmərəli fəaliyyəti davamlı olaraq Türkiyə və Türk dünyası ictimaiyyətinin diqqətindədir. Bunun nəticəsi olaraq Türk Ədəbiyyatı Vəqfi Əjdər Olu "2021-ci il Türk Dünyasına Üstün Xidmət" mükafatı ilə təltif edib. Vəqfin başqanı Sərhat Kabaklı ədibin fəaliyyətinin önəmini və mükafata layiq görülməsinin səbəblərini bu şəkildə ümumiləşdirib: "Azərbaycan və Türk Dünyası ədəbiyyatına hekayə, roman, dram, şeir, araşdırma, portret, esse, bioqrafiya janrlarında onlarla əsər bəxş edən, əsərləri Azərbaycandan başqa, 10 fərqli ölkədə yayımlanan, Azərbaycan ədəbiyyatının Türk dünyasında və digər xarici ölkələrdə təbliğ edilməsində önəmli rollar oynayan, "Azərbaycan lətifələri" və "Müdriklik anları" kimi əsərləriylə Azərbaycanın, başda Heydər Əliyev olmaqla, siyasi, ədəbi və musiqiçi dühalarını Türk dünyasında və Avropada tanıdan yazar, şair Əjdər Ol bu mükafata layiq görülür". 

Xatırladaq ki, bu, Əjdər Olun Türkiyə və Türk dünyası miqyasında layiq görüldüyü ilk mükafat deyil. Hələ 2012-ci ildə o, Ankarada keçirilən Mahmud Kaşqarlı Beynəlxalq Hekayə Yarışmasının qalibi - əsas mükafatçısı olmuşdu.

Əjdər Olun Türk Ədəbiyyatı Vəqfinin "2021-ci il Türk Dünyasına Üstün Xidmət" mükafatına layiq görülməsi Türkiyə ədəbi mühitində də məmnunluqla qarşılanıb. Qeyd edək ki, Türkiyə və türk ədəbi cameəsi ilə Əjdər Olu sıx tellər bağlayır. Onun ayrı-ayrı əsərləri, bütöv kitabları dəfələrlə Türkiyədə çap olunub, ayrı-ayrı nəşrlərdə, həmçinin, "Türk Ədəbiyyatı" və "Koroğlu" dərgilərində Əjdər Olun yaradıcılığına geniş yer verilib. Türkiyə ədəbiyyatının Azərbaycanda nəşri, türk ədiblərinin əsərlərinin ana dilimizə uyğunlaşdırılması istiqamətində də Əjdər Olun önəmli xidmətləri var. Türk ədiblərin, ədəbiyyatçıların, eləcə də Türk dünyası yazarlarının bir çoxu Əjdər Ol yaradıcılığı haqqında yüksək fikirdədir.

Təsadüfi deyil ki, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu Əjdər Olu "Azərbaycan ədəbiyyatının sevilən qələm sabiblərindən, Türkiyədə bir çox kitab, ədəbiyyat həvəskarları tərəfindən zövqlə oxunan, Türk dünyasının dörd bir tərəfindən insanların qatıldığı Mahmud Kaşqarlı hekayə yarışmasında 2012-ci ildə birinci yerə layiq görülən dəyərli yazıçı və gözəl insan" kimi xarakterizə edir.

Almaniyada yaşayan türk yazıçı Orxan Aras isə Əjdər ol barədə yazır: "Şair və yazıçı Əjdər Ol ilə həm Azərbaycanda, həm də Almaniyada bir neçə dəfə görüşmüşük, müxtəlif mövzularda uzun-uzun söhbətlərimiz olub. Vətəninə bağlı, bir çox gözəl şeirlər müəllifi olan Əjdər bəy eyni zamanda, öz yazılarında yaşadağı dövrü və dövrünün insanlarını da ustalıqla, kameraman dəqiqliyi ilə təsvir etməyi bacaran bir qələm adamıdır. Mən onun qəzet və jurnallarda dərc olunan yazılarını, hekayə və şeirlərini həmişə maraqla oxumuşam, Azərbaycanın yaxın tarixinə işıq tutan "Lo" romanı da böyük marağıma səbəb olmuşdu. Əjdər Ol mədəni, ədəbiyyata, incəsənətə bələd olan çoxyönümlü insandır".

Türk şair, yazıçı və tərcüməçi İmdat Avşarın fikrincə, Əjdər Ol Vətəninə, onun insanlarına həsr etdiyi şeirləri, roman və hekayələri ilə Vətəninin - Azərbaycanın adını dünyada söz-söz ucaldan gözəl şair, yazıçı və ziyalıdır. İ.Avşar qələm dostu barədə yazır:  "Əjdər Olun mənim ürəyimdə xüsusi yeri var. Onun sayəsində Azərbaycanı qarış-qarış gəzdim, qardaş Azərbaycanın tarixini, taleyini ondan öyrəndim. 

Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onun yollar boyu söylədiyi, şərh etdiyi şeirlərlə daha dərindən anladım. Ulu öndər Heydər Əliyevin dühasını, onun siyasətinin incəliklərini Əjdər Oldan eşidib öyrəndim.

Əjdər Ol ilə birlikdə bir çox türk ölkələrinə və türk ellərinə getmişik. Getdiyimiz hər yerdə türk yurdları, türk tarixi və mədəniyyəti haqqında dərin söhbətlərini dinləmişəm. 

Əjdər Ol Azərbaycanı, Türkiyəni və Türk dünyasını çox sevir. "Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!" rədifli şeiri belə, onun vətən sevgisiylə dolu, odlu ürəyindəki Azərbaycan sevdasının nə qədər böyük olduğunu göstərməyə yetər. Əjdər Ol ömrü boyu Azərbaycanın Bayrağını hər zaman ucaltmağa çalışan, Türkiyə başda olmaqla, dünyanın bir çox ölkələrində çap olunan əsərləri, kitabları ilə o Bayrağı göylərə dalğalandıran bir Vətən oğludur.

Azərbaycan, Türkiyə və Türk dünyası sevdalısı Əjdər Olun bu il Türk Ədəbiyyatı Vəqfi tərəfindən "Türk Dünyasına Üstün Xidmət" mükafatına layiq görülməsi təsadüfi deyil, onun  yaradıcılığının və gördüyü dəyərli işlərin nəticəsidir". 

Şahanə MÜŞFİQ