adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 10:21
4675
MƏDƏNİYYƏT
A- A+

Qəsdən öldürüldüyü deyilən, 30 ildən sonra qəbri ziyarət edilən Səxavət Məmmədovun doğum günü...

 Yadıma zorla gəlir . Amma təxminən 1976-ci il olardı. Anam mənə boynunda, qollarının ağzında, ətəyində qırçınları, ağ rəngli üstündə xırda, yaşıl yarpaqlar olan  gecə paltarı (naçinoy) almışdı.  

Elə o arada Abdal kəndindən gəlib Mirəşelli kəndində yaşayan Aydın  adlı qohumuzun qızı Mehparənin toyuna  gedirdik. Toya gedənlərin hamısı bir yana oldu, mən bir yana naçinoyu əynimdən çıxarıb normal paltar geyindirə bilmədilər... Qırçınlar elə xoşuma gəlmişdi...

Təptəzə "naçinoy"umu geyinib getdim Mehparə ilə bibisi oğlu , Abdalda yaşayan Knyazın xeyir işinə..Biz ora təzəcə çatmışdıq ki, "Oğlan evi" gəldi. Yadımdadır ki, bu adi toya bənzəmirdi. O qədər adam vardı ki, "Oğlan evi" bəzəkli- düzəkli gəlini həyətdə qurulmuş toy mağarına gətirdilər, Çalmaq – oynamaq, yallı getmək, səs, küy, gülüş, ağız deyəni qulaq eşitməz oldu ... Elə bu zaman bəyin qardaşı cavan , yaraşıqlı, əlində qaval olan utancaq bir oğlanı ortaya çəkdi. Bir anda məclis  dondu sanki. Hamı susub, gözünü o yaraşıqlıya zillədi. Bəyin qardaşı mikrofonu əlinə alıb elan elədi: Səxavət oxusun, biz də bir azdan gəlini götürüb gedirik.
Hər kəs yerini tutdu. Səssizlik, milçək uçsa səsi eşidilər. Mikrafonu Səxavət deyilən oğlana tərəf yaxınlaşdırdılar. Oğlan incə bir hərəkətlə mikrafonu əlinin arxası ilə geri itələyib, mikrafonsuz oxumağa başladı. Səxavətin ard-arda oxuduğu mahnıları, bir də bir segahı  yadımdadı... Hamı nəfəsin tutub qulaq asırdı... Sonralar onu televiziyada çıxış edən  gördüm.Təqdimatı da belə idi: Oxuyur Səxavət Məmmədov. 
Uşaq yaddaşıma o səs elə həkk oldu ki, bir daha Səxavətə məxsus elə bir səsi, ahəngi, şirinliyi heç zaman duymadım.


Səxavətin həyat yolu və yaradıcılığı

 


Adalet.az xəbər verir ki, bu gün bənzərsiz səsə sahib Səxavət Məmmədovun doğum günüdür. Şirin, ecazkar səsli xanəndə 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.
Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s. Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.

 

          (Bəxtiyar)       


1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.


1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. 


İlk həyat yoldaşından (bir oğlu, bir qızı var) ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etmirdilər. Lakin, övladlarının sözlərinə görə, hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb. Yeri gəlmişkən, sənətkarın  ikinci evliliyindən də 2 oğul övladı var.

 

Səxavətin mübarizə yolu

 

 

Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.


Müəmmalı ölüm - 1991-ci ilin bu günü

 

Deyilənə görə, dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verir və Səxavət Məmmədov o qəzada dünyasını dəyişir. 37 yaşında. Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir.
O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir: "Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Sonradan o “Kamaz” sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın"

 

                         (Şəhriyar)

Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qald.
 Qeyd edək ki, Şəhriyar adlı oğlu Səxavətin birinci nikahındandır.


 Bənzərsiz səs sahibi mərhum Səxavət Məmmədova Allah rəhmət eləsin!


 Böyük hörmət və ehtiramla Əntiqə Rəşid