adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
08 Iyun 2021 15:00
22761
ANALİZ
A- A+

Beynəlxalq hüquq subyektinin müharibə cinayəti məsuliyyəti

Beynəlxalq humanitar hüquq - müharibədə daha çox insanı qoruma, istifadə olunan müharibə üsul və vasitələrini məhdudlaşdıran, şəxslərin hüquqlarının qorunmasını təmin edən normalar məcmusudur. Yəni, müharibənin səbəb olduğu ağrıları azaltmaq, zərərçəkənləri, mülki əhalini, yaralı hərbçiləri qoruma və yardım etməkdir. Beynəlxalq humanitar hüquqa görə, müharibədə iştirak etməyənə qarşı silah işlədilməsi qadağandır.

1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir və Beynəlxalq Humanitar Hüququn əsas sənədləri sayılır ki,  burada silahlı münaqişələrlə bağlı qayda və hüquqlar yer alıb. Cenevrə Konvensiyalarına 1977 və 2005-ci illərdə üç protokol əlavə edilib. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır ki, bunlar Cenevrə hüququ və Haaqa hüququdur. Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir. Haaqa hüququ isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır. Öz prinsipləri ilə beynəlxalq hüququ yaradan Birləşmiş Millətlər Təşkilatının da əsas prioritet mübarizələrindən biri məhz minalarla mübarizədir. 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvləri tərəfindən 2365 saylı qətnamə qəbul edilib və bu zaman üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərinə bir daha hörmət etməyə çağırılıblar. Qətnamənin mətnində bildirilir: "Bütün tərəflər beynəlxalq humanitar hüquqa zidd olan partlayıcı qurğuların istifadəsinə dərhal və qəti son qoymalıdırlar". Hazırda beynəlxalq hüququn subyekti kimi Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşmişdir və bu, münaqişədən sonrakı dövrdə həm döyüşdə iştirak etməyən hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olmuşdur. Hətta Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Ermənistanın bu davranışı həm də regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqdır.

Bir sözlə, 30 il Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması, mülki şəxslərin öldürülməsi faktları kimi Ermənistanın “kapitulasiyası” da  müharibə cinayətləri ilə bağlı beynəlxalq hüquqi məsuliyyət yaradıb. Beynəlxalq hüquqi məsuliyyət - mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı  beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb və Ermənistan bu məsuliyyətin cəzasını alacaq.
 

Zaur Adıgözəlov,
Milli Məclisin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, hüquqşünas 

Digər Xəbərlər