SON DƏQİQƏ:

Füzulinin doğum tarixi öz dilindən - Akif Azalp yazır

  469   |  
Şriftin ölçüsü  

Nəhayət, füzulişünaslıqdakı bir əsrlik mübahisəyə birdəfəlik son qoyuldu! adalet.az şair-ədəbiyyatşünas Akif Azalpın “Füzulinin doğum tarixi öz dilindən” adlı məqaləsini təqdim edir. 

                                  

                Füzulinin doğum tarixi öz dilindən 

     (“Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri”   silsiləsindən - ixtisarla) ​​​

Avropa şərqşünaslığında lirikası Şərqin ən möhtəşəm poetik hadisələrindən biri, “Leyli və Məcnun”u isə tarix boyu “türk dilində yazılmış məsnəvilərin ən gözəli (E. Gibb)” və “qədim ədəbiyyatın ən yüksək şah əsəri (S. Huri)” kimi qiymətləndirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin doğum tarixi bir əsrə yaxındır ki, qızğın elmi mübahisələrin əsas mövzusu olaraq qalmaqdadır. Bu haqda sonuncu ciddi araşdırmanın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı “Füzulinin doğum tarixi doğru deyildir” adlı məqaləsində sözügedən mübahisələri ümumiləşdirərək yazır:

​“İlk peşəkar ədəbiyyat tarixçimiz F. Köçərli M. Füzulinin “Sultan Süleyman əsrində – hicrətin 900-cü tarixində təvəllüd etdiyini” qeyd etsə də, əsaslandığı heç bir qaynaq göstərmir. Sovet dövrü bütün ədəbiyyat tarixi və dərsliklərində göstərilən 1494-cü ilin isə haradan, nəyə və hansı tarixi vəsiqəyə əsasən götürülməsi maraqlı və, eyni zamanda, olduqca mübahisəlidir (Onu da deməliyik ki, tanınmış türk füzulişünası A. Karahanın yazdığına görə, Türkiyədə şairimizin hətta h. 910/m. 1504-cü ildə doğulduğunu irəli sürənlər də olmuşdur). Akademik H. Araslının fikrincə isə Füzulinin doğum tarixini 1495, 1498, 1502, 1504 və 1506-cı il kimi göstərənlər də vardır. Şairin 1495 (hicri 900) və 1504 (hicri 910) tarixində anadan olduğunu irəli sürən müəlliflərin heç bir sənədə əsaslanmadığını qeyd edən H. Araslı bir az sonra özü də 1498-ci ili təxmini olaraq “müəyyən etdiyini” bildirir. Bu, artıq bəzi alimlər tərəfindən müxtəlif zamanlarda qeyd edilmiş, şairimizin süni olaraq “cavanlaşdırılması” nəzərə çatdırılmışdır. Biz bu fikrimizi sübut etmək üçün indiyədək bu barədə söylənilmiş bütün dağınıq mülahizələri sistemləşdirib ortaq bir məxrəcə gəlməyə çalışacağıq (Bayramlı Z. Füzuli... və..., Bakı, “Elm və təhsil”, 2018, s. 20-21)”. 

Tanınmış füzulişünas öz məqsədi yolunda böyük şairin müxtəlif əsərlərindən onun qocalığı ilə bağlı etiraflarını misal gətirərək, eləcə də, “Bəngü Badə” ilə “Leyli və Məcnun” poemalarının yazıldığı tarixləri diqqət mərkəzinə çəkərək, Füzulinin doğum ilinə dair F. Köçərli (1494) və H. Araslıdan (1498) başqa, Ə. Səidzadə (1480-1485), R. Azadə (1485-1490), A. Karahan (1480) kimi Azərbaycan və türk ədəbiyyatşünaslarının təxmin və qənaətlərinə də münasibət bildirdikdən sonra öz mövqeyini aşağıdakı şəkildə ortaya qoyur: 

​“Bizə qədər bu barədə deyilmiş fakt və fikirləri saf-çürük edərək bu nəticəyə gəlirik ki, Füzuli təxminən 1480-85-ci illərdə Kərbəlada doğulmuş, boya-başa çatmış, ilk təlim və təhsilini də orada almışdır (s.33)”. 

​Qeyd etmək lazımdır ki, Z. Bayramlının bu məqaləsi, hər şeydən öncə, ədəbiyyat tarixçiliyimizin ən mübahisəli və ən mühüm məsələlərindən birini yenidən gündəmə gətirməsi və onun birdəfəlik həlli üçün yenə də ən etibarlı qaynaq kimi diqqəti Füzuli əsərlərinin özünə yönləndirməsi ilə əhəmiyyətlidir.  

​Göründüyü kimi, dahi şairimizin doğum ilinin müxtəlif tədqiqat və təxminlərdə çərək əsrdən artıq bir fərq (1480-1506) ilə göstərilməsi, bir tərəfdən, dərin təəssüf hissi doğurursa, digər tərəfdən, əsas mətləblə bağlı yeni elmi yanaşma və axtarışlara sövq edir. Bu baxımdan Füzulinin tarix sənətinə münasibəti, eləcə də, öz həyat və yaradıcılığının bir sıra mühüm sənələrini öz əsərlərində “maddeyi-tarix”lər ilə əks etdirməsi xüsusi maraq oyadır.  Biz bunun məşhur misalını “Leyli və Məcnun” poemasının başa çatma tarixini bildirən və füzulişünaslığın artıq üzə çıxardığı tarix maddəsindən (1537) yaxşı bilirik. Üstəlik, Z. Bayramlının da “Füzuli... və...” kitabında qeyd etdiyi kimi, Füzulinin oğlu Fəzlinin də “şair kimi tanınmış, daha çox müəmma və “maddeyi-tarix”lər yazmış” (s.8) olması faktı onun atasının və ustadının “tarix sənəti”nə dərin rəğbətindən xəbər verir. Ancaq Nəsimi və Nəvai kimi böyük sələflərinin ardınca Füzulinin də bənzərsizliyi onda idi ki, o, başqa poetik sənətlər sırasında “maddeyi-tarix”i də, hər şeydən öncə, əlverişli məharət meydanı saydığına görə, “tarix” , “sal”, “sənə” sözləri ilə müşayiət olunan sadə və açıq tarix maddələrindən daha çox ən müxtəlif eyhamlarla işarələnmiş çoxqatlı və örtülü tarix maddələrinə üstünlük verirdi. Yəni təkrarlardan qaçmaq və bədii məharəti dərinləşdirmək üçün “bir ox ilə iki hədəfi vurmaq” üsuluna daha çox meyl göstərirdi. Uzağa getməyək, elə “Tarixinə düşdülər müvafiq, Bir olmaq ilə ol iki aşiq” misralarından da məqsəd yalnız “Leyli və Məcnun”un yazılma tarixini əks etdirmək deyildi, eyni zamanda, həyatda qovuşa bilməyən iki nakam sevgilini rəmzi-məcazi müstəvidə bir-birinə qovuşdurmaq və “ol iki aşiq”i sanki “maddeyi-tarix”də birləşdirmək idi.  

​Beləliklə, Füzulinin bir çox əsərlərini yenidən və diqqətlə nəzərdən keçirdikdə dahi şairimizin öz həyat və yaradıcılığının bəzi mühüm sənələrini, o cümlədən, mübarək doğum ilini örtülü tarix maddələrində dəfələrlə əks etdirdiyinin canlı şahidi oluruq. Bu cəhətdən ilk olaraq bənzərsiz lirikin ən yayğın və təsirli qəzəllərindən biri olan “Yazmışlar” rədifli örnəyin ilk və son beytlərinə diqqət yetirək:  

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar,

Bu məzmun ilə xətt ol səfheyi-rüxsarə yazmışlar.

 

...Yazanda Vamiqü Fərhadü Məcnun vəsfin əhli-dərd,

Füzuli adını gördüm, səri-tumarə yazmışlar.

 

(Füzuli M. Əsərləri, altı cilddə, Ic., Bakı, “Şərq-Qərb”, 2005, s.139)

 

Göründüyü kimi, müəllif mətlədə “Hər kəsin bəxti-taleyi doğulanda onun alnına yazılır” inancından ustalıqla istifadə edərək, “Katiblər başdan aşiqlərin bəxtini qara (qara rənglə və qar üzərinə) yazmışlar. Bu məzmundakı yazını o ağ səhifəyə yazmışlar” deməklə, məqtədə isə “Dərd əhli Vamiq, Fərhad və Məcnun tərifini yazanda gördüm ki, Füzuli adını siyahının başında yazmışlar” söyləməklə hər iki beytdə doğuluşla bağlı örtülü tarix maddəsinin mövcudluğuna incə işarələr vurur. Bir tərəfdən, hər iki beyti sözügedən qəzəlin başqa beytləri ilə bağlayan yeganə söz olduğu üçün, digər tərəfdən, rədifli qəzəllərdə adətən “maddeyi-tarix”lər rədiflərdə verildiyinə görə (Nəsimi və Nəvai qəzəllərində olduğu kimi), “yazmışlar” rədifi üzərində dayanıb, əbcəd hesabı ilə ondakı hərflərin say qiymətinə nəzər salırıq: “ya(10)”+ “əlif(1)”+ “za(900)”+ “mim(40)”+ “ya(10)”+ “şin(300)”+ “lam(30)”+ “əlif(1)”+ “re(200)”=1492.

​Hərçənd bu cür hallarda hər hansı təsadüfə yer qalmır, amma hansısa ədəbiyyat tarixçisi yaxud mətnşünasın bir çox türkkökənli sözlərin ərəb əlifbası ilə yazılışındakı qeyri-sabitliyi (məs., məşhur “Sığmazam” rədifi bəzi əlyazmalarda yanlış olaraq “sad” ilə deyil, “sin” ilə yazıldığı kimi, “Yazmışlar”rədifinin üçüncü hərfi də səhvən “za” ilə deyil, eyni səsi verən başqa hərflə yazılmış ola bilər və s.) misal gətirərək, yuxarıdakı nəticəni şübhə altına alması gözləniləndir. Belə olduğu təqdirdə, mübahisəyə son nöqtəni yalnız və yalnız “kəsişən əbcədlər” qoya bilər. Xoşbəxtlikdən, Füzulinin Azərbaycan və fars dillərindəki müxtəlif əsərlərində həm hicri, həm miladi təqvimlə dahi şairin doğum ilini əks etdirən və öz əbcəd hesabları ilə yuxarıdakı nəticəni, yəni 1492 rəqəmini təsdiq edən işarəli və örtülü tarix maddələri kifayət qədərdir. Ancaq biz bu məqalənin həcmini nəzərə alıb, onlardan yalnız ən əlamətdarının üzərində dayanmalı olacağıq. Əlamətdar tərəfi ondadır ki, başqa əsərlərindəki “maddeyi-tarix”lərlə kifayətlənmədən, böyük şair öz doğum ilini hicri-qəməri təqvimlə və dahiyanə məharətlə özünün məhz şah əsərində də əbədiləşdirməyi lazım bilmişdir. “Leyli və Məcnun” poemasının “Saqinamə”dən sonra gələn “Bu, saqiyi-bəzmə badə üçün xitabdır” hissəsində oxuyuruq: 

 

Saqi, kərəm eylə, cam gəzdir!

Durma, qədəhi müdam gəzdir!

Dövranə çox etibar qılma,

Gəzdir qədəhi, qərar qılma!

...Gər bilməz isən ki, mən nə zatəm,

Nə zülməti-çeşməyi-həyatəm...

...Mən şairi-musiyi-kəlaməm,

Sahirlərə mo’cizi-təmaməm...

 

(Füzuli M. Əsərləri, altı cilddə, II cild, Bakı, “Şərq-Qərb”, 2005, s.34)

Çox təəssüf ki, gətirdiyimiz parçanın “maddeyi-tarix”i əks etdirən yeddinci misrası istinad etdiyimiz nəşr də daxil olmaqla M.Füzuli əsərlərinin əksər nəşrlərində yolverilməz yanlışla (“Mən şairi-Musiyi kəlaməm” şəkilində) verilmişdir. Halbuki, ərəb mənşəli “musi” (“vəsiyyət edən”) sözü ilə ibrani mənşəli Musa adının ərəb əlifbasında eyni şəkildə yazılışından böyük məharətlə istifadə edən dahi sənətkar, yeri gəlmişkən,eyni zamanda Quranın “Şüəra” (32-51-ci ayələr və s.) surəsindəki hadisələrə eyham vurmuş olsa da, həmin misranın əsl poetik məzmununun Musa peyğəmbərə aidiyyəti yoxdur. Beləki, “Saqinamə”də şair mövzu üzrə üç dildə üç böyük sələfini (Əbu Nüvas, Nizami və Nəvaini) xatırlatdıqdan və özünü “kəlami-mövzun”un (“vəznli kəlam”ın) varisi adlandırdıqdan sonra növbəti hissədə yenidən saqiyə müraciət edərək, kimliyini, şəxsiyyətini, hansı “həyat çeşməsinin qaranlığı”, yəni naməlum davamçısı olduğunu, daha doğrusu, “vəsiyyət kəlamının şairi”, “sehrkarlara sonuncu möcüzə göstərən” şəxs olduğunu bildirir və kifayət qədər aydın işarələrlə diqqəti öz doğum ilinin əbcəddəki ifadəsi olan “maddeyi-tarix”ə yönəldir.  Əslində “Mən şairi-musiyi-kəlam” birləşməsi “Mən şairi-kəlami-musi” (Mən vəsiyyət kəlamının şairiyəm”, yəni mən sələflərdən qalan irsin varisiyəm) ifadəsinin vəzn və qafiyə tələbləri ilə poetik inversiyaya uğramış şəkilidir. Ən başlıcası, Füzuli burada da bədii məzmuna zərrə qədər xələl gətirmədən, tarix sənətini zənginləşdirən daha bir yeniliyə imza atır. Bənzərsiz sənətkar öz şah əsərinin sonundakı “Bir olmaq ilə ol iki aşiq” misrasında əlavəli tarix maddəsinin parlaq nümunəsini yaratmışdısa, poemanın əvvəlində (yuxarıdakı parçanın yeddinci misrasında) qafiyələnən sözlərin (kəlaməm-təmaməm) köklərinə əsaslanaraq, bu dəfə şəxs şəkilçisini hesabdan kənarda saxlamaqla çıxdaşlı tarix maddəsinin gözəl örnəyinə nail olmuşdur və həmin örtülü “maddeyi-tarix”ə özünün doğum ilini həkk etmişdir: “Mən şairi-musiyi-kəlam”... Gəlin, onun əbcəd hesabı ilə yaxından tanış olaq: “mim(40)”+ “nun(50)”+ “şin(300)”+ “əlif(1)”+ “əyn(70)”+ “re(200)”+ “mim(40)”+ “vav(6)”+ “sad(90)”+ “ya(10)”+ “kaf(20)”+ “lam(30)”+ “əlif(1)”+ “mim(40)”=898

