02 Iyul 2025 12:46
201
ƏDƏBİYYAT

“İçimdə o qədər deyiləcək sözüm var ki...”

Professor Rüstəm Kamalın doğum gününə esse

“İçimdə o qədər deyiləcək sözüm var ki...” Bu arzusunu  bu gün doğum günü olan professor Rüstəm Kamal müsahibələrinin birində dilə gətirib. Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbiyyatının bu fərqli, ünlü siması, yazarı  barədə mənim də deyiləcək çox sözüm var və bu yazı da Rüstəm Kamal şəxsiyyətinə,  yaradıcılığına olan sevgidən,  istəkdən doğulub.

“Hər gün taleyin mənə inayətidir. Doğum gününü mənə bəxş edibsə, bu Allahın mənə lütfüdür. Mən bunu yüksək qiymətləndirirəm”. Xanım jurnalistin doğum günü ilə bağlı sualını illər öncə belə cavablandıran, bu gün ömrünün 63 ilini geridə qoyan prof. Rüstəm Kamal  yenə də bu fikirdədirmi?  Bilmirəm. Təxmin etdiyim budur ki, dostlarının, yaxınlarının, tanıyanlarının  sevincinə şərik olmaq istəkləri,  doğum günü təbrikləri, dilə gətirdikləri xoş arzular, xoş niyyətlər  sözsüz ki, təsirsiz qalmayacaq,  xoş izini buraxacaq, Rüstəm müəllimə bayram  əhval-ruhiyyəsi, ovqatı bəxş edəcək. 

“Azərbaycanda elə şəxsiyyətlər var ki, onların yaşı təqvim ilə deyil, daşıdıqları arxetiplə müəyyən edilir”. Prof. Rüstəm Kamalın akademik Nizami Cəfərovun 65 illik yubileyinə yazdığı bu fikri müəyyən mənada onun özünə də şamil etmək olar. Ona  görə ki, filologiya elmləri doktoru, prof. Rüstəm Kamal Azərbaycan ədəbiyyatşünaslığında, ədəbi-bədii tənqidində öz yeri, xüsusi çəkisi, dəsti-xətti olan söz adamıdır. Fərqli cəhəti  budur ki, Rüstəm Kamal hamı kimi yazmaqdan qaçır, az qala sözün başına  “it oyunu” açır. Onun üçün hazır qəlib, yazı forması , mövzu məhdudiyyəti yoxdur-nə ədəbi-tənqidi məqalələrində, nə araşdırma yazılarında, nə də esselərində. Elə bu fərqliliyinə görədir ki, imzası görünən kimi yazısı oxunur, mövzu nədən olursa olsun oxucusunu tapır. Huşyar oxucu bilir ki, Rüstəm Kamal boşuna qələm işlətməz, zaman xərcləməz. Yazıbsa, deməli burda “nəsə var”... 

Prof. Rüstəm Kamalın son illərdə Azərbaycan mətbuatında dərc etdirdiyi publisistik  yazıları, elmi məqalələri, esseləri  milli, bədii publisistikamızın inkişafının göstəricisi adlandırmaq olar. Bu yazılar mövzu-məzmun, dil, üslubiyyat baxımından ötən əsrlərin, lap elə yaxın XX əsrin  publisistik yazılarından çox fərqlənir. Yeni düşüncə, yanaşma tərzi, fərqli baxış bucağı, gözlənilməyən söz gedişləri, alınan mükəmməl nəticə Rüstəm Kamal yaradıcılığını sevdirən əsas məziyyətlərdəndir. “İstənilən poeziya sözün geniş mənasında duadır”. ( Rüstəm Kamal). Elə  yazı da. Çünki, Hər bir yazı, söz, ifadə  müəllifin içinin çölə tökümü, tanıtımı, daxili dünyasının  poetik əksidir. Və  yazılarında müəllif nə qədər riyakarlıq etməyə çalışsa da, boya, rəng işlətsə də, özündən tam qaça bilməz, mümkünsüzdür bu! Lap istəməsə belə özünü əks etdirməyə məcburdur, məhkumdur. Elə məhz buna görə də tarixi tarix kitablarından daha çox ədəbiyyatdan, həmin dövrün yazılı bədii əsərlərindən öyrənmək lazım gəlir. 

Etiraf edim ki, ədəbiyyatşünas alim kimi tanıdığım  Rüstəm Kamalı yazıçı kimi “Başqasının səsi”ndə kəşf etdim. Bu necə yazıydı, ilahi! Müəllif düz oxucunun beyninə, yaddaşına, qəlbinə  tuşlamışdı söz oxunu. Qaçmaq mümkünsüz idi-özünü tanı, başqasının səsi ilə danışmaqdan əl çək, kimsənin  izi ilə getmə, sözü ilə oturub durma, səs arxadan gəlirsə, bu namərd  səsidir-boylanma! Milli yaddaşımızı silkələyən bu yazı Rüstəm Kamal imzasını təkcə tanıtdırmadı, həm də sevdirdi,  doğmalaşdırdı mənə. Məhz bu yazısından sonra müəllifin bütün yazdıqlarını oxumağa başladım-  təkcə yeni yazdıqlarını deyil, arxivdəkiləri də. 

Prof. Rüstəm Kamal onun publisistik və bədii  yaradıcılığı ilə bağlı yazdığım bir məqalə  ilə bağlı söhbətimizdə   yazımı bəyəndiyini,  bir deyimimin isə  daha çox xoşuna gəldiyini demişdi: “Hərdən mənə elə gəlir ki, Prof. Rüstəm Kamal mahir şirniyyatçıdır, fikirlərini yazılarında sanki yuxa kimi açır, bir-bir, qat-qat bükür, yağlayır. Onun yazılarının belə dadlı-tamlı olmasının bir sirri də elə budur bəlkə. Bizim üçün adi, məzmunsuz görünən ən adi həyat həqiqətləri də onun ustad qələmində gözəl, oxunaqlı yazıya çevrilir. Bu yazılar isti havada soyuq şərbət, ayazda isə isti çay kimidir – həm sərinlədir, həm də isidir. İstedadlı qələm sahibinin toxunduğu mövzular müxtəlif olsa da məna, məzmun yaxınlığı onları birləşdirən ana xəttdir. Bu xəttin əsasını milli kökə, yaddaşa qayıdış, milli özgüvənlik, özünüdərk təşkil edir. Bu adam hər yazısında yaddaşını ilmə-ilmə sökür, dağıdır, sonra necə gəldi yığır. Forma gözəlliyi onun üçün heç bir önəm kəsb etmir. Önəmli olan duyğudur – fərqi yoxdur sevincdir, kədərdir, nisgildir – əsas budur ki, hissdir!”.

“Biz öz qəhrəmanımızı, öz insanımızı sevməyi öyrənməliyik. Mirzə Cəlil xalqını tənqid edirdi, amma heç vaxt xalqını aldatmırdı. Ədəbiyyat vətəni söyəndə də, tərifləyəndə də onu aldatmamalıdır...”. Prof. Rüstəm Kamalın dediyi bu fikrə tamlığı ilə şərikəm. Ona görə də onun haqqında dediyim fikirləri  həmişə öz yazıları ilə bəndləməyə, qüvvətləndirməyə çalışıram. “Mövlud Süleymanlı yazısında o sözləri seçirdi və sevirdi ki, onsuz qətiyyən keçinə bilməzdi. O, sözlə keyfiyyətlə işləməyin ustasıydı, mətnlərində özünəməxsus poetik kolorit yaradırdı. Ona görə də oxucu sujetin deyil, sözlərin sehrinə düşürdü”. Rüstəm Kamal da belədir.  “Başqasının səsi”, “Su daşı”, “Pəncərə”,  Şuşa pəncərələrinin işığı, “Bizim ev”, “Palata poeziyası”, “Cığır”, “Güzgü”,  “Qapımızın alın yazısı”, “Gecə öyküsü”, “Bir əfsanə söylə - Yaddaşın ekologiyası”, “Yeriş haqqında esse”, “Hər şeyin əvvəli var..”, “Qırıq-qırıq, yarımçıq...və bütöv”,  “Min bir mini - esse dükanı” silsiləsindən onlarla yazısını oxusanız Rüstəm Kamal qələminin sehrini duya, fərqliliyini hiss edə biləcəksiniz. “Uşaqlığımın elə obrazları və detalları var ki, xəyalımdan heç çıxmır, daim yaddaşıma zülm eyləyir, müəyyən assosiativ mənalar yaradır. Onlardan qurtulmaq üçün əlifba sırası ilə (A-dan Z-ya) fraqmentlər yazmağa başladım. Nəticədə, 32 fraqment alındı. Poetik ricətlər, filoloji ştrixlər və xatirə elementləri bu yazıların süjet məxrəcində birləşdi”. Müəllifin “Yurd yerinin əlifbası” adlandırdığı esseləri ədəbiyyatımızda  bu janrda  yazılan  dəyərli əsərlərdəndir.

Hardasa oxumuşdum ki, insanın doğulduğu fəsil onun xarakterində izlərini buraxır. Razıyam. İsti yay günündə, 2 iyulda dünyaya göz açan  Rüstəm Kamal həm xaraktercə, həm ruhca “isti adam”dır. Bu istilik xarakterinə hopub, mübahisə edərkən hələm- hələm sakitləşmir, fikrindən dönmür bu adam. Amma...Ən yaxşısı bilirsiniz nədir? Yazılarındakı istilik, hərarət, isti ovqat, sənə doğma gələn hənir. Qışda da oxusanız yay hərarətini hiss edəcəksiniz Rüstəm Kamalın yazılarında.

Doğum gününüz mübarək, “Yay adam!”.
            

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.