adalet.az header logo
  • Bakı 7°C
21 Oktyabr 2021 13:39
1968
ƏDƏBİYYAT
A- A+

“Mən ölsəm, sən mənimlə daha çox fəxr edəcəksən” - Günel Natiq yazır

Qəhrəman döyüşçü və onun hərbçi ruhlu xanımının məhəbbət hekayəti

-Ömrüm, bircə şeydən qorxuram... Yox dilimə gətirmərəm...

-Sözü geri qaytarmazlar. Qurban olum de.

-Kimi sevirəmsə Allah əlimdən alır. Əvvəl anamı, sonra isə atamı... dilim-ağzım qurusun... Sənin həyatın üçün çox qorxuram.

-Qorxma, sınma, əyilmə. Mən ölsəm, sən məni itirməyəcəksən. Əksinə, mənimlə daha çox fəxr edəcəksən, mənim hərbçi ruhlu mübariz qadınım.

***

Çavuş Fariz Həsənov və onun hərbçi ruhlu xanımı Əzizə... Maddi ehtiyac ikisini də vaxtından tez böyütmüşdü. Bəlkə də oxşar taleni bölüşdükləri üçün onları bir- birindən yaxşı anlayan, duyan yox idi...

Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dünyaya gəlmişdi. Ailəsinə dəstək olmaq üçün uşaqlıqdan hər zəhmətə qatlaşmışdı. Yaşıdları məktəbə gedəndə, o, həmin məktəb binasının divarlarını təmir edirdi. Bəzən elə yorulurdu ki, elə partaların üstündə yuxulayıb yatırdı. Əlinin qabarıyla çörək qazanırdı.

Ərlə arvadın torpağı bir yerdən götürülür, deyirlər. Həyat yoldaşı Əzizə də uşaq yaşlarından öz ayaqları üstündə durmağı öyrənmişdi. 11 yaşından tale onu ağır imtahanla sınamışdı. Anası onkoloji xəstəliyə düçar olaraq hərəkət etmək qabiliyyətini itirmişdi. Əzizə 11 yaşından evin ehtiyacları barədə düşünmək məcburiyyətində qalmışdı. Anasının qulluğunda durur, evin bütün işlərini özü görürdü. Atası mövsümi usta idi, işi heç də həmişə rast getmirdi. Əzizə atasına da köməklik edirdi. Həyət- bacada meyvə tərəvəz əkir, aparıb bazarda satır, evə çörək pulu gətirirdi.

**

Əzizə məktəbdən məzun olmağa bir ay qalmış anası həyatla vidalaşır. O, son zəng günü bir- birinə sarılmış xoşbəxt ana və qızları oğrun-oğrun seyr edir və gözlərini qapıya dikib möcüzə gözləyirdi.

Amma özünə söz vermişdi, mütləq təhsil alacaq və atasına dayaq olacaqdı. Qəbul imtahanında elə hey gözləri yol çəkirdi, bəlkə buna görə də kodlaşmanı çox dəqiq yerinə yetirə bilməmişdi.

İnstituta daxil ola bilməsə də, kollecə qəbul edilir. Tam istədiyi bu deyildi, amma tez bir vaxtda təhsili başa vurub iş həyatına başlamaq lazım idi.

Farizin varlığından hələ xəbəri yox idi. Maraqlıdır ki, bir-birindən xəbərsiz bu iki gənc təxminən eyni qayğılarla yaşamışdılar.

Hərbçi olmaq vətənini hədsiz çox sevən Farizin uşaqlıq arzusuydu. Hərbçi kimi ana torpağa daha çox gərəkli olacağını hiss edirdi.

Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə oldu. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Düşmənlə həmsərhəd rayonda xidmət etmək istəyirdi. Qazaxın Aslanbəyli kəndində iki il xidmət etdikdən sonra təyinatı Qazaxın Kəmərli kəndinə verilir. Elə Əzizəylə tanışlığı da həmin dövrə təsadüf edir.

