adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Aprel 2021 09:37
36806
MÜSAHİBƏ
A- A+

“Tanrının özü də bir baxımdan psixoloji sadisdir”- MÜSAHİBƏ

Həmsöhbətimiz “Cumhuriyət” qəzetinin əməkdaşı, şair Əli Bədirdi.

Bu gün jurnalistikanın qanun və qaydalarının təxminən 95 faizini qəzetlər qoruyub saxlayır

-Həm saytçün işləyirsən, həm də qəzet. Aradakı fərqlər nədir?

- Əvvəla suala görə təşəkkür edirəm, Emin bəy! Bəlkə də bu imkanım olduğu üçün şanslıyam. Çünki eyni vaxtda iki məktəb keçirəm. Həm sayt, həm də qəzetçilik. Sayt operativlik sevdiyi üçün, zamanla yarışanlara daha çox uyğundur. Burada kiçik və texniki səhvlərə yol verilməsi də, hardasa anlaşılandır. Yetər ki, məlumat əsaslı və təhrifsiz olsun. Saytda bir cümləni də xəbər kimi verə bilərsiniz. Əsas onun xəbər yükünün olmasıdır. Lakin qəzet həm zəhmət, həm dərin məlumat, həm də məsuliyyət tələb edir. Çünki qəzet bu günün sənədi, sabahın arxivi, gələcəyin məxəzidir. Bu gün jurnalistikanın qanun və qaydalarının təxminən 95 faizini qəzetlər qoruyub saxlayır. Hansısa məlumatı dəqiqləşdirərkən əsəs olaraq qəzetlərə istinad edilir, saytlara deyil. Onun üçün də, yazının müəllifi daha məsuliyyətli olmağa, detalları dəqiq və əsaslı verməyə, məlumatı oxucuya aydın şəkildə çatdırmağa məcburdur. Eyni zamanda, qəzet hər kəs üçün əlçatandır, xüsusən də yaşlı nəsil üçün, sayt isə yox. Şəxsən mənim üçün bir qəzet yazısı yazmaq, on sayt yazısı yazmaqdan daha ağırdır.

 

-Bizdə qəzetçilik anlayışı hələ də qala bilibmi?

- Bəzi qəzetlərdə qəzetçilik anlayışı kobud şəkildə pozulsa da, amma bunu bütün mətbu orqanlara aid edə bilmərik. Bu gün həqiqətən qəzetçilik anlayışına hörmət edib, onun haqqını verən qəzetlər də var. Hesab edirəm ki, ad çəkməyə gərək yoxdur, onsuz da oxucu özü saf-çürük edir. Lakin qəzetlər şəxsi maraqlar müstəvisinə çevrildikcə, qəzetçilik də bayağılaşmağa, öz uca minarəsindən pillə- pillə enməyə başlayır. Ən əsası, qəzetlər təfəkkürün çırağı, dilin mühafizəçisi və yalnız doğru meyarların istinadçısı olduğu müddətcə, qəzetçilik yaşayacaq.

-“Cümhuriyət” qəzeti bir oxucu üçün nə verə bilərVə ya öhdəsinə düşəni edə bilirmi?

- “Cümhuriyət” qəzeti özündə 103 il öncə Şərqdə ilk dəfə əldə etdiyimiz müstəqilliyimizin ruhunu daşıyır. Bu gün bu qəzetdə işləmək, təkcə iş deyil, həm də jurnalistin çiyinlərinə ona layiqlik, o dəyəri yaşatma məsuliyyəti qoyur. “Cümhuriyət”in öhdəsinə düşənləri nə qədər yerinə yetirə bildiyini anlatmaq üçün bir hadisəni danışacam. Öncə saytda işləyərkən qəzetlərin sadəcə rəsmiyyət xatirinə nəşr olunduğunu və ona cəmiyyətin marağı olmadığı qənaəti vardı içimdə. Bir gün “Cümhuriyət” qəzetinin nəşri texniki səbəblərlə bağlı bir neçə gün dayanmalı oldu. Səhər vaxtı idi, redaksiyanın daxili telefonuna zəng gəldi. Yaxınlıqda olduğum üçün dəstəyi qaldırdım: Cümhuriyət” qəzeti, Cəbhə.info saytı, buyurun! Yaşlı bir kişi səsi, salamsız və əsəbi şəkildə: “Ay bala üç gündür “Cümhuriyət” qəzeti çıxmır deyirlər. Mən bircə onu oxuyurdum. Nə istəyirsiz, yaşamayaq bu xarabada?”-deyib dəstəyi asdı. O an “Cümhuriyət” qəzetinin oxucunu məmnun edəcək qədər öz üzərinə düşənləri edə bildiyini anladım. Bu qəzetin oxucu üçün nə verə bildiyini isə xalq daha yaxşı bilər. –

 

Direktorumuz şeirimi öz adıyla çap etdirmişdi

-Yaradıcılıq məhsullarını dərc etdirməkdə elə də maraqlı deyilsən...

- Haqlısınız, kənardan da elə görünür. Lakin daha çox yazdıqlarımın naşirin əlinə çatanadək olan prosesdə bir az çəkingən insan olduğum üçün, özüm bu işin arxasınca düşməmişəm. Mənim şeirlərimi hər zaman təsadüfi eşidən və ya məni tanıyan kimsələr mətbuata çatdırıb. Hər zaman, “Mətbuata apararam, naşir də iş çoxdur, ver qalsın zamanımız olanda baxarıq deyər və yazdıqlarıma etinasız yanaşar”- kimi fikirlər olub içimdə. Ona görə həm orta məktəbdə, həm universtetdə şeirlərimi kimlərsə mətbuata verib. Hətta orta məktəbdə şeirimi qəzetə verən direktorumuz, iki şeirimdən birini öz adına, birini də mənim adıma nəşr etdirmişdi.

- Səhv etmirəmsə, ilk dəfə Əsəd Cahangir təqdim etdi səni. Haqqında kiçik təqdimatla. Ola bilsin, səhv edirəm.

- Səhv deməyək, burada kiçik yanlışlıq var. Mənim haqqımda ilk təqdimatı yazan və şeirlərimdən də nümunələr verən, Biləsuvar rayonundan jurnalist Müşfiq Mirzə olub. O zaman hələ məktəbli idim. Rayon Mədəniyyət Evində keçirilən bir şeir müsabiqəsinə öz şeirimlə qatılmışdım. Müşfiq müəllim məni salondan dinləyib və şeirlərim onun marağını cəlb edib. Bunu sonra özü mənə dedi. Həmin təəəssüratları mənim haqqımda yazdığı məqaləsində də bölüşmüşdü. İndi də onunla dostluğumuz davam edir, Allah ona can sağlığı versin! Ondan sonra da, şerilərim müxtəlif mətbuat orqanlarında dərc olunub. Əsəd bəy də “Ulduz” jurnalında gedən bir şeirimi götürmüş və ədəbi cameəyə təqdim etmişdi. Bir xeyli ədəbiyyat insanı fikir bildirmişdi, elə siz də. Doğrusu, həmin şeir haqqında çox gözəl fikirlər səslənmişdi. Hətta özüm belə o qədərini gözləmirdim. Əsəd bəy həmin şeiri bəyəndiyini bildirmişdi. Lakin bir məqamla razılaşmırdı. Şeirdə belə bir bənd var: Nə suç ola, nə cəhənnəm, nə cənnət

Nə din ola, nə bölgü, nə təriqət

Bircə ola Allah adlı həqiqət

Ölüm səni qonaq kimi istəyə

Hamı səni böyük kimi düşünə

Hamı səni uşaq kimi istəyə

Əsəd bəy dördüncü misradakı “ölüm” kəliməsinin işlənməsinə etiraz etmişdi ki, bu yaşda cavan niyə ölümdən danışır? Bir tərəfdən baxsaq, Əsəd bəy haqlı idi o baxımdan ki, gənc nəslin formalaşdıracağı ədəbiyyatın pessimizlə yüklənməsini istəmirdi. Bu da anlaşılandır. Çünki tənqidçidir və ən əsası gənc nəslin qələmindən çıxan nümunədə işıq gördüyü üçün, onun içində “ölüm” kimi bir ifadənin gələcək nəslə ötürülməsini istəmir. Lakin mənim şeirdə demək istədiyim ölmək deyil, ölümdən qorxmamaq, ölümün özünün belə, səni qonaq kimi qarşılayacağını və bunun keçid olacağı fikrini aşılamaqdı. Həmin şeirin də ictimaiyyətə təqdim edilməsində zəhmətinə görə, Əsəd Cahangirə təşəkkür edirəm.

-“Kasıb uşaqlarını yada düşməsi üçün şəhid olması lazımdır” demişdin şeirlərində...

- Şəhidlik hər bir xalq üçün ən uca zirvədir. Bu zirvə nə pulla, nə malla alınır. Bu zirvəyə yalnız sevgi və cəsarətlə yüksəlmək mümkündür ki, bunların da hər ikisi mənəvi keyfiyyətlərdir. Ona görə də, pulla alınması mümkün deyil. Ola bilər kimsə varlı olsun, pulu ilə tanınsın, yad edilsin. Lakin ya pulu, ya da ömrü bitəndə yaddaşlardan silinib gedəcək. Şəhidlik isə yaddaşlara elə həkk olunur ki, onu heç bir şey silə bilmir. Bu Vətənin qəhrəmanlıq tarixini yazan Mübariz İbrahimov, Polad Həşimov, Şükür Həmidov və neçə-neçə belə qəhrəmanlarımızdır ki, onların heç biri zəngin ailədə doğulmayıblar. Tarixin yaddaşında da elə bu cür qəhrəmanlar qalır. Çünki onlar qəhrəmanlıqları ilə yada düşürlər. Əgər onların həmin qəhrəmanlığı olmasaydı, həmişə yada düşməzdilər və bugün heç torpaqlarımız da azad olmazdı.

-Nağıllar bitib almanın da qiyməti bahalaşıb. bəs, nə olacaq?İndiki uşaqlara nə danışaq?

- “Daha nağıllar bitib, alma da bahalaşıb, Tanrının xurcunundan üçü birdən sürüşməz”- bu misralar mənim “Bu qatar çox uzaqdır...” adlı şeirimdən bir parçadır. Sualınıza gəldikdə isə, şeirin hərfi mənasında, həqiqətən indiki uşaqlar bizim inandığımız nağıllara inamırlar. Hətta onlara nağıl danışarkən, gülüş obyekti də oluruq. Bəlkə də bu onların böyüdüyü mühit, zamanın mövcud vəziyyətdəki real çağırışları, izlədikləri televiziya verlişləri ilə bağlıdır. Yeri gəlmişkən, hesab edirəm ki, uşaqlar üçün həqiqətən də onların xəyal dünyasını əhatə edə biləcək nağılların yazılmasına ehtiyac var. Bu artıq özünü qabarıq şəkilə büruzə verir. Almanın bahalaşmasına gəldikdə isə, indiki uşaqlara “Göydən üç alma düşdü” sözünü bəxşiş kimi sıraya bilməzsiniz. Amma biz zamanında mütləq o almaların birinin bizə düşməsini həsrətlə gözləyərdik. Sözdə olsa belə... Amma beytdəki əsl mənaya gəldikdə isə, yəni sözlə başaldatmalar, nağılçılıq, kimlərinsə bizi uşaq yerinə qoyma dövrü bitib. Artıq insanlar reallıq axtarışındadır. Onun üçün onları ucuz yalanlarla aldatmaq olmaz.

-Allah əzablarımızdan həzz alır? Bu Tanrını sadizmdə ittiham etmək deyilmi?

- Mən buna sadizm deməzdim. Çünki sadizm geniş anlayışdır və məzmununda alçaltmadan zövqalma var. Tanrının verdiyi əzabda isə sınama, sadələşdirmə var, lakin alçaltma yoxdur. Yəni sadizmin bir növü mənəvi alçaltmadırsa, Tanrının əzabı yalançı ucalıqdan endirib, həqiqi ucalığa qaldırmaq yoludur. Bir də onun sonu mükafatla bitir(Allahın Qurani-Kərimdəki vədinə görə). Sadistlər insanların ən zəif yerini tapar və oradan alçaltmağa çalışar, özləri də bundan həzz alarlar. Yəni heç bir məqsəd olmadan. Lakin Tanrının çəkdirdiyi əzabda mütləq bir məqsəd var. Üstəlik bir sınaq da əsas məsələdir. Əgər sadizmdəki mənəvi, məqsədsiz və nəticəsiz alçaltmanı istisna etsək, Tanrının özü də bir baxımdan psixoloji sadisdir.

Söhbətləşdi: Emin Piri