adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Aprel 2021 12:41
49584
MARAQLI
A- A+

Qədim Türklərdə SIRĞA - ARAŞDIRMA

Türklər, nəslin davamını təmin edən uşağa çox əhəmiyyət verdikləri kimi, onun tərbiyəsi və yetişməsi məsələsində də həssaslıq göstərirdilər. Dövlətin davamının təminatı olan şahzadələrə daha çox əhəmiyyət verirdilər. Onlara xüsusi təlim keçməklə yanaşı döyüş zamanı qorunsun deyə xüsusi elementlər və simvollar olan əşyaları daşıması şəhzadələr üçün önəmli idi. Bunlar içində xüsusilə bir element SIRĞA mühüm əhəmiyyət kəsb edirdi.

Türk törəsinə hörmət edən hər bir tayfa, birlik yaxud dövlət mütləq bu SIRĞA sahibinə xüsusi yanaşma göstərməyə borclu idi. Ailədə cəmi bir oğul vardısa o zaman həmin oğlanın qulağına bir sırğa taxılardı. Bu, həmin gəncin mənsub olduğu ailənin yeganə oğlu olduğunu bildirirdi. Əski türk törələrinə görə ailənin yeganə oğlu orduda xidmət edərkən ordu rəhbərlərinin nəzarətində saxlanılır, təhlükəli yerlərə və döyüşlərə göndərilmirdi. Bu yolla cəmi bir oğlu olan ailənin davam etməsi təmin olunardı.

Hər iki qulağında sırğa olan gənc ümumilikdə mənsub olduğu soyun, nəslin yeganə oğul nümayəndəsi olduğunu bəlli edərdi. Belə gənclər soyun davamı üçün ciddi şəkildə qorunardı. Orduda da onu göz bəbəyi kimi qoruyudular. Bu adət Azərbaycanda da mövcud olmuşdur. Azərbaycanın bir sıra bölgələrində nəslin yeganə oğlan uşaqlarının qulağının bir tayına “heydəri” sırğa taxırdılar.

“Kitabi-Dədə Qorqud” dastanında yazılır: “Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çaparaq yetdi”. Beyrək mənsub olduğu tayfanın yeganə varisi olduğu üçün də məhz iki sırğa taxırdı. Qaraqoyunlu hökmdarı Qara Yusif də qiymətli sırğalar taxardı, hətta vəfat etməsiylə bağlı ordusu Şahrux ordusu qarşısında məğlub olduğu zaman türkmənlər o qiymətli sırğaları ələ keçirmək üçün Yusifin qulaqlarını kəsmişdilər.

Çaldıran döyüşü zamanı da Sultan Səlimin Şah qarşısına çıxmamasının səbəbi də onun mənsub olduğu soyun son varisi olması idi. Şahın özü də ilk olaraq döyüşə çıxmaq istəmirdi. Səfəvi xanədanının son varisinin döyüşdə öldürülməsini istəməyən lələri onun yerinə Şahın geyimində bir nəfəri çıxardılar. Şahın qulağında iki sırğası olduğu üçün onu döyüşə çağırmaq törəyə zidd idi. Mənbə yazır ki, “Malkoçoğlu ona xəbərdarlıq edilməsinə baxmayaraq Şah İsmayılı meydana səsləməkdə davam etdi. Üzü niqabla örtülü olan döyüşçünün Şah İsmayılın göstərişi ilə, yoxsa öz istəyi ilə meydana çıxması haqqında mənbədə məlumat yoxdur. Amma onlar arasında döyüş başlamamış Şah İsmayıl meydana çıxdı və niqablı döyüşçüyə geri çəkilməsi barədə göstəriş verdi. Özü isə döyüşə girdi”.

Əmir Teymur, Babək Hürrəmi, Koroğlu, Qızıl Orda hökmdarı Berke Xanın, Mete xanın qulağında iki sırğa olması mənbələrdə yazır. Məsəl üçün: Qaraqoyunlularda və Ağqoyunlularda yalnız hökmdarların deyil, ordunu təşkil edən türkmənlərin də qulaqlarına həlqələr taxmaları, bu adətin bilavasitə türkmənlərdə çox yayılmış olduğunu anladır. Böyük şairimiz İmaddədin Nəsimin də qulağında iki sırğa olub.

Zaur Əliyev,

siyasi elmlər üzrə fəlsəfə doktoru