Fariz Əzizənin rəfiqəsinin həyat yoldaşı Həmidlə dost idi. Bir dəfə aralarında belə bir söhbət olur:

-Fariz, artıq 25 yaşını haqlamısan. Bəs nə vaxt evlənib oğul-uşağa qarışacaqsan?

-Həmid, mən hərbçi adamam. Hərbçi ölümü çiyinlərində daşıyır. Elə bir qız varmı, məni bu cür qəbul etsin, mən olmadıqdan sonra da ömür yolumu davam etdirsin?

-Belə bir qız tanıyıram. Kasıb ailənin övladıdır, amma çox mərd qızdı. Qayınanamgilin kəndində yaşayır. Ətrafda hamının hörmətini qazanıb. Fariz, bəlkə dastanlarda Abbas Gülgəzin, Qurbani Pərinin dalınca getdiyi kimi, sən də Əzizənin adını tutub onun yaşadığı kəndə gedəsən? Qulaq as, bəlkə səni o qıza buta veriblər? Aşıq Mahmudun söyləmələri yadındadır? Bəzən qəhrəman özü də bilmədən öz butasının dalınca dünyanın o biri başına gedir.

- Ay Həmid, nə buta, nə dastan? Heç məndən Abbas, Qurbani olar? Mən hərbçi babayam. Yaxşı, getməyinə gedək, amma heç ağlım kəsmir bu iş ola.

Fariz bu sözləri deyərkən ürəyində arzulayırdı ki, kaş ki Həmidin dedikləri çin ola, kaş ki onun taleyində dastanabənzər bir sevda ola…

Amma bir məsələ də vardı. Bəs hansı bəhanəylə qıza baxmağa gedəcəkdilər? Həmidin ağlına bir fikir gəlir.

- Aha, tapdım. Qızın atası ustadır, elə deyərik ki, təmir üçün gəlmişik. Nə deyirsən?

-Nə bilim, birdən yaxşı düşməz...

-Əsas sizi tanış etməkdir. Sonra hal qaziyəni danışıb üzr istəyərik. Hə, gedəkmi?

Yayın ən gözəl günlərindən biriydi. Əzizə həyətdə gülləri sulayır, ləkləri səliqəyə salırdı. İki nəfərin həyətə girdiyini görüb duruxdu. Birini tanıdı, rəfiqəsinin həyat yoldaşı Həmiddi. Digər ucaboylu, qaraşın oğlanı isə tanıya bilmədi.

-Əzizə bacı, Elçin kişi evdədirmi?

- Evdədr, bu saat çağırım.

Həmid Elçin kişiylə təmir məsələsini danışanda Farizin gözü Əzizədəydi. Başı işə qarışan qız isə səliqəylə ləkləri sulayırdı. Birdən başını qaldıranda Farizin nəzərləriylə qarşılaşdı. Acıqla saçlarını üzündən çəkib dedi:

-Ey, sən niyə mənə elə baxırsan?

Fariz qızardı, deməyə söz tapmayıb başını aşağı saldı. Elçin kişi dil-ağız edib qızının əvəzinə üzrxahlıq elədi:

-Oğlum, mənim qızım bir az oğlansayağı böyüyüb, həmişə özü özünə qahmar çıxır, sözünü sərt deyir, sən ona fikir vermə.

Fariz gülümsəyib başını tərpətdi.

Sağollaşıb çıxdılar. Bir neçə dəqiqə dinməzcə yol getdilər. Birdən Fariz dayandı. İyun səhərinin gözəlliyinin indi fərqinə varmış kimi gözlərini yumdu, günəşin şəfəqlərini qəlbində hiss etdi və dedi:

-Həmid, bilirsən nə düşündüm? Olsa da bu qızdır, olmasa da bu qızdır.

-Olmaya...

