adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Iyun 2021 13:14
73913
MÜSAHİBƏ
A- A+

" 3-4 hava bilənlər də düşdü əlində sazla kafelərə "- MÜSAHİBƏ

Aşıq Ədalət Dəlidağlı Adalet.az saytına müsahibə verib. 

 

- Ədalət bəy, ilk öncə gözünüz aydın olsun, Kəlbəcər işğaldan azad oldu. Bir kəlbəcərli kimi, sənət adamı kimi hansı hissləri keçirdiniz?

- Bu, elə bir hissdir ki, tam ifadə eləmək mümkün deyil. İllərdir ki, o gözəl güşələrə həsrət qalmışıq. Tək Kəlbəcərə yox , digər yerlərə də. Girişi elə Aqil Abbasın bu sözü ilə deyim ki, keçən dəfə televiziyada dedi, Cənab Prezidentin Şuşada qaladığı tonqal bütün Azərbaycanı isitdi. Həqiqətən də belədir. Kəlbəcərdən çıxanda 27 yaşım var idi. Dəlidağın özünün havasını elə özləmişəm ki...Orda bir gündə hava 5 dəfə dəyişirdi, ona görə də Dəlidağ deyirdilər. Bu günümüzə şükür olsun. Allah bizim ordumuza, Prezidentimizə can sağlığı versin. Mən ora qayıdanda birinci Heydər Əliyevin məzarını, ikinci də ustadımızın, Dədə Şəmşirin məzarnı ziyarət edib gedəcəm. Ora həsrəti ilə yaşayan nə qədər sənət adamları var idi, amma mən düşünürəm, onlar bizdən qabaq gördü, onların ruhu bizdən əvvəl getdi o yerlərə, o dağlara.

16-17 il əvvəl belə bir şeir yazmışdım;

Böyütmüsən bala kimi,

Qucağında məni, dağlar

Ayrılığın cavan çağı,

Salıb saça dəni, dağlar

 

Üzür məni bu həsrətin,

Sənsizliyə dözmək çətin,

Sənə bir də Ədalətin,

Düşəcək yönü, dağlar

 

İndi şükür ki, yönüm düşdü oralara.

- Kəlbəcərin azad olunma xəbərin eşidəndə ağlınıza ilk kim gəldi, nə gəldi?

- Uşağlığımı xatırladım. 12 yaşımda özümdən böyük sazım vardı. Başıma sığal çəkmişdi aşıq Şəmşir. Uşaq ansamblını xatırladım. Hər şey, hər şey. Bütün dağı-daşı xatırladım. Necə unuda bilərəm oraları?

Ələsgər dədə yazır ki;

Qəşş eylədim bu Qafqazı dolandım,

Kəlbəcərin xeyri-şəri yaxşıdı

Məcsid, minarəsi, məktəbxanası,

Torpağı şirindi, yeri yaxşıdı.

 

Qardaş deyib dindirirlər adamı,

Hörmətləri-mərfətləri yaxşıdı.

Hər daşına-dərəsinə qurban olum oranın. Bütün Qarabağa qurban olum.

- Bütün hər şeyi atıb gedəcək, orda da aşıqlıq sənətini davam elətdirəcəksinizmi?

- Bu da sözdürmü? Hazırda Aşıq Şəmşir adına mədəniyyət evində işləyirəm. Ora tam qayıdanda işlər görəcəyik, Mədəniyyət, Aşıqlar evi yaradacayıq, gəncləri cəlb edəcəyik. Sağlıq olsun, bundan belə hər şey yaxşı olacaq. Cənab prezident də nə şərait lazımdır yaradacaq. Bunu hamımız bilirik, inanırıq.

Ustad Şəmşir deyir ki,

Kişinin əzası qarışmalıdı,

Ölən gün torpağına, vətən

Qarışacam o torpaqlara mən də.

- Ədalət bəy, son vaxtlar Aşıq sənətinə maraq ölüb sanki. Bunu konkret olaraq nə ilə əlaqələndirmək olar?

- Mən belə deməzdim. Məncə, ölməyib. Birinci növbədə bütün dünyada olduğu kimi bizdə də virus, pandemiya çox şeyin qarşısını kəsdi. Həyat dayandı təmiz, tədbirlər olmadı, toylar olmadı, 3-4 hava bilənlər də düşdü əlində sazla kafelərə. Aşıqlıq bu demək deyil ki. Aşıq mütləq ustad görməlidir. Kafelərin canına düşməklə olmur, öyrənilmir bu sənət. Aşıq hər şeyi bilməlidi. İndikilərin çoxu bunu bilmir, sonra da belə fikir formalaşır ki, aşıqlıq elə görünən kimidir. Ümid edirəm, qısa zamanda həyat əvvəlki axarına dönəcək, sazın populyarlığı da yenidən geri qayıdacaq

- Amma həm də tənqid edirlər. Yəqin, eşitmisiniz, məsələn yazıçı Kəramət Böyükçöl saza mənasız deyir..

O, onun öz fikridir, həqiqət demək deyil. Kəramətin atası Qəşəm Nəcəfzadə ilə münasibətimiz yaxşıdır. Heç görün atası da təsdiq edərmi onun o sözlərini? Gəncdi, başı da çıxmır, danışır. Mən öz fikirləridir deyə qarışmıraş. Nə deyim ki? Saz bizim dəyərimizdir, pasportumuzdur. Milli mənəviyyatımızdır saz bizim. Bunu necə mənasız bilmək, unutmaq olar? Heç cür.

Hüseyn Arif yazırdı ki, nə süiata vardı, nə caz, saz vardı, saz. Kefiniz də saz kimi olsun(gülür). Dədə Qorqud alətidir bu.

Kəramət cavan oğlandı, müəyyən şeylər deməklə səhv edir. Amma gərək olmasın. Ümid edirəm, özü də anlayacaq bunu.

Ələsgər deyir ;

Aşıq olub, tərki-vətən olanın,

Əvvəl, başda pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə,

Mə'rifət elmində dolu gərəkdi.

 

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra,

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi.

 

Danışdığı sözün qiymətin bilə,

Kəlməsindən ləlü gövhər süzülə,

Məcazi danışa, məcazi gülə,

Tamam sözü müəmmalı gərəkdi.

 

Arif ola, eyham ilə söz qana,

Naməhrəmdən şərm eyləyə, utana,

Saat kimi meyli haqqa dolana,

Doğru qəlbi, doğru yolu gərəkdi.

 

Ələsgər haqq sözün isbatın verə,

Əməlin mələklər yaza dəftərə.

Hər yanı istəsə, baxanda görə,

Təriqətdə bu sevdalı gərəkdi.

- Siz aşıq sənətində ən böyük ustad kimi görürsünüz, qəbul edirsiniz?

- Bizim sazın peyğəmbəri Dədə Ələsgərdi, Dədə Şəmşirdi, Dədə Ədalətdi. Dədəlik adı alanlar. Mənim sənət idealım isə Ədalət Nəsibovdur. Ondan çox bəhrələnmişəm. Şəmşir babanın dizinin dibində böyümüşəm.

- Bəs, bölgə olaraq? Muğam deyəndə ağlımıza ilk olaraq Qarabağ gəlir, bəs saz deyəndə, sizcə?

- Göyçə. Birinci növbədə Göyçədir. Tariximiz ora dayanır. Göyçə məktəbi şaxələnir. Borçalıya, cənuba və.s.

- Ədalət bəy, saza tənqidlər həm də müasir aşıqlara görə olur. Deyirlər, saz budur, aşıq budur?

- Bir adama görə bütünlükdə sazı pisləmək olmaz ki. Bu, düzgündür? O qədər gözəl aşıqlarımız olub, indi də var. Saz saxtalıq qəbul etmir. Saz başqa alətdir, onu mütləq öyrənməlisən.

- Məsələn, Aşiq Namiqin adı daha çox çəkilir, tənqid olunur, sazın ona görə gözdən düşdüyü deyilir...

- Namiq mənim oğlum yerindədir, qabiliyyətli, həm də istedadlı oğlandır. Atası gözəl aşıq olub, özü də gözəl havalar çalır. Verilişə görə çox tənqid olundu, amma verilişin formatı o idi. Onun da edə biləcəyi çox şey yoxdu.

- Amma ümumi kütləyə təqdim olunan o olur, axı. Elə təəssürat yaranır ki, elə aşıq budur, saz budur...

- Yox, qətiyyən belə demək olmaz. O da çox xidmətlər edir, öyrədir, amma ondan tələb olunan da odur. Burda çox şey deməyə ehtiyac yoxdur. Amma hər görünən şeyə görə saza, aşıqlığa söz demək olmaz.

- Müsahibə üçün təşəkkür edirik.

- Çox sağolun. Mən də təşəkkür edirəm bir daha. Allah xalqımızı qorusun, Cənab Prezidentimizi qorusun, şəhidlərə rəhmət, qazilərə can sağlığı arzu edirəm. Qoy, söz-sənət içimizdən çıxmasın heç vaxt.

Sücaətəm, neçə ki, var nəfəsim,

Sönməz odum, sönməz eşqim, həvəsim.

Ölsəm də məzardan gələcək səsim,

Əbədi sənətim, dilim var mənim.

Bizim bü sənətimiz, sözümüz əbədirir. Qorumalıyıq.

 

Söhbətləşdi; Orxan Saffari