adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Aprel 2021 12:07
26603
MÜSAHİBƏ
A- A+

HƏR BİR HƏRƏKƏT İŞTİRAKÇISI QAYDALARA ƏMƏL ETSƏ… - MÜSAHİBƏ

Bu fikri bizimlə söhbətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirdi

 

- Cənab polkovnik, aprel ayından respublika ərazisində, eləcə də Bakı şəhərində hərəkətin təhlükəsizliyinin təmin edilməsinin gücləndirilməsi məqsədi ilə daxili işlər naziri əmr imzalayıb. Həmin əmrə əsasən kobud qayda pozuntularından tutmuş, digər yol hərəkəti qaydalarının pozulmasına qədər mübarizənin gücləndirilməsi nəzərdə tutulub. Təbii ki, bu məsələlər bu və ya digər dərəcədə Bakı şəhərində də önəmli əhəmiyyət kəsb edir...

- Öncədən onu deyim ki, daxili işlər nazirinin məlum əmrinə əsasən və Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin imzasıyla bizim qarşımızda mühüm vəzifə qoyulub. Belə ki, əhalinin çoxsaylı narazılıqları əsasında hüquq pozumalarının qarşısının alınması proflaktikası və digər mühüm kobud yol hərəkəti qaydalarının pozulmasının aradan qaldırılması üçün birmənalı olaraq yol polisinin zəruri vəzifələri müəyyənləşdirilib. Həmin vəzifələr bundan ibarətdir ki, Bakı şəhərində yol polisi rayon yol polis şöbələri ilə birlikdə kobud qayda pozuntularına qarşı mübarizədə fəal iştirak etməli, piyadaların vurulmasının, avtoxuliqanların, sərxoş sürücülərin, hüququ olmadan nəqliyyat vasitələrini idarə edənlərin, avtobus dayanacaqlarında, küçə və prospektlərdə, səkilərdə düzgün parklanma qaydalarını yerinə yetirməyənlərə, yəni dayanma, durma qaydalarını pozanlara qarşı birmənalı olaraq ciddi mübarizə təşkil edilib.

- Vaqif müəllim, təbii ki, yol hərəkəti qaydasının tez-tez pozulması ilk növbədə hərəkət iştirakçılarının məsuliyyətsizliyindən irəli gəlir. Fərqi yoxdu, bunu sürücü edir, ya da piyada törədir. Fakt odur ki, nəticədə qayda pozuntusu yaranır və bu zaman ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Bu məsələlərə münasibətiniz?

- Toxunduğumuz məsələlər çox zəruri və əhəmiyyətli problemlərdi. Və hər şey də bir çox halda hərəkət iştirakçılarının diqqətsizliyi nəticəsində baş verir. Yəni bir sürücü, bir piyada qaydanı pozursa, bu hardasa çox ağır fəsadlara gətirib çıxarır. Amma ürək ağrısı ilə deməliyəm ki, sürücü də, piyada da diqqətli olsa, biz bu gün bu mövzu barəsində deyil, başqa məsələlər barəsində danışarıq. Ancaq nə etmək olar ki, piyadavurma halları yol polisi rəhbərliyini həmişə narahat edib və edir.

- Bayaq sizin söhbətinizi yarımçıq kəsdim. Buna görə üzr istəyirəm. Axı biz yol hərəkəti qaydalarının pozulmasından danışırdıq. Bəzi məsələləri xatırlamadıq. Burda da günah məndə oldu. Bəlkə həmin fikri davam etdirək...

- Gördüm ki, siz əlavə sual verdiniz, mən də istər-istəməz həmin toxunulan məsələlərə aydınlıq gətirdim. Aprel ayından başlanılan tədbirlərdə həmin kobud qayda pozuntiları ilə yanaşı, təhlükəsizlik kəmərindən istifadə etməyən, səs siqnallarından yeri gəldi-gəlmədi yararlanan, işıq cihazlarından düzgün istifadə etməməklə başqa sürücülərə problem yaradan, atmosferə zərərli qazlar atan, eləcə də digər qayda pozuntularına qarşı Bakı şəhərinin küçə və prospektlərində bu tədbirlər planından sonra hər gün mübarizə aparılır. Bu reydlər zamanı çoxlu sayda qayda pozuntuları aşkarlanıb. Bayaq dedim axı, həm Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polis şöbəsinin əməkdaşları bu tədbirlərdə fəal iştirak edirlər.

- Sizə bir məsələni də xatırlatmaq istəyirəm. Belə ki, bəzi sürücülər və hərəkət iştirakçıları belə düşünürlər ki, bu tədbirlərdə yol polisinin əsas məqsədi onları inzibati tənbeh etməkdi. El dilində demiş olsaq, yəni cəzalandırmaqdı...

