adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Oktyabr 2021 12:41
1855
GÜNDƏM
A- A+

Ucada dayananlar: Cənnətdə doğum günü olan 8  igidimiz...

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Bu gün şərəf və qürur yerimiz olan igidlərimizdən - 44 günlük Vətən müharibəsi şəhidlərimizdən səkkiz nəfərin doğum günüdür.

Adalet.az saytı  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Onları xalqımıza bir daha xatırladır.

Əsgər  Hüseyn Adil oğlu Abbasəliyev

 

 

Hüseyn Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Əvvəl 14 ,sonra isə 1 saylı məktəbin şagirdi olub. 2018-ci il oktyabırın 23-də həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvanda  başa vurub. 2020-ci ilin martın 29-da ordudan tərxis olunub.

Hüseyn Abbasəliyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Abbasəliyev 2020-ci il sentyabr ayının 29-da qəhrəmancasına şəhid olub. Subay idi.

 Hüseyn Abbasəliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

MAHHXHQ matros Bəybala Fazil oğlu Əliyev

.

 

Bəybala Əliyev 1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub.

2002-2013-cü illərdə Səbətkeçməz kənd tam orta məktəbində təhsil alıb. 2013-2015-ci illərdə müddətli həqiqi hərbi hərbi xidmətdə olan Bəybala Əliyev 2016-cı ildən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında “matros” (dənizçi) hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət edib.

 Xidməti zamanı Türkiyədə hərbi kurslarda təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Hərbi Qüvvələrində kəşfiyyatçı kimi xidmət edib, dəfələrlə fəxri-fərmanlarla təltiflənərək snayperçi kursuna əlavə hərbi təhsilə göndərilib.
Kəşfiyyatçı hərbçimiz Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. İki aydan çox nəşi tapılmayan şəhidimiz 08 dekabr 2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub. Subay idi.

Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

MAHHXHQ əsgər  Bəşir Nizami oğlu Abbasov

 

 

Bəşir 22 oktyabr 1998-ci ildə Quba şəhərində anadan olmuşdur. O 2005-2013-cü illərdə Quba şəhər H.Əliyev adına 1 saylı tam orta məktəbdə, 2014-2016-cı illərdə isə Siyəzən şəhər N.Əsədov adına 4 saylı tam orta məktəbdə təhsil almışdır. İdmanla da maraqlanan Bəşir bu sahədə bir sıra uğurlar qazanmışdır. Abbasov 2016-cı ilin iyulundan 2018-ci ilin yanvarına qədər müddətli hərbi xidmətdə XTQ-də xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra müxtəlif işlərdə çalışmışdır. Lakin uşaqlıqdan hərbiçi, kəşfiyyatçı olmaq arzusu 2019-cu ildə Bəşiri yenidən bu sahəyə gətirdi. MAXE əsgər kimi B.Abbasov 2020-ci il sentyabrın 27-i başlayan Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüşdür. 5 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə 11 silahdaşı ilə birlikdə ən ali mərtəbəyə-Şəhidlik zirvəsinə ucalmışdır.

Bəşirin atası Abbasov Nizami I Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Bəşir də atasının yolu ilə getdi, doğma torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində yaxından iştirak etdi. Bəşirin Vətənə, torpağa, müqəddəs üçrəngli bayrağımıza olan sevgisini yaxın ətrafı çox yaxşı bilirdi. O, 8 oktyabr 2020-ci ildə müqəddəs üçrəngli bayrağa bükülərək canından çox sevdiyi torpağa tapşırıldı.Nizami ata, Elnurə ana bir bacının tək qardaşını Vətən torpağına əmanət etdilər. Subay idi

Bəşir Abbasov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Leytenant  Kənan Nifdalı oğlu Məmmədov


 

 

Kənan  Məmmədov 1993-cü il 22 oktyabrda Ucar rayonunun Alpout kəndində anadan olub. 2000-ci ildə Alpout kənd 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 2011-ci ildə həmin məktəbi bitirərək hərbi xidmətə yollanıb. Kənan xidməti boyunca dəfələrlə təşəkkürnamələrlə təltif olunub. 1 il 6 aylıq hərbi xidməti bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili ədəbiyyatı bölməsinə qəbul olub. 2017-ci ildə universiteti əla qiymətlərlə bitirib. Kənan kiçik yaşlarından rus dilini də ana dili kimi bilib. Bundan başqa Kənan ingilis, erməni, türk dillərini də mükəmməl öyrənib.
Kənan ixtisasca filoloq olsa da, xəyalı həmişə hərbçi olmaq olub. 2017-ci ildə öz arzusunu gerçəkləşdirmək üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə daxil olub. Mərkəzi birinciliklə bitirərək fəxri fərman alıb. Leytenant rütbəsi alan Kənan Məmmədov tağım komandiri kimi ön cəbhəyə ezam olunub. Xidməti boyunca bir çox kurslarda və təlimlərdə iştirak edib. Paraşütdən sərbəst tullanma, SAT və digər kurslarda istedadı ilə seçilənlərdən biri olub. Kənan Murovdağa ilk ayaq basanlardan biri olub. O, 2 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Ailəli idi

 Kənan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Əsgər  Vüqar Emin oğlu Vəliyev

 

 

22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinfini yüksək qiymətlərlə bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak edib və Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi qəbul olub. 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə vuruşub.

17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Vüqar Vəliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

MAHXHHQ əsgər Elşən Fazil oğlu Yunisli

 

1995-ci il oktyabrın 22-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub.
Elşən Yunisli 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

O, Murovdağ döyüşləri zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət tapıla bilməyib və rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşi 26 iyun 2021-ci ildə tapılıb və ailəsinə təhvil verilib.

Şəhidimiz 27 iyun tarixində Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub.

 

MAHHXHQ çavuş  Müzəffər Ziyəddin oğlu Yusifli

 

Müzəffər 2000-ci il oktyabrın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Müzəffər Yusifli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müzəffər Yusifli oktyabrın 9-da Füzuli şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Müzəffər Yusifli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Əsgər Elşad Elman oğlu Zeynallı

 

 

Elşad 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda dünyaya gəlib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı ağır qəlpələrlə törədilmiş zədələnmələr, bud arteriyasının travması diaqnozu ilə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,  Zeynallı Elşad ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır. Sözsüz ki, bu azadlıq və firavanlıq onların qəhrəmanlığı bahasına başa gəlib. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid