adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Aprel 2021 13:32
61976
MÜSAHİBƏ
A- A+

“Özümü yeni doğulan uşaq kimi aparırdım”- MÜSAHİBƏ

Həmsöhbətimiz Vətən Müharibəsi iştirakçısı, gənc yazar Elvin İntiqam oğludur.

 

-Müharibə başlamamışdan öncə təlimdə idin.

 

-Təlim məsələsindən, hardasa bir-iki həftə qabaq Sumqayıt Hərbi Komissarlığından atama zəng edib məni maraqlanmışdılar.  Atam mənə deyəndə adi qarşıladım, dedim yəqin müddətli hərbi xidmətim son bir ildə bitib deyə çağırırlar anket doldurmağa – çünki, əsgərliyim vaxtı demişdilər ki, bir il ərzində nömrənizi aktiv saxlayın və ya komissarlığa işlək nömrə verin... Sentyabrın 21-i saat 08:00 – 09:00 arasında qapımız döyüldü, mən yatmışdım. Anam gəldi oyatdı ki, bəs Sumqayıt Şəhər Mənzil İstismar Sahəsi – nin (JEK) iki qadın işçisi gəlib səni soruşur. Yuxulu-yuxulu fikirləşdim ki, mənim o qurumla nə laqəm - ədəbiyyat hara, mənzil istismarı hara; özü də iki qadın. Salamlaşdıq, biri dedi ki, bəs hərbi biletinizi götürün gəlin “Nəriman Nərimanov” adına mədəniyyət evinə üç günlük təlimə gedirsiz. Hərbi bileti harda qoyduğum belə yadımda deyildi, intensiv ailəvi axtarışdan sonra tapıldı. Getdim Nərimanov klubuna və oradan da bir nəqliyyat vətəndaş Qusara getdik ikinci dəfə əsgər olmağa...

 

-Heç təlim vaxtları müharibənin başlayacağını bilirdiniz? Nə deyirdilər bu barədə?

 

-Yuxarıda qeyd etdiyim ki, 21.09.2020 tarixində bizi Qusarda yerləşən N saylı hərbi hissəyə yerləşdirdilər – ilk dəfə idi ki, səhər düzülüşündə o qədər əsgər görürdüm – kaş qayıdanda da o qədər görünərdik...

Hərbi dərslər keçirdik, atış məşqlərinə gedirdik, günün planına uyğun hərəkət edirdik, - bir sözlə əsgər idik.

Hərbi hissədəki hərbçilərin bəziləri deyirdi ki, müharibə mütləq olacaq; bəziləri deyirdi yalandı, olan deyil; bəziləri deyirdi, gözləniləndi – ola da bilər, olmaya da...Ancaq dəqiq bilirdik ki, düşmənə verilən 45günlük möhlət sentyabrın 27-si başa çatacaq – Qaradağda yaşayan bir əsgərin dediyi kimi: “27-si ya Qarabağa, ya Qaradağa...”

Ayın 26-sı axşam bütün ehtimallara nöqtə qoyuldu – hərbi hissənin silah anbarını taborlara daşıdılar...

 

-Müharibəyə başlayanda döyüş yolun hansı bölgələrdən keçdi?

 

-Ağcabədi rayonun Qarabağ istiqamətində olan “Hind arxı” qəsəbəsi, Füzuli rayonunun adlarıı yadımda tam qalmayan silsilə kəndləri (“Gorazıllı”, “Musabəyli” yadımdadı), Cəbrayıl rayonu, Xocavənd rayonu (“Zoğalbulaq”, “Şəhərkənd”, “Qırmızıbazar” qəsəbə və kəndləri). Qısaca desək, “Hind arxı”ndan “Qırmızıbazar”acan...

 

-Eşitdiyimə görə yaralanmısan...

-Bəli, doğru eşitmisən. Oktyabrın 13-ü Füzuli rayonun Musabəyli kəndində travma aldım. Təminat maşınından su gətirməyə getmişdim döyüş yoldaşlarımla. Qayıdanda mərmi yağışına düşdük, mən dalğaya düşdüm (valna)... Özümü yeni doğulan uşaq kimi aparırdım, vəziyyətimi nəzərə alıb “Füzuli Müalicə Diaqnostika”ya apardılar, ordan “Xocavənd rayon Mərkəzi Xəstəxanası”na, oradan da “Qəbələ Müalicə Diaqnostika”sına... Noyabr ayının 1-i yenidən döyüşə - Xocavənd rayonuna göndərildim...

 

-Hospitalda heç müharibə üçün darıxırdın? Baxma, döyüş yoldaşların döyüşdə idi.

-Müharibə üçün yox, adam da heç müharibə üçün darıxar? Amma döyüş yoldaşlarım üçün hə...Bilirəm, sən müharibə deyəndə Vətəni nəzərdə tutdun, amma mənim üçün Vətən döyüş yoldaşlarım demək idi, müharibə yox...

 

-Nə vaxt tərxis olundun?

 

-Yaralılar kateqoriyasına aid olduğum (Prezidentin sərəncamı) üçün dekabrın 21-i ehtiyata buraxıldım...

 

-Ən təsirli məqamlar hansılar oldu?

 

-Emin, sən də o səhnələrin içində olmusan, özün məndən yaxşı bilirsən ki, müharibənin hər saniyəsi veteran yaddaşında silinməz izdi. Ancaq ən təsirliləri yaddaşda olmur, insanın özün izləyir kölgə kimi: “Cəbrayılın kruqu” deyilən yerdə erməninin əks hücümü, gizirimizin yaralanması, mühasirəyə düşməyimiz...

06.10.2020 tarixində Cəbrayıla yollandıq, “Cəbrayılın kruqu”nda kino başladı. Orada olanları bir cümləylə desəm anlayarsan nə demək istədiyimi: “Hamımız şəhid olacaqdıq orada, sadəcə Allahın yazığı gəldi bizə...”

Tağımımızın giziri Həsrət Quliyev Füzulidə gedən döyüşlərin birində şəhid Mədinov Rəşidin nəşini çıxarmaq istəyərkən düşmən snayperinə tuş gəldi, boğazından vuruldu; onu tibb maşınına aparanlardan biri də mən idim; boğazından ayağına qədər qanın içindəydi, inan Allaha, baxa bilmirdim ona tərəf...Çox şükür ki, vaxtında çatdıra bildik, indi Türkiyədə müalicə alır...

Mühasirə epizodu ilə bağlı şeirim var, mühasirəmizi bacardığım qədər əks etdirmişəm “Mühasirə”mdə:

 

Ölüm qorxusu deyil,

Əsir düşmək qorxusudur

Qorxusuz müharibənin dərd tərəfi –

On iki oktyabr,

Füzuli,

İki daşın arasında tora düşdük iki dağın arasında:

Ermənidir dörd tərəfi...

 

Rabitə xətlərindən aslı qalıb komandir:

Kömək edin, cənab palkovnik-leytenant,

Kömək göndərin bizə;

Etibarsız çıxdı rabitə daşı...

Təki Vətən sağ olsun,

Çıxarın daraqları –

İçindən hərə bir güllə götürsün atsın cibə:

Ola bilsin oldu bizlər üçün son müharibə;

Mən onda bildim güllənin tərifin –

Bir dəqiqəlik sükut,

Bir ömürlük göz yaşı...

 

Başımıza güllə yağdı, daş töküldü, qaya düşdü –

Səsimiz də çıxmadı,

Birdən eşidən olar...

Susuzluqdan can verən əsgərlərin

Arzuları suya düşdü...

 

Saat 05:55,

Göydə rənglər qarışıb –

Güllə Günəşdən seçilir...

Göydəki rəhmlidi,

O bizi görməsəydi,

Orda nələr olardı, Allah bilir...

 

 

-Döyüş yoldaşını itirmək necə bir hissdir?

 

-Bizim tağımdan beş nəfər şəhid oldu – tağım komandirimiz leytenant Emil Əsədov; səfərbərliklə gələn əsgər Rəşid Mədinov, əsgər Hüseyn Sultanov, əsgər Samir Süleymanov; dörd ayın əsgəri Məhəmmədəli Həsənzadə...Allah cəmi şəhidlərimizə rəhmət etsin! Biz müharibədən bir həftə qabaq hərbi hissədə məskunlaşmışdıq deyə bir-birimizə öyrəşmişdik, hətta dostluq əlaqələri də qurmuşduq.  Ümumiyyətlə, tanımadığımız biri şəhid olanda təəssüf hissi keçiririk, o ki qaldı münasibətin olan kimsə...

Əsgər Rəşid Mədinov tağımımızın ilk qəhrəmanına çevrildi, Allah onu Vətənə çox gördü; o gözlərin yumanda biz o qədər ağladıq ki, hər birimizi bir nəfər sakitləşdirməyə çalışırdı – çox heyif nə ağladıq Rəşid qayıtdi, nə sakitləşdik Rəşid qayıtdı... Digər tağım yoldaşlarım şəhid olanda mən xəstəxanadaydım, amma olduğum yerdən aslı olmayaraq bütün tağım yoldaşlarımı tanıyırdım və simaları da yadımda idi; eşitdikcə halım pisləşirdi: valideynlərimə, dostlarıma, qardaşıma, qohumlarıma zəng edib şəhid olan tağım yoldaşım haqqında (əməlləri, xasiyyəti və s.) danışırdım, elə bil danışdıqca rahatlaşırdım; zəng etdiyim adamlardan fərqli nsəs eşitmək istəyirdim, ancaq çox əfsus ki, hamısı eyni cümlələri deyirdi: “Allah rəhmət etsin, Allah sizi qorusun və s.”

Hüseyn Sultanov mənlə eyni yaşda idi, eyni ildə eyni ali məktəbi (Sumqayıt Dövlət Universiteti) birmişdik, hətta eyni əsgər yatağında yatırdıq. Hər mövzuda düşüncələrimiz üst-üstə düşürdü. Ən təsirlisi odur ki, mən varam, onunla çəkdirdiyim şəkillər var, ancaq o yoxdu; ikimizin də telefonu sönülüydü, zəng çatmırdı, hər gün ümid edirəm ki, bir gün yöz nömrəsiylə mənə zəng edib deyəcək ki: “Qardaşım, bağışla, nömrəm xarab olmuşdu, təzəsin almışam, sənin nömrəni çox axtardım, ancaq indi tapdım...” And olsun Allaha, incimərəm ondan...

Şəkil demişkən, Füzulinin Babı kəndində çəkilən bu şəkildə sağımda oturan Hüseyndi, solumda oturan Rəşid...Bu şəkilə görə tağım komandiri məni danlamışdı ki, şəkil çəkmək olmaz. Ona demişdim ki, komandir sabah bilmirik nə olacaq, heç olmasa xatirə şəkil olsun – qismətə bax, bu gün nə şəkildəki iki nəfər var, nə tağım komandirim...Yəqin, Allahın valideynlərimə yazığı gəlib: körpəliyimdə onları mənlə sinağa çəkdi ki, bu gün sağ-salamat qaydıdım müharibədən...

 

 

-Bir gənc yazar kimi hansı hadisənin yaradıcılığına təsiri oldu? Müsbət yönü varmı?

 

-Təsirli olan hadisələri çalışıram nəzmə çəkim, şeir halına saldığım və qələmə almadığm müharibə detalları var. Qismət olsa, hamısın misralaşdıracam və sonda “Müharibə şeirləri silsiləsi” başlığı altında kitab halında çapa verəcəm...

Əvvəllər müsbət yönü yox idi; əsəbdən, stressdən nə nəsə fikirləşə bilirdim, nə şeir yaza bilirdim. Artıq üç ay keçib, zaman-zaman özümü toparlayıram. Yaxşı olacaq, Allah qoysa...

 

Söhbətləşdi: Emin Piri