- Mən bir fikri xüsusilə vurğulamaq istəyirəm ki, yol hərəkəti qaydalarının aradan qaldırılması üçün iki əsas yol var: biri hərəkət iştirakçılarının inzibati məsuliyyətə cəlb edilməsi, digəri isə onların maarifləndirilməsi. Təbii ki, bizim əsas məqsədimiz hansısa sürücünü, piyadanı cəzalandırmaqdan ibarət deyil. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, baş verən yol-nəqliyyat hadisələrinin sayını aşağı endirək, ölüm və xəsarətalma hallarını azaldaq. Bunun üçün isə yuxarıda göstərdiyim amillərdən istifadə edilməlidir. Birmənalı olaraq onu demək istəyirəm ki, aprel ayının əvvəllərindən başlayan bu tədbirlər planı dediyimiz hadisələr üstündə cərəyan edir. Və burda hər hansı hərəkət iştirakçısının hüququnun pozulmasından söhbət gedə bilməz. Sadəcə olaraq, hər bir sürücü və piyada öz üzərinə düşən məsuliyyət hissini dərindən dərk etməlidir.

- Bir məsələni də qeyd edək ki, bəzi hallarda nə sürücü, nə də piyada dediyiniz və göstərdiyiniz məsələləri diqqət mərkəzində saxlayır. Və nəticədə xoşagəlməz hadisələrin baş verməsi qaçılmaz olur. Bundan çıxış yolunu siz nədə görürsünüz?

- Söylədiyiniz problemlərin çox sadə həlli yolu var. Və bu yolla hərəkət etmək həm sürücünü, həm də piyadanı onu gözləyən təhlükədən xilas edir. Mənə elə gəlir ki, bu təhlükədən çıxış yolu sadəcə olaraq, qaydalara əməl etmək, qəza vəziyyəti yaratmamaq və hərəkət iştirakçılarının bir-birinə hörmətlə yanaşması mühüm əhəmiyyət kəsb edir.

- Cənab polkovnik, aprel ayından başlanılan tədbirlər təbii ki, yol-nəqliyyat hadisələrinin aşağı enməsində önəmli əhəmiyyət kəsb edir. Çünki hər gün Bakının küçə və yollarında bu cür reydlər və tədbirlər keçirilir və bu da öz müsbət nəticəsini göstərir. Amma bizi narahat edən sürücü mədəniyyətinin hələ də yüksək səviyyədə olmamasıdı. Bax, buna necə baxırsınız?

- Elə bizim məqsədimiz də qayda pozuntularına qarşı mübarizə aparmaqla sürücülər arasında o mədəniyyəti bir daha yüksəltməkdən ibarətdir. Heç kimə sirr deyil ki, bizim bütün sürücülərdə o dediyiniz keyfiyyətlər hələ Avropa ölkələrindəki kimi yüksək səviyyədə deyil. Amma 5-10 il əvvəllə müqayisədə müəyyən irəliləyişlər və inkişaf hiss olunur. Təbii ki, bütün məsələlərin başında insanların maarifləndirilməsi, mövcud problemlərin onlara izah edilməsi, aydınlaşdırılması durur. Ümumiyyətlə, hərəkət iştirakçılarının maarifləndirilməsi çox önəmli işlərdən biridi. Bu məsələlərdə bizə müxtəlif televiziya kanalları ilə yanaşı, “Ədalət” də yaxından köməklik göstərir. Təkcə bir faktı deyim ki, aprel ayından başlanan tədbirlərimiz həm televiziyalar tərəfindən, həm saytlar, həm də çap mətbuat tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinə çatdırılır və ictimailəşdirlir. Ümumiyyətlə, yol polisinin əksər tədbirləri operativ olaraq televiziya kanallarında və “Ədalət”də diqqət mərkəzində saxlanılır. Buna görə mən media işçilərinə bir daha öz təşəkkürümü bildirirəm.

- Vaqif müəllim, sonda bir söz soruşmaq istəyirəm: bu tədbirlərin əhəmiyyəti olacaqmı?

- Təbii ki, digər tədbirlərimiz kimi, aprel ayında keçirilən reydlərimiz və tədbirlərimiz də öz müsbət nəticəsini artıq verib və verir. Bizim ali məqsədimiz baş verə biləcək hər hansı yol-nəqliyyat hadisəsinin, piyadaların vurulmasının və eləcə də digər qayda pozuntularının qarşısını almaqdı. Söhbətimizin əvvəlində dediyim kimi, bunun da qarşısını inzibati tənbeh və maarifləndirmə yolu ilə almışıq və alırıq. Məni nikbin adamam. Əgər bütün hərəkət iştirakçıları qaydalara əməl etsələr, sizi inandırım ki, həm yol-nəqliyyat hadisələri, həm də ölüm və xəsarətalma halları ən aşağı həddə çatar. Bunu həyata keçirdiyimiz tədbirlər bir daha təsdiq edir.

Faiq QİSMƏTOĞLU