adalet.az header logo
  • Bakı 6°C
23 Oktyabr 2021 15:25
1130
SİYASƏT
A- A+

Zəngəzur dəhlizi bizə lazımdır ya Rusiyaya?

Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Zəngəzur dəhlizindən danışıb. O deyib ki, hər iki tərəf (Azərbaycan və Ermənistan) əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul edəcək.

O, Zəngəzur dəhlizi haqda fikirlərini belə açıqlayıb: “Azərbaycan Naxçıvanla normal əlaqəni qurmaqda, kommunikasiyaların açılmasında maraqlıdır və bu, Ermənistanın qarşısında duran ilkin vəzifələrdən biridir - effektiv iqtisadi mühit yaratmaq, bölgədə, effektiv qarşılıqlı əlaqə - gələcəkdə Azərbaycanla da yaratmaq, prinsipcə, Ermənistan bunda maraqlıdır, Türkiyə ilə münasibətlərini normallaşdırmaq, onları müasir hala gətirmək”.

Beləliklə, V.Putin yaxın gələcəkdə Cənubi Qafqazda gedəcək proseslərin təxmini təsvirini vermiş olub. Rusiya prezidentinin açıqlamalarını həm də Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyətə malik layihə olan Zəngəzur dəhlizinin reallaşacağının anonsu hesab etmək olar. 

Çox maraqlıdır, bizim üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılmasına  Rusiya niyə belə canfəşanlıq edir?

Politoloq Binyamin Qəmbərlinin “Adalet.az”a verdiyi aşıqlamada bildirdi ki, Rusiya Zəngəzur dəhlizini Azərbaycana görə açmır.

“Zəngəzur dəhlizinin açılması ilə bağlı dəfələrlə demişəm ki, bu bizdən çox Rusiyanın işinə yarayır. Ona görə də, Putinin Zəngəzur dəhlizinin açılmasının vacibliyi barədə çıxışı səmimi idi. Çünki Ermənistanın dəmir yolu Rusiyanın əlindədi. İllərdir Rusiya bu sahəyə pul xərcləsə də, gəliri yoxdur. Zəngəzur dəmir yolunun açılması Rusiyaya qazanc gətirəcək”,- deyən B.Qəmbərli qeyd etdi ki, 10 noyabr razılaşmasına görə Zəngəzur dəhlizini Rusiya qoşunları qoruyacaq.

“Deməli Rusiya həm də bölgədə əbədi qalmağa bir səbəb əldə edir. Bu gün Ermənistanda qeəryönümlü insanlar hakimiyyətdə olduğu üçün Rusiyanın bu ölkəni itirmək təhlükəsi yaranıb. Ona görə də mən deyərdim ki, Zəngəzur dəhlizinin açılması, Rusiyanın hərbi baxımdan bölgədə həmişəlik qalmasına bəhanə verəcək”,- deyə politoloq əlavə etdi.

B.Qəmbərli açıqlamasında Rusiyanın Zəngəzur dəhlizindən həm Ermənistana, həm də Azərbaycana təsir vasitəsi kimi də istifadə edəcəyini vurğuladı. Onun sözlərinə görə, Rusiya istədiyi vaxt o yolu bir bəhanə ilə bağlayacaq: “Azərbaycanın Naxçıvanla və Türkiyə ilə rahat gediş gəlişinə mane olacaq. Eyni zamanda Azərbaycan və Ermənistan əhalisinin ordan keçib getməsinə nəzarət etməklə bölgədə zəifləmiş təsir imkanını yenidən yüksəldəcək. Buna görə də, bu yolun açılmasına daha çox Putin sevinməsi başa düşüləndir”.

Millət vəkili Ceyhun Məmmədov məsələ barədə münasibət bildirərkən əksini düşünüdüyü bildirdi.

“Rusiya prezidenti Vladimir Putinin Valday platformasındakı çıxışında Azərbaycanla, xüsusiilə də Zəngəzur dəhlizi ilə bağlı söylədiyi fikirlər bizim üçün böyük əhəmiyyət daşıyır.  Onun Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələləri barədə dedikləri də bizim üçün önəmlidir. Bilirsiniz ki, Ermənistan uzun müddət bu xəritələrlə razılaşmırdı. Həmçinin Ermənistanın baş naziri Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyünü demişdi. Amma bu gün görürük ki, Rusiyanın bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan baş nazirini ritorikasını dəyişməyə məcbur etdi. Azərbaycanın bu gün mövqeyi o dərəcədə güclüdür ki, artıq Rusiya kimi nəhəng ölkə bizimlə hesablaşır. İndi Putin nə dərəcədə səmimidir, onu deyə bimərəm, çünki siyasətdə səmimilik olmur, dövlət marağı olur”, deyə millət vəkili əlavə etdi.

C.Məmmədov Putin həmin açıqlamada kompromis məsələsinə toxunmasına da fikir bildirdi: “Düşünürəm ki, Azərbaycan öz növbəsində yetərincə kompromisə gedib, indi növbə Ermənistanındır”.

 

İLTİFAT