adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Bizim Məkkəmiz

FAİQ QİSMƏTOĞLU
1887 | 2021-08-30 11:51

...Hər xalqın, hər millətin və hər ölkənin öz and yeri, inam yeri və inanc yeri var. Və bu and, inanc yeri zaman-zaman insanları özlərinə çəkib və insanlar da zaman-zaman o and yerinə, o inanc yerinə üz tutur, ona səcdə edir və hətta çöhrəsini həmin müqəddəs yerə sürtür...…

 ...İnanc yerimiz həmişə Məkkə olub. O Məkkə ki, hər il milyonlarla insanlar oranı ziyarət edir, qəlbindəki və ürəyindəki arzularını Ulu Yaradana çatdırır və hər il milyonlarla insan bu ziyarəti, bu missiyanı həyata yetirməklə sanki Allaha bir köynək də yaxınlaşır. Uzun illərdir belə olub və indi də belədir...

...Biz azərbaycanlıların bu gün Məkkəsi Şuşa sayılır. Çünki 30 il biz bu Məkkəmizə, bu inanc yerimizə, ruhumuza yaxın düşə bilməmişik. Düz 30 il Şuşamız üçün, müqəddəs and yerimiz üçün burnumuzun ucu göynəyib. Hətta bir çoxlarımız əhd eyləmişdik ki, Şuşa alınsa, dizin-dizin sürünüb ora gedəcəyik, o torpaqdan öpüb ayağa duracayıq və deyəcəyik ki, doğma Şuşa, biz sənə yenidən qovuşduq!...

...And yerimizə, Məkkəmizə bizə qovuşduran göydə Allah, yerdə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan əsgəri oldu. Şuşanın hər qarış torpağı uğrunda igid oğlanlarımız aslan kimi vuruşdu. O torpağa şəhidlərimizin qanı və alın təri qarışdı. Şəhidlərimizin qanı və alın təri qarışan Şuşamız daha da müqəddəsləşdi və daha da doğmalaşdı...

...İndi hər birimizin ümid, inanc və güvənc yeri Şuşadır desək, yanılmarıq. Ən azından ona görə ki, bu gün «Şuşa» deyəndə hər bir azərbaycanlının ürəyi böyük sevgi ilə döyünür və hamının ürəyindən keçir ki, o torpağı,o yurdu, o məkanı ziyarət eləsin və yenidən görsün...

...İşğaldan azad olunmuş bütün torpaqlarımız bizim üçün müqəddəsdir. Ağdam bizim üçün müqəddəsdir... Füzuli bizim üçün müqəddəsdir... Kəlbəcər bizim üçün müqəddəsdir... Laçın bizim üçün müqəddəsdir... Cəbrayıl bizim üçün müqəddəsdir... Zəngilan bizim üçün müqəddəsdir... Qubadlı bizim üçün müqəddəsdir... Amma Şuşa ikiqat, üçqat, bu xalq, bu millət üçün müqəddəsdir. Biz həmişə bir çətinə düşəndə bir şeyə and içmişik – Allaha və Qurana!

 ...Bax, Şuşa bizim üçün həm də Qurandır, yəni biz and içəndə deyə bilərik ki, «Şuşa haqqı!», «Şuşaya and olsun!». Çünki bayaq dedik ki, Şuşa bizim Məkkəmiz, and yerimizdir. Mənim özüm də Cavanşirlər nəslindənəm. 1750-ci ildə Şuşanın bünövrəsini qoyan və o Qalanı tikən Pənahəli xan elə mənim yeddinci babamdır, tək mənim yox, bütün Bəhmənli elinin...

...Bu müqəddəs torpaqda, bu müqəddəs yerdə, bu müqəddəs ünvanda onların ruhları dolanır. Düz 30 ildi biz onların ruhları qarşısında üzüqara idik. Şükürlər olsun ki, bu üzüqaralıq Azərbaycan Prezidenti İlham Əliyevin və  Azərbaycan əsgərinin mücadiləsi ilə üstümüzdən götürüldü və indi başımızı dik tutub rahat nəfəs ala bilirik...

...Bir neçə gün bundan əvvəl dostum və qardaşım Əbülfət Mədətoğlu dedi ki, sabah Şuşaya yola düşürük. Çünki cənab prezident İlham Əliyevin iştirakı ilə böyük şair Molla Pənah Vaqifin büstünün açılışı olacaq və Vaqif Poeziya günü keçiriləcək. Sözün düzü çox sevindim və elə bildim ki, mənim özüm də Şuşaya gedirəm. Əgər Əbülfət Mədətoğlu Şuşaya gedirsə, elə onun nəfəsində, səsində və ruhunda mənim də duyğularım var. Və o duyğuları şair qardaşım Əbülfət Mədətoğlu özü ilə Şuşaya apardı...

...Bazar günü özüm də bilmədən yenidən Şuşanın havası burnuma gəldi. Götürüb yenidən istedadlı şair Vaqif Bəhmənliyə telefon açdım. O dəqiqə telefonu açdı və dedi ki, eşidirəm qardaş. Soruşdum ki, hələ Şuşaya çatmamısız? Dedi ki, yox, İmişlidəyik. Şuşaya çatan kimi sənə telefon açacam. Axı, biz səninlə və eyni zamanda bir çox sinif yoldaşlarımızla 1972-ci ilin mayın 23-də Şuşada Cıdır düzündə olmuşuq. Biz orda gəzdik, hətta Cıdır düzündə bir daş götürüb  qayadan aşağı atdıq. Tarix müəllimimiz Məhər müəllim bizi Şuşaya aparmışdı. Sonra gedib bir yeməkxanada yaxşı nahar etdik, şəhəri gəzdik, yaxşı ətirli çay içdik. Bax, beləcə o xatirələrdə yenidən özümü Şuşada hiss elədim...

Artıq bazar günü saat 5-in yarısı idi. Səbrim lap tükənirdi. Düşünürdüm ki, dostlarım Şuşaya çatıb, ya çatmayıblar?! Elə bu hisslərlə də yenidən Əbülfət Mədətoğluna telefon açdım. Bir neçə dəfə telefon çağırandan sonra cavab verdi. Soruşdum ki, Şuşaya çatmısınız? Əbülfət müəllim dilləndi:

- Bax, indi Daşaltıdan Qalaya qalxırıq. Heç özüm də bilmirəm, hansı hissləri keçirdirəm. Sanki bir nağıla bənzəyir. Gələndə hər şeyi incəliyinə qədər danışaram. Allah sənə də Şuşanı görməyi qismət eləsin!

...Çox gözəl arzudur. Adətən Məkkəyə gedib qayıdanlar və onların ziyarətinə gələnlərə deyirlər ki, Allah sənə də Məkkəyə getməyi qismət eləsin. Bax, Əbülfət müəllimin bu arzusu çox müqəddəs və çox da gözəl arzudur. Yəni hər şey gün kimi aydındır. Çünki bizim Məkkəmiz olan Şuşanı ziyarət etmək hamının arzusudur. Elə mənim də! Allah qismət eləsə ora gedəcəyəm. Mütləq gedəcəyəm! Çünki Şuşanın ən ağır günlərində mən orda reportajlar vermişəm...

...Hətta Şuşanın bir polis rəisi var idi. Adı yadımdan çıxmışdı, yadıma düşdü.  Vahid Bayramov! Özü də Laçından idi. Şuşada yaralanmışdı. Bakının Sabunçu rayonundakı xəstəxanaya gətirmişdilər. Mən də gedib ondan müsahibə almışdım. Müsahibə də onun çox xoşuna gəlmişdi. Müalicə olunandan sonra Vahid Bayramov yenidən Şuşaya qayıtdı və mən onunla Şuşada yenidən görüşdüm...

...Məkkəmiz, Mədinəmiz olan Şuşaya hər birimiz zaman-zaman daha da yaxınlaşırıq. Allahın köməkliyi ilə qısa zaman ərzində hər birimiz Şuşaya gedə biləcək, o müqəddəs torpağın qoynunda onunla görüşəcək, Cıdır düzünə çıxacaq, onun təmiz havasını udacaq, İsa bulağının suyunu içəcək. Allah-təala bizim hər birimizə bu dediklərimi tezliklə qismət eləsin!...  

 

TƏQVİM / ARXİV