adalet.az header logo
  • Bakı 6°C
07 Aprel 2021 12:01
70050
ƏDƏBİYYAT
A- A+

“Telefon oğrusu şair" - Orxan Saffari yazır

                                                       “Telefon oğrusu şair"

...Kafeyə girən kimi Ədalət əmi həyəcanlı şəkildə xəbəri çatdırdı;

- Bəs, xəbərin oldu da, Ağa Cəfərin telefonu oğurlanıb.

- Yaxşı da, necə olub ki? Burda? – oturmamış ayaqüstü ard-arda suallar yağdırdım.

- Vallah, orasını dəqiq bilmirəm mən də. Yeyib-içirdilər, axşam xəbər gəldi ki, telefon yoxdu. Buranı da ələk-vələk elədik, tapmadıq. Burda olsa, sən də bilirsən ki, biz elə adam deyilik, heç kim götürməz bizdən.

- Hə, orası elədir, bilirəm. Bəs, kimlə içirdi ki?- əslində, kimin adını desə də, ağlıma gəlməzdi ki, yeyib-içdiklərindən götürən olsun. Yazar-jurnalist tayfası bəzən qıraqdan yaxşı görünməsə də, bu cür adamların içləri təmiz olur. Amma yenə də ağlıma gəldi ki, bəlkə içlərindən biri?!...

- Kimlə içirdi deyəndəki, özün bilirsən də buranın məclislərini. Türksəs idi, Mənsimoğlu idi, Barat idi. Belə də, şairlər bir-bir gəlib-gedirdilər.

- Həəəə, bildim, heyif. İlin-günün bu vaxtı telefon itirmək də ağırdı. Əşşi, bu Ağa Cəfər də özünə diqqət edir ki?- söhbəti yekunlaşdırıb, çay istədim və uzun bir fikrə getdim. "Şair, yenə göylərdədir xəyalın" sözünün əsl yeri idi. Amma xəyalım göydə yox, məhz elə "Delikatesdə" idi. Öz içimdə telefon oğrusunu axtarırdım.

Masaya çay gələndə isə ikinci hövlnak xəbər cənginə aldı məni;

- Hələ şeyi bilirsən? Şair Baratın da telefonu itmişdi e, amma tapıldı.

- Oydaaa, burda əməlli-başlı qrup oğurluğu gedib ki.. "Razboy" edirlər? Kimsə götürmüşdü?

- Hə, Türksəs də imiş telefon, amma elə olmayıb dediyinə görə. Bunlar yeyib-içirdilər, Türksəs duranda telefonu bilmədən cibinə qoyub, aparıb evə. Piyan idi. Hamıda burda telefon axtarırmış. Türksəsə zəng elədilər, birinci dedi, xəbərim yoxdu, amma sonra dedi, ayılanda cibimə baxaram.

- Əşi, yox, Yafəs təmiz adamdı, belə şey eləməz deyib, özümü saxlaya bilmədim. Maraq boğur axı...

- Ondan çıxdı?- yox cavabı olmaq üçün soruşdum bu sualı, inanmaq istəmirdim...

- Hə... - Amma özünün açıqlaması var- demişdi ki, Ədalət əmi, Türksəs özü də içəri girdi.

***

Şair dostum Ayvazla görüşəcəkdim. Çox keçmədi ki, o da gəldi. İçəri girən kimi xəbərləri bir-bir ona dedim, ikimiz də təəccüb içində idik. Türksəs artıq gözümüzə telefon oğrusu kimi görsənirdi. Qıraqda oturmuşdu o da. Ara-sıra göz ucu baxırdıq istəmsizcə. Oturan kimi də içməyə başladı. Özü də, Ağa Cəfər qonaq edirdi.

***

- Oğuz, yaxşı hekayə yazmaq olar, hə? Nə deyirsən?

- Bilmirəm ki, çıxar?

- Niyə çıxmır ki, hadisə var, süjet var, obrazlar gözünün qabağında, tay nə lazımdı?!

***

Çox keçmədi ki, masadakı adamların sayı da çoxaldı. Həmişə belə olur. Rahat oturmaq müşkülə dönür. Ağa Cəfər də, Türksəs də keflənib, masaya yaxınlaşdı. Söhbət açılanda isə kövrələn Türksəs hadisəni nəql elədi. Elə bil, prokuroram, suallar da verirdim ki, necə oldu, niyə oldu?

- Vallah, xəbərim olmayıb. Mən piyan idim, telefonu 5-də oxuyan nəvəm götürüb, aparıb arvada, arvad da elə bilib ki, hansısa qadına almışam, əsəbiləşib. Birinci qırmaq istəyib, sonra nəvəmə deyib, apar sat. O da götür apar telefon mağazasına, format elə, sat getsin. Amma qaytardım. Axşam Baratla görüşdük, verdim özünə.

...Əvvəl-əvvəl Türksəsin özünü sübut eləməyi üçün danışdığı bu hadisəyə bir az lağ edib gülsəm də, sonradan əslində, necə də kədərli, bir şair faciəsi olduğunu danq elədi.

- Barat mənimlə elə danışırdı, elə bil, oğru zadam... Türksəs danışdıqca kövrəlir, ağlamamaq üçün özünü güclə tuturdu.

Üzümü Ayvaza tutub "görürsən də şair faciəsini, hadisəni"- dedim. Yəni, bunları hekayədə yazmayıb nə yazasan, axı?!

 

Türksəsə də inamımı bildirmək üçün  "Narahat olma, biz sənə inanırıq, boş şeydi, piyan olmusan, uşaq da belə edib"- dedim.

İçimdə isə "oğurlayırsan, misra oğurla, söz oğurla da. Bundan qiymətli nə oğurlaya bilərsən ki?"- mızıldadım.

...Açığı, heç mən bilmədim ki, inanmışam, ya yox. Çox qərarsız idim. İlahi, varsansa, unutdur mənə bu hadisəni. Mən bu adamları bu cür görmək istəmirəm. İnanıram ki, belə deyil...

- Ayvaz, "Doğrayır gecənin bal sükutunu,

Sübhəcən ehtiyac qovan taksilər" misrasını yazan şair belə biz miskin oğurluqda iştirak edərmi? – yazıqcasına soruşdum

- Çətin məsələdir. Adam bilmir nə desin.

- Əgər həqiqətən oğru Türksəsdirsə, vallah, elə bu misraya bağışlamaq olar onu...

Biz şairik, hüquqşünas yox. Padvalda olan söhbət padvalda da qalar- dedim Ağa Cəfər isə sakitcə bizi izləyir, xoşuna gəlməyən bir söz olanda da hıçqırıb, "aəəə" eləməsi, söhbətin ağırlığını qaldırırdı. Amma qəfildən sıxılıb durdu sanki. Sağ olsuz-zadsız o biri stola keçdi. Nə deyim? Olan şeydi. Türksəs isə dil-bogaza qoymur, özünü təmizə çıxarmağa çalışırdı. O danışdıqca Oğuzla göz ucu baxışır, bığaltı gülümsünürdük. Amma çox keçmədi ki, Ağa Cəfərin niyə stoldan durduğu məlum oldu. Sən demə, yeni aldığı telefonu qəsdən masaya qoyub ki, görüm, kimsə götürəcəkmi? Daha dəqiq, görəsən, Türksəs götürəcəkmi? Ayvazla baxışından sonra söhbəti göydə qapıb, telefonu Ağa Cəfərin özünə apardım. Zarafatla da "deyəsən, bunu da oğurlatmaq istəyirsən. Bu texnologiyaya olan nifrətin haradan qaynaqlanır, Ağa?!" - dedim.

Ağa Cəfər planını pozduğum üçün məyus oldu bir az. Özü nə üçün belə etdiyi dedi, mən də onu başa düşdüyümü... Amma....

Masaya qayıdanda Türksəs hələ də özünü sübut etməyə çalışırdı, biz isə ona çoxdan inanmışdıq. Düzü, bu mənzərə Türksəsin obrazında həm gülməli, həm də çox kədərli bir hadisə idi. Çölə çıxanda şair dostum Ayvaza " o telefonu ona görə Ağa Cəfərə apardım ki, istəmədim ətrafda kiminsə onu götürdüyünü görüm. O oğru həqiqətən bizlərdən biridirsə, onun faciəsini bu cür görmək istəməzdim. Amma bu hadisədən bir hekayə yazacam.

- Yazım, nə deyirsən?

- Yaza biləcəksənsə, yaz. Alınar yəqin ki.

- Hə, bu da telefon oğurluğu deyil ki, alınmasın. Hekayədir, alınar.

....Telefonu cibimdən çıxardıb, hekayənin qaralamasını etmək istədim. Gödəkcəmin cibində olan telefonu birinci tapa bilməyəndə, ürəyim əsdi...

 

Orxan Saffari