-Hə, sevdim mən bu qızı. Oğlansayağı böyüyüb, amma dəlisov hərəkətlərində belə bir məsumluq, saflıq var. O, mənim hərbçi həyatımın ağırlığına sinə gərə biləcək. Onun gözlərində o qeyrəti gördüm mən.

Bir neçə gündən sonra qonşu Gülnar xala Əzizəgilə gəldi. Qızı kənara çəkib Farizin onlara hansı niyyətlə gəldiyini, onu çox bəyəndiyini, elçi göndərmək istədiyini dedi. Əzizə daş atıb başını tutdu:

-Gülnar xala, nə elçilik, nə evlilik? O oğlana deyin gəldiyi kimi də çıxıb getsin. Mən ərə getmək istəmirəm.

Amma ilk söhbət baş tutdu. Həmidin usta məsələsiylə bağlı üzrxahlığından sonra Fariz sözə başladı:

-Əzizə xanım, siz həyatda çox əziyyətlər çəkmisiz. Mən də əlimin qabarıyla böyümüşəm və bilirəm ki, həyatda halallıqdan gözəl heç nə yoxdur. Bizi taleyin bir araya gətirdiyinə inanıram... İstəyirəm ki, bundan sonrakı həyatımda yanımda siz olasız.

Qız fikrə getdi.

-Birincisi, mən oxuyuram. İkincisi də ərə getmək fikrim yoxdur. Mən atamı tək qoya bilmərəm. Mən getsəm, kim ona baxacaq? Yeməyini kim bişirəcək? Paltarlarını kim yuyacaq?

-Atanı tək qoymayacayıq, bir də ki, sizin də xoşbəxt olmağa haqqınız var. Demirəm ki, indi evlənək. Sadəcə üzüyüm barmağında, şalım çiynində olsun. Bilim ki, mənimsən.

-Nə sənin olacam, nə də qeyri kimsənin. Bu iş olmaz. Mənim ərə getmək fikrim yoxdur!

-Əzizə, xahiş edirəm, sadəcə fikirləş. 20 gün vaxt verirəm. 20 gündən sonra cavabını verərsən.

Əzizə bayaqdan bəri ilk dəfə başını qaldırıb oğlana baxdı. Göz-gözə gəldilər. İlk baxışdan məhəbbət yəqin ki, bu idi. Qız həmin an ürəyində yaranan istəyin birdən- birə fərqinə vararaq:

-Yaxşı, fikirləşərəm,- dedi.

Dastanlardakı kimi 20 gün bir göz qırpımında ötüb keçdi. Düz 20 gündən sonra Əzizənin telefonuna mesaj gəldi:

“Salam, Əzizə. Fikirləşə bilibsənmi? Cavabını səbirsizliklə gözləyirəm. F.”

O gündən başlayaraq məktublar quş olub bir-birinə sarı uçdu. İlk küsüşmə. İlk sevgi etirafı. İlk nigarançılıq…

Elçilikdən sonra Elçin kişi qızının fikrini soruşdu.

-Ata, mən səni atıb getməyəcəyəm. Bəs sənə kim baxacaq? Kim sənin qayğına qalacaq? Bəs sən özünü fikirləşmirsən?

-Atalar özlərini yox, qızlarını fikirləşər həmişə. Mən də qocalmışam, ömrümün sonuna çox qalmayıb, səni kimə tapşırıb dünyadan köçəcəm?

Kişi həyat yoldaşının xiffətini edirdi, elə bir gün yox idi ki, onun adını dilinə gətirməsin.

-Qızım, sənin atan insan sərrafıdır. Mən Farizin ləyaqətli oğlan olduğunu anladım. Bil ki, əgər sabah mənə nəsə olsa, o sənə kimsəsiz olduğunu hiss etdirməyəcək.

Elçin kişi doğrudan da insan sərrafıydı, Fariz barədə düşüncələrində yanılmamışdı. O, nişandan beş ay sonra insult keçirəndə Fariz əsl oğul kimi onun qulluğunda durur, iynə- dərmanlarını alıb gətirir, beş günlük məzuniyyətini qocanın yastığı başında keçirir.

Toydan bir ay sonra Elçin kişi ömrünü qızıyla kürəkəninə bağışlayıb dünyadan köçür.

Dəfndən sonra yeni evlilər yaşamaq üçün Qazaxın Kəmərli kəndinə daşınmağa qərar verirlər. Bu, hər ikisinin arzusuydu, Bakıda qayınanasıgildə yaşayan Əzizə Kəmərlidə xidmət edən həyat yoldaşının həsrətinə dözə bilmirdi, quş olub onun yanına uçmaq istəyirdi.

İki il sonra ilk övladları dünyaya gəlir. Fariz özünü göyün yeddinci qatında hiss edirdi.

-Qızımız evimizə sevinc gətirdi, adı Sevinc olsun,-deyir.

İki il sonra ailədə oğlan uşağı- Ruslan doğulur. Xoşbəxt olmaq üçün daha nə lazım idi ki? Amma sərhədyanı rayonda atəşkəsin pozulması ailənin dincliyini əlindən alırdı.

-Əzizə, Kəmərli təhlükəsiz yer deyil, keçən gün həyətə mərmi düşəndə sənin necə qorxduğun heç yadımdan çıxmır. Gəl sizi kənddən aparım.

-Mən sənsiz heç yerdə yaşaya bilmərəm. Sənsiz yaşamağın nə mənası var ki? Bir də ki, mən sənin dediyin kimi hərbçi ruhlu qadınam…

Bir- birinin varlığından xəbərsiz olan vaxtlarda məhrumiyyətlər, ağrı-acılar içində yaşamış bu iki insan birlikdə olmağın xoşbəxtliyini hava- su kimi içinə çəkirdi. Əzizə həyat yoldaşının işdən evə gəlişini dörd gözlə gözləyirdi. Bəzən Fariz 20 gün evə gələ bilmirdi. Uşaqlar “ata isti çörək gətirəcək” deyə qapıda durub gözləyirdilər. Fariz gələndə üçü də qabağına qaçırdı. Çavuş Fariz Həsənov onların hər üçünün qəhrəmanıydı.

Evliliklərinin 8-ci ili idi. Nədənsə Əzizə Farizin həmin tarixi unutduğunu düşünmüşdü.

-Fariz, bu gün hansı gündür, xatırlayırsanmı?

-Yox ömrüm, mənim yadımda silahdan-sursatdan başqa nəsə qalırmı?

Əzizə sonra özünü danlamalı oldu. Necə ola bilər ki, ərinin həmin günü unutduğunu düşünmüşdü? Həmin tarix yadındaydı Farizin. Bükülü ovcunu ağır-ağır açdı. Ovcunda güllə var idi. Əzizə güldü.

-Ay Fariz, camaat yoldaşına gül-çiçək verir, sən də güllə.

-Ömrüm, mən hərbçiyəm, hərbçinin qadını da döyüşçü ruhlu olmalıdır. Sən mənim ruhumda olan bir qadınsan. Bu gülləyə baxdıqca, məni xatırlayarsan.

Xidmət etdiyi N saylı hərbi hissədən sonuncu dəfə 2020-ci il sentyabrın 10-da gəldi. Soyuqqanlıydı. Müharibənin başlayacağını bilirdi. Ağır-ağır sözə başladı.

-Bizim istiqamət bilindi. Ya Füzulidi, ya da Murovdağ. Yəni mənim gedişimin dönüşü olmaya bilər.

Fariz bunu deyib gözlərini onun gözlərinə dikdi. Nəzərləri görüşdü. Həmin o ilk görüşdəki baxışlar yenidən bir- birinə qovuşdu. Əzizə bu gözləri bir də görə bilməyəcəyini düşünəndə bədənindən üşütmə keçdi. Özünü ələ aldı:

-Qurban olum Fariz, belə demə. Sən torpaqlarımızı geri alacaq və qayıdacaqsan. Bizim gözəl günlərimiz hələ qabaqdadır.