Buyurun, bu da “Leyli və Məcnun” poemasında hicri-qəməri təqvimlə Füzulinin öz dilindən səslənən doğum ili! Üstəlik, təqvimləri çevirmələr üzrə sinxron cədvəllərə görə, hicri 898-ci ilin miladi 1492-ci ilin 23 oktyabrından başlanması dahi şairimizin həmin miladi ilin axırıncı ay və günlərindən birində anadan olduğunu müəyyənləşdirir. Amma müəyyənlik və dəqiqlik məsələsi bununla da bitmir. Füzulinin müxtəlif əsərlərində çeşidli şəkildə işarələnmiş örtülü tarix maddələri ya miladi təqvimlə 1492-ci ili, ya da hicri-qəməri təqvimlə 898-ci ili göstərdiyi və bir-birini istisnasız olaraq təsdiq etdiyi halda, onlardan biri hicri tarixlə 897-ci ili əks etdirir. Nədir bu?! Böyük şairin təsadüfən yol verdiyi qeyri-dəqiqlikmi?!  Əsla! Əksinə, həm öz əsərlərində, həm də çağdaş füzulişünaslıqda dönə-dönə vurğulandığı kimi, öz dövrünün bütün sahələrindən, o cümlədən, dəqiq elmlərindən yaxşı xəbərdar olan və ömründə İmam Hüseyn türbəsində xidmətdə keçirən Füzuli bununla da gələcək nəsillərin diqqətinə öz doğum günü ilə bağlı dəqiq bir məlumatı, yəni hicri-qəməri təqvimlə 897-ci ilin son günündən (yəni Həcc ziyarətinin icra olunduğu mübarək Zülhiccə ayının 29-dan) 898-ci ilin ilk gününə (yəni Kərbəla hadisələrinin baş verdiyi əlamətdar Məhərrəm ayının 1-nə) keçən gecədə dünyaya gəldiyini çatdırmaq istəmişdir. 

Bir sözlə, yuxarıda nəzərdən keçirdiyimiz və keçirmədiyimiz “maddeyi-tarix”lər (onlar haqqında “Hərflərdə gizlənmiş illər, yaxud “Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri” adlı tədqiqatımızda ətraflı söz açılacaq), ən mühümü, dahi şairin öz dilindən səslənən məlumatlar və bir-biri ilə kəsişən, biri digərini təsdiq edən çoxsaylı əbcəd nəticələri Məhəmməd Füzulinin miladi təqvimlə 1492-ci ilin 23 oktyabrında anadan olmasına heç bir şübhə yeri qoymur. 

​Başqa tərəfdən, bu və ya bu kimi faktlar ilk dəfə Seyid İmaddədin Nəsimi yaradıcılığı əsasında üzə çıxardığımız “Kəsişən əbcədlər” üsulunun, yazısı ərəb əlifbasına əsaslanan bütün ədəbiyyatların, ilk növbədə Azərbaycan ədəbiyyatının ən mübahisəli və naməlum sənələrini müəyyənləşdirməkdə ən etibarlı açar olduğunu bir daha təsdiq edir.  

                                                                                                              Akif Azalp

                                                                              Filologiya üzrə fəlsəfə doktoru

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK