adalet.az header logo
  • Bakı 7°C
10 Avqust 2021 15:48
125940
MƏMLƏKƏT
A- A+

Samir və Nərminin sevgi nağılı: “Başlanır dumanlı, çənli günlərim...”

Samir və Nərminin Xətai rayon 55 saylı məktəbdə zəng  vurulanda  IX sinifdə artıq dərs  yekunlaşmışdı. Uşaqlar elə bil “him”ə bənd idi. İtələşə-itələşə, tələsə-tələsə sinifi tərk etdilər.

Samir sinifdə çıxhaçıxda dönüb geriyə baxdı. Nərmin asta-asta, tələsmədən dəftər-qələmini, kitablarını çantasına yerləşdirirdi. Samir sinif yoldaşlarına qoşulub həyətə çıxdı. Məktəbin həyəti də qələbəlik idi.   Ayağını sürüyə-sürüyə məktəbin darvazasına gəlib  çatdı. Getmək istəmədiyi bəlliydi, üzündə həyəcan da vardı. Öz aləmində nəisə götür-qoy edir, qərar verir,  qərarlı olduğunu da ayagını yerə bərk dirəməsindən anlamaq olurdu.  Gözünü məktəb binasının giriş qapısına zilləyib durdu.  
 

Çox  keçmədən sinif  yoldaşı Nərmin zərif  vücudu ilə qapıda göründü. Qapının elə ağzındaca ətrafa ötəri bir nəzər saldı. Qələbəlik çəkilmiş, məktəbin bir küncündə aşağı sinfin uşaqları yığılıb oyun oynayırdılar. Aha,  darvazanın yanındakı Samir deyil? O niyə getməyib ?–deyə düşünsə də ani  olaraq Samirin burda tək dayanıb kimisə gözləməsi  onu həyəcanlandırdı. Özünü ələ alıb, ciddiləşdi. Darvazaya çatıb,  Samirə “salamat qal” deyib, yanından tələsik keçib yola çıxdı.  Amma kiminsə eyni tələskənliklə arxasınca  gəldiyini də hiss etdi. Arxaya dönmədi, fikir vermədi . ”Nərmin”

Nərmin ayaq saxladı : Arxadan gələn Samir idi...
-Nərmin evinizə gedirsən?
-Hə...
-Nərmin...
 -Hə...
-Nərmin, mən, səni... çoxdan demək istəyirdim... mən...
-Hə, Samir, “sən”, “mən”... sonra
-Sonra...sonra...Yaxşı mən getdim.
-Getmə! Mən səni sevirəm...

 Nərmin bir anın içində qulaqlarına qədər qıpqırmızı qızardığını, həyəcandan titrədiyini hiss elədi. Amma  nə cavab verəcəyini anlamadı. Sürətlə ordan uzaqlaşdı. Samir sabah sinfə hamıdan tez gəlmişdi Çünki  əmin idi ki, o sinfdə iki böyük arzusu var. Biri Nərmin, o biri işıqlı  gələcəyinə gedən yolda qazanacağı uğurların açarı olan elm-savad...  Tam bir il Nərmin susdu. Samiri yenicə görmüş kimi, yenicə tanımış kimi susdu və Samiri sinif yoldaşı kimi yox indi də başqa cür tanımağa çalışdı. Hər gün yenidən kəşf edirdi sinif yoldaşını, hər gün yenidən araşdırırdı onu və... 

Bir gün gözlər danışdı, sevgilər etiraf olundu , əhdi-peyman bağlandı. Məktəbi bitirdilər, Nərmin də, Samir də təhsil arzularının dalınca getdilər, ali  məktəbə daxil oldular. Amma bir-birindən qopmadılar...Nərmin auitoriyada oturub müəllimi dinləyərkən, Samiri düşünərkən orta məktəb illəri gözünün önünə gəlirdi. Hətta sinif rəhbəri həmişə Samir  hərbçi, Nərmin müəllimə olacaq dediyini yada salıb gülümsəyirdi. “Müəllim düz deyirdi,  Samir həmişə tank, mən isə imza çəkirdim. Müəllimim yanılmadı. Samir çalışdı, oxudu, o qədər fəxri diplomlar aldı ki,  idmanla məşğul oldu ki,, nəhayət sevdiyi peşəni seçdi- hərbçi oldu. Olacaqdıda! Məktəbi qırmızı diplomla bitirən yeganə şagird idi axı...” 

Düşünür, gülümsəyir, hərbçi sevgilisi üçün darıxırdı...

Günlərin bir günü  Samirin əzizləri, doğmaları yığılıb Nərmingilə gəlirlər. Necə deyərlər, “gözəl qız qapısına elçiliyə el gələr”. Sevgi sevincə, xoşbəxtlik doğmalığa qarışır. Nişan məraimində hər kəs sevinc içərisindəydi, həm də təəccüb bürümüşdü onları.. İlahi... bu gənclər bir-birinə necə yaraşırdılar, elə bil Tanrı bunları  bir-biri üçün yaratmışdı. Nişana gələnlərin içində kimsə”Allah bədnəzərdən qorusun” dedi. 
 

Elə o gündən başladı, arzular, arzular, arzular...

Nərmin yaraşıqlı, hərbi geyimdə yanınca addımlayan nişanlısına baxdıqca ürəyi fəxrlə vururdu. Az qalırdı küçədən keçən hər kəsə, hamıya bu yaraşıqlı oğlanı göstərib desin ki. baxın, bu igid mənim nişanlımdı, gələcəyimdi,  fəxrimdi!Bu igid ləyaqətli oğul, əlaçı şagird, intizamlı hərbçi,  sadiq nişanlıdı...Hə, baxın Bu Samir mənim Samirimdi, mənə məxsusdu! 

Nərmin belə zamanlarda özünü ağğappaq, topa-topa  buludların üzərində hiss edirdi. “Hər şey gözəldi. həyat gözəldir, Insanlar, ağaclar, çiçəklər, hətta daş asvalt belə gözlərinə gözəl görünürdü. Çünki yanınca bir igid addımlayırdı. 
Arzular, gələcək planlar, maraqlı söhbətlər, İlahi dünyada bizdən xoşbəxt cütlük varmı?”

Səni harda gəzim, harda arayım

O gün idi, 26 sentyabr, axşam üstü... Nərminin telefonuna zəng gəlir. Samirdi-deyib telefona tərəfə şığıyır...”Salam Nərminim, necəsən? Nərmin, mən gedirəm!Müqəddəs yola çıxıram!Gedirəm ki. daha təmtəraqlı dönəm!Gedirəm ki,mənimlə daha çox qürur duyasan! Haqqını halal elə!”

Bax, elə o gündən Nərmin  Samir gedən yollara boylanır! Nərmin bir Samiri gözləyir, bir də Allaha yalvara-yalvara , kövrələ-kövrələ möcüzə gözləyir! Nərmin yuxusuna gələn Samirin  yanına  da dönməsini gözləyir, gözləyir... Yorğun gözləri ümidini itirəndə yaşlar ümidi əvəz edir... çeşmələr ağlayır... Samir dönmür ki, dönmür...Nərmin isə elə hey, yollara baxır,  baxa-baxa pıçıldayır:

Düşəndə yadıma sənli günlərim
Sinəmdə həsrətdən ocağ qalanır
Başlanır dumanlı, çənli günlərim
Ömrümə qəmli bir ömür calanır

Xəyalın dolanır başımda mənim
Səni harda gəzim, harda arayım?
Bu sevib-sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payım?

Getdin gözlərində qəmli baxışlar
Mənimlə danışıb gülməyəcəksən
Bəlkə gələcəksən yağan yağışla
Bəlkə də heç zaman gəlməyəcəksən...

 
 P,S. Bu yazı Şəhid leytenant, Vətən müharibəsi qəhrəmanı Samir Əliyevin və nişanlısı Nərminə xanımın nakam sevgisinə həsr olunub 


 
HAŞİYƏ: Samir Əliheydər oğlu Əliyev (9 avqust 1999; Bakı, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

 

Hərbi xidməti

 


Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı, 21 yaşlı  Samir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Əliyev sentyanrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni  və  " Vətən uğrunda" medalı ilə təltif edildi.

Əntiqə RƏŞİD