Qadın sözünü qırıq-qırıq deyirdi. Göz yaşları onu boğurdu.

-Əzizə, ağlama, göz yaşların hələ sənə lazım olacaq.

-Xahiş edirəm, belə demə.

-Yox, mənə qulaq as. Ruslanımı oxudarsan, qoy general olsun, qızım Sevincin diş həkimi olması üçün çalışarsan. Əyilmə, sınma, ağlama. Ağlasan da göz yaşlarını heç kimə göstərmə. Unutma, sən Fariz Həsənovun həyat yoldaşısan. Mən ölsəm, sən mənimlə daha çox fəxr edəcəksən.

Şəkil çəkdirməyi sevmirdi, amma həmin gün Əzizə və uşaqlarla şəkil çəkdirdi. Sonuncu dəfə.

**

O gecə Əzizə həmin o dəhşətli yuxunu gördü. Gördü ki, Farizin tabutunu gətirirlər. Tabutu açır, Fariz tabutdan qalxır, gülür. Deyir, "ömrüm, zarafat edirəm, mən sağam”. Əzizə yuxudan təngnəfəs oyandı, qara fikirləri başından qovmağa çalışdı, amma nə illah elədisə sakitləşib yuxuya gedə bilmədi. Durub Farizin köynəyini tapıb gətirdi, qoxladı, onu qucaqlayıb yatdı.

Səhər gün eşitdiyi xəbər düz dünyanı qarsdı:

“Çavuş Fariz Həsənov Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Füzuli rayonu ərazisində çiyində tank əleyhinə idarə olunan raket ilə düşmənin çoxlu sayda hərbi texnikasını, 50-dən artıq hərbçisini və 2 hərbi vəzifələsini məhv edib…”

Yox, onun qəhrəmanı onu tərk edə bilməzdi. Əzizə bu xəbərə inanmadı.

Tabutu açmaları üçün israr etdi. Xahiş etdi, yalvardı. Tabutu açdılar. Farizin üzü tanınmaz haldaydı. Əlini üzünə sürtəndə burnunun tanış sümüyünə toxundu. “Farizdir” dedi.

Qəbrinə ilk torpağı özü tökdü. Məzarı başında danışdı, nə danışdığını xatırlamır, ancaq həmin anların soyuq ürpərtisi yaxşı yadındadır.

Balaca Ruslan əlinə verdikləri bayrağı bərk-bərk qolunun altına sıxmışdı. Məzarlıqdan çıxanda “Ana, atanın evi artıq bura olacaq?” deyə soruşdu. Əzizə Farizin sonuncu gedişində dediyi sözləri xatırladı:

-Artıq uşaqların anası da, atası da sənsən. Bunu unutma, mənim hərbçi ruhlu mübariz qadınım. Qorxma, sınma, əyilmə. Unutma, sən Fariz Həsənovun həyat yoldaşısan. Mən ölsəm, sən mənimlə daha çox fəxr edəcəksən.

Yıxılmadı. Başını dik tutdu. Şəhid qadınına yaraşan ləyaqətlə dönüb həyata baxdı. Yaşantıları kinolent kimi gözünün önündən keçdi. Anasının xəstəliyi, onun uşaq sıxıntıları, kiçik çiyinlərinə düşən böyük qayğılar, atasının itkisi… Və anladı ki, onun ən böyük missiyası bundan sonra başlayır. “Şəhid qadınıyam” deyib ayağa qalxmaq, həyatını Vətənə qurban verən hərbçinin ömrünün davamı olmaq, onun yetə bilmədiyi gələcəyə onun naminə varmaq… Artıq onun üçün var olmaq- onların ikisini də yaşatmaq, bu ömrü Fariz və Əzizə kimi yaşamaq idi…