Heç zad - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
5348 | 2021-09-24 12:36

Okeanın o tayından zəng gəlmişdi mənə. Bu əcaib nömrəni əvvəl açmaq istəmədim. Bilmirdim axı kimdi?! Dedim, açaram bir lüt qız başlayar hoqqa verməyə. sonra gəl bu mətbuatın ekranından yığış. O üzdən məni çəkən kameraının üstünü tutub “yes”-ə basdım. Dostum imiş. Vaxtında çıxıb gedənlərdəndir. Vəziyyəti orta səviyyənin “full”u dərəcəsindədir.

Hal-əhvaldan sonra keçdik nə var-nə yoxa. Açığı mən ondan okeanın o tərəfindəki gün-güzəran haqda heçnə soruşmadım. Neynirəm ki soruşum? Nə gedə bilirəm, nə də ki, ordakı vəziyyət bura gəlir. Amma onun üçün bura maraqlıdı. Vətəndi axı...

Başladıq söhbətləşməyə.

-Hardasan?

-Tıxacda

-Onda vaxtını öldürüm də. Benzinin havayı yanmasın. Deyir, benzin qalxıb. Neçədi?

-Heç zad. 98-1.90, 95 -1.60

- Ərzaq da qalxıb?

-Hə. Elə-belə. Heç zad 30-40 faiz

- Kommunallar qalxmaz?

- Qalxıb. Heç zad. Qaz 10 qəpik limiti keçdinsə 20 qəpik, su 1manat , işıq 7 qəpik limiti keçdinsə 11 qəpik.

- Bəs minimum əmək haqqı sizdə nə qədərdi?

- Bax o qalxmayıb. Heç zad. Cəmi 250 manat.

- Əsas odur ki, təhsil pulsuzdu.

- Hə. Repititora, bayramlara, əlavə kitab dəftərlərə və və s. xərclərə xərclədiklərimizi çıxsaq heç zad, pulsuz. Oxu ki, oxuyasan.

- Səhiyyədə vəziyyət necədi?

-Heç zad.

-Koronayla neynirsiz?

-Heç zad, pasportu vurdurub alanda var, vurdurmayıb alanda.

- Bəs rüşvət, korrupsiya?

- Kiçik rəqəmləri demirəm, vaxt çox gedər. Yadıma düşənlərdən Vüqar Səfərli 18 milyon, Vidadi Muradov 22 milyon. Heç zad

- Onda kasıbçılıq olar?

-O da heç zad. Toylar adambaşına 300 manat, ali məktəblərdə təhsil haqqı 5-6 min manat, sürülən maşınlar 150 min manat, üstündəki nömrə 150 min manat, 2 milyonluq saat... Villalardakı qiymətsiz.

- Qaqa, bəs heç zad olmayan nə var?

-Hə, bax heç zad olmayan bizik. Hər şeyin qiyməti var, tək qiyməti olmayan bizik.

- Di qud bay.

-Heç zad. Qud bay.

 

TƏQVİM / ARXİV